Biz imzaları yox, əsərləri dərc edirik...

Bənzərsizlik cəsarəti: Kiçik İsgəndər – Murat Gülsoy yazır
2857
03 İyul 2020, 11:31
  Artkaspi.az saytı Murat Gülsoyun Küçük İskender haqqında yazısını təqdim edir:

  Keçmiş ilin bu vaxtları. Bodrum. İkimiz də labüd sonun yaxınlaşdığını bilirdik. Özünə kitab film, musiqi və posterlərdən ibarət bir ev yaratmışdı. Sonuncu dayanacaq... "Gözəl həyat yaşadım, kədərli deyiləm” deyirdi. 
  1984-cü il. Mənim üçün bir çox cəhətdən fərqli olan o ildə tanıdım İsgəndəri. Beşiktaş küçələrinin birində, Serencebey tərəfdə "Çello” adında kiçicik bir kafe var idi. Dərsdən sonra ora getmək adət halını almışdı. Bu məkan yeni bir üslubda idi. Elə buna görə də "elit” kafe adıyla "damğalanmışdı”. Düzü, bu haldan çox da narahat deyildim. Əla musiqilərin səsləndiyi (nədənsə ən çox "Boat on the Riverile” yaddaşımda qalıb), tərtəmiz masa örtüklərin olduğu məkanı bütün digərlərindən fərqləndirindənsə girişdəki lövhə idi. Üzərindən müxtəlif teatr, konsert afişaları asılmışdı. Əlbəttə, 80-ci illər qaranlığında mümkün olan dərəcədə... Amma daha çox Kiçik İsgəndər şeirləri gözə çarpırdı. Deyəsən, elə İsgəndərin oxucularla ilk tanışlığı da bu lövhə idi. Özgüvəninə heyran qalmışdım. Arxa masalardan birində oturan, gözlərində iri eynək olan bu şəxs həmçinin tibb tələbəsi idi. Bir məktəbdə oxuduğumuzu, eyni ədəbiyyat müəllimindən – Oqtay Tuncərdən dərs aldığımızı daha sonra öyrənəcəkdim. Bəzən masası qələbəlik olurdu. Belə zamanlarda bilirdim ki, teatral səsiylə şeirlərini oxuyur. Utancaq olduğum üçün o dəqiqə aramızda səmimilik yaranmadı. Amma zamanla başlayan söhbətlər öz yerini dərin bir dostluğa vermişdi. "Çello” bizim kimi oxuma və yazmağa meylli gənclərin evi kimiydi. 80-ci illər qaranlığı bütün ağırlığı ilə şəhərin və ölkənin üzərinə çökərkən bir əlin barmağından az sayda gənclə nəsə etməyə çalışırdıq. 
 
 

  Mehmet Fuadla görüşündən həyəcanla geri qayıtdığı günü xatırlayıram. O günlərdə M.Fuad barədə tək bildiyim çox gözəl üz qapaqlarına sahib "Adam” yayımlarının rəhbəri olması və əlindən tutduğunun yazarlıqdakı şansının artması idi. Elə də oldu. Artıq İsgəndərin şeirləri lövhələrdə, dörd yerə qatlanmış bəyaz vərəqlərdə deyildi. O, artıq "kitablı” bir şair idi. Həm də üz qabığında Kiçik İsgəndər yazılan. O günə qədər bir ləqəb, zarafat olaraq qəbul etdiyim bu ad artıq onun ədəbiyyatımızdakı imzası olacaqdı. Biz o zamanlar Boğaziçi Universitetindən dostlarımızla müxtəlif tədbirlər keçirirdik. Məqsədimiz kitab sərgisi üçün yazar və şairləri tapmaq idi. Can Yücel, Nevzat Çelik, Hilmi Yavuz... Mən də iclasda "gənc bir şair adı vermək istəyirəm” deyib, hələ çox imzasını bilmədiyi İsgəndərdən söz açdım. "Kitabı yeni çıxıb, çox gözəl yazır” dedim, razılaşdılar. Dərindən nəfəs aldım. Yenə "Çello”da görüşdük. 
 
