Artkaspi.az Məsiağa Məhəmmədinin tərcüməsində SPUJMƏY ZƏRYABın "BAZAR" adlı hekayəsini təqdim edir:
Adam başını qaldıranda uzaqdan
köhnə bir qüllə görünürdü. Qüllənin dörd tərəfində pəncərələr vardı və
pəncərələr uzaqdan dərin quyulara bənzəyirdi. Adama elə gəlirdi ki, qüllə
dəyirmi gözləri ilə ətrafı təəccüblə seyr edir.

Qüllə bazarın ortasında
yerləşirdi. Mən balaca olanda bu qüllə mənə çox-çox böyük görünürdü. Onun
qarşısında özümü lap balaca hiss edirdim. Amma indi bu qüllə mənim üçün yalnız
daşdan və palçıqdan ibarət bir kütlə idi. Elə bil mənim böyüməyimlə, qüllə öz
böyüklyünü və əzəmətini itirmişdi. Qüllə dörd yol ayrıcında dayanmışdı.
İnsanlar onun o tərəf-bu tərəfindən keçirdilər. Adam uzaqdan qülləni və
insanları seyr edəndə gülməyi tuturdu; insanlar balaca, lap balaca kuklalara
bənzəyirdilər… və qüllə iri, lap iri gözləri ilə balaca adamları təəccüblə
süzürdü.
Bir axşam gündəlik işimi
həmişəkindən bir qədər də gec qurtarıb asta-asta bazara yollandım. Soyuq külək
əsirdi, şaxta xırda iynələr təki adamın bədəninə batırdı. Boynum çiyinlərimin
arasında itmişdi, paltomun yaxasını mümkün qədər yuxarı qaldırmışdım. Yaxam
qulaqlarımı örtmüşdü. Əlimdəki çantam ağırlıq edirdi, istəyirdim elə orada onu
yola atım. Soyuq külək adamın gözəlrini
çıxarırdı. Başımı aşağı əydim - belə olanda külək birbaşa adamın gözlərinə
vurmur, adamın gözlərini yaşartmırdı. Qaranlıqda yolun rəngi də dəyişmişdi, boz
deyildi, boz ilə qaranın qarışığından ibarət bir rəng idi, polad rənginə
oxşayırdı. Yolu getdikcə mənə elə gəlirdi ki, yol da hərəkətdədir, mənimlə bir
yeriyir. Diqqət verdim ki, yol çatlarla doludur, bütün hissələri çatlayıb və
çatlar anbaan gözümə daha da uzun görünürdü. Elə bil çatlar qabağa qaçır, daha
da dərinləşirdi. Yolun kənarında bir arx vardı, susuz arx. Arx yol boyu
uzanırdı, səkilərin üstündə nizamsız şəkildə daşlar və kərpiclər tökülüb
qalmışdı. Divarlardan dərin yarıqlar ağızlarını açmışdı, onlardan bayıra
kəsafət tökülmüşdü. Adamın ürəyi bulanırdı.
Mən yolla irəliləyirdim. Bazarın
donuq lampaları uzaqdan utancaqlıqla işıq saçırdı. Yol parça-parça olmuşdu.
Mənə elə gəlirdi ki, zəlzələ şəhəri parçalayır, şəhər çatlayır. Çatlar getdikcə
dərin, daha da dərin olurdu. Adamı qorxu bürüyürdu.
Qülləyə yaxınlaşırdım. Ona çatmaq
üçün qaçmaq istəyirdim. Qüllənin ətrafında insanlar çox idi və adam qorxusunu unudurdu. Bir neçə addım qaçıb
yoruldum, dərindən nəfəs aldım. Ağır çantam qoymurdu ki, qaçım. Yolun kənarında
böyük bir darvaza gördüm. Darvazanı möhkəm və şaquli millərdən qayırmışdılar.
