Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanın xəritəsini canlandıran poeziyaZəlimxan Yaqubun şeirləri haqqında
1028
12 İyul 2017, 17:54

artkaspi.az Qurban Cəbrayılın "Azərbaycanın xəritəsini canlandıran poeziya” məqaləsini təqdim edir:

 

"İlahi, Zəlimxan o qəbrə necə sığacaq..?!” – Azərbaycanın dahi şairi, söz sərrafı, ədəbiyyat adamı Zəlimxan Yaqubun dəfni günü başqa bir ustadımız Musa Yaqubun dilindən qopdu bu yanıqlı kəlmələr. Əlbəttə, ürək dostunun, qələm yoldaşının şəxsiyyət kimi nəhəngliyinə, bitib-tükənməyən həyat eşqinə, dağ çayı timsallı coşub-daşan təbinə... və ən nəhayətdə, ağır itkisi ilə barışmağın çətinliyinə görə belə söylədi, sanki fəryad qopardı, ağı dedi, vaxtsız gələn əcələ qarşı üsyan qaldırdı Musa müəllim. Amma şübhəsiz, özü də çox yaxşı bilirdi ki, o məşum gündə Fəxri Xiyabanda torpağa tapşırılan yalnız mərhumun cismidir - yəni hələ ana bətnindəykən Tanrıdan ayrılan nurun gəlib düşdüyü qəfəsdir, düz 65 il, 11 ay, 17 gün həmin canı daşıyan vasitədir və sair. Şairlik adlanan ilahi verginin isə vücudla deyil, ruhla bağlılığına inanırıqsa; ilham pərisinin qonaq gəldiyi məkanı irreal, qeyri-maddi qəbul ediriksə, deməli, Zəlimxan Yaqub nəinki məzara, heç dünyaya da sığmadı, sadəcə bu darısqallığa, ötəriliyə, cılızlığa vida edərək meraca yüksəldi, əbədiyyətə qovuşdu:   

 


 

Göz görməsə könlüm sevər, qəlbim duyar həyatı,

Mən ruhumla bu torpağın ləzzətiyəm, dadıyam.

Haqqın ruhdan yuxarıda mərtəbəsi yoxdu, yox,

Bədən məndən inciməsin, mən ruhun övladıyam. 

 

Lakin öz əli ilə qələmə aldığı bu və digər oxşar poetik tərcümeyi-halların oxucu yaddaşında təxəyyülün gücü ilə real həyatdan uzaqlaşıb mücərrədliyə qapılmış, tərki-dünyalığı seçərək kimsəsizliyə çəkilən bir dərviş təsəvvürü yaradacağı ehtimalı təbii ki, elə ehtimal kimi də qalır. Yaxud, "çәmәn sağlığına badә qaldırır, şehi şәrab kimi içir çiçәklәr, könlünü şairә, rәssama verib, özünә sevgili seçir çiçәklәr” yazan, gözlərimiz qarşısında saf, bakirə mənzərələr canlandıran şəxs, təbiətin dəlicəsinə vurğunusa da, mövzu nöqteyi-nəzərindən yalnız bu arealla məhdudlaşmır. Eləcə də lirik qəhrəmanı "mən min il əvvəl də gələ bilərdim, min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, səni sevmək üçün gəldim dünyaya” andlı, bəyanlı müəllifi təkcə məhəbbət şairi adlandırmaq yanlışlıq olardı. Əlbəttə, onun çoxşaxəli yaradıcılığında müqəddəsliyə doğru uzanan, ilahi nura qovuşduracaq ağ yolun axtarışına çıxmaq da, tarixən neçə yerə parçalanmış vətənin yaralarına çarə, məlhəm etmək də, ömrünü millətin, xalqın azadlığı, xoşbəxtliyi naminə şam təki əritmiş şəxsiyyətləri qəlbən yaşatmaq da mümkündür; addımbaşı ana təbiətin ecazkar lövhələri ilə qarşılaşa, ülvi, məsum sevgi hisslərinin cazibəsində sehrlənə, el ağsaqqalının müdrik nəsihətlərini dinləyə, yağı düşmənlə cəngə qalxa bilərsən. Bu şerlərdə milyon illərin fədakarlığı - odu insanlara verdiyinə görə dağa zəncirlənmiş Prometey əzabı yaşanır, ulu dədəmiz Qorqud qopuz çalı, söz qoşur, ad qoyur, əsrlər öncə dünyanın yarısını əhatə edən türk oylaqlarından ucalan at kişnərtisi, qılınc cingiltisi eşidilir, kolun dibinə qısılmış boynubükük bənövşənin ətri duyulur, yol kənarındakı kimsəsiz məzarın üzərində göz yaşı axıdılır... Amma hər şey kamil, bütöv, zövqlü, sənətkarcasına baş verir və məhz bu məziyyətlərinə görə Zəlimxan Yaqub poeziyası millidir, bəşəridir, uzunömürlüdür; müəllifin özü isə vaxtdan qat-qat yuxarıda qərar tutduğundan zamanın amansız təsirinə uğramır:   

