Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
199
19 Sentyabr 2018, 14:10
  Noyabrın 25-də Minsk şəhərində keçiriləcək "Avroviziya-2018" uşaq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı təqdim olunub.
 
 

  AZƏRTAC xəbər verir ki, bununla bağlı sentyabrın 18-də İctimai Televiziya və Radio Yayımları Şirkətində mətbuat konfransı keçirilib.
  Mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və Azərbaycanı "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində təmsil edəcək Fidan Hüseynova iştirak edib.
  Leyla Quliyeva bildirib ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib k, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb.
  O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb.
 
 
 

  Fidanın ifa edəcəyi mahnıya gəlincə isə Leyla Quliyeva qeyd edib ki, təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil: "Yarışmanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır. Yaxın zamanlarda təmsilçimizin ifa edəcəyi mahnı ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
  Fidan isə belə mötəbər yarışda ölkəmizi təmsil edəcəyi üçün çox həyəcanlı olduğunu deyib. Onun əsas hədəfi isə qalib olmaqdır.
  Fidan Hüseynova 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab"ına salınıb və Prezident təqaüdünə layiq görülüb.
  Xatırladaq ki, "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.
Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan "Minsk Arena”da baş tutacaq.