Millər qaranlıqda polad rəngində görünürdü. Millərin o tərəfindən, uzaqdan
qəribə səslər gəlir, adamın canına qorxu salırdı. Fəryada bənzər insan səsləri
idi, amma adam ayırd elə bilmirdi ki, nə deyirlər. Yavaşca başımı qaldırdım və
qorxa-qorxa mil darvazaya baxdım. Diqqətlə baxdım. Onun arxasında ağaclar
vardı, qupquru ağaclar. Qaranlıq ağacları da qaraltmışdı. Millərdən və
ağaclardan qorxdum. Qaçmağa başladım. Çantamın ağırlığını unutmuşdum. Mənə elə
gəlirdi ki, yol da mənimlə bərabər sürətlə qaçır. Yolun çatları da qaçır,
divarın yarıqları da…
Qülləyə çatmışdım. Adamlar
görünürdülər, amma bazar başqa günlərdəkindən tamamilə fərqlənirdi. Hay-küylə
dolu idi. Qaçhaqaç idi. Alver gedirdi. Bir nəfərin yanında ayaq saxladım.
Soruşdum:
– Nə olub?

… Kişi susurdu, heç nə demədi.
– … Nə olub?
– Gedib başqasının qarşısında
dayandım. Soruşdum:
– Ağa, nə
olub?
– Heyrətlənib öz-özümə dedim:
"Niyə heç kəs mənə cavab vermir?" Yenə soruşdum:
– Ağa,
xahiş edirəm, deyin, nə olub?
– Əvvəlcə susdu, sonra dedi:
– Xəbərin
yoxdur?
– Yox, heç
nədən xəbərim yoxdur. Nə olub?
– Cibində
nə qədər var?
Ciblərimi axtardım. İki-üç kağız
və bir neçə xırda pul vardı.
– Olanım
budur.
– Bunları
ver, ver mənə, sənə deyim.
– Pullarımı
niyə alırsan?
Hirsləndim, ona acığım tutdu.
Pullarımı cibimə atdım, cingildəyib düşdülər. Kişiyə dedim:
– Heç demə, başqasından soruşaram.
Kişi güldü, ucadan güldü, məni
təpədən dırnağa süzdü, rişxəndlə süzdü. Gedib başqa birisinin yanında dayandım.
Dedim:
– Nə olub?
Nə olub?
Kişi təəccüblə mənə baxdı, heç nə
demədi. Yenə dedim:
– De, axı
nə olub?
Kişi ciblərimə baxdı, barmağı ilə
onlara işarə edib soruşdu:
– Pulun var?
Dedim:
– Hə.
– Nə
qədər?
Bütün pullarımı cibimdən çıxarıb
göstərdim:
– Olanım
budur.
– Bunları
mənə ver, sənə deyim.
Məni heyrət bürümüşdü. Gözlərim
girdələşmişdi - qüllənin heyrətli
gözləri kimi. Pullarımı ovcumda sıxıb kişiyə dedim:
– Hamısını
alma…
Bu cümləni çox tələsik dedim.
Soruşdu:
– Nə?
– Mən
yaxşı adamam, yarısını alaram.
Pullarımı sayıb yarısını kişiyə
verdim. Kişi pulları olvcunda tutub gözlərinə yaxınlaşdırdı, onlara yaxşı-yaxşı
baxdı, sonra cibinə tökdü, cingilti eşidildi. Elə bil cibi "hopp"
edib pulları uddu. Sonra dedi:
– Gəl!
Şaxta hələ də bədənləri
qamçılayırdı. Tez-tez gedirdik, camaatın arasından çətinliklə yol açırdıq.
Dükanların yanından keçdik, hər yerdə basabas idi. Bir guşə tapdıq, kişi
dayandı. Gözləri yaşarmışdı. Dedi:
– Mən
yaxşı adamam.
– Bilirəm…
Bilirəm, nə olub, de!
Nəmli gözləri adamı
kədərləndirirdi. Səsini yavaşıdıb dedi:
– Burada
hər şey alınıb-satılır. Bədənlər, sözlər, gülüşlər, ağlayışlar, qulaqlar…
Bunları bilmirdin?
Matdım-matdım kişiyə baxırdım.
Yenə qüllənin heyrətli gözləri yadıma düşdü. Soruşdum:
– Nə
dedin, qulaqlar da alınıb-satılır? Qəribədir, çox qəribədir.
