Biz imzaları yox, əsərləri dərc edirik...

Bakı Yay Caz Günləri başa çatıb
470
18 İyun 2019, 09:22
 Paytaxtımızda keçirilən Baku Summer Jazz Days (Bakı Yay Caz Günləri) bir-birindən maraqlı təqdimatlarla yadda qalıb.
 
 

 AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim olunan konsertlər böyük alqışlarla qarşılanıb.
 Xatırladaq ki, Baku Summer Jazz Days – bir çox dünya caz ulduzlarının iştirakı ilə paytaxtımızda keçirilən konsertlərin və festivalların təşkilatçısı olmuş "Premier LTD Art Management” prodüser agentliyinin daha bir uğurlu layihəsidir. Onun direktoru – musiqişünas və mütəmadi caz tədbirlərinin təşkilatçısı Nəzakət Qasımova festivalın ümumi mahiyyətini belə izah edir: "Caz musiqisi Bakı musiqi auditoriyasının çoxdan sevdiyi janrlardan biri kimi özünü hər zaman doğruldur. Bakıda caz musiqisini təbliğ edən tədbir və festivallar mütəmadi keçirilir. Biz də bu musiqinin təbliğini daha da intensiv inkişaf etdirmək məqsədilə yay fəsli keçiriləcək bu konsertlər silsiləsini gerçəkləşdirdik. Artıq üçüncü ildir ki, festival böyük rəğbətlə qarşılanıb gözəl yaradıcı ab-havada məkan alır. Biz də bunun daha parlaq olmasına çalışırıq”.
 Festivalın növbəti caz gecəsinə Gürcüstanın hazırda ən məşhur etno-caz qruplarından "İRİAO” və Avropada ən gənc və populyar fank-caz ifaçılarından olan Tom İbarranın kvinteti qoşulub.
 "İRİAO” qrupu gürcü musiqi folklorunun Quriya vilayətinə məxsus krimançuli ifa ənənəsinin, gürcü xalq çalğı havalarını, eləcə də müasir etno-cazın rəngarəng aləmini bir üslubda qovuşduran nadir heyətlərdən biridir. Qrupun bədii rəhbəri, pianoçu və bəstəkar David Malazoniya, xalq çalğı alətləri ifaçısı Nuqzar Kavtaradze, bas-gitaraçı Şako Gelekva, zərbçi Levan Abşilava heyətin instrumental hissəsini təşkil edir, vokal ifa isə istedadlı müğənnilər üçlüyünə - Buba Murquliya, Mixail Cavaxişvili və Qaqa Abaşidzeyə həvalə olunur. "İRİAO” özünün "Lazuri”, "Old City” kompozisiyalarını, xalq mahnısı "Suliko”, caz standartı "Take 5” və digər bəstələri müxtəlif səs ahəngləri və improvizəli ifalarla təqdim edib. Vaqif Mustafazadənin "Günəş” adlı kompozisiyası onların gözəl ifa etdiyi lirik kompozisiyanın mövzu əsası olub və Bakı dinləyicilərinə dərin ehtiramını gürcü cazmenləri məhz həzin, milli çoxsəsli ifaları ilə ifadə etdiblər.
 Festivalın proqramında, bir ənənə olaraq, gənc cazmenlər, virtuoz çalğıçılar, vokalçılar da yer alır. Gənc fransız elektrogitaraçısı və bəstəkarı Tom İbarra – LetterOne Rising Stars mükafatı laureatı, iki CD albomunu buraxmış perspektivli ifaçılardandır. Əsasən fank, fanki-füjn, jazz-rock və digər bu qəbildən olan müasir cərəyanlarda çalışan İbarra 2015-ci ildə gerçəkləşdirdiyi "Sparkling” albomundan kompozisiyalar ifa edib.
 Bakı Yay Caz Günləri Festivalı Rusiyanın ən möhtəşəm və məşhur caz heyətlərindən biri - Oleq Lundstrem adına Caz Orkestrin konserti ilə öz işini başa vurub. Bu il öz fəaliyyətinin 85 illiyini qeyd edən bu məşhur heyət Bakı Dənizkənarı Bulvarda böyük bir publika toplayaraq, zəngin ənənəvi və müasir proqramlı caz axşamı təqdim etdi. "Ginnes” rekordlar kitabına ən uzunmüddətli orkestr kimi daxil olmuş bu canlı əfsanəvi heyət bakılı cazsevərlərə də öz möhtəşəm ifası ilə gözəl caz bayramı ovqatı bəxş edib.