Biz imzaları yox, əsərləri dərc edirik...

Bədbəxt olmağa vaxtı olmayan Tesla – Fəxrəddin Salim yazır
2056
18 Noyabr 2019, 10:06
  Artkaspi.az saytı Fəxrəddin Salimin yazısını təqdim edir:
 
 

  İnsan düşüncəni böyüdür, yoxsa düşüncə insanı? Bəlkə də, hər ikisi mövcuddur. Bəlkə də, insan və düşüncə bir-birindən ayrı deyil. Ya da onlar tamamilə ayrı və məkan etibarilə bir-birlərindən tamamilə uzaq şeylərdir. Bu uzaqlıq, bəlkə özünü daha çox zaman məfhumunda göstərir? Özü bu zamanda, ancaq düşüncəsi illərin, əsrlərin gerisində olanlar var. Yaxud da əksinə,  əsrləri, minillikləri qabaqlayan düşüncələr mövcuddur. Yaxşı, bəs onda gerçəklik nə deməkdir? Daha doğrusu, hansı gerçəkdir - zamanla ayaqlaşan, yoxsa zamanı qabaqlayan və yaxud da heç bir zamanı tanımayan düşüncə? Keçmişlə bu günün, bu günlə gələcəyin zaman etibarilə nə fərqi var? Bu gün qorunan  memarlıq abidələri bir zamanlar özündən əvvəlkilərin dağıntıları üzərində qurulmamışdımı? Bu günün beton evləri sabahın arxitektura abidəsi deyilmi? İnsanlıq keçmiş və gələcək deyərkən, nəyi düşünür, nəyi hədəfləyir?
  Tomas Edissonun elektrikin birbaşa ötürülməsi nəzəriyyəsi öz zamanında aktual oldu və şirkətlərə milyonlar qazandırdı. Ancaq onun müasiri və rəqibi olan Nikola Teslanın dalğalı ötürülmə nəzəriyyəsi isə öz zamanını qabaqladığı üçün Edisson sərvət içərisində yaşadı, Tesla isə yoxsulluq içərisində öldü. Fəqət, gerçəklik bunların hansı idi? Onların hər ikisi etiraf olunmuş dahilər olsa da, hər ikisi insanlığa çox böyük töhfələr verərək, tarixin fəlsəfi axarını dəyişdirsələr də, nəticədə Edisson və Tesla bir konflikt, bir savaş örnəyidir. Savaşda isə yalnız bir qalib olur. Konfliktdə bir haqlı olur. Kimdir qalib, kimdir haqlı?! Yaşadığı zamanın şöhrətli dahisi olan, ancaq bu gün unudulub gedən Antonio Salyeri, yoxsa, kimsəsizlər məzarlığında miskin və hörmətsiz bir  şəkildə dəfn edilən, ancaq bu gün musiqisindən tutmuş, adını daşıyan restoranlara və şokoladlara qədər hər şeyi ilə bütün dünyanı saran Amadey Motsart?! Doğrudanmı zamanla ayaqlaşan hər şey elə həmin zamanın bitməsi ilə də ölüb gedir?! Doğrudanmı Rotşildlər, Rokfellerlər, Morganlar bizə çox ucuz qiymətə dahilik satıb, özləri zamanın sahibi olurlar? Hərdən düşünürəm, görəsən hansısa bir dünya baronu Şopenə həqiqətən qulaq asır, yoxsa onu bir dahi olaraq bizə sırıyanlar elə həmin baronlardır?!