Cibindən bir ovuc pul çıxardı,
gözlərimin qabağında tutdu, xırda pulların cingiltisi və kağız pulların
xışıltısı bir-birinə qarışdı, özünəməxsus bir səs yaratdı. Onları mənim
gözlərimə yaxınlaşdırıb dedi:
– Bu
mühümdür, çox mühümdür.
Boynunun damarları çıxmışdı,
lampaların utancaq işığında üzü parıldayırdı. Üzünün qırışları daha da dərin
görünürdü. Ağzını qulağıma yaxınlaşdırıb qışqırdı:
– Bu çox
mühümdür.
Mənə elə gəldi ki, səsi hər yana
yayıldı.
Dedim:
– Bilirəm,
bunu bilirəm. Amma burada necə hər şey alınır və satılır?
Kişi mənim sualıma cavab vermədi,
boynunu əyib dedi:
– Bilirsən,
mən yaxşı adamam, amma mən də sözümü satıram, gülüşümü satıram, ağlayışımı satıram,
hər şeyimi satıram…
Kişi susdu. Qəhər boğazını
tutmuşdu. Nəmli gözləri bir az da yaşarmışdı. Üzünü yana çevirdi, boynunun
damarları titrədi, burun pərələri də əsdi, xeyli astadan dedi:
– Mən
yaxşı adamam, xahiş edirəm, inan.
– Hə, hə,
amma bütün bu şeyləri necə satmaq olar? Sözü, qulağı…
– Mən… mən
sənə göstərərəm, hər şeyi göstərərəm, əgər…
Utana-utana cibimə baxdı və davam
etdi:
– Əgər
qalan yarısını da mənə versən, sənə göstərərəm.
Qeyri-iradi əlimi cibimə saldım,
pulları yoxladım, xırda pullar barmaqlarıma daha iri gəldi, kağız pullar daha
da şax. Tərəddüd edirdim. Birdən ovcumu açıb pulları kişiyə verdim və dedim:
– Al,
bunların hamısını al, göstər!
Kişi sıxıla-sıxıla pulları aldı,
baxışlarını məndən gizlətdi və dedi:
– Ancaq
mən yaxşı adamam.
Əlini uzatdı və pulları aldı. Cibi
pulları uddu və sonra dedi:
– Gəl
mənim ardımca, gəl.
Getdim. Bir küncdə dayandı, əli
ilə bir tərəfə işarə edib dedi:
– Ora bax.
Baxdım. Lampanın zəif və utancaq
işığı altında iki nəfər dayanmışdı, biri o birindən soruşurdu:
– Nə olub?
Nə olub?
O biri kişinin dodaqları elə bil yapışqanla
yapışdırılmışdı, bir-birindən ayrılmırdı. Sual verən başını çiyninə əyib
yalvara-yalvara soruşdu:
– De,
xahiş edirəm, de, burada nə olub?
O biri kişi eləcə sakit idi. Üçüncü dəfə sual
təkrar edildi. Bu dəfə kişi soruşanın cibini göstərib dedi:
– Cibində
nə qədər var?
Soruşan matdım-matdım ona baxdı, pullarını
çıxardı. Pul çox deyildi. Dedi:
– Bunlardır.
Kişi dedi:
– Əgər
onları mənə versən, sənə deyərəm.
Soruşan yazıq-yazıq pullarına
baxdı, birdən elə bil kimsə əlini irəli itələdi və pulları kişinin ovcuna
qoydu.Kişinin cibi pulları uddu, sonra o dedi:
– Bilirsən,
burada hər şey satılır: söz satılır, gülüş satılır, ağlayış satılır, qulaqlar
satılır… Hər şey satılır, hər şey.
Qaşlarını yuxarı dartdı. Xüsusi
bir tövrlə dedi:
– Hə,
məsələ budur, başa düşdün? Mən də sözümü sənə satdım. Gördün?
Soruşan elə bil birdən
balacalaşdı, lap balacalaşdı, başını tərpətdi, dönüb getdi. Arxasınca baxdım,
elə bil bədəni ayaqlarına ağırlıq edirdi.Elə bil bədəni ilə ayaqları arasında
təzad yaranmışdı və ayaqları bədənini daşımaq istəmirdi. O, uzaqlaşdı və
qaranlıqda gözdən itdi.
