Biz imzaları yox, əsərləri dərc edirik...

Bədii tərcümənin hansı problemləri var? – Sorğu
733
23 Noyabr 2017, 14:52
 artkaspi.az "Bədii tərcümə – problem nədədir?" adlı sorğunu təqdim edir: 
 
"Bədii tərcümə – ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir. Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə seçilir. Bədii tərcümədə  söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir. Bədii tərcümə orijinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Bədii tərcümənin tarixi hər ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Bütün xalqların qədim yazılı abidələrində tərcüməçilik fəaliyyəti nəzərə çarpır”. Ədəbiyyat nəzəriyyəsində, ədəbiyyatşünaslıqda bədii tərcümənin izahı ilə bağlı yer alan bu fikirlər bədii ədəbiyyat sahəsində onun əhəmiyyətliliyini ortaya qoyur. Ana dilimizin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində bədii tərcümələrin də böyük rolunun olması qeyd edilir. Mütəxəssislər isə bu sahədə problemlərin olduğunu qeyd edirlər. Bəzi əsərlərin tərcüməsində peşəkarlığın olmamağı, həvəskar tərcüməçilərin çoxalması, mexaniki və ya sətri tərcümələrə yer verilməsi, tərcümə üçün əsərin düzgün seçilməməsi və s. ki, amillər var. Peşəkar tərcüməçilərin yetişməsi isə necə deyərlər 3-5 günün işi deyil.

 "Müzakirə”mizdə bədii tərcümə sahəsində bəzi problemlərə aydınlıq gətirməyə çalışdıq.
 
Tərcüməçilik estetikadır


 
 Ədəbiyyatşünas Rüstəm Kamalson illər ölkəmizdə bədii tərcümə sahəsində müəyyən irəliləyişlərin olduğunu bildirir. Belə ki, Tərcümə Mərkəzi yaradılıb, xarici ölkələrin görkəmli nümayəndələrinin əsərləri dilimizə tərcümə olunur və s. Eləcə də, həvəskar tərcüməçilərin etdiyi əsərlər az deyil: "Artıq bizdə tərcüməçilər dəstəsi var. Peşəkar tərcüməçilərin sinfi yaranıb. Ölkə yaxşı tərcüməçilərini də tanıya bilir. Tərcüməçilik özü də yaradıcılıq hadisəsidir. Ona görə də biz tərcüməçiliyə bədii yaradıcılığın bir növü kimi baxırıq. Tərcümə olunmuş mətinlərə, əsərlərə də çox diqqətliyik”. Ədəbiyyatşünasın sözlərinə görə, Azərbaycan cəmiyyəti ana dilinə tərcümə olunmuş əsərlərə biganə deyil: "Bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm. Bizdə son zamanlar sistemli şəkildə tərcümə edənlər də var. Prezidentin sərəncamı ilə dünya ədəbiyyatının, Nobel mükafatçılarının əsərlərini tərcümə edənlər var. Təbii ki, bu, çox önəmli hadisədir. 70 ildə tərcümə olunmayan əsərlər son 10 ildə tərcümə olunub”. R.Kamalın fikrincə, redaktorluq institutu zəifdir: "Sistemli tərcümələr ətrafında bir neçə savadlı redaktorlar yetişdi. Təəssüf ki, onlar bir mərkəzdən fəaliyyət göstərmirlər, pərakəndə haldadırlar. Bədii tərcümələr arasında peşəkar olanlara və olmayanlara rast gəlinir. Xüsusilə də bəzi cavan xanımlar, ədəbi dilin ruhunu hiss etməyən naşı tərcüməçilər var. Hərdən məşhur bir yazıçının adını eşidib kitabı alıram. Onu öz dilimizdə oxumaq istəyirəm. Ancaq tərcümə məni o əsəri oxumaqdan uzaqlaşdırır. Ona görə də əsəri elə tərcümədə oxumaqdansa, orijinaldan oxumağa üstünlük verirəm”. Ədəbiyyatşünas peşəkar tərcüməçilərimizin olduğunu da istisna etmir: "Bir neçə tərcüməçimizin qələminə də bələdəm. Tərcüməçilik həm də estetik hadisədir. Dilin estetikasıdır. Tərcüməçilər mütləq bunu nəzərə almalıdır”. Ədəbiyyatşünas tərcümə sahəsində, xüsusən televiziyada filmlərin dublyajının ürəkaçan olmadığını da qeyd edir: "Yanlış tərcümələr verilir. Aktyorlar tərəfindən tərcümələr bəzən bizim ana dilimizdə o qədər pis səslənir ki, tamaşaçı onu başqa dildə seyr etməyə daha çox üstünlük verir. Tərcümə işinin səs estetikasına da baxılmalıdır. Tərcümə yalnız vizual hadisə deyil. Aktyorlar bu tərcümələrə xüsusi fikir verməlidirlər”. 
 
