Artkaspi.az
saytı Virciniya Vulfun essesini təqdim edir:

Başlığın sonuna qoyduğum sual işarəsi üzərində bir az dayanmaq
istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə, rahatlıq anlayışıma görə
cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq. Sizin üçün bütövlükdə
bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə məsələdir ki, burada ən yaxşı
məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi bədii zövqünü formalaşması,
ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə əməl etməklə
razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda bir təhlükə
görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən tövsiyələr onsuz da
oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni korlamayacaq.
Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir ki,
qadağa, qayda, şərt işləmir. Voterlo müharibəsinin tarixi yüz ildir ki,
məlumdur. Amma "Hamlet”in "Kral Lir”dən daha mükəmməl bir dram olduğu ilə bağlı
yekdil bir fikir varmı?! Bu suala kimsə birmənalı cavab verə bilmir. Hamı bu
məsələdə azaddır, oxuyur və şəxsi qənaətini formalaşdırır. Dörd başlı əjdaha
cildində gələn məmurlar, rejimlər, qurumlar belə kitabxanamıza, beynimizə girib
nə oxuyacağımıza, necə oxuyacağımıza qərar verə bilməz. Əgər onlara belə bir
müdaxilə imkanı versək, nəinki özümüzün, eləcə də, yaşadığımız cəmiyyətin,
kitabsevər sığınacaqlarının, intellektual-mədəni mərkəzlər olan kitabxanaların,
elm məbədlərinin bütün o füsunkar ruhunu, nəfəsini yox edərik. Başqa hansı
sahədə olursa olsun, qaydalara, qadağalara əməl etmək, boyun əymək olar, amma
burada yox.
Bu dediyim, bəlkə, çox klişe səslənəcək, amma müstəqilliyin dadını
duymaq üçün belə bəzən hərəkət arenamızda bir çox şeyi idarə etməli,
məhdudlaşdırmalıyıq. Əlimizdəki gücü bacarıqsızcasına və cahilcəsinə sağa-sola
sovurmamalıyıq. Bir gülə həyat vermək üçün böyük bir binanın bünövrəsini su
altında qoymaq olmaz. Gücə və həvəsə nəzarət etməli, mütləq və mütləq
seçimlərimizi əqli iradəyə əsaslandırmalıyıq.
Bəlkə də, kitabxana mühitinə təzə-təzə qədəm qoyanların ən böyük çətinliyi
burada yaşanır. "Bəs, buradakılar nədir?” problemi fərdə ilk baxışdan həllolunmaz
kimi görünür. "Buradakılar” oxucunun gözünə üst-üstə yığılmış bir keşməkeş kimi
görünür. Şeirlər, romanlar, tarixi kitablar, sənədlər, memuarlar,
bioqrafiyalar, araşdırmalar, məktublar, hesabatlar, lüğətlər – hər irqdən, hər
cinsdən, hər yaşdan, hər dildən müəlliflərin yazdığı qalaq-qalaq kitablar
gözünüzə dəymək üçün rəflərdə bir-birlərini itələyib, sıxışdırırlar.
Kitabxana divarlarından kənardakı dünyada isə çox bəsit şeylər
yaşanır – eşşəklər anqırır, qadınlar hardasa cəm olub qeybət edirlər. Bəs,
bütün bunların içində olmamağı seçənlər haradan başlamalıdır? Hər tərəfdən onu
ağuşuna alan bu xaosu necə idarə etməlidir? Mütaliənin dərinlik və zənginlik
bəxş edən həzzindən necə dad almalıdır?
Kitablar öz aralarında çoxsaylı kateqoriyalara bölündüyündən (roman,
bioqrafiya, şeir, memuar və s.) onları seçmək, hansının bizə nə vəd etdiyini
müəyyənləşdirməklə işə başlamaq ən sağlam yoldur. Həm də "bunu belə edin” demək
də çox asandır. Təəssüf ki, az insan kitablardan onların mütaliəsinin vəd
etdiyi şeyləri gözləyir. Çox vaxt oxumağa qarışıq, səs-küylü bir zehinlə
girişirik. Əlimizə aldığımız kitab haqqında qəti qənaətlərimiz olur – romandan
duyğu seli, şeirdən yalan danışmasını, bioqrafiyadan ancaq həqiqətləri, tarixi
kitabların bildiklərimizi əks etdirməsini gözləyirik. Oxumağa başlamazdan əvvəl
birinci işiniz bu gözləntilərdən qurtulmaq olsun. İnkişafameyilli bir başlanğıc
üçün bu, şərtdir.

Müəllifə əmr verməyin, onun yerində durub, onun gözündən baxmağa
çalışın. Onun tərəf-müqabili, baş qəhrəmanı, kitabın həmmüəllifi kimi davranın.