  Həqiqəti aldanışdan necə ayıraq? Doğru gələcək yalan tarix üzərində necə qurula bilər? İnzivaya çəkilən təsəvvüf dərvişləri bu üç şeydən hansına bağlı idi - dünyadan qaçış, Allaha dönüş, yoxsa təsəlli? Daha doğrusu, onları inzivaya çəkən bu üç şeyin hansı idi? Əlbəttə, düşünmək olar ki, bu üç nəsnə bir-birindən ayrı deyil. Yəni dünyadan qaçaraq Allaha yaxınlaşmaq və bununla da əbədi təsəlliyə nail olmaq! Bu, ilk baxışda belə görünə bilər. Ancaq gerçəklik bunu demir. Çox məntiqsiz bir şeydir əslində - əgər o dərviş dünya ilə arasını düzəltsəydi, deməli, Allaha tərəf getməyəcəkdi?! Çünki nəticədə təsəlli var. Yəni dünyadan qaçıb haqqa qovuşmaq fikri çoxdan aktuallığını itirib! Məgər haqq dünyadan ayrıdır?! Bəs axı həmin dərvişlər "Allah hər yerdədir" demirdilərmi? Xalqdan ayrı bir haqq bədəndən ayrılmış ruh kimi deyil? Haqqın məkanı xalqdır, yəni məxluq, yaranmışlar. Bunları da biz demirik. Bizdən öncə, elə həmin inzivaya çəkilənlər deyib. O zaman məsələ başqadır. Məsələ məhz elə zamanın başındadır. Mənə elə gəlir ki, həmin o mistiklər dünyadan yox, mövcud zamandan uzaqlaşıblar! Özü də inzivaya çəkildikləri üçün zamandan uzaqlaşmırlar, zamandan uzaqlaşdıqları üçün inzivaya çəkilirlər! Yəni bir növ buna məcburdurlar. Bəlkə xalq, məkan xeyli dərəcədə insaflı və anlayışlıdır. Ancaq zaman çox insafsız və zalımdır. Ona uymayanları əsla yaşatmır! Zatən yaşamaq deyilən bir şey zaman məfhumudur. O zamana uymamaq o zamanda yaşamamaqla düz mütənasibdir. Yanlış anlaşılmasın, zamanla ayaqlaşmaq dedikdə, söhbət şöhrətdən, sərvətdən getmir. Söhbət anlaşılmamaqdan və unudulmaqdan gedir ki, zamana uymayanların miskin aqibəti də məhz bunun nəticəsidir. Ancaq necə olur ki, həyatla bitən karyera ölümlə başlayır?! Bu gün məni öldürən zaman sabah məni necə və nə üçün dirildir?! Bunun sirrini heç zaman anlamamışam! Xalq gözəlləşdi, yoxsa məkan müqəddəsləşdi? Nə dəyişdi? Zamanla zamanın nə fərqi var? Dünənin miskini hansı mexanizmlə bu günün dahisinə çevrilir? Bəlkə heç belə bir şey olmayıb? Çünki şübhəliyəm... Əgər həqiqətən belədirsə, yəni zamanın və tarixin diktəsi ilə dünənki xalq bugünkü xalq deyilsə, niyə ölmüş dahilərlə eyni mərtəbədə olan diri dahilər bu gün yenə miskinliyə sürüklənir?! Paradoksdur! Həm də bizi əlində ucuz bir oyuncaq kimi oynadan zamanın çözülməyəcək olan bir paradoksu!
  İnsan düşüncədən öndədirmi? Əlbəttə, düşüncənin sahibi insandır. Yəni düşüncə insana kənardan gəlmir. Ancaq necə olur ki, zamanı geridə qoyan düşüncənin öz sahibi, zamandan bu qədər geri qalır? Nəticə isə budur ki, özü keçmişdə, düşüncəsi isə gələcəkdə olan dahilər bircə bu günü görə bilmədilər, əfsus! Sədd əfsus! Uçurumun dibində səadət varmış! Əcəb utopiyadır! Bəllidir... bu düyün heç zaman çözülməyəcək! Bu "heç zaman" ifadəsi də çox maraqlıdır. Bu, bir daha onu göstərir ki, zamansız bir şey gerçək ola bilməz. 
  İnsanlar əksər hallarda zamanla ayaqlaşmanın adını "məhrəmiyyət" qoyublar. Deyirlər ki, bizə məhrəm olmayan, yəni bizim düşüncəmizdən uzaq olan heç nə bizim deyil! Bəli, Hüseyni Kərbəla düzündə yalnız qoyub gedənlərin hamısı zamanla ayaqlaşanlar idi. Doğrudan da, Hüseyn onlar üçün naməhrəm idi! Çünki zamanın hökmdarı Yezid idi! Hüseyn isə Yezidə yox, zamana tabe olmaq istəmirdi. Səbəb isə birdir - zaman Yezidin zamanı deyildi, Yezid zamanın Yezidi idi! Bu mənada gələcəyin övladları bu günün yetimləridir! Bu sözləri mən çoxdandır ki, öz qulaqlarımdan bir dərviş sırğası kimi asmışam. 
  Ancaq bilmək olmur, zamansızlıq seçimdir, yoxsa tale? Dahilik istəyərək olan bir şey deyil. Elə bunun tərs üzündə belə yazılıb ki, bir dahi istəsə də, öz zamanına sığa bilməz. Qaliley kimi, məhkəmənin ortasında "yer fırlanmır" deyər, ancaq sonunda "hər halda yer fırlanır" deyər. Bu, iradə, əqidə-filan deyil. Bu, məhz taledir. Qaçılmaz, kristal tale! 