          

Sözlәrim mirvari dәnәlәritәk

Güllәrin boynuna düzülәcәksә,

Dәrdli misralarım göz yaşı kimi,

Yanaqdan-yanağa süzülәcәksә,

Əlvida demәrәm bu dünyaya mәn.

 

Doğma vətəni və bütün Turan elini qarış-qarış gəzən şairin, zəngin təəssüratlarla yoğrulan poetik imkanlarının köməyindən bəhrələnərək rəngarəng bədii vasitələrlə böyük Azərbaycanın xəritəsini yaratması çox maraqlıdır; özü də təkcə coğrafi yox, həm də siyasi, fiziki, iqtisadi, inzibati və sair xəritəsini. Həmin prosesdə isə digər bilgilərdən və genetik xüsusiyyətlərdən öncə dilin zənginliyi ilə vətən sevgisi köməyinə çatır. Daha dəqiq, ilk növbədə milli təəssübkeşliyi və azərbaycancaya peşəkar vaqifliyi bu istiqamətdə zəhmətin istinad nöqtəsi, istedadın vektoru rolunu oynamaqla, reallıqdakı qüdrətli məmləkətin kağız üzərində də canlandırılmasına öz töhfəsini verir. Bəli, o doğrudan da Səməd Vurğundan və Hüseyn Arifdən sonra poeziyamızda xalq dilinin, folklorun səhih bilicisi, istifadəçisi idi. 

     

İndi sovqat vaxtı, pay vәdәsidi,

Çәmәndәn-çәmәnә hay vәdәsidi.

Ana tәbiәtin toy vәdәsidi,

Gәlinlik paltarı biçir çiçәklәr.

 

Zaman-zaman düşmən fitnəsi - yadellilərin saysız hücumları, "sapı özümüzdən olan baltaların” xəyanətləri nəticəsində bədnam müqavilələr və tikanlı məftillərlə ayrılmış, supergüclərə peşkəş edilmiş Vətən torpaqlarının Zəlimxan sözündə, şerində bütövlüyü, tamlığı, bir tikə də bölünməməsi övlad məhəbbətinin, vətəndaş təəssübünün, gerçək vətənpərvərliyin göstəricisidir. Doğrudur, misralarda yağı tapdağında qalan ərazilər fəryad qoparır, əlimizdən alınan çənnətməkan yerlərin nisgili, qubarı boy göstərir, bir çayın iki sahilində qalan qardaşların qovuşa bilməməsi ürək dağlayır, lakin bütün sadalananlara rəğmən, xalqın vəhdətindən və mübarizə ruhiyyəsindən qaynaqlanan tükənməz nikbinlik, özünəqayıdış "ağır günün ömrünün azlığına”, mövcud çətinliklərin müvəqqətiliyinə, "hər zülmət gecənin bir işıqlı gündüzünün varlığına” inam, toxdaqlıq aşılayır. Müəllif hələlik reallıqda birliyi qeyri-mümkün əraziləri, müxtəlif ölkələrə səpələnmiş soydaşlarımızı öz ürəyində və ədəbi-bədii dünyasında bir araya gətirməyi bacarır. "Könlüm söz eşqinә yaşıl tağ atdı, köküm Borçalıda, özüm Göyçәdә. Sinәmdә bir sönmәz ocaq çatmışam, odum Borçalıda, közüm Göyçәdә” hayqıraraq tarixi torpaqlarına sahib çıxır, uzun dövrlər yabançı siyasət və mədəniyyətlər hər şeyi eroziyaya, assimlyasiyaya uğratsa da, genetik kodları, düşüncəni, təfəkkürü dəyişə bilməyəcəyinə arxayınlıq ifadə edir: 

 

Nә qәlәmi oldu, nә mürәkkәbi,

Yetişdi Əlәsgәr, yarandı Nәbi.

