Biz imzaları yox, əsərləri dərc edirik...

Bağışlanmaq əzabı
1311
14 Yanvar 2019, 09:44
Artkaspi.az Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina” romanı barədə "Ağlın toxluğundan qəlbin aclığına" adlı yazısının növbəti hissəsini təqdim edir:
 
 
 
 
 
 

 I
 
 Bəzən insan bağışlanmasını təhqir kimi qəbul edir. Belə hesab edir ki, o, xeyirxahlığın bu qədərinə layiq deyildi, cəzalanmalı, haqqını almalı idi. Əks təqdirdə, bağışlanan kəs öz yazıqlığının əzabına daha ağır formada qatlaşır. Anna da oxşar vəziyyətə düşür. O, Aleksey Aleksandroviçin – xəyanət etdiyi ərinin onu bağışlamasını, sevdiyi insana – Vronskiyə əl uzadıb görüşməsini, ölüm anında Annanın onu tək qoymamasını – bu dərəcədə böyük alicənablığı qəbul edə bilmir. Anna əvvəlcə bağışlanmasını ruhi rahatlıq kimi qəbul edir və qismən ruhi dinclik tapır, amma sağalandan sonra o, daha da əzab çəkir, özünü heç cür ələ ala bilmir. Onda Anna yanıldığını anlayır, çünki o, Aleksey Aleksandroviç tərəfindən bağışlanacağı təqdirdə ruhi sakitliyə qovuşacağına ümid bəsləyirdi. Anna özünün qarşısında günahkar olduğu adam onu bağışlayandan sonra Allah qarşısına çıxacağı günü gözləmək istəyirdi, düşünürdü ki, Allahdan öncə qarşısında günahkar olduğu adam onu bağışlamalıdır. Bu Ananın düşündüyü həyat qanunu idi. Fəqət həyatın öz qanunları var, o qanunları bu gün doğru hesab edəndə bir qərar veririk, sabah başqa bir həqiqətə çatanda özgə. Necə deyərlər, hər günün öz hökmü var. Məhz buna görə də Anna fikrini dəyişir, o, sağalandan sonra anlayır ki, alicənablığın bu qədərinə layiq deyildi. Əgər Anna əvvəllər Alekseyin karyeristliyini, qadına biganəliyini, ailədə aşırı dominantlığını özünə qarşı təhqir hesab edirdisə, o bağışlandıqdan sonra onun alicənablığı qarşısında əzildiyini hiss edir. Beləcə, onlar heç cür tən ola bilmirlər. Məhəbbət isə tənlikdən, bərabərlikdən doğan bir şeydir. Tənlik, bərabərlik məhəbbətin uyğunluq nişanıdır. O nişanı, əlaməti özgəsində görəndən sonra onu sevə bilirsən. İnsan sevənə qədər öz xəyallarında tək yaşayır. Biz vurulana qədər qurduğumuz xəyallarda ancaq özümüzü təsəvvür edirik. Deyək ki, harasa getmək, hansısa böyük arzuya çatmaqla bağlı xəyallara dalanda o dünyanın yeganə qəhrəmanı xəyal quran insanın özü olur. Ancaq elə ki insan sevir, həmin andan başlayaraq o qarşı tərəfi də təsəvvür etdiyi dünyaya daxil edir. Məhəbbət həm də xəyalların bölüşülməsidir. Məhz belə olması, məhəbbətin tənliyindən doğan məqam (xəyal dünyasının bölüşülməsi) ayrılıq anını dözülməz edir. Çünki insan sevdiyi adamdan ayrılanda onun iki dünyası dağılır: həm real dünyası, həm xəyali dünyası. Anna isə heç cür Alekseylə tən ola bilmir, ərinin ruhu həmişə (həm onu ruhən əzəndə, həm də bağışlayanda) ona dözülməz gəlir. Ona görə də ərinin nə kobudluğunu, biganəliyini ruhən qəbul edir, nə də xeyirxahlığını, bağışlamasını. Sevmədiyimiz insanların heç nəyi bizə uyğun gəlmir. "Göyçək Fatmanın nağılı”ndakı başmağın ancaq bir qadının ayağına olması da məhz buna işarədir.
 
 
 
 

 II
 
 
 Anna Kareninanın fikrini dəyişməsi, ərinin alicənablığına cavab verə biləcək pak ruha sahib olmamağı bir başqa məqamda açılır. Annanın qardaşı Stepan Arkadiç onun əri Aleksey Aleksandroviçlə söhbət edir. Onlar dağılmaqda olan ailənin gələcək aqibəti ilə bağlı müzakirə aparır, çözüm arayırlar. Aleksey isə artıq özü üçün real vəziyyəti aydınlaşdırıb və bir məktub yazıb. O, məktubu qaynına – Stepan Arkadiçə verir. Həmin məktub Annaya ünvanlanıb: "Mən görürəm ki, sizin yanınızda olmağımdan çox sıxılırsınız. Buna inanmaq mənim üçün nə qədər ağır olsa da, görürəm ki, bu belədir və başqa cür də ola bilməz. Mən sizi günahlandırmıram və Allah şahiddir ki, xəstəliyiniz zamanı sizi gördükcə mən aramızda baş vermiş hər şeyi ürəkdən unutmaq və yeni həyata başlamaq qərarına gəldim. Mən etdiklərimdən peşman deyiləm və heç bir zaman da peşman olmayacam; lakin mən yalnız sizin xoşbəxtliyinizi, sizin könül xoşluğunuzu arzu edirdim, indi görürəm ki, buna nail olmamışam, siz özünüz mənə deyin, həqiqi xoşbəxtlik və ürəyinizin sakitliyi üçün sizə nə lazımdır. Mən özümü tamamilə sizin ixtiyarınıza və sizin ədalət hissinizə təslim edirəm” (XXII).
 Məktubdan da göründüyü kimi, Aleksey alicənablıq edib, ruhən böyüklük göstərib, amma o, çarəsizlik girdabındadır. Çünki o, Annanın məsələyə hansı reaksiyanı verəcəyini bilmir, ümumiyyətlə, ona Annanın nə istədiyi aydın deyil. Məktubu oxuyan Stepan deyir:
 – "Qorxuram ki, o öz vəziyyətini anlaya bilmir. O, hakim deyil. O ruhən əzilib, məhz sənin alicənablığın onu sındırıb. Əgər o bu məktubu oxusa, heç bir şey deməyə gücü çatmayacaq” (XXII). 
Annanı sıxan, ona əzab verən məhz təhqirlərdir: Anna ruhi dincliyini, mənəvi müvazinətini itirib, o bağışlanmayanda ruhən əziyyət çəkir, qınamalar, səbəb axtarmalar, günahlandırmalar onu usandırıb, bağışlanandan sonra isə zavallı, aciz hala düşməsindən sıxılır. Həyat onu elə burulğana atıb ki, o nə günahlandırılmağı ilə, nə də bağışlanması ilə barışa bilir. 
 
 
 III
 
 
 Anna düşdüyü ağır durumdan kamillik yolu keçmir, sadəcə həyat yolu keçir, ona görə də o, təskinlik, toxtaqlıq tapa bilmir. Şübhəsiz ki, onun gəncliyi də ruhi təbəddülatlarının əsas mənbəyidir. Tolstoy bu qadına əzabların ən ağırlarını çəkdirir, ancaq onu "müdrikləşdirmir”. Anna ona görə təbii obrazdır ki, o daim qəlbinin səsini dinləyir. Qəlbi onu sevgiyə, sonra xəyanətə, sonra bağışlanmağa, sonra yenidən sevdiyinə can atmağa sövq edir və Anna hər dəfə seçim qarşısında qalanda ürəyinin səsini dinləyir. Anna səhvlər edir, amma ürəyindən geri qalmır, həmişə ona tən addımlamağa çalışır. Anna səadətini tapmır, amma onun özgə yolu da yox idi. O başa düşürdü ki, insan onsuz da qəlbindən geri qalanda xoşbəxt olmur. Anna əksər reallıqları gözardı edə bilər, ancaq bu qadının qüdrəti qəlbini tanımasındadır. Bəzi rus və alman ədəbi tənqidçiləri hesab edir ki, Anna Karenina süni obrazdır, onun qəlbində məhəbbətdən başqa heç nəyə yer yoxdur, insan isə yalnız məhəbbətdən ibarət ola bilməz. Qeyd edim ki, bu romanı yazmaq Tolstoy üçün çox cansıxıcı idi, gündəliklərində qeyd edir ki, "bezmişəm bu əsərdən”. Çünki əsər yazıldıqca hey uzanır və qəhrəmanların taleyi əsər boyu faciələrlə müşayiət olunurdu. Anna süni obraz deyil, o sadəcə reallıq hissini itirib, öz ruhundan başqa kimsənin tələbatını ödəmək ona sakitlik gətirmir. Ona görə də Annanın ərli qadın, ana və cəmiyyətdəki xanım obrazı süni təsir bağışlayır, əslində isə, belə deyil. Əgər hər insan bir əlamət, adət və prinsipi ilə tanınırsa, Annanın tanınma nişanı onun qəlbidir. O, əri tərəfindən bağışlanandan sonra yenə ərinə nifrət edir. Bu qətiyyən nanəciblik deyil. O sadəcə sevgisizliyini idarə edə, olanları malalaya bilmir. Bir sözlə, qəlbinə qarşı çıxmır. "Mən eşitmişəm ki, qadınlar kişiləri, hətta onların qüsurlarına görə də sevirlər, lakin mən xeyirxahlığına görə ona nifrət edirəm. Mən onunla yaşaya bilmirəm. Sən başa düş, onun görkəmi fiziki olaraq mənə təsir edir, mən özümdən çıxıb əsəbiləşirəm, onunla yaşaya bilmirəm, yaşaya bilmirəm. Bəs, mən nə edim? Mən bədbəxt idim və düşünürdüm ki, bundan artıq bədbəxtlik olmaz, lakin indi hiss etdiyim bu dəhşətli vəziyyəti xəyalıma da gətirə bilməzdim. Sən inana bilməzsən ki, mən onun mərhəmətli, çox gözəl bir insan olduğunu, onun dırnağına belə dəymədiyimi bilə-bilə yenə də ona nifrət edirəm. Mən onun alicənablığına görə ona nifrət edirəm”. 
 Tolstoy göstərir ki, deməli, insan başqasının kamilliyi ilə, xeyirxahlığı ilə, çıxardığı nəticələr ilə dəyişə bilməz, insan ruhunun diktəsi ilə dəyişməlidir. İnsan valideyninin xeyirxahlıqlarını, zəhmətini ona görə unutmur ki, onlar bizim sevdiyimiz adamlardır. İnsan yalnız sevdiyi adam vasitəsi ilə dəyişə bilər. Deməli, qiymətləndirmək bacarığını bizə məhəbbət, sevdiklərimiz qazandırır. Məhəbbət olmayanda xeyirxahlıq edənin yaxşılığı qarşı tərəfə tikan kimi batır. Bu məqamı göstərməklə Tolstoy insan həyatında məhəbbətin vacibliyini göstərir. Məhəbbət insanın hisslərinin gözünü açır, insan sevməyəndə qarşı tərəfin heç bir üstünlüyünü görmür. Anna roman boyu bir neçə yerdə dilə gətirir ki, ərimin yaxşı insan olduğunu bilirəm. O bu həqiqəti bildiyi halda belə yenə ərinə nifrət edir. Deməli, hissin gücü idrakdan, duyğunun gücü özünətəlqindən qüvvətlidir. Anna özünü aldada bilmir, gördüklərinə özünü inandıra bilmir, o ancaq hiss etdiklərinə inanır. 
 
 
 
 
 

 
 IV
 
 
 Vronski də Anna kimi Aleksey Alekseyin onu bağışlamasını qəbul edə bilmir. Çünki insan bağışlananda günahını yenidən dərk edir və bağışlanmış insan həm də öz günahını qəbul etmiş sayılır. Bu isə həm də məğlubiyyətlə barışmaq deməkdir və hər insan bunu özünə sığışdıra bilmir. Ona görə də Aleksey Alekseyivçlə söhbətdən sonra Vronskinin ruhi durumunu müəllif belə təsvir edir: "özünü utandırılmış, alçaldılmış, günahkar və öz xəcalətini yumaq imkanından məhrum kimi hiss edirdi. O özünü bu vaxta qədər məğrur-məğrur addımladığı həyat yolundan çıxmış kimi hiss edirdi. Bu vaxta qədər ona möhkəm görünən həyatının bütün vərdişləri və qaydaları birdən-birə yalan, saxta olmuşdu. Bu vaxta qədər zavallı bir məxluq kimi baxdığı ər öz xoşbəxtliyi üçün təsadüfi və bir az da gülünc maneə hesab etdiyi aldanmış ər birdən-birə Annanın özü tərəfindən çağırılmış və qibtə hissi doğuran bir yüksəkliyə qaldırılmışdı və bu ər həmin yüksəklikdə qəddar, saxta, gülünc bir adam kimi deyil, əksinə, mərhəmətli, sadə və əzəmətli insan kimi qərar tutmuşdu. Vronski bunu hiss etməyə bilməzdi. Rollar birdən-birə dəyişmişdi. Vronskli onun yüksəldiyini, özünün isə alçaldığını, onun haqlı olduğunu, özününsə haqsızlığını hiss edirdi. O, hiss edirdi ki, ər öz fəlakəti içərisində də alicənab, o isə öz yalanında belə alçaq və səviyyəsizdir” (XVIII). 
 Vronski bu bağışlanmanın – təhqirin ruhi böhranını daha ağır formada keçirir. Çünki Anna təkcə Aleksey Alekseyevin qarşısında özünü xəcalətli hiss edirdisə, Vronski həm Annanın, həm də Alekseyin yanında pis vəziyyətə düşür. Çünki Anna Vronskiyə (o belə düşünür) görə zahılıq qızdırmasına düçar olub, ölüm ayağındadır, faciənin astanasındadır, eyni zamanda, Vronski bir ailənin qarşısında günahkardır və həmin ailənin başçısının mərhəmətinə – bağışlamasına  məhkumdur. Beləcə, Vronski həm Annanı saldığı duruma görə, həm də başqa bir kişinin heysiyyətinə toxunduğuna görə günahkardır. O özünü bu cür vəziyyətə saldığına görə özü qarşısında da xəcalətlidir. Ona görə də Vronski Annanı o  vəziyyətdə qoyub, onların evini tərk edəndən sonra özünü təhqir olunmuş, alçaldılmış hiss edir və evə gəlib özünü tapança ilə vurur. Xoşbəxtlikdən sərrast atəş aça bilmir, yaralanır, silah əlindən yerə düşür, ancaq silahı tapa bilmir ki, özünü öldürsün. Beləcə, Annadan daha əvvəl Vronski intihar edir, lakin o, xilas olur. Vronskinin intiharı ilə Annanın intiharı... Biri xilas olur, o biri isə yox. Vronski ona görə xilas ola bilir ki, o, cəmiyyət və Allah qarşısında çıxılmaz günaha yuvarlanmayıb, onun haradasa xilasa və bu yoldan çəkinməyə yeri var. Annanın intiharı isə ölümlə nəticələnir, çünki həyatın Annanı saldığı durum çıxılmazdır. Bu iki intihar rus cəmiyyətində eyni günaha batmış qadın və kişinin fərqli aqibətlərinin təzahürüdür. Vronski özünü ürəyindən vurmaq istəyir, bu məhəbbət yolunda o, ancaq bədəninin bir hissəni qurban verir, Anna isə bütün bədənini ölümün qolları arasına atır. Bu intihar seçimləri də olduqca dərin simvolik mənaya malikdir.
 Bu iki intihara aparan yollar da fərqlidir: Təhqir olunduğunu düşünən Vronski evə gələrkən beynində ancaq bir fikir var: yatmaq, yuxulamaq. Çünki yatsa, reallıqdan xilas olacaq, Vronski bir anı adlamaq istəyir. O intihara yuxu kimi – rahatlıq kimi baxır, Anna intihar edəndə isə özünü özündən məhrum eləmək istəyir. Anna öz yoxluğunu hamının xilası kimi qəbul edir. Qardaşı ilə söhbət zamanı Anna deyir ki "Mən hiss edirəm ki, başıaşağı bir uçuruma yuvarlanıram, lakin mən özümü xilas etməməliyəm və edə bilmərəm də”. Sonra qardaşı söhbəti yumşaltmaq istəsə də, Anna qəlbindəkiləri deyir: "Mən indi heç bir şey, heç bir şey arzulamıram. Yalnız bütün bunların bitməsini istəyirəm”. Bütün bunların bitməsi üçün isə Anna olmamalıdır, o ölməlidir. Anna öz yoxluğuna məsələlərin həlli kimi baxır, o anlayır ki, gəlib dayandığı yerə onu öz ayaqları gətirib. Gəlib çatdığı yer isə ölüm dayanacağıdır. Əsər boyu ürəyinin səsini dinləyən Anna qatar yaxınlaşanda da ürəyinin səsini dinləyir. Annanın ürəyinin səsi qatarın fitini eşidilməz edir.