Tərcüməçilər ixtisaslaşmalıdırlar
 

 
 "Tərcümə elə bir yaradıcılıq sahəsidir, orada sadəcə, bir dildən başqa dilə sözləri mexaniki çevirmək,  sətri tərcümə kifayət etmir” deyən tənqidçi Əsəd Cahangir hesab edir ki, tərcüməçi istedad sahibi olmalıdır. Belə ki, o, çevirdiyi əsəri öz dilində yenidən yazmalıdır: "Çox zaman bu tələblər Azərbaycan dilinə edilən tərcümələrdə özünü doğrultmur. Xüsusilə də müstəqillik dönəmində edilən tərcümələr o qədər də ürəkaçan deyil. Mexaniki və sətri tərcümələr edilir. Bəzən görürsən ki, kompüter texnologiyasının verdiyi imkanlardan istifadə edib texniki tərcümələr edirlər. Bu da çox əcaib cümlələrin, qeyri-məntiqi mətnin meydana gəlməsinə səbəb olur. Mətnin həqiqi gözəlliyi bu tərcümədə itib-batır və estetik təsir gücünü itirir. Oxucu belə tərcümələri axıra qədər oxuya bilmir”. Yaxşı tərcümə olunmuş əsərlərin də olduğunu bildirən tənqidçi,  poeziyada Ramiz Rövşənin tərcümələrini yüksək qiymətləndirir: "Gənc tərcüməçilərdən Rövşən Ramizoğlunun, Yaşar Əliyevin tərcümələri məni qane edir. Əlisə Nicatın filosoflardan etdiyi tərcümələr oxunaqlıdır. Nəriman Əbdürrəhmanlının, Vilayət Quliyevin etdiyi tərcümələri bəyənirəm. Bunlar ümumi bir tərcümə sisteminin içində çoxluq təşkil etmirlər. Tərcümədə qrammatikanın, sintaksisin qaydaları çox zaman pozulur. Mətn bütövlükdə alınmır, cümlələrin daxili rabitəsi itir. Tərcüməçi mətni tam duymur, onu mexaniki şəkildə tərcümə edir. Bu da ona gətirib çıxarır ki, tərcümə oxunmur. Kəmiyyət göstəricisi olaraq qalır”. Ə.Cahangirin sözlərinə görə, sovet dövründə tərcümənin öz ənənəsi və sistemi olub: "Təbii ki, bu sistem dağılıb. Yenisi tam formalaşmayıb, görünür, bu, həm də keçid dövrü ilə bağlıdır. Ümid edirik ki, yaxın gələcəkdə bədii tərcüməçilərlə bağlı olan ciddi problemlər həllini tapacaq”. Bədii tərcüməçiliyi inkişaf etdirməyin yollarından danışan tənqidçi hesab edir ki, bunun üçün səlis tərcüməçilər yetişdirilməlidir: "Tərcüməçilər lap orta məktəb və universitet illərindən müəyyən bir dili öyrənməlidirlər. Özlərini gələcəyin tərcüməçisi kimi uşaq yaşlarından hazırlamalıdırlar. Bundan sonra müəyyən yaşa çatdıqdan, ali təhsil aldıqdan sonra xarici ölkələrə xüsusi tərcümə kurslarına göndərilməlidirlər. Dünya bədii tərcümə ənənələrini, mədəniyyət və qaydalarını mənimsəyərək, tərcümə etdikləri dilin daşıyıcısı olan xalqın içərisində yaşayaraq, onun ədəbiyyatını, dilini, mədəniyyətini mənimsəyərək vətənə qayıtmalıdırlar. Yalnız bundan sonra xarici əsərləri bizim dilə çevirə bilərlər. Tərcüməçilər ixtisaslaşmalıdırlar. Yalnız belə olan halda, gələcəkdə bədii tərcümənin kütləvi surətdə uğurundan danışmaq mümkün olacaq. Yoxsa həvəskar səviyyədə yazılan tərcümələr, xüsusilə də fəlsəfədən edilən tərcümələri tamamilə qeyri-məqbul hesab edirəm. Onları oxumaqdansa, bildiyiniz hər hansı xarici dildə həmin müəlliflərin əsərlərini oxumağı tövsiyə edirəm. Bu, daha yaxşı effekt verər”. 