Göylәrә qaldırdı ilhamı, tәbi,

Sazım Borçalıda, sözüm Göyçәdә.

 

Onun hərtərəfli yaradıcılığının əsas qayəsini təşkil edən vətən mövzusu həsrət zümzüməli iki çayın birləşməsindən yaranmış, əbədi hicran nəğməsi oxuyan dalğaların şahə qalxdığı dəryaya bənzəyir. Həmin qollardan biri Kərkükdən, Bayatdan, Urumçidən, Altaylardan, Təbrizdən, Urmiyadan süzülərək, keçdiyi yerlərdə torpaq, yurd, soydaş göynəyi əkə-bitirə-böyüdə uzun sənələrdir yol gəlir. Doğma anasından ayrı düşmüş zavallı cocuq isə sahildə çarəsiz çırpınır, o yan-bu yana qaçır, taqətdən düşüb yeri qucaqlayır və qəriblik təşnəsindən cadar-cadar olmuş dodaqlarından son nida qopur: "Beş yüz ildi Boyat səndə, Nəsim səndə, məndən qopan ruhum səndə, səsim səndə. Gəl qovuşaq, qurbanımı kəsim səndə, bəd xəbərlər yalan olsun, yalan, Kərkük!” Zaman keçir, yel qanadlı illər bu körpəni də ağuşuna alıb böyüdür; sərhəd dirəkləri, tikanlı məftillər sökülür, gediş-gəliş başlayır; nisgillərin isə sonu yoxdur ki, yoxdur; naəlac qalan şairin özünü qarğımaqdan başqa əlindən bir şey gəlmir: "Yenə gözündə yaş, qəlbində kədər, gəlişin hədərmiş, gedişin hədər. Sənin ki dərdin var bir Təbriz qədər, niyə yaşayırsan, öl, ay Zəlimxan!”

Yaxud,

 

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.

Yoxdu daha, nağıldı, itdi, batdı, dağıldı.

 

Ayrılıqlar dənizinə axıb tökülən digər nəhrsə mənbəyini çox da uzaqlardan yox, ötən əsrin əvvəllərindən götürüb – xarici havadarlarına söykənən bədnam qonşularımızın "timsah göz yaşları” sayəsində qədim yurd-yuvalarımız, bərəkətli aran-yaylaqlarımız, əkin-biçin sahələrimiz tədricən əlimizdən çıxır, nankorların, vələdüzinaların ixtiyarına verilir. Qüdrətli əlin himayəsindən və cəzasızlıq mühitindən arxayınlaşan cinayətkarlar daha genişmiqyaslı faciələr – kütləvi qırğınlar, deportasiyalar, genosidlər törədirlər; beləcə, gözlərimiz önündə 20 Yanvar, Xocalı, Kərkicahan, Malıbəyli abidələri ucalır, XXI əsrin ziyalısı da şad-xürrəm dönəmləri üstələyən matəm günlərində qan yaddaşını qurdalayıb ağı deyir: "Xocasan, xocan hanı? Cavansan, qocan hanı? Tüstülü bacan hanı? Layla, Xocalım, layla...” Yaxud, gözü uzaqlara dikilərək, ötən xoşbəxt çağların xəyalına dalır:

 

Tək-tək yox, coşardı hər adam belə,

Közə çevrilərdi qar adam belə.

Xan qızı dinəndə, Xan oxuyanda,

Saraya dönərdi qara dam belə,

Ağdam Qarabağın toy otağıydı...