Əgər hekayəyə başlar-başlamaz tənqidi bir şey axtarsanız, könülsüz davranıb,
özünüzü arxa planda tutsanız, elə ilk mərhələdə bir kitabın vəd etdiklərini
duymaq həzzindən özünüzü məhrum edəcəksiniz. Zehninizi mümkün olduğu qədər açıq
tutun, cümlələrin axışını, hekayənin keçidlərini izləyin, mütaliədən lazımı
zövqü almaq üçün mətnə bir ədib kimi ciddiyyətlə yanaşın. Bölmələr arasında
fasilə verin, beyninizə yeni transfer olmuş duyğuları dəmə qoyun, yeni arenanı
tanıyın. Qısa zamanda yazarın sizə daha dəqiq duyğular aşıladığını,
düşündüyünüzdən daha çox şey verdiyini görəcəksiniz.
Romanın bölmələr şəklində olması eynilə bir bina kimi biçimli, xüsusi
gedişlər, təhlükəsizlik tədbirləri görülməklə inşa edilmiş nümunənin meydana
çıxarılması cəhdidir. Sadəcə sözlər beton laylar kimi quru, konkret və sərt
deyil, ona görə də romanı anlamaq bir binaya baxmaqdan daha çətindir. Bəlkə də,
müəllifin nə dediyini başa düşməyin ən yaxşı yolu oxumaq yox, elə yazmaqdır.
Bəlkə də, söz seçməyin, duyğunun təsvirinin nə qədər çətin mərhələ olduğunu
özünüz sınaqdan keçirməlisiniz. Belə ki, sizdə səbəbsiz dərin iz qoymuş bir anı
xatırlayın – küçənin tinində söhbət edən iki insanla qəfil toqquşmağınızı
xatırlayın. O an bir budaq yelləndi, hansısa evdə işıq yanıb-söndü, nəsə
gülməli bir mövzu idi – bəli, bu tamamilə bir səhnədir, bütün bunlar o, bir
anın içində hifz olunur.
Siz bir yazar kimi bu anı sözlərlə yenidən biçimləndirməyə çalışsanız,
təsvirin elə öz daxilində bir-birilə kəllələşən minlərlə xırda ana
parçalandığını görəcəksiniz. Bunlardan bəziləri görüntü zonasından çıxarılmalı,
digərləri ön plana çəkilməlidir – bu zaman kəsimi ərzində isə ehtimal ki,
qeyri-peşəkar yazar kimi duyğu üzərindəki hakimiyyətinizi itirəcəksiniz. Onda
dörd bir yana dağılmış və nə yazıldığı anlaşılmayan səhifələrinizdən başınızı
qaldırıb, Defo, Osten, Hardi kimi nəhənglərin kitablarının ilk səhifəsinə göz
gəzdirin. Bəli, bir yazarın əməyinin haqqını indi daha yaxşı
dəyərləndirəcəksiniz. Bu romanları oxuyarkən, sadəcə bir insanın, müəllifin
qarşısında təzim etmir, tamamilə başqa bir dünyada yaşayırıq. Robinson Kruzo
ilə ayaqyalın daş yollarda çətinliklə yeriyirik – hadisələr sürətlə bir-birini
əvəzləyir. Buradakı açıq səma, macəra Defonun qələminin bütün dadını təmin
edərkən, Ceyn Ostenin yaradıcılığında bunların heç bir mənası yoxdur. Onun
dünyasında qonaq otağı, özü ilə, aynalarla danışan insanlar, obrazların ikili
tərəfləri ön plandadır. Hardinin yaradıcılığı ilə tanış olarkən, sanki öz
dünyamızın ətrafında dövrə vururuq, onun tanımadığımız tərəflərini görürük.
