Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı qadınları Londonda vətən naminə birləşdirən xanım – Sevil Aslanova
154
24 İyul 2018, 13:13
 Azərbaycanın xarici ölkələrdə layiqincə tanıdılmasına, adət-ənənəmizin, incəsənətimizin, dilimizin təbliğinə çalışan diaspor fəalları arasında qadınlar da az deyil. Zərif çiyinlərində əslində, böyük yük daşıyırlar. Ancaq "Vətən yükü” olan bu yükü çəkməkdən şərəf və qürur duyurlar. London Azərbaycan Qadınlar Klubunun rəhbəri Sevil Aslanova da belə fəallardandır. Bu yaxınlarda Bakıda olarkən "Kaspi”yə müsahibə verən Sevil Aslanova gələcək planlarından danışıb. 
 
 

 – Sevil xanım, rəhbəri olduğunuz London Azərbaycan Qadınlar Klubunun ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətini necə dəyərləndirirsiniz?
 – Mən diaspora işinə 2004-2005-ci illərdə başlamışam. Onda İngiltərənin Cənubi Yorkşir qraflığında yaşayırdım. Orada azərbaycanlılar da çox idi. Təxminən 200-300 nəfəri birləşdirən ilk rusdilli icmada MDB ölkələrindən gələnlər var idi. Bizim azərbaycanlı qrupda 40-50 adam olduğu üçün ən böyük qrup hesab olunurdu. Məni həmin qrupun icraiyyə komitəsinin üzvü seçdilər və başçı kimi qəbul etdilər. Azərbaycanın təbliği ilə bağlı müəyyən fəaliyyətimiz oldu. Təşkil etdiyimiz tədbirlərdə ətraf şəhərlərdən olan azərbaycanlılar da iştirak edirdi.  Təxminən bir ildən sonra həmin qrup dağıldı. Sonra biz ailə olaraq Şeffild şəhərinə köçdük. Bu şəhərdə türkdilli Azərbaycan-Turan Cəmiyyəti fəaliyyət göstərirdi ki, bu təşkilat da müxtəlif ölkələrdən olan türkdilli insanları birləşdirirdi. Bir müddət də bu cəmiyyətlə birgə işlədim. Biz təşkilat olaraq müxtəlif tarixi günlərlə bağlı tədbirlər keçirirdik. Novruz bayramı, Həmrəylik Günü, Ramazan bayramı, Cümhuriyyət Günü və digər tarixi günləri və hadisələri qeyd edirdik. Həmçinin mədəni müxtəliflik tədbirlərində milli geyimlərlə, suvenirlərlə  Azərbaycanı layiqincə təmsil edir, müxtəlif konfranslarda, marşlarda iştirak edirdik. Cəmiyyətlər öz milli bayramlarında başqa xalqların nümayəndələrini dəvət edirdilər. Bununla da digər cəmiyyətlərə inteqrasiya baş verirdi. 2012-ci ildə Londona köçdüyümüz üçün bu cəmiyyətlə əlaqələrim kəsildi. Ancaq bu, mənim lobbiçilik fəaliyyətimə mane ola bilmədi. Londonda yaşayan azərbaycanlı, türk və s. millətlərin qadınları ilə görüşüb müzakirələr apardım. Bu fəaliyyət London Qadınlar Klubunun təsis olunması ilə nəticələndi. 2014-cü il martın 8-də Azərbaycan Evində London Azərbaycan Qadınlar Klubunun təqdimatını keçirdik. Azərbaycanın İngiltərədəki səfirliyi də müəyyən maliyyə yardımı göstərdi. Əsas məqsədimiz Azərbaycanın təbliğatı, bu ölkədə yaşayan insanların azərbaycançılıq ideyasında uzaqlaşmamağına çalışmaq idi. Yəni ailələrin bir-birlərindən ayrılmamağı, icma kimi yaşamasına dəstək göstərmək idi. Müəyyən səbəblərdən xaricə köçən insanların öz adət-ənənələrini, dillərini, tarixi günlərini və s. unutmamaqları üçün çalışmaq vacib idi. Biz bu istiqamətdə fəaliyyət göstərir, müxtəlif tədbirlər keçirir, ayrı-ayrı xalqların nümayəndələrini də cəlb edirdik. Bu cür tədbirlərin böyük faydası olurdu. Təkcə Londonda və ətraf rayonlarda yaşayan azərbaycanlılar deyil, eləcə də müxtəlif xalqların nümayəndələri tədbirlərə qatılmaqla, ölkəmiz haqqında həqiqətləri öyrənirdilər. Həmçinin onlar bizim mədəniyyətimiz, adət-ənənəmizlə yaxından tanış olurdular. Lakin biz tədbirlərimizi keçirmək üçün yer problemi ilə üzləşdik. Bəzi hallarda görüşlərimizi Azərbaycan Evində, bəzən də müxtəlif restoranlarda təşkil edirdik. Təbii ki, bu tip tədbirlərin davamlı keçirilməsi üçün daimi məkanın olması çox vacibdir. Çünki həyata keçirdiyimiz tədbirlər ölkəmizin tanıdılması, Qarabağ münaqişəsi haqqında başqa millətlərin məlumatlandırılması və s. baxımından böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, İngiltərə müxtəlif millətlərin yaşadığı ölkədir. Biz orada Qarabağ hadisələrinə, Xocalı və 20 Yanvar faciələrinə həsr olunan nümayişlərdə iştirak edirik. Dəfələrlə Londonun inzibati ərazisi olan Vestminster qarşısına yığışmışıq. Hər il bütün ənənəvi bayramlarımızı və tarixi günləri qeyd etməyə çalışırıq. Bu ilin fevral ayında Xocalı faciəsi ilə bağlı hazırladığımız "Ana fəryadı” adlı videoçarx böyük effekt yaratdı. Bir çox tanınmış insan həmin videoçarxda faciə ilə bağlı öz fikirlərini səsləndirdilər. Tədbiri Azərbaycanın İngiltərədəki səfirliyində təşkil etdik. Bu cür tədbirlərin təkcə tarixi günlərdə deyil, mütəmadi keçirilməsi və təşkilati işlərin yüksək səviyyədə olması, Azərbaycanın adət - ənənələrinin təbliği, həmçinin Qarabağ probleminin bütün dünyaya çatdırılması baxımından mühümdür. Bu işlər təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınması çün də önəmlidir.
 