 

"Dünya insanlar üçün ana timsallıdır, oğulu anasını sevdiyinə görə qınamazlar” - buyurur Həzrət Əli. Zəlimxan da son nəfəsinəcən ayrıla bilmirdi bu həyatdan; gözü yolda, qulağı səsdə, qəlbi intizarda idi. Yaradılışın ötəri şirinliyinə, cazibəsinə, zahiri aldanışına görə yox, - dəfələrlə Məşhədin, Kərbəlanın, Şamın, Mədinənin, Məkkənin ziyarətində olmuş əqidəli bir zəvvar kimi dünyanın ikiliyi fəlsəfəsini çoxdan qəbul eləmişdi – sadəcə, cəmiyyən arzuladığımız o Böyük Günü görməkdən ötrü... Həmişə bütün söhbətlərində də "Şuşada bir doyunca könlümdən gəzmək keçir, o günü gözləyirəm” deyirdi. "Qalxıb Cıdır düzünə gülümü dərmək keçir, o günü gözləyirəm” söyləyirdi:

 

Coşa İsa bulağı, 

Qəlbə süzülə, axa.

Ovcum nur ilə dola,

Gözüm gözünə baxa,

o günü gözləyirəm.

 

Lakin bu, necə deyərlər, elə-belə, "əlini əlinin üstünə qoyub əyləşməklə” (el sözü) ayları, illəri birtəhər, sakit başla yola salmağa xidmət edən "növbətçi intizar” deyil; "kabab üstdən sərin su pis olmaz, deyən kimi” (Əli Kərim) kəsərli iştahaların formalaşdırdığı harın sevgilərə də bənzəmir; "Vətən, vətən... söylə nə veribdir mənə o vətən” (Səməd Vurğun) iddialarından, əvəzi umulan təmənnalı yardımlardan da uzaqdır. Necə ki, şairin ürəyində zərrə qədər də bölünməyən bir məmləkətə - böyük, əzəmətli Azərbaycana, ulu, möhtəşəm Turan elinə ülvi bir eşq, cazibə qüvvəsi yuvalanıb, eləcə də bu xəzinəyə göz dikən yadelliləri hər hansı qütbə bölmədən, çeşidləmədən ümumi düşmənə qarşı nifrət vulkanı püskürməkdədir. Allahın ona bəxş elədiyi Dədə Qorqud missiyası, istedad, natiqlik qabiliyyəti, təəssübkeşlik, nəhayət gur səs vasitəsilə şeirdə, sazda, məclisdə, efirdə, görüşdə - hər yanda hayqırır; həm də ən əvvəl özündən başlamaqla yurdu-yurddaşları, soyu-soydaşları vəhdətə, bəsirətə, azadlığa, qurtuluşa, işğalçılarla mübarizəyə çağırırdı:    

 

Düşmәn bilir bu torpağın altı nәdir, üstü nә,

Onunçün dә od yağdırır gecә-gündüz üstünә.

Qurban olum dumanına, qurban olum tüstünә,

Qılınca dön hәqiqәtim, qalxana dön qeyrәtim,

Dur ayağa, mәmlәkәtim, qalx ayağa, millәtim!

 

Zəlimxan Yaqub poeziyasında Azərbaycana münasibət valideyn-övlad mərhəmliyində bərqərardır – bizi dünyaya gətirən, körpə ikən min-bir əzab-əziyyət, yuxusuz gecələrlə qayğımızı çəkərək böyüdüb boya-başa çatdıran ata-ana qarşısındakı borcu maddiyyatla, daş-qaşla ödəməyin mümkünsüzlüyü kimi, canımızı torpağı, suyu, havası, min-bir nemətləri ilə rişələndirən, ruh çıxıb getdikdən sonra belə, cismimizi ağuşunda saxlayan Vətənin də həyatımızda yeri əvəzsizdir. İndi həmin müqəddəsatın böyük bir hissəsi düşmən əsirliyindədir. Söhrab Tahir yazır ki: "İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha.” Bu xalqın liderləri, ziyalıları, fikir adamları əsrlərlə ayrı düşmüş yurd yerlərini birləşdirmək, Vətəni bütövləşdirmək uğrunda çarpışırkən, hegemon güclərin zorakı planları, siyasət dəllallarının oyunbazlığı nəticəsində cənnət Qarabağ və ona bitişik 7 rayon da əlimizdən alındı; 25 ildir torpaqlarımızın 20 faizinə həsrət qalmışıq. Bir belə faciələr yaşamağımıza baxmayaraq, haqq səsimizi dünyaya çatdırmaqda çətinlik çəkirik; Qarabağ nəvalı Azərbaycan dünya düzənində öz dərdləri ilə baş-başadır, sanki təkdir, tənhadır. Lakin bu kimsəsizliyin poetik yozumu nikbin, müəllif isə ölkəyə təsəlli, ürək-dirək verəcək qədər güclüdür:

