Biz imzaları yox, əsərləri dərc edirik...

Balzak və Dostoyevskinin romanlarında şeytan obrazı
2310
22 Yanvar 2020, 13:41
  Artkaspi.az saytı Müslüm Yücelin "Qaranlıq qardaş. Şərq və Qərb ədəbiyyatında Şeytan” kitabından bir hissəni təqdim edir:

  Balzak

  Stefan Zveiqə görə, Balzak "Napoleonun ədəbiyyatdakı qarşılığıdır”; dünyanı fəht eləmək Napoleonun işi idisə, ədəbiyyatı da fəht etmək Balzakın işidir. Onun kitabxanaları dolduran kitablar yazmaq, pul qazanmaq, vaxt keçirmək kimi bir dərdi yoxdur. "Balzakın çatmaq istədiyi yer marşalın yeri deyil, imperatorluq tacıdır”. 
  Zveiq Balzakın obrazlarının özünə bənzədiyini vurğulayır. Hamısında dünyanın sahibi olmaq arzusu vardır və bu arzularını gerçəkləşdirmək üçün yerlərindən, yuvalarından Parisə qədər gəliblər. Ancaq burada bir-birini öldürüb bir uçurumdan digərinə düşərlər. 
  Balzakın dəli, monastrlara sığınan, yalnız, bezgin, pis yola düşən, qorxudan dəhşətə gəlib ölən sevgili, yosma, jigolo, aşina obrazları vardır və qəribə şəkildə üç dinlə mühasirəyə alınmağımıza baxmayaraq hamısını sevirik. Bu obrazların hamısında Balzak vardır və bizlər də bu obrazlardan izlər daşıyırıq. Balzakın qəhrəmanları bizi özümüzlə tək buraxır.
   Bütün bunların yanında içimizdə olan və qorxduğumuzdan çölə atdığımız, bəzən göydə, bəzən yerdə gizlənmiş, bizimlə bərabər yaşadığı qənaətinə gəldiyimiz varlıqlar da Balzakın bizə göstərdiyi xarakterlərin gizli qəhrəmanlarıdır. O obrazlara bəzən ruh, bəzən pəri, bəzən də şeytan adını veririk.
  Balzakın "Lənətlənmiş uşaq” romanında Etiennenin doğduğu gecə okeanda qorxulu bir tufan başlayar. Etienne hesab edir ki, dəniz düşünən, danışan bir varlıqdır və ruhunu təlaşa gətirir. Su pəriləri isə bütün mədəniyyətlərdə vardır və bunlar həmişə gənc qız simasında olur. Bəzən də gözəlliyi su pərilərindən heç də az olmayan qızlar dəniz kənarına gələrlər. Tamarine dənizə tərəf qaçdığı an su pəriləri onu qarşılayarlar. Edəcəkləri birinci iş dalğaya bənzəyən sinələrinə düşən saçlarını açmaqdır. Sahildə ən çox diqqət çəkən saçları olur. Bəzən də çeşmələr qadınların saçları kimi axar, aşiq bu saçları düşündükcə gözəl bir erotizm sızar şeirə. 
  Balzak isə saçları ətirləndirər, insanı çəkər, yarpaqlar suyun saçlarından asılar, bu saçlar işıq dalğalarına bənzəyən dəniz dalğalarıdır. Qadın bədəni saçlarla birlikdə bir dənizi xatırladır beləcə, saçlar dalğaya bənzəyən sinələrinin üzərindən şəlalə kimi dayanmadan axar. Balzak "Serefita” romanında androgen bir obraz ətrafında iki insana sevgidən danışır. Arvadı Madam Hanskaya yazdığı bir məktubda romanı qısaca belə təsvir edir:
 
 

