Biz imzaları yox, əsərləri dərc edirik...

"Bağlayıcı"ya ön söz
1585
25 Dekabr 2017, 11:54
artkaspi.az saytı şair, tərcüməçi Səlim Babullaoğlunun şair Günel Şamilqızının yaxın günlərdə işıq üzü görəcək ilk kitabı – "Bağlayıcı" üçün yazdığı ön sözü təqdim edir. 

 
 
 
 
 Biz poeziyanın yersiz "olduğu” dünyada yaşayırıq. Texnologiyanın adamları hər gün "təəccübləndirdiyi” və adamları hər gün daha çox istehlakçıya çevirdiyi son onilliklərdə bu, xüsusən belədir. "Yaxşı söz demək” və "sözü yaxşı demək” sənəti olan şeir "smaylik”lər və başqa rəmzlərin, işarələrin, "ixtisar” olunmuş – "başıkəsik” feil və sifətlərin mühitində, əlbəttə, daha çox "yersiz” görünür. 
 Sözün və real həyatın sərhəd zolağında hər an ümidsizcəsinə var-gəl edən, bu "yersizliyin” bu Yeri, bu dünyanı dəyişəcəyinə inamı üçün naməlum mənbələrdən təkrar güc alan və sonra yenə də gündəlik "boz mətn axını”nın energetik seli qarşısında acizləşən yorğun biri kimi, Günel Şamilqızının şeir kitabının əlyazmasını vərəqləyirəm. Vərəqlədikcə daha əvvəldən tanıdığım, oxuduğum və bir çox şeirlərini sevdiyim, peşəkar poeziya tərcüməçisi kimi təqdir elədiyim Günel xanımın yaradıcılığını "küll halında” tanımaq və növbəti estetik həzz imkanına görə sevinirəm.
 Poeziya həm də haqq-hesab çəkməkdir. Bozluqla, tavtologiya ilə, ruhsuzluqla.
 Günel Şamilqızı bu işlə məşğuldur. Gündəlik həyat(ımız)la haqq-hesab çəkir. Bu sözün bütün çalarlarıyla...
 Sınanmış üsuldur, deyirlər ki, əgər şeir qiraəti və mütaliəsi zamanı – bu, xüsusən intizamlı şeirlərə aiddir, növbəti qafiyəni o saat bilir və hiss edirsənsə, həmin şeir zəif şeirdir; həmin şeiri yazan adam sözü sevdiyinə görə yox, şeiri sevdiyinə görə şeir yazıb. Günel Şamilqızının əlyazmalarını, sonuncu səhifəni – "Nərdivan” şeirini oxuyub bitirən kimi özümdə fiksə elədiyim ilk əqli nəticə bu oldu ki, mən mütaliə zamanı heç bir qafiyəsini qabaqcadan tuta bilmədiyim fərqli mətnlər oxudum; çağdaş milli poeziyamızda baxış bucağı və intonasiyası tamam fərqli – sonuncu hətta bir qədər soyuq və yad ki, bu da, fikrimcə, şeir üçün, bütövlükdə ədəbiyyat üçün gərəkli bir haldır, olduqca istedadlı bir şairlə üz-üzə qaldım.
 

***
 
 Günel xanımın şeirlərində xüsusi vurğulanası bir neçə məqam var. Əvvəla, fikrimcə, o, yaxşı bilir ki, ədəbiyyat təfərrüat, detal, detal isə ədəbiyyat üçün hər şeydir – əlbəttə, ideyadan sonra. İkincisi, Günel Şamilqızı bəşəriyyətin zərif yarısının həssas təmsilçisi kimi, bizdən fərqli olaraq, əşyaları daha yaxşı tanıyır: həm şair və estet kimi, həm də onların da "qayğısına” qalan qadın kimi. O yazır:
 
 Sən verən güldanların
 gül görməyib ki bətni.
 Güldan olmağa nə var,
 gül olmaqdı çətini.
 
 Bir balaca şeirdə "göndərmələrə” baxın: güldan vizual olaraq qadına oxşayır (1); növbəti – "güldandakı gül – bətndəki uşaq” analogiyası, Günel xanımın öz sözləri ilə desək, elə mətnin bətnindən doğur (2); və bir də "gül olmaqdı çətini” rezümesi – bu, bizə ən bəsit halda "gül kimi uşaq” ifadəsini də xatırladır (3).
 