Oradan uzaqlaşdıq. Adamların
arasından çətinliklə yol açırdıq. Basabasda bütün səslər bir-birinə qarışmışdı:
xırda pulların cingiltisi, kağız pulların xışıltısı, adamların hay-küyü, nə
qədər və necə, alış və veriş.
Yol yoldaşım dayandı və dedi:
– Ora bax!
Gördüm bir qadın bir kişinin
qarşısında dayanıb ona nəsə danışır, dostcasına danışır, nə isə gülməli şey
danışır. Amma kişi dodaqları tikilmiş kimi gülmür. Qadının hekayətindən
gülməyim tutdu, ancaq bilmirəm niyə qadının görkəminə baxanda gülüşüm yox oldu
və məni qüssə bürüdü. Mənə elə gəldi ki,
qadın danışmağa, gülməli şeylər nəql etməyə məcburdur. Mənə elə gəldi ki, qadın
danışmağa özünü məcbur edir, zorla məcbur edir ki, dostcasına danışsın və
gülməli şeylər desin. Amma kişi gülmürdü. Mən təəccüblənirdim ki, kişi niyə
gülmür. Axırı qadın dedi:
– Gül,
xahiş edirəm, gül. Heç olmasa bir dəfə…

Kişi qadının cibinə sarı baxdı,
sonra dedi:
– Nə qədər
varındır?
Qadın əlini cibinə salıb dedi:
– Olanım
budur.
Kişi utana-utana pullara baxdı və
dedi:
– Bunları
ver, gülüm.
Qadın tərəddüdlə əvvəl pullarına,
sonra kişiyə baxdı, elə bil qorxdu.
Dedi:
– Al,
hamısını al.
Kişi pulları aldı, cibi pulları
uddu, sonra qadına baxdı və dodaqlarının ucu qulaqlarına tərəf dartıldı.
Dişləri göründü, məhəbbətlə güldü, sonra birdən ağzı açıldı, qəhqəhə çəkdi.
Qadın uşaq kimi sevindi və hekayətinə davam etdi. Birdən kişi qadının əlini
tutdu və dedi:
– Davam
etmə, mən gülürəm. İndi mən gülürəm.
Qadın susdu. Heç nə demədi, yalnız
kişiyə baxdı. Mənə elə gəldi ki, qadının içində nə isə qırıldı. Qadın əyildi,
lap əyildi, divarın dibində oturdu, divara söykəndi. Kişi hələ gülürdü.
Şaqqanaq çəkib gülürdü.
Yol yoldaşım başını tərpətdi və
mənə dedi:
– Görürsən,
sənə demədim?
Oradan uzaqlaşdıq. Elə bil havada
gedirdim,ayaqlarım yümyüngül olmuşdu. Mənə elə gəlirdi ki, bu yüngüllüklə böyük
məsafələri bir anda da qət edərəm. Başım gicəllənirdi, müvazinətimi saxlaya
bilmirdim. Kişi məni arxasınca dartdı. O, bir darvazanın ağzında dayandı və
dedi:
– Burada
adam ölüb.
Ürəyim titrədi. Ölümü yada saldım.
Həyətdən bir qadının naləsi eşidilirdi. Darvaza yarıaçıq idi. Birdən kişi
darvazanı bir az da açıb içəri girdi.
Mən də daxil oldum. Həyət kvadratşəkilli
idi. Şəhərin bütün həyətləri kimi. Həyətdə çoxlu adam vardı. O tərəf-bu tərəfdə
durmuşdular. Zəif bir lampa həyəti güclə işıqlandırırdı. Həyətin ortasında bir
tabut qoyulmuşdu. Tabut çox kobud düzəldilmişdi. Mənə elə gəldi ki, meyid
tabutun içərisində çox narahatdır. Adamlar tabutun ətrafında dayanmışdılar. Bir
qadın onun yanında oturmuşdu, başını tabuta vurur və ağlayırdı. Onun naləsi
adamın ürəyinə od salırdı. İstəyirdim qadının yanında oturum, başımı o tabuta
vurub ağlayım. Amma bilmirəm niyə bunu etmədim. Qadın birdən başını qaldırdı,
fəryadla tabutun ətrafında dövrə vurmuş adamlara dedi:
– Ax, siz
niyə ağlamırsınız? Siz bizim dostlarımız idiniz, niyə ağlamırsınız siz…
Tabuta işarə etdi və üzünü
adamlara tutub dedi:
– Baxın…
Artıq o ölmüşdür… Hu-hu-hu… Bu, dəhişətdir… u-hu.. u-hu…
Ağlamağına davam etdi. Adamlar
matdım-matdım qadına və tabuta baxırdılar. Dodaqları bir-birindən ayrılmırdı.