  "Bazar günü heykəltəraş dostumun yanına getdim və orada dünyanın ən gözəl əsərini gördüm. Maria iki mələklə bərabər isanı tuturdu. Həmin an "ən gözəl kitab belə olar” deyə düşündüm. Adı "Serefita” olacaq. Serefita bir bədəndə iki varlıq kimi olacaq. Bu fərqliliyi ilə sonda yenə mələyə çevriləcək və göyüzünə çıxmağa çalışanda qanadlarını qıracaq, daha sonra onu bir kişi və bir qadın sevəcək. Mələk deyir ki, onlar insanı bir-birinə bağlayan sevgini sevdilər, onu tərtəmiz bir mələk surətində görmək bu sevgini yaratdı. Onlar mələyə baxdıqdan sonra bunu anladılar. Mələk onlara sevgini verib, dünyanın çətinliklərindən qaçırdı”. 
  Qadın və kişinin eşqinə dəlalət edən, şahid olan və öyrədən nə qadın, nə də kişidir. Eyni zamanda da hər ikisidir. Mələyin saçları işıq dalğaları saçar və saçların hərəkətiylə üzərinə ay işığı düşən dəniz dalğalarını andıran dalğalı təlatümlərə yol açar. Sahil gedib-gəlmələri, qərarsızlığı dilə gətirir bəzən. Mələk göy üzündən su damlası kimi enmişdir və bu enişlə dalğaları bir-birini sevmişdir. 
  Balzakın bəzi qadın qəhrəmanları da mələk kimidir. "Qorio ata”nın obrazlarından biri Veronika da mələyə bənzəyir, hətta ona "Kiçik Məryəm” deyirlər. Veronika mələyə xas bir təəccüb içindədir, üzü sarı saçlarıyla tamamlanmışdır, rəssamların axtardığı təmiz sima bu üzdədir, o, mələklər kimi təəccüblə baxar. Şux duruş dediyimiz onun əndamındadır. Bi zaman sonra Veronika xəstələnir, xəstəlik ağlına gətirməyəcəyi yerlərinə zərər verir. Bu yerlər gözləri və dişləridir. Xəstəlik bu orqanlarından başlamışdır. Müəllif Veronikanı təqdim edərkən onu hər hansı bir yerə aid olduğundan danışmır. Onun yeri göylərdir, mələklərin qatındadır, o, günah edəndə mələklər belə təəccüblənir. "Sələmçi Gobsek”də qarşılaşdığımız sələmçinin üzü isə tam bu obrazın tam tərsidir. Sələmçinin saçları xəfifcə daranmış, ancaq üz cizgiləri çox sərtdir. Sanki brüncdən bir heykəldir. Gözləri sansar kimi sarıdır və kipriksiz göz qapaqları bizdə "işıqdan qorxur” duyğusunu yaradır. Burnu sivridir və burğuya bənzəyir. Eyni romanda çamaşır tikməklə yaşayışını təmin edən Cenni isə bir inziva mələyidir, gicgahları üzərindən qıvrılan şabalıdı saçları var, mavi gözləriylə kimə baxsa, o kəsin içinə bir istilik gələr.
  Balzakın "Tilsimli dəri” və "Melmot Rekonsield” adlı romanlarında fantastik elementlər diqqət çəkir. "Tilsimli dəri” romanının qəhrəmanlarından biri Rafael de Valentin intihara meyilli biridir. Rafael bir antikvara gedir, antikvar ona tilsimli bir dəri verir. O, dərini verdikdə bir xəbərdarlıq da edir: "Bunda güc və istək bir yerdədir”. Bu baxımdan dəri Ələddinin sehirli lampasına bənzəyir – sahibinə istədiyini verir. Rafael bir gün dostu Rastiqnasla içkili bir partiyə gedir. Rastiqnas Rafaeli intihar istəyindən uzaq tutmağa çalışır. İntihardan yaşamaq hissinin böyüklüyünü anlatmağa çalışır. Partidə Rafaelin istədiyi hər şey olur. Bundan sonra Rafael hər arzusundan sonra dərinin daralıb kiçildiyinin fərqinə varır. Başında bir sevda vardır. Polin adlı qız onu sevir, ancaq Kontes Feodranı unutmaqda çətinlik çəkir. İstəkləri artdıqca dəri kiçilir və nəhayət, Polinə geri dönmək istəyəndə xəstələnib ölür.