 – Siz, dünya azərbaycanlılarının qurultaylarına da dəvət olunursunuz. Qurultayda diaspora təşkilatlarını birliyə səsləyən çağırışlar öz təsdiqini tapırmı? Yeri gəlmişkən, bu baxımdan İngiltərədə vəziyyət necədir?
 – London Azərbaycan Qadın Klubu olaraq həmişə Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə işləmişik. Dünya Azərbaycanlılarının Qurultaylarına üç dəfə  dəvət alıb iştirak etmişəm. LAQK həmçinin Avropa Azərbaycanlıları Konqresinin Avropa ölkələrində keçirilən qurultaylarına dəvət alır. Bir neçə ay öncə Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Belçikada böyük bir tədbir keçirtdik və millətimizi daha yaxşı tanıtmaq üçün faydalı işlərə imza atdıq. Xarici ölkələrdə yaşayan və ürəyi Azərbaycanla döyünən hər bir soydaşımızın ölkəmizin tanıdılması istiqamətində atdığı addım Azərbaycanın gələcəyinə yalnız fayda gətirə bilər.
Təbii ki, hər bir qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmək baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev IV qurultayda haqlı olaraq diaspora təşkilatları arasında koordinasiya işinin aparılmasının vacibliyini, onların arasında birlik və həmrəyliyin zəruriliyini qeyd etdi, vurğuladı ki, biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və gücümüz də məhz birliyimizdədir. Həqiqətən, biz vahid amal uğrunda, Azərbaycan dövlətinin daha çox tanınması və güclənməsi istiqamətində birləşməliyik. Bakıda keçirilən qurultay əslində, diaspor təşkilatlarının sağlam fəaliyyəti üçün düzgün istiqamət idi. Təəssüf ki, diaspora təşkilatlarının fəaliyyəti haqqında ürəkdolusu danışmaq mümkün deyil. Düzdür, müxtəlif tədbirlər keçirən, ölkənin təbliğatı ilə məşğul olan təşkilatlar var, ancaq onların arasında birlik yoxdur. Təşkilatlanma, xarici ölkələrdə diasporumuzun güclənməsi, lobbimizin formalaşması, strateji cəhətdən çox əhəmiyyətlidir. Bu, dövlətçiliyimizin maraqlarının təbliği istiqamətində atılan addımlardır. Çox istərdim ki, bütün diaspora təşkilatları bu işdə fəalıq göstərsinlər.
 