Gözləri qupquru idi. Qadın saçlarını yolurdu, başını qaldırdı və qışqırdı:
– Ağlayın…
ağlayın… u-hu… u-hu…
Tabutun ətrafında dövrə vurmuş
adamlar bir səslə qadından soruşdular:
– Nə qədər
varındır?
Qadın onlara baxdı. Gözlərinin
kənarından yaş süzülürdü. Gözləri qızarmışdı, şişmişdi. Qırıq-qırıq dedi:
– Pul?
Çoxdur.
Tabutun ətrafında dövrə vurmuş
adamlar dedilər:
– Bilirik,
qaç, onları gətir.
Qadın inanmırmış kimi onlara baxdı
və soruşdu:
– Nə üçün?
Dedilər:
– Onunçün
ki, ağlayaq.
Qadın bir sıçrayışla yerindən
qalxdı. Çadrasının ucu ilə üzünü quruladı, ucadan burnunu çəkdi, otaqlardan
birinə getdi. Adamlar bir-birinə baxmırdılar, hamısı utancaq halda gözlərini tabuta
dikmişdilər. Qadın qayıtdı. Əlində bir çanta vardı, köhnə dəri çanta idi, elə
bil illərlə saxlanmışdı, üzündən köhnəlik yağırdı, dəstəyi yeyilmişdi. Qadın
hönkürüb ağlayırdı, qalanları isə
çantaya baxırdılar. Qadın kəskin hərəkətlə çantanı açdı, pulları adamlara sarı
atdı. Yenə xırda pulların cingiltisi və kağız pulların xışıltısı qulaqları
doldurdu. Birdən adamlar hönkürtü ilə ağlamağa başladılar. Ucadan ağlayırdılar.
Qadının naləsi başqa adamların naləsi arasında itib-batmışdı. Onlar
ağlaya-ağlaya qızılı güllərlə dolu qara parçanı tabutun üstünə saldılar, tabutu
çiyinlərinə qoyub apardılar.
Həyətdən çıxdıq. Küçədə böyük bir
dəstə adamı gördüm ki, tabutu çiyinlərinə alıb aparırdılar və hönkür-hönkür
ağlayırdılar. Ağladıqca butun bədənləri titrəyirdi. Yanımdakı kişiyə dedim:
– Çox
qəribədir.
Kişi dedi:
– Yalnız
bu mühümdür, çox mühümdür.
Sonra ondan soruşdum:
– Nə üçün
bunlar ölünü gecə basdırırlar?
– Nə
bilim, yəqin qayda belədir.
Və davam etdi:
– Hər
halda ölünu basdırmaq lazımdır, gecə ya gündüz, daha bunun əhəmiyyəti yoxdur.
Ancaq gərək onu basdırmağa adamlar olsun.
Tabutu aparan adamların və tabutun
ardınca gedənlərin naləsi hələ də uzaqdan eşidilirdi.
Yorulmuşdum, istəyirdim mənə
yoldaşlıq edən kişi çıxıb getsin. Ona dedim:
– Mən artıq gedirəm, başqa şey görmək
istəmirəm.
O, təkidlə məndən yapışdı və dedi:
– Dayan,
bir şey qalıb, dayan, xahiş edirəm.
İrəli getdik. Adamların arasından
özümüzə yol açdıq. Bir yerə çatdıq. Lampanın zəif işığında iki nəfər oturmuşdu.