  Balzak "Modeste Miqnon” romanında Götenin "Vilhelm Meister” və "Faust” əsərləiylə bir qan bağı qurmağa çalışır. Kastanier fövqəladə gücünü Klaparona köçürür. O da bu şeytani razılaşmanı birjaya hesablayıb əldən ələ keçməsini təmin edir. Romanın əsas məğzi budur, amma başqa nüanslar da vardır.
  Nusingen Bankı Yevgeni de Rastiqnasa aiddir. Bu obraz Balzakın iyirmi romanında var. Rastiqnas hüquq təhsili almaq üçün Parisə gəlmişdir. Burada qaldığı pansionda Vutrin (Caks Kolin) ilə tanış olur. Qorio Atanın qızı Delfinə aşiq olur. Sərvəti haqqında hekayə "Nusingen Bankı” adlı romanda anladılır. Romanda modabazlıq etdiyi illərdən uzun-uzun danışılır. Rastiqnas operada madam Prevertdən aldığı gülün saplağını çiyniyər və bir qadın tapacağına söz verər. Madam d’Eqle – monta pərvanə olur, "Faust valsı”nı oynayar. Axtardığı qadını tapa bilmir. Parni adlı bir şairə özü üçün şeir yazdırır. Nəfilə... Qadınlarla münasibəti gec-tez pisləşər. Evlilik ticarətə bənzəyər – al və ver, o qədər. Hər şeyi ticarətlə eyniləşdirər və sonda bunu dərk edər: "Qanunlar hörümçək toruna bənzəyir. Böyük milçəklər qurtular, kiçiklər ilişib qalar”. Bankın quruluşu qadınlarla başlayar və bu sözlərlə də bitər. Rastiqnas maaliyəçidir, hissə sənədlərini alar, saxtaları ilə dəyişər. Gerçək sənədlərlə binalar alar, gümüş, kömür və kanal biznesində hissələrə sahib olar. Sonra Napoleon əsgərləri necə toplayıb döyüşə aparırsa, o da pulları eləcə yığır. Kraliçanın sevimlisi olur, bəyaz bir ata minər, namusludur!
  Romanda qadınlar və şeytalara istinad edilir. Qadınlar şeytanlara ipucları verir və şeytanlar onlardan öyrəndikləri ilə qurbanlarını tapırlar. Kastanerin şeytanla qarşılaşması qəribədir. Ürək bulandıran və qorxunc bir səslə qışqırır: "Şeytan var!”
  Şeytanı görüb və biz bu görüşdən bunu anlayırıq: "Melmot qurbanını seçmişdir. ən pisi də budur – Melmot dava edə bilmir. Çünki Melmot onun ağlından keçənləri oxuya bilir. Şeytanın ən xoş özünəməxsusluqlarından biri də budur: insanın ağlından keçənləri oxuyur. Kasierin duyğuları iflic olur, gözləri qaralır bu oxumadan sonra. Qurban olmaq və onu kəsəcək bıçağa baxmaq acı verir. Melmotun xüsusiliklərini öyrənirik. O, cəsarəti ərdəmə çevirir və istərsə, günahla sıradan insanları böyük adamlara çevirir. Bu gücü vardır. Tək ərdəmi cəsarətidir. Cəsarət hər kəsi ərdəmə çevirə bilər. Melmot bunu öyrədir. Kastanier onu həmişə görür, ya yanında, ya içində, ya da yüz addım arxasındadır. Günaha təslim olmadan, onun yanında olmaq isə bəlkə də əsas məsələdir.
 