 

Addımbaşı ölümlә çarpışan şirim mәnim,

Ölümsüzüm, ölmәzim, әbәdi dirim mәnim,

Gur ocaqlar yandıran ocağım, pirim mәnim,

Yüz minlәrin içindә minim yox, birim mәnim,

Allah özü dә tәkdir, baxma meydanda tәksәn,

Sәn qalib gәlәcәksәn!  

 

Zəlimxan şeiriyyəti həm də klassiklərin, korifey sənətkarların xatirəsinin əziz tutulması baxımından qədirdanlıq nümunəsidir, gözəl örnəkdir. O, ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli, Xətai, Sabir ünvanlı dühalarına münasibətdə yalnız şəxsiyyət və yaradıcılıq prinsiplərinin təhlili ilə kifayətlənmir, dövrün naqislikləri, fərd-cəmiyyət təzadları, şairə mənfi münasibət, söz azadlığının buxovlanması təki qlobal məsələlərə toxunur. Vətən həsrəti bu ithafların da əsas leymotivini təşkil edir; müəllif yerli hakimlərin zülmündən ağır mərəzlərə mübtəla olan, ömrünü zindanlarda keçirən, dara çəkilən, qürbətə mühacirət edib orada da əcəli qarşılayan, külliyyatları itib-batan mütəfəkkirlərin halına yanır, nakam taleləri əsərlərində yaşatmağa çalışır. Doğma Təbrizdə "Kəlbəcər nəfəsli Göyçə diləkli, Naxçıvan qeyrətli, Gəncə ürəkli, Borçalı ətirli, Xəzər havalı, Qarabağ nisgilli, Şuşa davalı Bakıdan gəlmişəm, Şəhriyar babam!” xitabı ilə ustad şairin ruhu önündə təzim edib, parçalanmış vücudun ayrı-ayrı hissələrini xatırlatmaqla ağı deyirsə, Türkiyənin başkəndində cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin memarının qəbri üzərində "yetmiş illik ayrılıq axır ki, çatdı sona, salam, Rəsul övladı, Məhəmməd Əmin kişi!” deyərək, göz yaşı tökür, Məhəmməd Əmin Rəsulzadəni Azərbaycana "dəvət edir”: 

 

Tanrı səni yaratdı, bir də çətin yarada,

Sən qurtuluş istədin, qanlar axdı arada.

Beşiyin Bakıdadır, məzarın Ankarada,

Sənin Vətəndən özgə kimin var, kimin, kişi?

 

O, bütün ictimai-siyasi, fəlsəfi lirikası, yaradıcılığındakı təbiət, vətənpərvərlik, didaktika motivləri, dini-mənəvi şeirlərilə bahəm, həm də başdan-ayağa məhəbbət şairi idi. Aşiqin ürəyindən gələn saf, səmimi hisslər, xarakterinə xas abır-həya, utancaqlıq, məşuqa nəinki minnət qoymaq, tərs baxışını, acı sözünü belə, Allahın lütfü dərəcəsində dəyərləndirməsi, bu poeziyanı geniş oxusu kütlələrinə, xüsusən gənclərə sevdirən məziyyətlərdəndir:

 

Gəl, mənim ömrümün şirin dünyası,

Məhəbbət adlanan pirin dünyası,

Fərhad əfsanəsi, Şirin dünyası,

Qalamı uçurum, qayamı çapım,

Mən sənin qəlbinə necə yol tapım?