Biri iki əli ilə qulaqlarını bərk-bərk
tutmuşdu. Çox möhkəm tutmuşdu. İkincisi ona deyirdi:
– Qulaq
as, sənə deyiləsi çox şey var. Xahiş edirəm, qulaq as. Belə mən boşalıram,
yüngülləşirəm. Bax, əgər deməsəm, əgər sözümə qulaq asan bir kəs olmasa, mən
ölərəm. Başa düşürsən, ölərəm.
Birinci kişi əlləri ilə qulaqlarını bərk-bərk bağlamışdı.
İkinci təkidlə təkrar etdi:
– Qulaq
as, yalnız buna.
Birinci ikincinin cibləriniə
baxdı, soruşdu:
– Nə qədər
varındır?
İkinci əl atıb cibindən bir neçə kağız və bir
qədər xırda pul çıxardı və dedi:
– Olanım
budur.
Birinci dedi:
– Bunları
mənə ver, qulaq asım.
Kişi qəribə bir sevinclə bütün
pullarını ona uzatdı. Birinci əllərini qulaqlarından çəkdi və ikinci hekayətinə
başladı. Mən eşitmədim ki, nə deyir. Amma mənə elə gəldi ki, bu səhnəni hardasa
görmüşəm. Yadıma düşdü. Bir vaxtlar bir hekayə oxumuşdum, məzmunu belə idi.
"Bir faytonçu kişi vardı,
onun bir oğlu var idi. Bir gecə oğlu öldü. O gecə faytonçu çox istəyirdi ki,
dərdini bir kəsə desin. Kim faytona minirdisə, faytonçu deyirdi:
– Bilirsiniz,
mənim oğlum ölüb, oğlum!
Müştəri öskürürdü, ya da
ümumiyyətlə eşitmirdi. Faytonçu yenidən təkrar edirdi:
– Bilirisiniz,
ağa, mənim oğlum ölüb, oğlum!
Müştəri isə eşitmirdi. Bu sözü
bütün müştərilərə dedi və heç kəs eşitmədi. Axırda gecə getdi evinə. Atı ilə
üzbəüz dayanıb dedi:
– At,
mənim oğlum ölüb!
Və hönkürüb ağladı".
Mənə elə gəldi ki, bu hekayəni yüz
dəfələrlə oxumuşam. Ürəyimdən keçirdi ki, hündür bir yerdə dayanıb bu hekayəni
ucadan hamıya danışım, təkrar edim, yüz dəfələrlə təkrar edim. Mənə elə gəlirdi
ki, şəhər həmin faytonçu ilə doludur. Mənə elə gəldi ki, şəhərin bütün
sakinləri həmən faytonçuya oxşayır. Sanki şəhərin bütün sakinləri bir at
axtarır və elə bil şəhərdə bir dənə də at yoxdur. Öz-özümə dedim:
– Necə də
kədərlidir ki, şəhərdə bir dənə də olsun at yoxdur.
Yanımdakı kişi soruşdu:
– Nə
dedin?
Cavab vermədim. Üzümü çevirdim.
Qüllə görünürdü və hədəqədən çıxmış gözləri ilə bazarı süzürdü. Mənə elə gəldi
ki, qüllənin də deməyə çoxlu sözü var. Mənə elə gəldi ki, qüllə də qüssədən
ağırlaşıb. Yadıma düşdü ki, mənim də deməyə çoxlu sözüm var. Dostlarımın
surətləri bir-bir beynimdən keçdi: müxtəlif qiyafələr – gözəl, bir az gözəl,
görkəmlər. Boyları da zehnimdə canlandı – uca, bir az uca, alçaq boylar. O
qiyafələrdən birini seçdim. Ən yaxşı dostumu seçdim. Digər surətlər balacalaşdılar,
bir nöqtəyə çevrildilər və sonra yox oldular.
Ən yaxşı dostumun qiyafəsi beynimi doldurmuşdu, amma onun evi oradan
xeyli uzaqda idi. Çantam da yaman ağırlıq edirdi. Çantamı yola atmaq
istəmirdim, ancaq arzulayırdım ki, kimsə çantamı məndən oğurlasın. İstəyirdim
yoldaşıma deyəm: "Bu çantanı məndən oğurla, xahiş edirəm, oğurla!"