  Dostoyevski

  Dostoyevski internatda oxumuşdur. Qorxu burada qurd kimidir. Onun burada tanıdıqları çox, dostları yox deyiləcək qədər azdır, bütün uşaqlar kimi o da bu yalnızlığın içində özünə bir künc tapır, sığınır. İki şey tapır: kitab və Tanrı. Danışa biləcək biri var – Tanrı, danışdıqlarına şahidlik edən bir nəsnə də vardır – kitablar. İsa Tanrının oğlu kimi qalacaq həmişə.
  Dostoyevski internat məktəbində üç il qalır, bu zaman fasiləsi içərisində ona təsir edən ən böyük hadisə, şübhəsiz ki, anasının ölümü olur. Anasının ölümü ilə Puşkinin ölüm tarixləri bir-birinə yaxındır. Mari 27 fevralda, Puşkin 29 yanvar 1837-ci ildə öldü. 
  Dostoyevskinin bu iki ölüm qarşısında hiss etdikləri onun bioqrafiya yazarları tərəfindən fərqli yozulmaqdadır. Troyat Puşkinin ölümünün ailəni sarsıtdığını və Dostoyevskinin "Öz anasına yas tutmasaydı, Puşkinin yasını tutardı” deyə yazır.
  Ölümlər, acı və şirin bir araya gəldiyi zaman Dostoyevskinin şairdə tapdığı coşqu da az hiss edilməyəcəkdi. Şiller ölümə, Höte intihara bələdçilik edəcəkdi. Dostoyevski Şilleri oxuduqdan sonra elə bil coşmuşdu, "onu əzbərlədim” deyib bağırırdı, "dilimdə Şiller, düşüncəmdə Şiller”. Amma bu qeydi də bildirmək lazımdır: "Şillerin adını eşitmək mənə əzab verir. Onun adını ağzıma alanda narahat oluram”.
  "Karamazov qardaşları”nın Dimitrisi Şillerə bağlıdı. Dimitri Şillerin "Şən” şeirini oxuyub "gözəllik” deyə qışqırır, bu səs Dostoyevskinin səsidir. Şiller "Karamazov qardaşları”nın içindəki bir qorxu, Dimitrinin də romandakı ruhudur. "Gözəllik”dən sonra dediyi ikinci söz –"ürküdücüdür”.  Çünki gözəllik ona görə, ürküdücü olmaqla sərhədlənmir, həm də sirlidir, Şeytan bax burda tanrı ilə savaşır. Burada şeytan simvolu ilə yaxından tanış oluruq. Bax buraa insan bu simvolla dalaşmağa başlayır. Gözəlliyin iki xüsusiyyəti vurğulanmışdır və bu iki xüsusiyyət "Karamazov qardaşları”nda ürküdücü və sirli ifadələri ilə anladılmışdır. Bu yazdıran Şillerdir, "Şən” şeirində Tanrının insanın ruhunu ölümsüz bir sevgiylə suladığını deyir. Amma eyni Tanrı böcəklərə də şəhvət vermişdir. "Bu böcək mənimdir!” deyir Dimitri, ardıncı bu böcəyin hamının qanında dolaşdığını da vurğulayır. Elə bir böcəkdir ki bu, qanda fırtınalar yaradır, hətta fırtınanın özüdür, "şəhvət fırtınadır”.
 
 

  Dostoyevski Şiller və Höte ilə soyuq gecələri isidir, "Faust” ilə yatıb-dururdu. Şillerin şeirləri ona acı çəkdirirdi, çünki şeir itirilmiş məsumiyyəti danışmır, həm də onu axtarır. Çünki şair ölümə yaxın olan adamdır, cənnət və cəhənnəm, yer üzü, göy üzü onun xəritəsidir. O bu xəritənin tarixini şeirlərlə danışır, coğrafiyanın qanunauyğunluqları şeirdə mövzu deyildir, məsələn, Dante o biri dünyaya şairlə gedir, buradakı həyatdan xəbərlər verir. Milton "İtmiş cənnət”i yer üzünə endirir, enişi burada çox aydın sezə bilirik. Höte şeytanla danışır, mələklərlə dostluq edir, Şiller isə acı bir xatirə kimi yaşayır yaddaşımızda. Buna görədir, çox vaxt şeir və din, şair və peyğəmbər, daha irəli getsək, şair və Tanrı bir arada düşünülür, bir kəs kimi düşünülür. Bodeler Tanrının dünyanı yaratdığına inan hər kəsə gülür, çünki bir tanrı varsa və olacaqsa, o dünyanı dilə gətirə bilər, sadəcə danışar yəni. 
  Dostoyevskinin ən önəmli hesab etdiyi şairlərdən biri Şidlovskidir. Verter adını ilk dəfə Dostoyevski dolayı olaraq Şidlovskidən öyrənir. Şidlovski Dostoyevskinin qardaşı Mixailə yazdığı bir məktubda "çay yatağı” deyir, ardınca "Verter”dən söz salır: "Məni hərarətli bir hirslə özünə çəkdi”. Mixail bu məktubdan sonra Dostoyevskiyə yazır: "Möhtəşəm adamdır, çox möhtəşəm...”
  1872-ci ildə ölən Şidlovskidən Dostoyevskiyə miras olaraq Hötenin "Gənc Verterin iztirabları” və "Faust”u qalmışdı. Götenin işarəli, Delakroix tərəfindən işlənən oymalarına görə küklü və uçan, dünyaya zalımlığı yayan şeytanı Dostoyevski fərqli bir biçimdə qarşımıza çıxarır.
 
  Türkiyə türkcəsindən uyğunlaşdırdı: Rəvan Cavid