Biz imzaları yox, əsərləri dərc edirik...

Belə romanı yazıçı yazır və məhv olur – “Sevdiyim əsər” layihəsi – Rüstəm Kamal
2076
01 Noyabr 2019, 13:25
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Rüstəm Kamaldır. Onun sevdiyi əsər Xuan Rulfonun "Pedro Paramo” romanıdır.
 
  – Xuan Rulfonun "Pedro Paramo” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Dünyada elə yazıçılar var ki, məsələn, Dostoyevski, Qoqol, Əbdürəhimbəy Haqverdiyev, Yusif Səmədoğlu, onların yazıçı kimi işi başqa dünyalarla, axirətlə əlaqə yaratmaqdır. Onlar nekrorealizm[1] nümayəndələridir.
   "Pedro Paramo” romanı insan ruhunun macərası haqqındadır. O vaxta qədər ezoterik mətnlər, Misir, Tibet ölülər kitabı, şaman nəğmələri oxusam da, bədii mətn müstəvisində insan ruhu və onun axirət macəraları ilə ilk dəfə bu romanda tanış oldum. Əsərin mifik havası məni ovsunladı. Romanı oxuduqca insan ömrünün mahiyyətini anladım və Rulfonun bu romandan sonra böyük həcmli əsər yazmamasının səbəbini də başa düşdüm. Bu cür əsər yazan yazıçı ikinci romanı yazmamalı idi. Belə romanı yazıçı yazır və məhv olur. Sonradan bildim ki, bu əsər həm də İtalio Kalvinonun, Qabriel Qarsiya Markesin də sevimli əsəri imiş.

  – Nədən hiss elədiniz ki, bu romanı yaza bilən yazıçı ikinci bir əsər yaza bilməz?
  – Çünki belə bir roman yazan yazıçı istər-istəməz özü də bir ruha, başqa dünyanın sakininə çevrilir. Dante də "İlahi komediya”dan sonra o tutumda böyük əsər yaza bilmədi. Qoqol "Ölü canlar”da bu təşəbbüsün faciəli sonluğunu dərk edəndə əlyazmanı yandırdı. Yusif Səmədoğlunun da əsəri mahiyyətcə bu qəbildəndir. "Qətl günü” romanı da ölülər aləminin romanıdır. Yuxular, kabuslar, ölümlər... "Qətl günü” Səmədoğlunun, "Pedro Paramo” da Rulfonun axırına çıxdı, çünki kim yasaq olunmuş məkana daxil olursa, ordan qayıda bilmir. Rulfonun ruhlar səltənətindən geriyə yolu yox idi...

 – Bu əsərin axtarışıyla başlaması barədə fikrinizi bilmək maraqlı olardı.
 – Ümumiyyətlə, əksər mistik mətnlərin süjeti axtarışla, səyahətlə başlayır. Eşq dastanlarının da süjeti belə başlayır: aşiqə buta verilir və qəhrəman üzünü görmədiyi qızın axtarışına çıxır. Səyahətnamələr əslində, səyyah adlı simvolik obrazın – ruhun macərası haqqındadır.
 Ölülər aləmində sərgərdanlıq dünya ədəbiyyatının ən qədim mövzularından biridir. Lukianın "Menippa, yaxud axirət səltənətinə səyahət”indən tutmuş Əbdürrəhimbəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”na qədər menippeya üsulunun gerçəkləşməsidir. Yeri gəlmişkən, Mixail Baxtinin "Dostoyevskinin poetikasının problemləri” kitabında bu haqda ətraflı yazılıb.
 "Pedro Paramo” orta əsrlər ədəbiyyatı strukturunda olan bədii mətndir. Bu dünyadan çıxan qəhrəman, əslində, o biri dünyada özünü axtarır. Klassik mətnlərdə axtarışa verilən ad simvolik məna daşımalıdır, əsərdə Pedro "daş”, Paramo "səhra” deməkdir. Gördüyü işlər də Pedro Paramonun adına uyğundur. Paramonun həyatı, günahları daş kimi ağır, aqibəti isə səhra kimi heçlik olur. Rulfo o dünyanın atmosferini necə ustalıqla əks etdirib: fasiləsiz yağışlar, yandırıcı günəş...