Bu fikir mənə gülməli gəldi,
demədim, yalnız söylədim ki:
– Mən daha
gedirəm, xudahafiz.
Mənə baxdı. Heç nə demədi.
Ondan ayrıldım. Dostumun evinə
getmək istəyirdim. Tanış küçələrdən və dalanlardan keçdim. Yorulmuşdum. Gecənin
qaranlığında zəif işıqlı küçə lampaları utancaqlıqla sayrışırdılar. Mənə elə
gəldi ki, küçə lampaları işıqlarının zəif olduğunu bilirlər və işıqlarının
zəifliyinə görə xəcalət çəkirlər.
Dostumun evinə çatdım, pillələrlə
qalxıb qapını döydüm.
Dostum gəldi… Ayaq səslərini
tanıyırdım. Qapını açdı. Gözləri yuxulu idi. Çantamı bir küncə atdım və dedim:
– Sən
bilirsən şəhərdə nə vəziyyətdir?! Alamlar hər şeylərini satırlar, gülüşlərini,
ağlayışlarını, söz…
Birdən gördüm ki, dostum divara
söykənib matdım-matdım mənə baxır və iki əlini qulaqlarına tutub. Mən yenidən
təkrar etdim:
– Axı
qulaq as, hər şeylərini satırlar…Qulaq as, xahiş edirəm.
Dostumun dodaqları təpnəndi və bu
sözləri eşitdim:
– Nə qədər
varındır?
Əllərimi ciblərimə saldım, əllərim
ciblərimin lap dibinə qədər getdi, mənə elə gəldi ki, əllərim ayaqlarıma çatıb. Ciblərimdə heç nə yox idi. Gözucu cibimin kənarına baxdım. Cibimin astarının
parçası kobud və çirkli idi.
İnanmırmış kimi dostuma baxdım – əlləri qulaqlarında idi və qulaqlarını
bərk-bərk qapamışdı.
Mənə elə gəldi ki, bədənim çox
ağırlaşıb, sanki ayaqlarım bədənimi saxlamaq istəmirdi. Hiss etdim ki, gözlərim
getdikcə böyüyür, sanki gözlərim hədəqəsindən çıxırdı. Mənə elə gəldi ki, o an
qülləyə oxşayıram. Həmən qülləyə ki, matdım-matdım bazara baxır. Dostum
qulaqlarını qapayıb matdım-matdım mənə baxırdı. Üzümü çevirdim, qapıdan çıxdım. Çətinliklə
yeriyirdim. Bu vəziyyətdə öz-özümə dedim: "Bir at… Bir atım olsaydı…".
Bilmirəm niyə addımlarım
yavaşıyırdı. Yol gedə bilmirdim. Dörd yol ayrıcına çatanda hiss etdim ki,
bədənim son dərəcə ağırlaşır və ayaqlarım
güclə sürünür. Buna baxmayaraq bütün vücudumla bir tərəfə dartınırdım -
bazara tərəf. Elə bil bazar gözəgörünməz bir kəndirlə məni özünə tərəf çəkirdi.
Zorla çəkirdi. Bir də gördüm ki, bazarın ortasında dayanmışam, ətrafımda həmən
hay-küy davam edir və mən o yan-bu yana baxıram. Bir kişi heyrətlə ətrafı
süzdü, gəlib qarşımda durdu və məndən soruşdu:
– Şəhərdə
nə olub?
Bilmirəm niyə ona cavab vermədim,
elə bil kimsə dodaqlarımı bir-birinə tikmişdi. Elə bil dilim ağzıma
yapışmışdı. Heç nə demədim. Kişi bir də soruşdu:
– Şəhərdə
nə olub?
Bir də gördüm gözlərim kişinin
cibinə dikilib. Dedim:
– Nə qədər
varındır?
Səsim utancaq idi. Mənə elə gəldi
ki, bu utancaq səs mənimki deyil. Sanki başqa bir kəs içimdən qışqırır. "Nə
qədər varındır? Nə qədər varındır? Nə qədər?” Beynimdə at surətləri
aşağı-yuxarı gedirdilər. Atlar fikirli və sakit halda gözlərini qırpırdılar…