Biz imzaları yox, əsərləri dərc edirik...

Bayraqlaşan aydınımız haqda kitab – Əkbər Qoşalı yazır
615
12 Noyabr 2018, 09:48
 Artkaspi.az şair Əkbər Qoşalının "Bayraqlaşan şəxsiyyət haqqında kitab kimi kitab” adlı məqaləsini təqdim edir:
 
 
 

 
 Dostlar, bu yazı BAYRAQLAŞAN AYDINLARIMIZdan Əlimərdan bəy Topçubaşov haqqında, daha doğrusu, Əlimərdan bəyin (yüz ildən daha öncə) baş redaktoru olduğu "KASPİ”dəki məqalələrindən seçmələrin kitablaşdırılması haqqındadır. 
 Əlimərdan bəy Azərbaycan Cümhuriyyətinin fikir babalarından, qurucu atalarımızdan biridir. Əlimərdan bəyin malik olduğu düşüncəyə, gəldiyi fikirlərə, yazdığı yazılara, atdığı addımlara, o addımların davamlılığı üçün ömür sərf etdiyinə və faktiki olaraq, "əbədi ezamiyyət”ə getdiyinə görə... O, Vətənə gözəl düşüncələrdə, dürüst fikirlərdə, yaxşı yazılarda, geridönməz əzmkar addımlarda qayıtmalıydı! Ömrü ilə örnək olan, bayraqlaşan kişinin ruhu haqqında söz açdığımız kitablarla şad olur; anıldıqca, undulmadıqca, haqqı tanındıqca şad olur. "KASPİ”dən seçmələr” və bənzəri kitablarla Əlimərdan bəy günümüzün vətəndaş cəmiyyəti quruculuğunda, müstəqilliyin möhkəmlənməsində, respublikanın çiçəklənməsində iştirak edir, deyə düşünürəm. Bax, bu məqamın fərqində olan zehniyyətə alqış deməliyik! Özü də, kitabı araya-ərsəyə gətirənlər – nə Vilayət müəllim, nə Sona xanım bu işləri, necə deyərlər, hüquqi vəzifə borcu kimi yox, mənəvi borc olaraq görüblər və məhz belə olmağı daha təsirli, daha gözəldir! Bu kitab, Azərbaycan Prezidentinin Sərəncamı ilə CÜMHURİYYƏT İLİ elan olunmuş 2018-ci ilə, Cümhuriyyətin 100 illik yubileyinə iki aydınımızın timsalında Azərbaycan aydınlarının sanballı töhfələrdəndir.
 Bilirsiniz, neçə ildi leksikonumuza "dərin dövlət” sözü daxil olub; tam da bugünlərdəsə, qardaş Türkiyənin Azərbaycanda da yaxşı tanınan yazarı Səlcuk Düzgünün sosial şəbəkədəki bir paylaşımında "dərin xalq” sözünü oxudum... Mən bu yazının fakturası gərəyi belə yüksək məsuliyyətli sözlər işlətmək istəməzdim, amma xalq ruhunun cəsarəti, milli ruhun təntənəsi, qan yaddaşının ölməzliyi haqqında danışmış olsaq, bu qüsur sayılmaz.
 Zamanında "Kaspi”ni Qafqazdakı ruslar üçün qəzet yaxud burjuaziya nəşri olmaqdan çıxarıb, ilk növbədə milli qəzetə çevirməyi bacaran şəxsiyyətlərimizin hər biri özlüyündə dərin iş görüb, cəsarətli addım atıb, ərdəmlik göstərib. Hacı Zeynalabdin Tağıyev qəzeti şəxsi vəsaiti hesabına (ciddi xərc çəkərək) alıb, onu Əlimərdan bəyə icarəyə verəndə də, Əlimərdan bəy rusdilli qəzet vasitəsi ilə (Anadilli "Əkinçi” qəzeti ermənilərin şikayəti ilə bağlanmışdı...) maarifçilik işi aparmaqla yanaşı Azərbaycan həqiqətlərini yaymaqla, xalqımızın, ölkəmizin müsbət imicini formalaşdırmaqla, həmfikirlər ortamı yaratmaq və xəlqi zənginliyi, milli şüuru inkişaf etdirməklə nə iş görürdüsə, elə bilirəm, o irsə yiyə çıxan çağdaş aydınlarımızın işi də, bax, elə yüksək dəyərə malikdir.
