Biz imzaları yox, əsərləri dərc edirik...

İlk ədəbiyyat tarixçisi – Təranə Məhərrəmova yazır
1561
26 Yanvar 2018, 14:28
 Artkaspi.az Təranə Məhərrəmovanın "Azərbaycanın ilk ədəbiyyat tarixçisi" adlı yazısını təqdim edir:
 
 
 
 
O, uşaqları tərbiyə etməyi xalq qarşısında xidmət hesab edirdi

 "Bütün Azərbaycan ədəbiyyatını təsdiq edən təkcə bir ad varsa, o da Firidun bəy Köçərlidir ki, üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi”ni meydana gətirib”.  Y.V.Çəmənzəminlinin həmkarı haqqında yazdığı bu fikirlər görkəmli ədəbiyyatşünas və maarif xadiminin ədəbiyyat, mədəniyyət və incəsənət tariximizdə tutduğu yeri səciyyələndirir. Təsadüfi deyil ki, Firidun bəy Köçərlinin adı ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçisi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi və böyük vətəndaş kimi tariximizdə əbədiləşib.

 155 illik yubileyi qeyd ediləcək Firidun bəy Köçərlinin, qırx ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı, ədəbiyyatşünaslığın hansı qüvvətli və zəif cəhətlərə malik olduğunu aydınlaşdırmaq üçün qiymətlidir. "Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin ayinəsidir. Hər bir millətin dolanacağını , övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kəmalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar” yazırdı görkəmli ədəbiyyatşünas.
 
Şuşadan başlayan yol
 
 Maarifçi alim 1863-cü il yanvarın 26-da Şuşada doğulub.
 İbtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub. Bu səbəbdən də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmağa çalışıb. Atasının arzularına rəğmən, Firidun bəy Köçərli doğma şəhərdə fəaliyyət göstərən Rus Məktəbinə daxil olub. 
 XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş var idi. Yerli camaatın teatr tamaşalarına meyli artırdı. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Dramaturgiyamızın  banisi M.F.Axundzadənin Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada səhnələşdirilir. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa qoyulur. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak edirlər. 
 O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkir və Gəncə 1879-1885 -ci illər ərzində bu məşhur təhsil ocağında oxumaq nəsib olur. 
 
 

 Firidun bəy seminariyanı bitirəndən sonra bir müddət İrəvan Gimnaziyasında dərs deyir. Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. O, 23 yaşında olarkən İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 
 1885-ci ildə qısa müddətə Firidun bəy İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur. Gimnaziyada çalışdığı illərdə F.Köçərli maarif məsələlərinə dair məqalələr yazır, Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, "Təlimati-sokrat” (1891) adlı fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata ciddi maraq göstərir, bədii tərcümə ilə məşğul olub tərcümələr edir. Bu illərdə Köçərli fəal tənqidçi və ədəbiyyatşünas kimi tanınır. O, zamanın irəli sürdüyü bir sıra ictimai vəzifələrin yerinə yetirilməsi sahəsində mətbuatın böyük əhəmiyyətə malik olduğunu qeyd edir,  "Kavkaz”, "Zakafqaziya”, "Kaspi” qəzetlərində təhsil, təlim-tərbiyə, əlifba və dərsliklər haqqında məqalələr çap etdirir. 1902-ci ildə Köçərli M. Şahtaxtlının yeni əlifba layihəsi haqqında öz tənqidi mülahizələrini qeydə alır. Firidun bəy 1910-cu ildə Qori seminariyasında Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyir. O, bu vəzifədə ömrünün axırına qədər çalışır.
 