 – Əsərdə bu cür qəribəliklər çoxdur. Məsələn, ağaclar yoxdur, yarpaqlar var, itlər yoxdur, hürüşmə səsləri var.
 – Bu əsərdə hər şey zühur etmədən, hardansa, necəsə yaranır. Səslər bir başqa aləmdir: xışıltılar, fəryadlar, iniltilər... Ölülər dirilərin arasında gəzib dolaşır, dirilər ölülərlə danışır, kimin ölü kimin diri olduğu bilinmir. Hekayəçi (Xuan) özü də anlayır ki, ölülər dünyasındadır, deməli, özü də ölüdür. Xuan ölülərin səsini eşidir. O, atasının başına gəlmiş hadisələri danışır.

  – Biz qəhrəmanların ölmüş olduğunu sonradan bilirik. Yəni kimsə bir başqasına başına gələn bir əhvalatı danışanda məlum olur ki, o, artıq ölü ilə söhbət edir və hətta mətni söyləyənin özü də ölüdür.
  – Ölümün mahiyyəti sonradan anlaşılır. Həyatda da belədir, tanışın ölür, dəfn edirlər, vaxt keçdikcə sən başa düşürsən ki, o, artıq yoxdur və bir daha olmayacaq. Yəni, insan ölümü və onun mahiyyətini dərhal anlaya bilmir. Əsərdə adamlar öldükdən sonra keşişin yanına gəlib bağışlanmalarını istəyirlər. Burda günahsız bircə insan belə yoxdur, hətta keşişin də günahı var. Amma keşiş heç vaxt tam mənfi qəhrəman kimi göstərilmir. Ümumiyyətlə, Latın Amerikası ədəbiyyatında keşiş mənfi qəhrəman kimi əks etdirilmir. Bu mənada "Pedro Paramo”nu şamlar yandırılmış kilsədə oxumaq lazımdır.

  – Romanda bu dünyada yollar, evlər, kilsələr, geyimlər necədirsə o dünyada da elə təsvir olunur. Sanki Rulfo demək istəyir ki, o dünya da bu dünya kimidir. Sizcə, bəs?
  – Mən elə düşünmürəm. Məncə, yazıçının məqsədi o dünya ilə bu dünyanın sərhədlərinin şəffaf olmasını göstərməkdir. Ölümlə həyatın mənasını dərk etməkdir. Bu əsərdə Latın Amerikası katolisizmindən gələn ölü-meyit kultunun təntənəsi var. Əsl kabusnamədir. Ona görə də əsər hazırlıqsız oxucunun əsəblərinə pis təsir edir. Hətta oxucu elə məqama çatır ki, özünü o məkanda hiss edir. Bu əsərdə xoşbəxt insan (obraz) yoxdur, insanların fraqmental xoşbəxtliyi belə yoxdur. 
  Yeri gəlmişkən "Qətl günü” romanında da hərə bir cür bədbəxtdir, çıxış yolu isə yoxdur. Çıxış yolu odur ki, gərək günahsız və səhvsiz olasan, bu isə bu dünyada mümkün deyil.
  İnsanın özünü dərk etməsinin bir məqamı da ruhunun harada ölü, harada diri olmasına anlamasıdır. Vallah, həyat insanı elə duruma salır ki, bəzən ölüylə sənin heç bir fərqin olmur. Bu əsərdə bircə obraz var, o da Pedro Paramodur, yerdə qalanların hamısı onun zərrəcikləridir, onlar səpələnəndə də Pedro Paramo olurlar, birləşəndə də.