 Xalqımın Əlimərdan bəy kimi şəxsiyyətinin olduğu üçün, onun vaxtı ilə rusca yazdığı məqalələri dilimizə çevirən, kitab tərtib edən, o kitaba giriş, izah və şərhlər yazan Vilayət Quliyev kimi bir elm adamımızın olduğu üçün, "KASPİ nəşrləri” seriyasının rəhbəri və redaktoru Sona Vəliyeva kimi xanım əfəndisi olduğu üçün çox şadam. Başın həmişə uca, övladların sənə yar olsun, əziz xalqım! Bayrağın yüksəklərdən heç enməsin! 
 Professor Vilayət Quliyev yazır: "...Təəssüf ki, indiyə qədər Əlimərdan bəy Topçubaşovun zəngin publisist irsi yetərincə tədqiq edilməyib. əslində isə XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətini düşündürən köklü sualların əksəriyyətinə onun məqalələrində cavab tapmaq mümkündür. Bir çox müasirləri kimi Əlimərdan bəy də cahilliyi və nadanlığı bütün müsəlman cəmiyyətinin, eləcə də Azərbaycan türklərinin ən böyük nöqsanı sayır və bütün digər çatışmazlıqların həmin ana nöqsandan qaynaqlanması fikrini israrla irəli sürürdü. "Kaspi” səhifələrində işıq üzü görən məqalələrinin, az qala, üçdəbir hissəsinin həmvətənləri arasında maarifin yayılmasına, təhsil müəssisələrinin fəaliyyətinə həsr edilməsi də ilk növbədə xalqa maarif vasitəsi ilə nicat yolu göstərmək arzusundan irəli gəlmişdi.
 Birinci rus inqilabı dövründə, inqilabın məğlubiyyətindən sonra, ilk Dövlət dumasına seçkilər zamanı yazdığı məqalələrdə Topçubaşov – publisistin digər qiymətli keyfiyyətləri – siyasi təhlil və proqnoz bacarığı, dərin tarixi və hüquqi birliyi, təbliğatçılıq məharəti, qəsdən dolaşdırılmış məsələlər barəsində asan dillə söz açmaq bacarığı, yüksək polemika mədəniyyəti də üzə çıxmışdı”. – Elə bilirəm, haqqında danışdığımı kitabın mahiyyətini, işin anlamını tərtibçi alimin bu sözləri yetərincə açmaqdadır və oxucu təqdirinə, vətəndaş alqışına layiqdir.
 Dramaturgiya, ədəbiyyat, qəzet(çilik), din, ruhaniyyət, vətəndaş cəmiyyəti, azadlıq, müsəlman dirçəlişi və s. barədə Əlimərdan bəyin qələmindən çıxmış, 1898–1914-cü illər aralığında yazılmış 15 seçmə məqalənin "Cümhuriyyət İli”ndə (Azərbaycanca, rusca olmaqla və ətraflı izah, şərhlərlə) kitablaşdırılması maarifçi düşüncəmiz, ictimai fikrimiz, milli irsə sadiqliyimiz, abidə insanlarımıza, qurucu-babalarımıza sayğımız baxımından çox qiymətlidir.
 
 
 

 Əlbəttə, Əlimərdan bəyi xalqımız sevir, amma bu kitabın meydana çıxması zərurətindən, tərtibçinin yazdıqlarından da göründüyü kimi mütəfəkkir babamızın irsinə düz-əməlli bələd deyilik.
 Ona görə də belə bir mükəmməl kitabın araya-ərsəyə gəlməsi barədə düşünmüş, bu düşüncəni gerçəkləşdirmiş, belə nəfis kitabla çıxış etmiş aydınlarımıza könül dolusu təşəkkür edir, yeni-yeni uğurlar diləyirəm! Oxuculara, özəlliklə gənclərimizə səslənərək, bu kitabı, "KASPİ nəşrləri” seriyasından çıxan digər qiymətli kitabları (istər elektron vasitələrdən, istər kitabxanalardan əldə edərək) oxumalarını təmənna edirəm.
 CÜMHURİYYƏT İLİMİZ QUTLU OLSUN!