 

  Çox həyəcanlı olduğundan, özünü ələ ala bilmirdi. Fincan-fincan çay içdik. Universitetə gedəndə bunun həyatındakı ilk tədbir olacağını söylədi. İlk dəfə tanımadığı insanların qarşısında şeirlərini səsləndirib, söhbət edəcəkdi. "Hələ çox olacaq belə görüşlər, bu sadəcə başlanğıcdır” dedim. Özümü o zamanlar nədənsə Motsartın Salyeri kimi hiss edirdim. 
  80-lərdən 90-lara keçiddə mən Hisarı, o isə Beşiktaşı seçmişdi. Buna görə də yollarımız yavaş-yavaş ayrıldı. Amma Ali babanın yerində, ya da Zekeriya Büfenin oturacaqlarında, Boğazın sahilində çox söhbətləşmiş, şeirlər oxuyub, xəyallar qurmuşduq. İsgəndər ətrafına heç bir qəlibə sığmayan enerji yayırdı. Dəftərlərini göstərərdi. Mənim də var idi, amma göstərəcək qədər dəyərli sanmazdım. Bərabər keçən zamanlarımızda onun ədəbiyyatla arasındakı bağın çox fərqli olduğunu düşünürdüm. Səid Faiqi, Kafkanı, Tanpınarı, Nazimi və ən çox da Edip Cansevəri oxuyarkən, haqqında söhbətləşərkən qarşımda həqiqi bir ədəbiyyatçının olduğunu duyurdum. Adını onların yanına yazırdı, amma bunu edərkən də xüsusi bir əmək sərf etmirdi. Yəni işin sirri onları təqlid etmək deyildi, yazılanları iliklərində hiss edərək, yaşayaraq oxumaqdı. Dil ilə yaratdığı bağ hamıdan fərqlənirdi. Kəlmələrə toxunurdu. Əgər ədəbiyyat sehr idisə, İsgəndər artıq bu əfsunun içərisində idi. Bunun sayəsində o da yaxşı sehrbaz olacaqdı. Bəs mən ədəbiyyatına sehrinə düşməyə hazırdımmı? Əmin deyiləm. Bəzən "hə”, bəzən "yox” olurdu cavabım. Həyat suallar, şübhələr, qorxular, arzular, xəyallardan ibarət olurdu. Bir dəfə dəftər-dəftər sözlər yazdığını görmüşdüm. Aralarında heç bir bağ olmayan bir siyahı tərtib etmişdi. Bilmirəm, bəlkə də, səslənməsini sevdiyi üçün bir arada idi o sözlər, ya da rənglərini görə bilirdi. Başqa yerdə qarşıma çıxsa, diqqət etmədən keçəcəyim sözləri kəpənək kolleksiyaçısı kimi toplamışdı. Tapdıqca, tutduqca, yazdıqca onun olurdu kəlmələr. Sözləri yan-yana, alt-alta yazaraq yeni-yeni anlam və yaşam formaları yaradırdı. Şeirlərini oxuyanda, danışanda, içəndə son dərəcə estetik duruşu var idi. Amma bir yandan da səmimi, olduğu kimi idi. Deyəsən, bu, bütün sənət adamlarının ortaq özəlliyidir. Sənətlərinə riya qarışsın istəməzlər. 
  Aradan uzun illər – bir ömür keçdi. Fasilələr olsa da, yollarımız hansısa ədəbiyyat festivalında, kitab sərgisində, mükafatlandırma mərasimlərində kəsişməyə davam edirdi. Beləcə söhbətimiz qaldığı yerdən davam edirdi. "Harda qalmışdıq, ordan ağlayaq” deyən şairdən başqa nə gözləmək olardı ki?...
 
 

  Son illərdə görüşlərimiz artmışdı. Yenə Boğaziçinin tədbirinə dəvət etdik. Gəldi, danışdıq, xatırladıq, "yaxşı ki, belə yaşamışıq” söylədik. "Adətdir” deyib, keçib gedən ömrə biz də təəccübləndik. Gün batanda Hisaüstündə pivə içdik. Artıq hər etdiyimizi bir də edə bilməmək ehtimalımızın olduğunu bilirdik. Bunun fərqində olduqda hər an daha qiymətli görünürdü. Bədəni yorğun, fəqət ruhu və zehni gənc idi. Bizim – hamımızın adına gəncliyi yaşatdığını düşünmüşdüm, amma söyləyə bilməmişdim özünə...
  İndi yazdıqlarını oxuyuram. Artıq bir daha görə bilməyəcəyimiz, bir daha tək bir misra belə yaza bilməyəcək şairi oxumaq çox qarışıq duyğular yaşadır insana. Bir tərəfdən gedənin ardındakı boşluq böyüyür, bir yandan da əsər indi tamamlandı təssüratı  var. Bilmirəm, bəlkə də, bəhanələrlə ovunuruq...
  "Yaşarkən  kimsəyə bənzəməyənlərdir ölərkən eyni olanlar”. Kiçik İsgəndər şeirlərindən birində belə yazır. Amma səssizcə bu misraya etiraz edirəm. Xeyr, İsgəndər. Xeyr! Sən nə yaşarkən bənzədin digərlərinə, nə də indi. Əksinə, bənzərsizlik örnəyi oldun hamımıza. Həyatımızda dərin izlər əmanət qoydun. Əsla unudulmayacaqsan.

  Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva
  Mənbə: gazeteduvar.com