 
 
 – Artıq dünyanın bır sıra ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları və mədəniyyət mərkəzləri nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərir. Bu kurslar xaricdə yaşayan və azərbaycanlı uşaqların dilimizi unutmamaqlarına kömək edir. İngiltərədə belə kursların fəaliyyətindən danışmaq olarmı?
 – Mən ilk dəfə Cənubi Yorkşir qraflığında diaspora fəaliyyətinə başlayıb Azərbaycan Assosiasiyası yaradanda ana dilinin tədrisi ilə bağlı təklif irəli sürdüm. Özüm də müəllimə olduğum üçün bu, mənə daha əhəmiyyətli görünürdü. Orada rus dili qrupları vardı və tədris olunurdu. Biz 5-10 uşaqla belə kursları yaratmağa nail olduq. Ailələr tədricən Londona köçdülər və 2-3 tələbə ilə kursu davam etdirmək mümkün olmadı. Bu kursların fəaliyyəti dilimizin qorunması və təbliği baxımından çox vacibdir. Hazırda Londonda da belə kurslar yaratmağı düşünürəm, sadəcə, yer problemi var. Azərbaycan Evi bu işlərdə bir qədər aktiv deyil. Diasporumuzun fəal olması da dilimizin qorunmasına böyük kömək edər. Həmvətənlərimizi bir araya toplamaq, təbliğat tədbirlərinin sayını artırmaq, işləri kütləviləşdirmək ən əsas məsələlərdən biri olmalıdır. Birliyimiz və birlikdə fəaliyyətimiz olmasa, dilimiz unudulmaq təhlükəsi ilə qarşılaşacaq. Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsində sədr dəyişikliyi baş verdi. Yeni sədr Fuad Muradov gənc və perspektivlidir. Dəstək gözləyən çoxlu layihələrimiz var.  Komitə ilə təşkilatımız arasında  əlaqələrimizin daha da sıxlaşacağına ümid edirəm. Bu əlaqələr hər şeydən əvvəl, Azərbaycan həqiqətlərinin İngiltərədə daha mütəşəkkil şəkildə tanınmasına, mədəniyyətimizin, dilimizin, azərbaycançılığımızın təbliğinə töhfə verəcək. Mən təşkilat rəhbəri olaraq fəaliyyətimizi bu istiqamətdə davam etdirirəm. Vətəndən uzaqda yaşasam da, bunu, qəlbində vətən sevgisi gəzdirən insan kimi borc deyil, həm də vətəndaşlıq, soydaşlıq mövqeyi hesab edirəm. Biz öz işimizlə Azərbaycanımızın tanıdılmasına daim dəstək göstərməli, fəaliyyətimizi yalnız bu istiqamətdə qurmalıyıq. Bu günlərdə Bakıda olarkən bir sıra işgüzar görüşlər keçirdim. İnanıram ki, bu görüşlərin də gələcək fəaliyyətimizə faydası olacaq.
 
 Söhbətləşdi: Təranə Məhərrəmova