Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanı çox sevirəm – Abdulvali Saybnazarovun müsahibəsi
1624
06 Avqust 2018, 14:17
  Artkaspi.az Özbəkistanın siyasi şərhçisi, publisist Abdulvali Saybnazarovun müsahibəsini təqdim edir: 
 
 

 
  Erməni daşnaklarının tarix boyu törətdikləri qanlı hadisələr, terror aktları və soyqırımlarının sayı-hesabı yoxdur. Bu haqda tarixin qan yaddaşına hopmuş faktlar qalaq-qalaqdır. Ermənilərin Qafqaza köçündən, türklərə qarşı törətdikləri qanlı cinayətlərdən çox kitab yazılıb. Bu günlərdə Özbəkistanın siyasi şərhçisi, publisist Abdulvali Saybnazarovun da XX əsrin ən böyük faciəsi – Xocalı faciəsinə həsr olunmuş "Xocalıda məhv edilmiş insanlıq" kitabı Daşkənddə "İstiqlol nuri" nəşriyyatında işıq üzü görüb. Kitab iki dildə – özbək və rus dilində çap olunub (bir kitabda). Qeyd edim ki, müəllifin buna qədər iki kitabı – "Özbəkistanın bu günü" (2015), "Amerika – qlobal lider" (2016) kitabları da yayımlanıb Xocalı faciəsinə həsr etdiyi kitab haqqında Abdulvali Saybnazarovla redaksiyamızda görüşüb söhbətləşdik.

    –Xocalı soyqırımı barədə kitab yazmaq ideyası sizdə necə yarandı? 

  – Azərbaycanlı yazıçı, publisist Səriyyə Müslümqızının Xocalı faciəsi haqqında "Onlar heç vaxt böyüməyəcəklər" kitabını oxumuşdum. Kitabda belə bir kiçik abzas vardı: "Əgər sən bu kitabı oxusan və ağlamasan, rahatlığını itirməsən, həyətdə dostları ilə oynayan öz körpənə nəzər yetir. Sən onun şaxtalı gecədə qarın üstündə donmağına razı olardın? Uşaqların xəbər-ətərsiz itsə, gülləyə tuş gəlib al qanına boyansa, buna tab gətirə bilərdin?" Mən bu cümlələri göz yaşlarına qərq ola-ola oxudum. Günlərlə özümə gələ bilmədim. Bu ifadələr ruhumu sarsıtmışdı. Çox düşünürdüm, kitabda əksini tapan o dəhşətli gecə ağlımdan çıxmırdı. Ötən il isə Özbəkistanda Heydər Əliyev Mərkəzinin dəvəti və dəstəyi ilə Azərbaycana gəldim. Cəbhə xəttində oldum. Erməni vandalizminin izlərini öz gözlərimlə gördüm. Qaçqın və məcburi köçkünlərlə görüşdüm, Xocalı faciəsinin şahidləri ilə söhbət etdim. Araşdırmalar apardım. Dəhşətə gəldim... Özbəkistana qayıdandan sonra isə bu kitabı yazmaq qərarına gəldim. 
  Təəssüf ki, Özbəkistanda Qarabağ müharibəsi, xüsusilə də, Xocalı faciəsi haqqında informasiya olduqca azdı. Əhali daha çox Rusiya informasiya agentlikləri tərəfindən məlumatlandırılır. Onlar da, bildiyiniz kimi, bəzən özlərinə sərf edən tərzdə xəbər yayırlar. Ona görə də özbək xalqı Qarabağ hadisələrini daha çox rusların təqdim etdiyi kimi bilir. Bu kitabı yazmaqda başlıca məqsədim, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri, tayı-bərabəri olmayan vəhşilikləri, azğınlıqları Özbəkistanın da öyrənməsi, bilməsi idi. 
  Kitab iki dildə – özbək və rus dilində çap etdirdim ki, həm rusdilli əhali, həm də özbəkdilli əhali oxuya bilsin. Bir də rus dilini bilən başqa xalqlar üçün də əlçatan olsun. Yəni kitabı daha geniş oxucu kütləsi üçün nəzərdə tutdum. Həm də, düşünürəm ki, bu kitab tədqiqatçıların da marağına səbəb olacaq. Ermənilərin törətdikləri bu soyqırımı XX əsrin ən qanlı hadisədir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə, insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Xocalı soyqırımı əsrin ən dəhşətli faciələri ilə – Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sıradadır. 

  – Özbəkistanın Kokand şəhərini xatırladım. 1918-ci ildə orda da erməni daşnakları eynən Xocalıda törətdikləri vəhşilikləri ediblər. Həmin hadisənin şahidlərindən birinin təəssüratlarını oxumuşdum: "Kokand bir günün işində ölü şəhərə çevrilmişdi”. Eynən Xocalı kimi. Hər iki faciəni göz önümə gətirirəm. Ermənilər 13 fevral 1918-ci ildə Kokandı, 26 fevral 1992-ci ildə Xocalını yer üzündən silmək niyyətində olublar. 