 

1950-ci il yanvarın 21-də Gürcüstan Respublikası Bolnisi rayonunun ərazisindəki qədim türk torpaqlarında – Kəpəkçi kəndində bir çağa döydü bu dünyanın qapısını. Dünya sazı-sözü, fikri-düşüncəsi, hörməti-şöhrəti ilə sonradan ona meydan oxuyacaq bu körpəni də hamı kimi qəbul elədi; onun içəri daxil olması üçün qapılarını azca araladı. Zəlimxan böyüdü, təhsil aldı, işə düzəldi, ailə-uşaq sahibi oldu – nəyi vardısa halal istedadı, zəhməti, dişi-dırnağı ilə qazandı. Həyatda çox çətinliklər çəkdi... nəhayət bir gün taleyini tamamilə dəyişdirəcək bir şəxsiyyətlə - ulu öndər Heydər Əliyevlə qarşılaşdı... və ömrüboyu minnətdarlıq duyğuları ilə xatırladığı o İNSAN barədə "Əbədiyyət dastanı” poemasını yazdı.   

 

Yüz ildən sonranı düşünürəm mən,

Min ildən sonranı düşünürəm mən,

Bu qoca dünyada nələr olacaq.

Yenə də beləcə axşam düşəcək,

Yenə də beləcə səhər olacaq – 

 

deyərək, bu ötəri dayanacaqda nəfəsini dərdikdən sonra əbədiyyət səfərinin davamı üçün yır-yığışa başladı, əməllərini topladı, doğmalarını, qohum-əqrabasını, xalqını yavaş-yavaş onsuzluğa öyrətdi, qalxıb dünyanın çıxış qapısına yaxınlaşdı. Əlini dəstəyə atmazdan öncə daxili şükranlığının və Xaliqə təşəkkürünün ifadəsi olan bir qoşma çağırdı: "Zәlimxan, yurdundu bu doğma diyar, burda beşiyin dә, mәzarın da var. Tәbiәt özüdür böyük sәnәtkar, insanı torpaqla qoşalaşdırıb.” Daha sonra "əcəl ömrü zəmi kimi biçsə də, şərbət bilib bir qurtuma içsə də, vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də, gözəl dünya, gözəllərin var olsun!” tostunu söyləyib mələyin gətirdiyi badədəki şərbəti birnəfəsə başına çəkdi. Bir sözlə, "nə gözəldi bu dağların talası, mən getsəm də, könlüm burda qalası, sevsə məni bir zalımın balası, ölüb, elə bu yerlərdə qalardım” vədinə xilaf çıxmayıb, başladığı yolu "günəş doğur, dan çağırır, sən gecikdin, çağırmadın, məni çağıran çağırır, mən getdim, məni gözləmə” vidası ilə yekunlaşdırdı.

Hər bir insan kimi Zəlimxan Yaqubun da arzuları böyük idi, saysız-hesabsız idi. Bu gün onun cismani yoxluğu zamanında yaxınlarını, pərəstişkarlarını da yandıran təbii ki, "məni Şuşada görə, düşmən baxa xar ola, Daşaltının hər daşı yağıya məzar ola, - o günü gözləyirəm” ifadəli niyyətlərinin, murazlarının sağlığında həyata keçməməsidir. Amma yeganə toxtaqlığımız odur ki, çoxlarımızın qulağını səsdə, gözünü qapıda qoyan həmin tarixi zəfər günü inşəallah reallaşacaq, mütləq gələcək.    

"Gələndə, Məhəmməd gəldi cahana, gedəndə Füzuli getdi, dedilər” - mərhum Bəxtiyar Vahabzadə "Şəbi-hicran” poemasının son akkordlarını belə vurub. Yarım əsr bundan əqdəm Kəpənəkçinin bir məhəlləsində onu da sadəcə, Zəlimxan deyə çağırırdılar, 2016-cı ilin yanvarında isə Zəlimxan Yaqub adlı Xalq şairinin, neçə-neçə titullu, Şöhrət ordenli, cild-cild kitablar müəllifinin, ən əsası da yüz minlərlə ədəbiyyatsevərin qəlbində özünə yuva qurmuş İNSANın vəfatı bütün Azərbaycanı, region ölkələrini, türk dünyasını yasa batırdı. Mərhum şairə Allahdan rəhmət diləməklə, yenə də öz misraları ilə ovunmağa çalışaq:   

 

Mən də qarışacam qara torpağa,

Sellər aparacaq, bəlkə, qəbrimi,

Məzarım hardadı, bilinməyəcək.

Bircə təsəllim var, eşqim ürəkdən,

Adım yaddaşlardan silinməyəcək...

 


 

Xəbər lenti