Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazanıblar
462
02 İyul 2020, 15:20
 "Gilavar” Azərbaycan Foto Klubun təşkilati dəstəyi ilə keçirilən növbəti beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
 AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazə ilə keçirilən "Azerbaijan Photo Salon 2020” adlı fotomüsabiqədə ilk dəfə çox sayda ölkə və iştirakçı təmsil olunub. Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Şimali Makedoniyadan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
 
 

 Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və "İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.
 Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma "Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca beşinci beynəlxalq fotomüsabiqədir: "Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 125 mükafata 39 ölkənin 124 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov, Kərim Abbasov, Nurlan Tahirli və Əziz Kərimov qızıl medal, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 6 mükafat əldə olunub”.
 Qeyd edək ki, "Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son üç ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların və qazanılan mükafatların sayı artır.