Dörd bir yanımız həndir-hamar şoran torpaqlarla doludur, amma başımız
üstündə ulduzlar səmanın sinəsində yer tapmır. Məhz bu ziddiyyətli müşahidələr
zamanı zehnin heç kəşf eləmədiyimiz tərəfləri – ətrafında adamlar varkən ruhuna
sahib çıxan, mühitin görmək istədiyi üzü yox, yalnız qaldığı zamanlarda
meydanda at oynadan üzü – meydana çıxır. Belə zamanlarda insanın beyni də, ruhu
da insanlarla yox, təbiətlə, özü ilə, tale ilə baş-başa qalır. Bu dünyalar
bir-birindən nə qədər fərqli də olsa, hər biri öz-özlüyündə zaman-zaman
azadlığa çıxmaq ehtiyacı duyur. Dahilər bu dünyaların özünəməxsus qaydalarını
diqqətlə mənimsəyir, çiyinlərinə nə qədər ağır məsuliyyət götürmüş olsalar da, adi
yazarlar kimi eyni hekayəyə iki fərqli dünyanın həqiqətini qatıb, beynimizi
qarışdırmırlar. Ona görə, yeni başlayanlar 3-4 kitab boyu eyni yazarı izləməsi
məsləhətdir. Çünki Ceyn Ostendən Hardiyə, Pikokdan Trollopa, Skotdan Mereditə
keçmək köklərindən sərt formada qoparılmaq, beyninizi, duyğularınızı sağa-sola
sovurmaqdır. Həm də ki roman oxumaq, janrından qaynaqlanan səbəblərdən, onsuz
da çətindir. Romanın klassik sayılan ustalarının sizə nələr bəxş etdiklərini
anlamaq, bunlardan bütövlüklə yararlanmaq istəyirsinizsə, əlinizdəki nümunəyə
dərin həssaslıqla yanaşmaqla kifayətlənməyib, qüsursuz bir təxəyyülə də sahib
olmalısınız.
Özümüzə bu sualı ünvanlamalıyıq: Bir kitab yazıçının həyatından,
düşüncə tərzindən, duyğularından nə qədər asılıdır? Oxucu yazarın oyatdığı
simpatiya və antipatiya duyğularına istinad edərək onu hara kimi tənqid edə
bilər? Eninə-boluna tənqid etmək üçün sözlər də, yazarın sətirlər arasında
gizlənən xarakteri də olduqca uyğundur. Amma oxucu özü suallar axınından nə
qədər alnıaçıq çıxa bilir? Bioqrafiya və ya eşq macərası oxuduqca suallar
leysan kimi təpəmizdən tökülür. Amma bu suallara yenə oxucu özü cavab
tapmalıdır. Çünki fərdi ədəbi zövq formalaşdırmaq kimi şəxsi məsələdə
başqalarının seçimləri ilə istiqamətlənməkdən daha bərbad bir şey yoxdur.
Bioqrafiya, memuar tipli kitabları tamamilə başqa bir məqsədlə də
oxuya bilərik – yəni, hədəfimiz sadəcə ədəbiyyatın bütün janrlarına işıq
tutmaq, ya da məşhurların həyatlarına qarışmaq olmaz. Sadəcə yaradıcı gücünüzü
yeniləmək və təxəyyülünüzü işə salmaq üçün də oxuyun. Bir dəqiqə, kitabxananın
sağında açıq pəncərə var, deyəsən! Qiraətə bir neçə dəqiqə ara verib ətrafı
izləyin. Öz bixəbərliyi, sizin oxuduqlarınızla əlaqəsizliyi, daimi hərəkət halı
ilə çöldə baş verənlərin sizi necə canlandırdığını görəcəksiniz. Buna icazə
verin. Yuxarıda sadaladığım bəsit hadisələr sizə hansı dünyanın insanı
olduğunuzu xatırladacaq. Unutmayın ki, bu kitabxanadakı kitabların hamısında
çöldə sizə bəsit görünən qeybətcil qadınların, sərxoş kişilərin bir anı mütləq
əks olunub. Hər ədəbi nümunənin yaranış mərhələsində müəllifin bir zibilliyi,
itib yox olmuş, unudulmuş hadisələrdən, yaddaşlardan silinmiş həyatlardan
ibarət bir qeyd dəftəri formalaşır. Amma tövsiyə edərdim ki, yazarların qeyd
dəftərinə çox da girişməyin, çünki qarşılaşdıqlarınız sizi həm
təəccübləndircək, həm də bədii əsərin özündən daha yüksək sürətlə ağuşuna
çəkəcək. Bəlkə də, sadəcə bir məktub oxuyarsınız, amma həmin məktub sizdə
əsərlə bağlı elə bir baxış formalaşdırar ki, əsəri oxumaqdan imtina edərsiniz.
Bununla da tələsik qərar verər, ehtimal ki, zəngin bir nümunənin səmərələrindən
məhrum qalarsınız. Ya da cəmi bir neçə cümlə oxuyar və bir kitabı həyatınızın
bələdçisi elan edərsiniz. Bəzən isə nəhəng bir hekayə sizə o qədər həzin, o
qədər dərin, o qədər doğma duyğular bağışlayar, elə təsir edər ki, müəllifi
soruşsalar, ağlınıza klassiklər gələr. Bu hekayədə təsvir olunan heç nəyin
xüsusi bir əhəmiyyəti, yoxdur, amma çöldəki sıradan həyat kimi içinə çəkir
adamı. Ona görə bütün dahilər zaman-zaman "çör-çöp” yuvalarına geri qayıdır,
nəsə axtarırlar. Yarı həqiqəti tamamlamaq üçün xəyallar qurmaqdan qısa zamanda
usanacaqsınız. Çünki bu müəlliflərdə peşəkar bir ədibdəki idarəetmə, həqiqəti
yox edə bilmə istedadı yoxdur. Onlar öz həyat hekayələrini yazmaqdan
acizdirlər. Onların dilindən təqdim olunan həqiqətlər isə əsla insanı qarışıq
duyğu selinə məruz qoyan roman qədər güclü ola bilməz. Odur ki, əsl ədəbiyyatın
dadını almaq üçün tezliklə bu yarımçıq təsvirlər, müşahidəçi təhkiyəsi ilə
ünsiyyəti kəsmək istəyirik. Daha üstün nümunələrə vaxt sərf etməyə çalışırıq.