 

 

***
 
 Çağdaş Azərbaycan şeirində "əşyalar”a müraciət ilk dəfə Rasim Qaraca tərəfindən və böyük ustalıqla edilib. Günel xanım mənim rast gəldiyim ikinci şairdir ki, əşyalar onun da şeirində xüsusi yer tutur: özü də o, sələfindən fərqli olaraq, bunu hər hansı xüsusi konsepsiyaya görə eləmir. Sadəcə insan kimi, yaradıcı fərd kimi, qadın kimi öz poetik bioqrafiyasına sadiqlik göstərir. "Asılqan”, "Günah və güzgü”, "Əlfəcin”, "Quyu”, "Nərdivan” və s. başlıqlı şeirləri o qədər özünəməxsus və dərindir ki. Amma Günel Şamilqızı əşyaları bir özgə cür "dindirir”, onların vizual-məişət-tətbiqat yönlərini yalnız göstərməklə kifayətlənmir, həmin əşyalara və onların tətbiqatına dərin ideyalar, məzmunlar yükləyir. Pafossuz. Ustalıqla. Pıçıltıyla. "Əlfəcin” şeirində olduğu kimi:
 
 Atamdır birinci səhifəm,
 anam üz qabığım.
 Səhifələrim sevdiklərimdi,
 dərdlərim içimdəki hərflər...
 Kənarlarımda ağ boşluqlar,
 ümidlərimə açılan pəncərələrə
 çərçivə kimi.
 2013-cü səhifəmdə
 sənə ünvanlanmış sual var:
  Əlfəcinim olarsan?
 
 Şərhə ehtiyac yoxdur. Hər şey o qədər aydın, duru və gözəldir ki. Nədənsə yadıma böyük və iztirablı Akutaqavanın bir fikri düşür: "İnsan ömrünü bir neçə səhifəsi çatışmayan kitaba bənzətmək olar...” 
 Yalnız həyatını kitablara bağlamış qadın sevdiyinə xeyirli və çoxyozumlu "Əlfəcinim olarsan?” sualını verə bilər.
 Bir gürcü şairəsinin şeirini oxumuşdum vaxtilə. Belə idi: "İstəyirəm bir burnum, / bir çənəm, / bir alnım, / iki yanağım, / səkkiz dodağım olsun, / hamısı da sənin üçün...” Bunu da niyə xatırladığımı bilirsiniz...
 

 
 
 ***
 
 Günel xanım eyni zamanda həm güclü epik nəfəsə və müvafiq texnikaya, həm də lirik-poetik nəqletmə və minimalist ifadə imkanlarına malik şairdir. Əgər birinci dediyim keyfiyyəti "Məlikməmmədə”, "Kafir qızının Beyrəyə dediklərindən” şeirlərində görmək mümkündürsə, sonuncuları onun bir çox şeirlərində sezmək olar. Bu adını çəkdiyim şeirlərin "folklor”, "dastan” mətnləriylə əlaqəyə girməsi və bu mənada intertekstuallığı öz yerində, digər tərəfdən, Günel xanımın həmkarları Kamal Abdulla ( "Bamsı Beyrəyin Sarı donlu Selcan xatunla vidalaşması” ) və Qismətlə ("Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları”) "online rejim”də tematik və poetik mükaliməyə girməsi də ciddi ədəbi məqamdır.
 
 
 ***
 
 Günel xanım şair kimi "öz kütləsi” ilə, nə qədər minimal olsa belə, dəqiq işləyir:
 
 
 Mən burda,
 sizin,
 hə, sizin aranızda
 sevinə bilmirəm.
 Çox vaxt rəsmi şəkildə
 məmnun oluram.
 
 
 "Sentyabr” şeirinə baxaq:
 
 Salam, uşaqlıq dostum!
 Sən hər il gəlirsən deyə
 mən böyüyə bilmirəm.
 
 Yaxud bu adsız, ulduzlu şeirə:
 
 Yalnız sevən bir kişi arzulayır
 "q” hərfi ilə başlayan bu üç sözün
 üçünün də bir adamda sıralanmasını:
 – qız,
 – qadın,
 – qarı.
 
 Və fikrimcə, rasionallıqla hissin sərhədində, sanki aralıq zolaqda Günel Şamilqızının bu keyfiyyəti həm də onun poetik avrosentrizmindən irəli gəlir.
 
***
 
 Günel xanımın şeirləri haqqında çox danışmaq olar. Amma bizim bütün dediklərimiz müəllifdən sitatla bitir deyə mən Günel Şamilqızının haqqındakı fikirlərimi saxlayıb, növbəti səhifələrdən etibarən onun bütün gözəl şeirlərini –kitabını sizin üçün məmnuniyyətlə sitat edirəm, əziz oxucu.
 
Səlim Babullaoğlu
18 dekabr 2017-ci il