Türkiyənin Azərbaycandakı Mədəniyyət müşavirliyinin
dəstəyi ilə Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı başlayır.
Belə ki, festivalın açılışı oktyabrın 11-də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində saat 11:00-da baş tutacaq.
Festivala Azərbaycandan Aydın Nəcəfoğlunun "Yaşanan tarix” filmi təqdim ediləcək. Festivalda iştirak edən
filmlər "9 ölkə, 9 şəhər, bir festival” devizi ilə Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Bosniya
Herseqovina, Şimali Kiprdə sənətsevərləri
bir araya toplayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və
Tanıtım müşaviri olan İrfan Çiftçi Türk Dünyası IV Sənədli Filmlər
Festivalı ilə bağlı fikirlərini bölüşərkən bu festivalın türk dünyasının
kinosevərləri üçün əhəmiyyətini qeyd etdi: "Türk dünyası IV Sənədli Filmlər
festivalı kino sahəsində kifayət qədər həvəsi, marağı olan həvəskar bir qrupun
təşəbbüskarlığı ilə başlayan bir layihədir.
Buna Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, türk dünyasının müxtəlif qurumları, ali məktəbləri dəstək verirlər. Hesab edirəm ki, sözügedən festivalın artıq həvəskarlıqdan çıxaraq daha ciddi və
professional şəkildə nümayiş olunması lazımdır. Layihə böyük türk dünyasının sənədli
film festivalının bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan
Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri
təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır, ancaq həvəskar
şəkildə davam etməsi yaxşı deyil. Bu işin daha da peşəkarlaşması və dünyaya
açılması lazımdır. Sənədli festivalın hər il deyil, iki ildən bir keçirilməsini
məqsədəuyğun hesab edirik. Ancaq layihə təşkilatçılarının belə böyük həvəs göstərdiyini
gördükdə onları sadəcə dəstəkləyir və daha yüksək səviyyədə görməyi
arzulayırıq”.

Türk Dünyası Universitetləri başda olmaqla incəsənət
adamları arasında həyəcan yaradan
festivalın qarşıdakı illərdə "Türk Dünyası Film Festivalı”na çevrilməsi
gözlənilir.
Qeyd edək ki, Oktyabrın 5-də TRT Tepebaşı
Studiyasında açılış mərasimi baş tutan festival silsiləli şəkildə davam edir.

Azərbaycanda isə festivalın layihə tərəfdaşları
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Azərbaycan Mətbuat Şurasıdır.