Roman və hekayənin dərinliklərinə daldıqca oxucu
özü də peşəkarlaşır. Getdikcə romandakı hərəkətlilik onun nəzərində sürətini
azaldır. Oxucunun yazmaq iddiaları yaranan kimi mütləq şeirlə tanış olmalıdır.
Duyğunun bu ən çətin ifadə forması ona hələ ədəbiyyata girişmək üçün nə qədər
tez olduğunu başa salacaq. Onun romandan ciddi fərqi var. Birinci fərqi odur
ki, şeirə ara verib həyatın axarını seyr edə bilmirsiniz. Şeirdəki sürətlilik,
axıcılıq buna imkan vermir. Duyğu hücumu səngimir. Şeir oxuyursunuzsa, ondan
başqa bir şeyə yönələ bilmirsiniz. Sanki bütün vücudunuz bir küncə
sıxışdırılıb, bir nöqtəyə zillənib, ani emosional şok keçirmiş kimi olursunuz.
Onun təsir dalğaları zamanla yayılır, açılır, beynimizdə əks-səda doğurur. Şeir
insan ruhunda olduqca böyük və həssas bir arenaya hökm edir.
İkinci fərq isə odur ki, şeiri müqayisə etmədikcə öyrənə bilməzsiniz.
Oxucu seçim etmək, zövq formalaşdırmaq üçün nəsr kimi hər cür mətni oxumalı
olur. Şeirdə belə bir hal yoxdur. Şeirin
əvvəlkindən zəif olanını oxumaq olmur. Oxuduğu şeirdə duyğu boşluğu görən oxucu
onu dərhal yarımçıq qoyur. Ona görə də, min bir əziyyətlə yazılan misralardan ibarət
səhifələrin ölümsüzlüyünü, həmişəyaşarlılığını təmin etmək romanla müqayisədə
dəfələrlə çətindir.
Şeiri müqayisə edə bilən oxucu artıq yazarı da, mətni də tənqid edə
biləcək qədər yol qət edib. Amma oxucunu tənqidçidən fərqləndirən keyfiyyəti
qoruyun – siz rəyçisiniz, hakim yox. Getdikcə özünüz də görəcəksiniz ki,
zamanınızı və enerjinizi israf edən kitabları elə bir baxışdan seçirsiniz.
Oxuduğunuz hər kitabı janrının ən yaxşısı ilə müqayisə edirsiniz, hər yeni
janrın ən yaxşı nümunələrini araşdırırsınız.
Bir kitaba layiq olduğu dəyəri verərək oxumaq üstün səviyyədə
təxəyyül, intellekt və müqayisə bacarığı tələb edirsə, ədəbiyyatın nə qədər
dərin, qarışıq, kəşfi nə qədər çətin bir sahə olduğunu özünüz düşünün. Oxucudan
yazara çevrilmək olduqca çətindir. Çünki nə yazsan, oxuduqlarından zəifmiş kimi
görünür. Odur ki, əsl oxucu mənim nəzərimdə nəhəng bir yazar qədər əvəzolunmaz
sərvətdir. Onların oxucu olaraq qalması isə daha qüsursuz yazar nəslinin
yetişməsinə yol açır. Oxucunun ədəbi tənqidə girişib, tənqidçilərin işinə ortaq
çıxmaması isə bir başqa alicənablıqdır. Ədəbi tənqidin də, yeni yaranan
əsərlərin də havasını daimi oxucular təyin edir.
İnsanın sırf öz mənəvi zövqü üçün axtardığı həzlər var. Mütaliə
bunların başında durur. Hərdən belə bir səhnə gəlir gözümün önünə: "Məhşər günü
biz kitablarımızı qucağımıza yığıb, Tanrının hüzurunda sıraya düzüləcəyik. O
isə bizi işarə edib, Müqəddəslərə deyəcək: "Bu qullarımızın mükafata ehtiyacı
yoxdur. Onlara burada nəsə öyrətmək lazım deyil. Onlar kitaba könül
vermişlərdir”.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı