Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlılar burada özlərini evlərindəki kimi hiss edirlər – Andrey Boqdanoviç Kulçinskinin müsahibəsi
523
03 May 2018, 09:42
  Artkaspi.az Truskavets şəhərinin meri Andrey Boqdanoviç Kulçinskinin müsahibəsini təqdim edir:
 
 
 

 
 Truskavetsə səfərimiz çərçivəsində şəhərin meri Andrey Boqdanoviç Kulçinski bizimlə görüşündə "sağlamlıq şəhəri”nin unikal müalicə ənənələri, digər millətlərin nümayəndələri ilə geniş ünsiyyət təcrübəsi haqda danışdı. Mer yerli kurortları ziyarət edən minlərlə qonaq arasında azərbaycanlıların öncüllük təşkil etdiyini qeyd etdi. 
 
   Azərbaycanlılara xoş münasibət

   Cənab mer, Truskavetsin balneoloji kurort turizmi kimi imkanlarını necə qiymətləndirirsiniz?
  – Truskavets unikal balneoloji kurort şəhəridir. Keçən il biz bu şəhərin kurort şəhəri kimi tanınmasının 190 illiyini qeyd etdik. Məhz 190 il bundan əvvəl burada ilk müalicəvi prosedurlar həyata keçirilib. Truskavetsə hər dövrün tarixi – Avstriya-Macarıstan, Polşa, SSRİ, daha sonra isə müstəqil Ukrayna öz koloritini, hansısa nüansları gətirib. Ancaq bunların hamısı bizim üçün çox dəyərlidir. Biz indi turizmin inkişafını bu tarixi dönəmlər kontekstində hiss edirik. Əgər turistlərin sayı baxımından keçən ili analiz etsək, bu, ilk növbədə bizim üçün çox vacibdir və müharibəyə qədər biz bu hüdudları aşmışıq. 2014-cü ildə Şərqi Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiyadan, Belarusdan və digər MBD ölkələrindən gələn turistlərin sayı kəskin azaldı. Amma azərbaycanlılar bu çətin vəziyyətdə daha etibarlı çıxdılar. Yəni bu nüanslar Azərbaycandan gələn turistlərin axınına təsir etmədi. 

   Hazırda hansı ölkələrdən gələn turistlər üstünlük təşkil edir?
   Faktiki olaraq hazırda Polşa ilk yerdədir. Qonşu ölkədən gələn qonaqların burada özlərini evlərindəki kimi hiss etmələrinə vaxtilə bir imperiyanın tərkibində yaşamağımızın nüansları kömək edir. İkinci Dünya müharibəsinə qədər bu regionun təxminən 30-40 faiz əhalisi (Truskavets, Lvov, Qərbi Ukrayna) polşalılar idi. İkinci yer belaruslu turistlərə məxsusdur. Üçüncü yerdə isə onlardan çox da geri qalmayan azərbaycanlılardır. Azərbaycanlılar həmişə çox gəlir və müxtəlif sanatoriya və otellərdə yerləşirlər. Daha doğrusu, azərbaycanlıların elə bir xarakteri var ki, onlar həmişə eyni oteldə qalmağı xoşlamırlar – hamısının fərqli zövqləri var və onlar müxtəlif sosial təbəqənin insanlarıdırlar. Azərbaycanlıları müxtəlif otellərdə, turistik komplekslərdə, kafelərdə, restoranlarda görmək olar. Biz həmişə onlarla ünsiyyətdən məmnunuq. Mən azərbaycanlılara xüsusi diqqət yetirməyə çalışıram və bu ünsiyyət təcrübəsi mənim üçün dəyərlidir. Daha sonra reytinqdə Moldova, İsrail, Rusiya, Türkmənistan, ABŞ, Almaniya turistləri yer alıb. Keçən ilin statistikasından danışsaq, xarici turistlərin sayı ümumən turistlərin daxilində 30 faiz təşkil edir. 2018-ci ilin əvvəlinin statistikasına nəzər salanda, turistlərin axın tendensiyası yüksəlməkdə davam edir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Bunu otel sahibləri də hiss edir və gələn qonaqlar üçün yeni komplekslər açırlar. 

   Azərbaycanlı iş adamları Truskavetsə investisiya yatırmaqda maraqlıdırlarmı?
  Truskavetsdə azərbaycanlıların kapitalı da yer alıb. Artıq azərbaycanlıların burada ticarət mərkəzi və iki restoranı fəaliyyət göstərir. Yaxın vaxtlarda azərbaycanlıların investisiyası ilə burada daha bir otel açılacaq. Bundan əlavə, Truskavetsin mərkəzində daha bir otelin tikintisi üçün icazə sənədləri verilib. Üstəlik, otel tikən azərbaycanlı investorlar məşhur ukraynalı yazıçı İvan Frankonun abidəsi yerləşən parkın bərpasını həyata keçiriblər. İndi həmin park çox gözəldir. Bizim azərbaycanlılarla yaxşı münasibətimiz var və həmişə onlara kömək etməyə çalışırıq. Tarixən xarici investorlar arasında Azərbaycandan olanlar həmişə çoxluq təşkil ediblər. Əlbəttə, bu bizim üçün çox xoşdur. Burada azərbaycanlılar özlərini evlərindəki kimi hiss edirlər. 

   Siz hər il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda turizm sərgilərində iştirak edirsiniz. Sizcə, bu sərgilər Truskavetsdə turizmin inkişafına təkan verirmi?
  Aprelin 3-4-də biz Bakıda, "Ekspo Mərkəz”də təşkil olunacaq növbəti turizm sərgisində iştirak edəcəyik. Bu mənim Azərbaycana dördüncü səfərim olacaq. Mən iki dəfə sərgidə iştirak etmişəm. Bir dəfə də Ukraynanın Azərbaycandakı səfirinin dəvəti ilə "Alov qüllələri”nin açılışında olmuşam. Orada Truskavetsə 3 "putyovka” qazanmaq üçün yarış keçirildi. Bizim səfirimizin də Azərbaycana xoş münasibəti var və o, aktiv fəaliyyəti ilə seçilir. Mən Bakıda müxtəlif iş adamları ilə görüşəndə, onlar Aleksandr İvanoviç Mişenkodan razılıq edirlər. Bu il aprel ayında Azərbaycanda prezident seçkiləri keçirilir. Ona görə, prezident İlham Əliyevin turizm sərgisinə qatılacağını deyə bilmərəm. Keçən il və 2016-cı ildə prezident İlham Əliyev də sərgidə iştirak etdi və o, Truskavetsin stendinə yaxınlaşdı. Əlbəttə, ölkənin birinci şəxsinin  bizim stendə yaxınlaşması və diqqət yetirməsini ölkələrimiz arasındakı münasibətə verilən dəyər kimi qiymətləndiririk. Bu, mətbuatda da geniş işıqlandırıldı. Bu, bizim üçün çox xoş idi. Biz prezidentin inamını itirməməyə çalışırıq. Truskavets qapılarını həmişə azərbaycanlıların üzünə açır və onları sevir. Qeyd edim ki, keçən il Truskavetsə gələn azərbaycanlıların sayı 6000 təşkil edib. Ümumilikdə isə otel, sanatoriya və pansionatları 215 min insan ziyarət edib. Polşadan gələnlər bu siyahıda 11 min təşkil edib.
 
 
 
 
 

 
   Müslüm Maqomayev festivalı
 
   Siz Bakı ilə aviaəlaqələrin perspektivlərini necə qiymətləndirirsiniz? 
  Keçən ildən bu reyslərin sayı ilboyu artırılıb. Ötən il Azərbaycan hava yollarına Ukraynaya aşağı büdcəli reyslər təşkil etmək təklif olunub. "Buta Airways» artıq Kiyevə uçuşlara başlayıb. Əgər Lvov reyslərinə tələbat olsa, bu uçuşlar da həyata keçiriləcək. Biz artıq Lvov aeroportunun rəhbərliyi ilə yeni xətlərin açılması ilə bağlı müzakirələr aparmışıq və onlar yeni xətlərin olmasında maraqlıdırlar. Biz sözün müsbət mənasında Bakıya gəlməyə, əməkdaşlıq qurmağa və bunu inkişaf etdirməyə məhkumuq. Azərbaycana növbəti səfərimizdə bu məsələlər üzərində işləmək niyyətindəyik. 
Turizmin inkişafı istiqamətində atılan addımlar sırasında yeni otellərin tikintisi də dayanır. «Mirotel», «Lıcova Picnya”, «Qreen-park» otelləri istifadəyə verilib. Noyabrdan fevral-mart aylarına qədər bura nisbətən az adam gəlir. Biz burada müxtəlif festivallar təşkil edirik. Rəqs, idman, musiqi festivalları keçirilir. Oktyabr-noyabr ayında Müslüm Maqomayevın xatirəsinə beynəlxalq festival keçirməyi düşünürük. İki il əvvəl burada Qərbi Ukraynada yeganə olan «Delfinari» açılıb. Bu, insanların, xüsusən uşaqların istirahəti üçün əla imkan yaradır. Həmçinin hələlik 9 km yolu olan dağ-xizək marşrutu istifadəyə verilib. Bu yolu daha da uzatmaq fikrindəyik. Orada beynəlxalq yarışlar keçirilir. Ona görə də kanatın olması çox vacibdir. Bundan əlavə, Ukraynada inzibati islahatlar çərçivəsində yaxşı perspektivlər var. Bu islahatlara əsasən, bir neçə kənddən ibarət ərazi icmaları yaradılır. Bu plana uyğun olaraq, Truskavets şəhərinə 5 kənd birləşəcək və bununla da Truskavets icması yaradılacaq. Bu, bizim üçün çox vacibdir, çünki Truskavetsə böyük ərazi birləşəcək. Bu isə turizm infrastrukturunu inkişaf etdirməyə, yeni ekskursiya marşrutları, tarixi görməli yerlər və qoruqlara baş çəkmək kimi istiqamətləri inkişaf etdirməyə imkan verəcək. 

    Gələn turistləri, o cümlədən azərbaycanlıları Truskavetsə cəlb edən nədir?
    Kurortun 190 illiyi ilə əlaqədar keçirilən mərasimdə qeyd edildi ki, artıq 10 milyondan çox insan bu şəhərə müalicə məqsədi ilə gəlib. İndiyə qədər bura gələn insanların demək olar ki, çoxu sağlam halda qayıdıb. Bizim suyumuz müalicəvidir və biz hər il onu laborator müayinədən keçiririk. Truskavets haqqında 12 doktorluq işi, 25 namizədlik dissertasiyası, müxtəlif xarici jurnallarda 150-dən çox monoqrafiyalar yazılıb. Bizdə daim laboratoriyada suyun keyfiyyətinin monitorinqi aparılır. Buna çoxlu pullar sərf olunur. Başqa kurortların bunu etməsinə o qədər də inanmıram. Bu prosesə 10 milyona yaxın qrivna (600 min manatdan çox – red.) sərf olunur. Müalicəvi su immun sistemini stimullaşdırmağa, insan orqanizmini möhkəmləndirməyə müsbət təsir edir. Sovet dövründə müalicə müddəti 22 gün təyin edilirdisə, hazırda bu 14 gün təşkil edir. Müasir metodlar müalicənin daha intensiv keçməsinə təsir göstərir. İnsanlar əvvəllər yalnız balneoloji müalicə üçün gəlirdilərsə, bu gün bu müalicələrə stomatologiya, SPA, kosmetoloji müayinələr və s. prosedurlar da əlavə olunub. 

  –  Bildiyimiz qədər, Truskavetsdə «Neftçi» komandasının fan-klubu fəaliyyət göstərir. Siz də həmin komandanın fəxri nümayəndəsisiniz. Hazırda «Neftçi» bizim çempionatda 5-ci pillədədir. Belə çıxır ki, fan-klub komandamızı yaxşı dəstəkləmir?
   Sovet dövründə «Neftçi» birinci liqada çıxış edirdi. Burada müxtəlif millətlərin tanınmış oyunçuları oynayırdı. Bu gün də komandanın öz keçmiş uğurlarını, ənənələrini davam etdirməsi çox önəmlidir. Komandanın fəxri  nümayəndəsi kimi, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov klubun köynəyini mənə bağışlayıb. Bu mənə xoşdur. Mən komandaya uğurlar arzulayıram və münasibətlərimizin bundan sonra da davam və inkişaf edəcəyinə inanıram.  
 
  Söhbətləşdi: Təranə Məhərrəmova
  Truskavets