  O zaman bu qənaətə gəlmək olar ki, düşüncənin özü də bir insan taleyidir. Ancaq bu tale hardan gəlir, kimin, nəyin hökmü ilə gəlir... bu məsələ qaranlıqdır. Deyirlər, insan öz taleyini özü yazır. Ancaq necə yazır, nə zaman yazır, harda yazır, demirlər. Cem Yılmazın çox gözəl bir replikası vardı. Deyirdi, əsgərlikdə sənə "onbaşısan" deyirlər, ancaq hansı on nəfərə məsul olduğunu söyləmirlər. Bəli, hər zaman dediyim kimi, müfrədat çox önəmlidir. Sən bir maşını idarə edə bilərsən, ancaq onun necə idarə olunduğunu bilməsən, bir zaman gələr, sən onu yox, o səni idarə edər və qəza törədərsən. 
  Doğrudan da, insan öz taleyini özü yazır. Ancaq öz yazdığı şey onun taleyinə, yəni dəyişdirə bilməyəcəyi bir şeyə necə çevrilir, burası tam bir müəmmadır. Bəlkə seçim bir dəfə olur? Bəlkə "yazıya pozu yoxdur" dedikləri elə budur? Çox sual verirəm. Çoxu da cavabsız qalır. Bu, yaxşı bir şey deyil. Ancaq mən ən azından sual verə bilirəm. Yəni sual artıq özü bir hərəkətdir, protestdir, cavablara açılan qapıdır. Bəli, biz hər hansı bir şeyin içini, yəni müfrədatını, detallarını, dolayısı ilə, batinini bilməsək, o, bizim bizdən asılı olmayan taleyimizə çevriləcək. Lakin bildiyimiz bir şeyi dəyişdirə bilməsək belə, onunla xoşbəxtik. Çünki onu tanıyırıq, sevirik və ən başlıcası, o, bizim öz seçimimizdir. Məşhur Eynülqüzzat Həmədani hətta öz ölüm şəklini bir rübaisində ölmədən çox öncələr yazmışdı. "Çox öncələr" deyirik, ancaq adam 40 yaşına çatmadan zamanın ruhaniləri tərəfindən, həmin zamanla ayaqlaşan xalqın gözü qarşısında edam edildi. Özü də dediyimiz kimi, öz istədiyi şəkildə - daş-qalaq edildikdən sonra cəsədi neftli həsirə bürünüb yandırılaraq, elə yana-yana dərs dediyi mədrəsənin ətrafında on beş dəfə fırladılaraq! Əsrləri, minillikləri aşıb insanlığa əbədi xidmətdə bulunan dahilərə qarşı bu qədər qəzəb, kin, nifrət hardandır görəsən?! Bizcə, bunun bir səbəbi var - yalnız və yalnız dediyimiz kimi - zamanla uyğunsuzluq! 
  Əslində isə bu qədər təlaşa və aqressiyaya ehtiyac da yoxdur. Nəticə etibarilə dahilər qısa, fani və gördükləri işlərin yanında əhəmiyyətsiz görünən həyatlarını çox zaman bədbəxt və tənha şəkildə başa vurublar. Əvəzində isə keçici həyatdakı bədbəxtliyin bədəli əbədi xoşbəxtlik olub. Ancaq yanlış anlaşılmasın, bir şərtlə ki, hər iki bəxtin sahibi eyni zamanda bir düha sahibi olsun. Xoşbəxtlik insana bədbəxtliyin qarşılığında  verilmir, zəhmətin, məhsuldar əziyyətin və əlbəttə ki, nikbinliyin qarşılığında verilir. Nikola Tesla da ömrü boyu nikbin oldu. Ömrünün böyük bir qismini demək olar ki, inzivada yaşadı. Ancaq heç zaman özünü bədbəxt hiss eləmədi. Onun bədbəxt olmağa vaxtı yox idi! Deyirlər, o, zaman makinası icad etmişdi və özü də keçmişdən və gələcəkdən çoxlu epizodlar görmüş, hətta onların fotolarını belə çəkmişdi. Bunlar əlbəttə, fərziyyə də ola bilər. Ancaq serb əsli bu xorvatiyalı köçkün alimin 300 min səhifədən yuxarı əlyazması bu gün ABŞ-ın gizli kəşfiyyat orqanlarında bir sirr olaraq saxlanılır ki, bunun özü faktdır, fərziyyə deyil. 