 Bir nəfərin öhdəsinə buraxmaq lazım deyil


 
 Yazar Mirmehdi Ağaoğlubədii tərcümə sahəsində peşəkar tərcüməçilərin az olduğunu deyir. Belə ki, bizdə əsas tərcümələr rus və türk dilindən aparılır, orijinaldan birbaşa tərcümələr çox azdır: Ümumiyyətlə, peşəkar tərcüməçilər azdır. RTərcüməçilərə də çox barmaqarası baxılır. Yəni laqeyd yanaşırlar. Bu kimi məsələlər də sonradan tərcüməyə təsir göstərir”. Yazarın fikrincə, tərcüməçilərə daha diqqətlə yanaşılıb, onlara verilən qonorar çoxalsa, bu, tərcüməçilərin məsuliyyətinə təsir göstərər və işlərinə daha ciddi yanaşarlar: "Ümumilikdə yanaşanda, bəzi əsərləri bir nəfərin öhdəsinə buraxmaq lazım deyil. Tərcüməçi əsəri çevirib bitirdikdən sonra redaksiya heyəti çapa gedənə qədər onu nəzarətdən keçməlidir. Elə nəşriyyat da çapdan əvvəl əsəri oxumalıdır. Bu, daha peşəkar və mükəmməl əsərlərin ortaya çıxmasına səbəb olar. Bizdə dünya ədəbiyyatında özünəməxsus yer tutmuş böyük əsərlər yalnız bir şəxsin əlindən çıxır. Təbii ki, onun da gözündən nələrsə qaçır. Nəticədə hər hansı qüsurlar olur. Əgər bunu ikinci bir adam oxusa, təbii ki, həmin qüsurları tuta bilər. Nəşriyyat onu oxumadan, ikinci bir şəxsə redaktə etməyə vermədən, necə gəldi çapa verdiyi üçün bu cür problemlər yaranır. Təklif edərdim ki, belə ciddi əsərləri bir adam tərcümə etməsin. Biri tərcümə edirsə, bir neçə nəfərin də ona baxışı olsun. Redaktədə iştirak etsinlər ki, əsər kamil şəkildə ortaya çıxsın. Biz kiçik ölkəyik. Bizdə hansı əsər tərcümə olunsa da, bu, bir nəfərin tərcüməsi olacaq. Çalışmaq lazımdır ki, bu tərcümələrə bir nəfərin əməyinin məhsulu kimi yox, kollektiv əməyi kimi baxaq ki, daha dəyərli məhsullar ortaya çıxsın və gələcək nəsillər də bundan yararlana bilsin”. Tərcümə olunan əsərlərin seçiminə gəlincə, M.Ağaoğlu hesab edir ki, bu məsələdə müəyyən maraqlar var. Eləcə də əsəri çap edən nəşriyyatın marağı və dünyagörüşü də böyük rol oynayır: "Seçimlər pərakəndədir, amma dövlət səviyyəsində də bəzi tərcümələr həyata keçirilir. Məsələn, Nobel mükafatı alan, dünya ədəbiyyatında əsas yer tutan əsərlər üzərində tərcümə prosesi gedir. Bu cur ciddi tərcümələrin Azərbaycan dilinə tərcümə olunması vacibdir. Belə əsərləri təsadüfi adamların öhdəsinə buraxmaq lazım deyil. Yaxşısı budur ki, dövlət özü bu tip əsərlərin tərcüməsinin marağında olsun. Azərbaycan kiçik ölkədir. Burda kitab biznesi Amerikanın bazar qaydaları ilə inkişaf edə bilməyəcək. Ona görə də bu cür ciddi əsərlərin tərcüməsi üçün dövlət özü maraq göstərməli və onların tərcüməsinə diqqət yetirməlidir. Bu, bədii tərcümə işi üçün də faydalı olar”.    
 
 Təranə Məhərrəmova
Xəbər lenti