 Ədəbiyyata, dilə və uşaqlara məhəbbət

 Görkəmli ədəbiyyatşünas 300-dən artıq dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb, metodika və stilistikasını dəyişdirərək zənginləşdirib. Firudin bəy Köçərli milli ədəbiyyat tarixi ilə bağlı ilk tədqiqatlarına M.F.Axundovla başlayıb. "İlk ədəbiyyat tarixçimizin tədqiqatçılıq fəaliyyətinə XIX əsr Azərbaycan ədəbiyyatından, həmin dövrün ayrı-ayrı ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığından, o cümlədən də M.F.Axundovun irsindən başlaması obyektiv-tarixi faktorlarla, ədəbi-ictimai zəminlə bağlı idi. Köçərlinin ədəbiyyatımızın Füzuli, Vaqif, M.F.Axundov, Zakir, S.Ə.Şirvani kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı onun Azərbaycan ədəbiyyatına çox gözəl bələd olduğunu göstərir”- deyə tədqiqatçılar Köçərlinin irsini araşdıraraq yazırlar: "Vaqif, Vidadi, Nəbati, Zakir və bir sıra başqa Azərbaycan şairlərinin tərcümeyi-hallarına dair ilk geniş məlumat, ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan böyük M.F.Axundov haqqında birinci kitab Köçərli qələminə məxsusdur”. Firidun bəy Köçərli xalqının tarixinə bələd olmaqla, onun həyat tərzinin bədii ədəbiyyatda əksinin hansı səviyyədə aparılmasını öyrənməklə və bunu sistemləşdirməklə özünə məşhur bir tənqidçi adını qazandırmağa nail olur.  "O, yalnız hadisələri, ədəbi əsərləri saymır, "sənət dilindən elm dilinə köçürməyə çalışır”- deyə ədəbiyyatşünas alim Mir Cəlal Paşayev onun haqqında yazırdı. 
 Firidun bəy ədəbiyyatda realist sənət tipinə üstünlük verirdi. "Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. Firidun bəy Köçərli tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tətbiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm də müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir.
 Firidun bəy Köçərli həm də gözəl bir tərcüməçi idi. "Bizim üçün çox əhəmiyyətlidir ki, Lermontovun, Koltsovun, digər görkəmli rus şairlərinin əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş nümunələri arasında Firidun bəy Köçərlinin də qələminə məxsus əsərlər vardır”- deyə akademik Bəkir Nəbiyev yazırdı. 
 Firidun bəy Köçərli maarifçi dünyagörüşünə malik realist yazıçı olduğundan, onun orijinal mövzu seçmək, sosial problemləri qaldırmaq və onları həll etmək yolları haqqında özünəməxsus prinsipləri olub, əsrin görkəmli publisistləri arasında xüsusi mövqeyi vardır. Vətəni müstəmləkə əsarətindən qurtarmaq, xalqın milli müstəqilliyini təmin etmək, milləti oyatmaq, geniş əhali kütləsini istibdad boyunduruğundan, ruhani əsarətindən xilas etmək, cəhalət və nadanlıq girdabından qurtarmaq, əsrin siyasi, iqtisadi və mədəni inkişaf gedişatına qoşmaq və s. onun publisistikasının əsaslarını təşkil edir.
 
 
 
 Köçərli uşaqları tərbiyə etməyi xalq qarşısında xidmət hesab edirdi. Folklor nümunələrini ilk dəfə Azərbaycanın maarif xadimlərindən olan Firidun bəy Köçərli toplayıb, uşaqları nəzərə alaraq 1912-ci ildə "Balalara hədiyyə” adı altında çap etdirib. O, zaman keçdikcə unudulan xalq bayatılarını, nağıllar, tapmacalar atalar sözlərini ən zəngin xəzinə hesab edir. Uşaqların tərbiyəsində folklorun müstəsna xeyri olduğunu göstərir. 
 Firudin bəy ana dilinin inkişafına, bu dildə ədəbi və elmi əsərlərin yayılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan dilinin tarixi və inkişafı haqqında, habelə bədii dil məsələsinə dair bir sıra maraqlı və orijinal fikirlər söyləyən Köçərli yazırdı: "Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”. Firudin bəy əlinə qələm alanlara "Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, – ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan və oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər” deyərək səslənirdi. "Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan da ölüb getməz, amma dilini alsan, ondan bir nişan qalmaz” yazırdı görkəmli ədəbiyyatşünas yazırdı. 
 «Azərbaycan tatarlarının ədəbiyyatı» F.Köçərlinin nəinki Azərbaycandakı, hətta Avropadakı, Rusiyadakı və eləcə də dünyanın çeşidli bölgələrindəki türk ədibləri, yazarları ilə əlaqələrini genişləndirdi. Dünyanın müxtəlif regionlarından onunla əlaqə saxlayan ədəbiyyat həvəskarları, folklor toplayıcıları müəllifə yeni materiallar göndərir və xahiş edirdilər ki, başladığı böyük elmi-fundamental, filoloji araşdırmalarını davam etdirsin.
 Azərbaycan mətbuatı F.Köçərlinin ədəbiyyat tarixi ilə bağlı müxtəlif səpgili məqalələrini dərc edirdi. Dövrün görkəmli ziyalılarından olan Ə.Topçubaşov ilk ədəbiyyat tarixçimizin gördüyü işə yüksək qiymət verir və yazırdı: "...Ədəbiyyatımızın tam icmalını indiki şəraitdə tərtib etmək – son dərəcə çətin vəzifədir və bir adamın işi deyil”.
 
 Güllələnmə qərarı

 Firidun bəy Köçərli 1920-ci ilin mayında Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında həbs edilir. Erməni Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında güllələnmə qərarı çıxarılır. Qərarı fövqəladə komissar Həmid Sultanov təsdiq edir. Görkəmli ədəbiyyatşünas haqqında çıxarılan ittihamda qeyd olunurdu: "Firidun bəy Köçərlinskinin əks-inqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək, zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyil... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqındakı ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əks-inqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin”. 
 Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan Nəriman Nərimanova çatdırılır. O, Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərsə də, artıq gec idi... Firidun bəy Köçərli XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, 58 yaşında güllələnir. Uzun illər bu məsələ gizli saxlanılır və maarif xadiminin bir təsadüf nəticəsində güllələndiyi bildirilir.
 Beləcə, maarifçilik, işıqlı gələcək üçün döyünən bir ürəyi susdurdular. Ancaq görkəmli xadimin millətinə miras qoyduğu  cild-cild əsərlər, mənəvi sərvət yadigar qaldı.