 
 

  Ancaq ən qəribəsi odur ki, Tesla öldü, qabaqladığı zaman isə hələ tam olaraq gəlib çatmayıb. O, nəinki öz zamanını, hətta bizim də zamanımızı qabaqlayıb. Bəli, düşüncəsi özündən çox irəlidə gedən bir insan! Nədir bu öz! Kimdir insanın özü! Onu düşüncədən ayıran sərhədlər harda başlayır? İnsanın özü mövcud zamandırmı? Əgər belədirsə, deməli, vəziyyət çox kritikdir! Deməli, dahilər heç zaman öz zamanlarına sığmayacaqlar! Deməli, düşüncənin sahibi olan insanın "öz"ünü hər zaman fəlakət gözləyir! Bu, çoxdan çalınması gərəkən bir həyəcan siqnalıdır! Ancaq zamansız çalınan bu siqnala qarşı qulaqlar da, beyinlər də, qəlblər də hər zamankı kimi kardır!
Fəqət mən Elon Musku (İlan Mask) tanıdım. 21-ci əsrin şəksiz ən böyük dahisi Elon Musk! Siz də tanıyın, mənim əziz məmləkətimin oxucuları! İndi bir şeyləri tapmaq, onları tanımaq çox asanlaşıb. Cənubi Afrikadan olan kasıb bir ailənin övladı olan bu şəxsin hələ 48 yaşı var. Artıq onun SPACE X  şirkəti NASA ilə birlikdə 2024-cü ildə Marsa turist göndərməyə hazırlaşır. Əlbəttə, o boyda NASA bu işdə arxa planda qalıb. Mister Musk bu yaxınlarda Türkiyəyə də gəlmişdi. Biznesmen olaraq səfər etdiyi qardaş ölkədə Anıtqəbri də ziyarət etdi. "Üç sınmış qabırğa və dəlinmiş bir ciyərlə müharibəni davam etdirdi" - bu sözləri isə o, Atatürkün xatirə dəftərinə yazdı. Ancaq Anıtqəbri ziyarət etməsinin və ümumiyyətlə, Türkiyəyə gəlişinin əsas səbəbi isə Mustafa Kamal Atatürkün bu sözləri olmuşdu: "İstiqbal göylərdədir!" İnsan dəhşətə gəlir! Bu milyarderin duyğusu, gələcəyi ovcunun içində hiss etməsi, yaxın gələcəkdə Marsda insan koloniyalarını yaratması fikri artıq bir ideya deyil, gerçəklikdir. Mən Elon Muskun hekayəsindən çox şey öyrəndim. Çox utandım, çox əzildim - zamanın öhdəsindən gələ bilmədiyim üçün! 
  Bu yaxında Aya bir kommersiya uçuşu olacaq. Səkkiz nəfərlik kabinənin hər birinin qiyməti on milyon dolları aşan bütün biletlərini bir gənc yapon iş adamı alıb. Ancaq adlarını çəkmədən bəyan edib ki, qalan yeddi turistin hamısı incəsənət adamları olacaq! Yəqin ki, Bethoven sağ olsaydı, mütləq o gəmiyə minərdi və kim bilir, "Ay işığı" daha necə gözəl bəstələnərdi!!! Ancaq Bethoven zamanı gözləmədən o gəmiyə mindi və həmin sonata bundan daha gözəl yazıla bilməzdi. "Mindi" deyirəm, çünki incəsənət adamları üçün həmin gəmiyə bilet almaqda məqsəd, yerüstü, bəşərüstü əsərlərin yazılıb insanlığa bəxş edilməsidir ki, Lüdviq Van Bethoven 200 il öncəsindən bunu etmişdi! 
  Budur zamanı əymək, bükmək, onu bir ana sığdırmaq! Gələcəkdəki milyonları xoşbəxt edəcək bir sonatanın müəllifinin şəxsi bədbəxtliyi heç bir əhəmiyyət daşımır və daşımamalıdır!
  P.S. Elon Musk keçən on il ərzində yeni bir şirkət qurdu. Elektriklə işləyən maşınların istehsalı şirkəti. Adını isə "TESLA" qoydu! Həmin milyonlar qazanan TESLA ki, adını daşıdığı Nikola Tesla bir zamanlar acından öldü. Ancaq bunun günahkarı Elon Musk deyil. Əksinə, mister Musk daha inanılmaz bir çılğınlığa imza ataraq, bu yaxınlarda kosmosa bir raket göndərdi və həmin kosmik gəminin burnunda qırmızı rəngli "TESLA" avtomobili yerləşdirilib. İstəyənlər "Youtube”dan kosmosda uçan həmin maşını 24 saat canlı olaraq izləyə bilərlər.
  Bəli, Tesla artıq göylərdədir! Nikola Tesla! Atatürk məhz bunun üçün deyirdi: "İstiqbal - yəni gələcək göylərdədir!"