Artkaspi.az saytı Ülvi Babasoyun"Bertolt Brextin bədənindən gələn leş iyi və "Ağ göl” romanı" adlı
yazısını təqdim edir:
Bertolt
Brext ruhən alçaq biri idi. Əxlaqsız
idi. Homoseksual idi (Özü də gizli). Komunist idi. Stalinçi idi. Dram əsərlərini
başqaları yazırdı. Həmin başqa adamlar Brextin fahişələri idilər. Az qalmışdı
unudam, bir də Brextin bədənindən leş qoxusu gəlirdi. Bütün bunları ABŞ-ın
Merilend Universitetinin ədəbiyyat professoru Con Fyuqi 800 səhifəlik
monoqrafiyasında yazıb. Maraqlıdır, Brextin bioqrafiyası, xüsusilə də sənəti
budurmu? Qərbdə sənətə baxış sferası dəyişib və dəyişməkdədir.

1970-ci
illərin sonlarında ədəbiyyat, incəsənət və digər sahələrdə yeni bir mərhələ
başladı. İxab Xassan və Lesli Fidlerin yeni ədəbi təmayülləri müzakirə və şərh
etmələri modernizm söhbətlərini sıxışdırıb aradan çıxardı. İrvinq Hov və Harri
Levinin modernizmin tükənişinə yas tutmaları memarlıq, rəqs, teatr, rəsm, kino və musiqidə dəyişikliklərə
səbəb oldu.
Modernizmdən
əvvəl də dəyişilmə və yenilənmə prosesləri olmuşdu, lakin bu qədər radikal
reformlar olmamışdı. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki,
estetika və sənət dəyərləri belə unudulurdu. Homogen və palimpsest dəyərləri
bir yerdə tutan yeni sənət konsepsiyaları isə oyunbazlıqla reallığı birləşdirirdi.
Azərbaycan
yazıçısı Şərif Ağayarın "Ağ göl” romanında bədii-kommunikativ əlaqə kütləvi və
elitar səciyyə daşıyır. "Ağ göl” nə qədər ciddi roman olsa da, yüngül və əyləncəli
pasajlarla da diqqət çəkir. Ancaq romanın
kütləvi və qlobal xarakter daşıyan hissələrini ciddi və sosial yüklü
hadisələr izləyir. Şərif Ağayar ciddi,
ağrılı bir hekayəni komik bir situasiya
ilə əvəz edə bilir. Bu komiklik daha çox insanın radikal inanclar sayəsində düşə
biləcəyi tragikomik bir situasiyadır. Balans gözlənilir. Şərif Ağayarın "Ağ
göl” romanı ədəbiyyat nəzəriyyəçisi İxab Xassanın estetik görüşləri ilə uzlaşır. "Ağ göl” romanında qurğu ilə reallıq
kəsişir. Xassan bütün ədəbiyyat strukturalistlərindən fərqlənir. Mətnin oyun
estetikasının bədii dəyərlərə istinad etməsini zəruri şərt sayır.
Pircahan
adlı xəyali bir məkan, oranın sadəlövh sakinləri və yavaş-yavaş simasını və
saflığını itirən qəsəbə əhalisinin dini və dünyəvi duyğular arasında çabalaması...
Əsərin mərkəzində bu paradokslar dayanır. Hazırlıqlı oxucu romanı mütaliə etdikdən sonra
dərk edir ki, bütün hadisələr qurğu və oyundan ibarətdir. Ancaq romanın bədii
aura və təravəti klassik oxucunu da cəlb edir. Klassik oxucu romanda bədii-estetik
zövq tapa bilir.

Şərif bəy
metatəhkiyədən də istifadə edir. Ancaq bu metod ona xasdır. Çünki metatəhkiyədə
yazıçı romanın yazılma prosesini də əlavə edir. Hətta bəzən müəllif özü də romana daxil olur. Şərif Ağayar isə bu
prosesi dolayı yolla həyata keçirir. Mətnin bədii aurası həm diktə edir ki, bu
hadisələr gerçəkdir, həm də yox. Təbii ki, yazıçının müqtədir qələmi də. Digər
tərəfdən hadisələrin baş vermədiyi, Pircahan adlı bir qəsəbənin olmadığı haqda
da qənaət yaranır. Bu düşüncə hər yaşda və başda olan oxucunu rahat buraxmır. Təkcə
oxucunu?
Bu hissə
isə romanın estetik açarıdır:
"Ağ gölə qurban gedən yaşda oğlu olan qəsəbə sakinləri qorxudan iydə ağacına
baxmırdılar. Bir gecə böyük iydəyə yaxın həyətlərin hansındasa səs-küy qopdu. Gələn
qonşular çaşıb qaldılar; arvad-uşaq evin kişisini gecənin qaranlığında böyük
iydəyə diqqətlə baxdığı yerdə yaxalamışdı. Yetkinlik yaşına yenicə çatmış oğlu
atasını əməlli-başlı danlayırdı:
"Ata,
düzünü de, mənim ölməyimi istəyirsən?”
Kişi elə xəcalət
çəkirdi, elə bil pis iş üstündə tutulmuşdu. Arvadı hövsələdən çıxdı:
"Utanmırsan?!
Adam doğma övladının ölümünü istəyər?! Ayıb olsun sənə!”

İydə
ağacını da, Ağ gölü də, Camal atanı da müqəddəs edən nədir? Heç nə? İnanmaq və
özünə büt düzəltmək. Bu kölgəsiz insanların taleyidir, alın yazılarıdır.
Pircahan əhlinin inancı sevgidən irəli gəlmir. Qorxudan qidalanır. Belə
yarımçıq inanc və əqidənin sonu isə... Yoxluqdur. Təhkiyəçinin yox olması kimi.
Qoxusuzluqdur (Ən azından qoxusuzluğu hiss etmək istəyən oxucu gərək ki, romanı
oxuya). Cəsarətsizlikdir. Cəhalətdir. Pircahan və onun sakinləri qeybə çəkilir.
Görəsən, belə bir yer var idi? Varıydısa niyə yox oldular? Şərif Ağayarın metatəhkiyəsi
məxsusidir. İllüzziyaçıdır müəllif. Bu məqamda
Bertolt Brexti xatırlamaq zəruri ehtiyaca çevrilir. Brext səhnəni hədsiz
dərəcədə real komponentlərlə bəzəyirdi. Lakin qəfildən səhnənin və hadisələrin,
hətta tamaşaçının belə reallığını... darıxdırıcı və süst eyniliyi pozurdu.
Tamaşaçı reallıqla antireallıq arasında çaş-baş qalırdı. Şərif Ağayar da bu
metoda süjet boyu sadiq qalır. Eynilə "saf və düşüncəli” yazıçıların etdiyi
kimi.
Qoxu
insanın var olma səbəbidir. Qoxusuzluq həyatdan imtina etməkdir. Niyə? Çünki
qoxusuzluq yoxluğa qapı açır. Tabularla ömür çürüdənlər cəsarətsizdir həm də. Tabular
bu insanları əsir edib. Məhz həmin tabular da cəhalətə rəvac verir.
"Ağ göl” romanını oxumağı tövsiyə edirəm.
Çünki cəhalət və tabular elm və sənətlə dəf edilir. Bu roman müəllifin
yaradıcılığında yeni mərhələdir. Ənənəvi mövzularından imtina edir Şərif
Ağayar. Brextin sənət dünyasına əl edir. Və Brextdən dünyaya üfunətli qoxusunun
deyil, sənətinin qaldığını xatırladır.