  – Romanda sanki hər süjetin sonsuzluğa qədər uzanmaq imkanı var. Bu da çox maraqlıdır.
  – Bu barədə mənim maraqlı bir müşahidəm var. Daha bir sevimli yazıçım İtalo Kalvinonun "Əgər qış gecəsi bir yolçu...” adlı postmodernist bir romanı var. Romanda insan saysız-hesabsız mətnlər içində yaşayır. Romanın sonunu axtarırlar, sonda məlum olur ki, romanın sonu əsas qəhrəmanın əlindədir, həm də hər yeni tapılmış fraqment əvvəlkinin davamı deyil, yeni romanın başlanğıcıdır. Hər bir tapılmış fraqmentsə gerçək bir əsərə işarədir. Fraqmentlərin birində "Pedro Paramo”ya işarə var... Bu romanın strukturu mənə "Pedro Paramo”nun süjetini xatırlatdı. "Pedro Paramo” romanında da hər bir hadisə Pedro Paramoya işarədir.
 
 

  – Süjeti izləmək çox çətindir. Romanda iki zaman var: indiki zaman – Xuan Presyadonun axtarışları və keçmiş zaman – Pedro və Migel Paramonun neçə il öncəki danışıqları.
  – İki süjet xətti var – ölülərin və dirilərin həyatı. Süjet xətti o zaman qovuşur ki, kitabda diri qalmır. Axırda Xuan Presyado da ölür.

  – Markesin "Yüz ilin tənhalığı” romanında olduğu kimi, bu əsərdə də insest məsələsinə açıq-aydın toxunulur.
  – Bu haqda çox danışılıb, yazılıb. Hər bir yazıçı öz xalqının mifoloji yaddaşını daşıyır. İnsest məsələsi isə qədim xalqların mifologiyasında geniş yayılıb. Məsələn, Osiris və İsida Misir mifologiyasında bacı-qardaş, həm də ər-arvaddırlar. Markesdə bir nəslin üzvləri arasında əlaqə, münasibət yoxdur. Ona görə də bu cür qohumluq əlaqələri Buendia nəslini insestə gətirir.

  – Romanın bir yerində qəhrəman deyir, yuxu görürəm. Soruşurlar ki, nə yuxusu? Qəhrəman belə cavab verir: "Axirət yuxusu”. Bu ifadə çox qəribədir deyilmi?
  – Yuxu başqa dünyaya düşmək imkanıdır. Başqa dünyanın bu dünyaya gizli replikalarından ibarətdir. Yuxu müvəqqəti də olsa zamanı başqa ölçülərlə ölçür. Bu mənada yuxuda bizə isbat olunur ki, bilmədiyimiz başqa bir dünya da var. İnsanın başqa bir dünyaya yeganə səyahət imkanı yuxudur, ona görə də yatmamışdan əvvəl kəlmeyi-şəhadətini oxumaq kimi bir adətimiz var.

  – Yuxarıda "Qətl günü” ilə "Pedro Paramo” haqqında bəzi oxşarlıqlar barədə danışdınız. Bu iki roman arasında başqa hansı oxşarlıqlar var?
  – Yusif Səmədoğlu Azərbaycanın Xuan Rulfosudur. Hər iki əsərin oxşarlıqlarınısa sadalaya bilərəm:
 * Hər iki əsərdə yuxular, sayıqlamalar, kabuslar, atmosferin gərginliyi bənzərdir.
 * Hər iki əsərdə insanların rahat yaşaya bilməməsinə səbəb vicdan əzabıdır və hamı əzab çəkir.
 * Hər iki əsər qeyb aləmindəndir.
 * Hər iki əsərdə ölülərlə dirilərin fərqi bilinmir.
 * Hər iki əsəri oxumaq çox çətindir, çox adam yarımçıq saxlayır, romanların enerjisi sıradan insanları yaxına buraxmır.
 * Hər iki əsərin müəllifi personajlarına qarışdı və geri qayıda bilmədi. Çünki ədəbiyyatdan axirət aləminə yol var.
 
 
    Söhbətləşdi: Fərid Hüseyn

[1] Nekrorealizm – 1980-ci illərin əvvəllərində Leninqradda (indiki Snakt-Peterburq) yaranan ədəbi cərəyan. Cərəyana görə insanın həyat əlamətləri həm də onun ölümün bir addımlığında olması ilə ölçülür, incəsənət həm ölüb (nekro), həm də yaşayır (realizm).