Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanın ilk inklüziv ƏSA Teatrı#evdəbax kampaniyasına başlayıb
423
23 Mart 2020, 09:52
 Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.
 
 Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək: "Dövlətimizin və aidiyyəyi qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyyələrinə dəstək məqsədi ilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarımıza baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də, #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək facebook sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarımıza daxil olan "Adamlar və siçanlar”, "Paris partladı”, "Göy quş”, "Nəsimi: Sirri-ənəlhəq” və "And” tamaşalarını martın 24-dən etibarən nümayiş etdirəcəyik. İnanırıq ki, insanların kütləvi istifadə etdikləri facebook sosial şəbəkəsində ƏSA Teatrının rəsmi səhifəsinə daxil olmaqla, inklüziv teatrın anşlaqla qarşılanan tamaşalarına baxmaq hamı üçün maraqlı olacaq. Evdə qalaraq özünüzü və ətrafınızı qoruya bilər, həmçinin boş vaxtlarınızı səmərəli şəkildə istifadə edə bilərsiniz.”
 
 Baş menecerin bildirdiyinə görə, tamaşaçılar ƏSA Teatrının tamaşa nümayişlərinin təqvim planı ilə teatrın rəsmi facebook  səhifəsində tanış ola bilərlər. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edir.   Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb.  
Xəbər lenti