   Ermənilər XIX-XX əsrlərdə Türküstanda və Fərqanə vadisində çox dəhşətli hadisələr törədiblər. Faktlara əsasən deyə bilərəm ki, Fərqanə vadisində 1918-1919-cu illərdə daşnaklar bütün şəhərləri və 180 kəndi talayıb, yerlə-yeksan ediblər. Kokand şəhərində üç gün ərzində on min, Marqilanda yeddi min, Andijanda altı min, Namanqanda iki min, Bazarkurqan və Kokand arasındakı ərazidə dörd mindən çox dinc əhali qətlə yetirilib. Və bu qətllər işgəncə dolu olub. Erməni daşnakları 1918-ci ildə Kokand şəhərində nəinki özbəkləri qılıncdan keçirib, hətta farsları, yəhudiləri də öldürüblər. Apardığım araşdırmalar zamanı hər iki şəhərin faciəvi taleyində oxşarlıqlar gördüm. Bəli, Xocalıda, eynən Kokandda baş verən hadisələr təkrarlanıb. Bizdə də xəstəxanalar içi dolu insanla birgə yandırılıb, qadınlar, uşaqlar süngüdən keçirilib, kişilər ağlasığmaz işgəncələrlə qətlə yetirilib. Təəssüf ki, Sovet hökuməti dövründə bu tarixi, demək olar ki, gizlədib ört-basdır etmişdilər. Xalq, az qala, bu qanlı hadisəni unutmuşdu. Yəni bu qəsdən, məqsədyönlü şəkildə edilirdi. Və uzun illər bu haqda heç kim kəlmə də danışmırdı. Lakin xalqın yaddaşında erməni vəhşiliyi qalmış, unudulmamışdı. Ötən ildənsə, bu hadisə dövlət səviyyəsində qeyd olunmağa başladı.
 
 
 

  Qeyd etmək istərdim ki, Özbəkistan və Ermənistan arasında bu gün də münasibətlər düzəlməyib. Ermənistan, Özbəkistanın heç bir ciddi dövlətlərarası müqavilə bağlamadığı yeganə ölkədir. Müstəqillik dövründə Daşkənd və İrəvan arasında bir dəfə də olsun dövlət və ya hökumət başçılarının rəsmi səfəri baş tutmayıb.  

  – Özbəkistanın məşhur tədqiqatçısı, tarixçi-alim Şuhrat Barlas da Qarabağ müharibəsi haqqında "Qarabağ – ideyalar müharibəsi" kitabını yazıb. Bilirik ki, o, öz ölkəsində ermənilər tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Ermənilər onu tarixi faktları saxtalaşdırmaqda, millətçilikdə, pantürkizmdə ittiham ediblər. Haqqında əsassız böhtanlar yayıblar. Hətta ailəsini incidib, yaşadığı mənzili daş-qalaq ediblər. Bəs siz necə, bu kitabı çap etdirəndən sonra hər hansı təzyiqlərə məruz qalmadınız ki?

 – Bəli, Şurat Barlası yazdığı kitaba görə, Özbəkistanda ermənilər çox incitdilər. Hətta məsələ bir xeyli böyüdü də. Mənim kitabımsa hələ yenicə işıq üzü görüb. Və mən hal-hazırda yazacağım yeni kitabın araşdırmaları ilə əlaqədar Bakıdayam. Hələ ki, sakitlikdi. Ölkəyə qayıdandan sonra baxarıq necə olacaq. Azərbaycana gəlmədən öncə kitabı təkcə Milli Kitabxanamıza verə bilmişəm. Qayıdandan sonra yəqin ki, bu kitaba təqdimat da keçirərik.

  – Bəs bu kitabın çap olunması sizə nə verdi, yəni ürəyinizdə hansı dinclik, hansı rahatlıq tapa bildinizmi?

 – Özbəkistan və Azərbaycan xalqını milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər hər iki ölkə SSRİ-nin tərkibində qardaş respublikalar kimi olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar dövründə on mindən çox azərbaycanlı özbək torpağında sığınacaq tapdı. Bu gün qırx mindən çox azərbaycanlı Özbəkistanın sosial, ictimai, iqtisadi və s. sahələrində aktiv fəaliyyət göstərir. 1966-cı ildə dağıdıcı zəlzələdən sonra azərbaycanlılar Daşkəndin bərpa olunmasında, yenidən qurulmasında yaxından iştirak edib. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət regional və beynəlxalq məsələlərdə, əsasən, eyni mövqe daşıyırlar. 
  Qeyd etdiyim kimi, bizim soy-kökümüz, genlərimiz birdir. Biz bir ananın övladlarıyıq. Ona görə də, düşünürəm ki, Azərbaycanın ağrısı elə Özbəkistanın ağrısıdır. Mən Xocalı faciəsi haqqında yazmağı, özbək xalqına çatdırmağı özümə mənəvi borc bildim. Və deyim ki, bununla kifayətlənmək fikrim yoxdur. Bu işi davam etdirmək niyyətindəyəm. İndi yenidən Azərbaycana gəlişimin səbəbi də məhz budur. Milli Elmlər Akademiyasında araşdırmalar aparıram. Tarixi Azərbaycan torpaqları – Zəngəzur, Göyçə mahalı, İrəvan xanlığı və onların ermənilər tərəfindən işğal edilməsi haqqında kitab yazmaq istəyirəm. Artıq bir xeyli material toplamışam. Bu haqda da kitab yazmağı özümə borc bilirəm və Allah qismət etsə, növbəti kitabım məhz elə bu mövzuda olacaq. İstəyirəm hamı bilsin ki, indiki Ermənistan torpaqları tarixi Azərbaycan əraziləridir.
 
 
 


  – Yazdıqlarınızdan, danışdıqlarınızdan belə başa düşdüm ki, Azərbaycanı çox sevirsiniz. Bəs bu sevgi, bu maraq hardan yarandı ürəyinizdə?

  – Hesab edirəm ki, bu istəyin yaranmasına səbəbkar mədəniyyətdir. Hələ Sovet dövründə məşhur bir film vardı. Onu Özbəkistanda tez-tez televiziyada göstərirdilər. "Əhməd haradadır?” filmini deyirəm. Mən, bəlkə də, Azərbaycana o filmdən vurulmuşam. Həmişə də arzu edirdim ki, nə vaxtsa Azərbaycana gələ bilim. Sizin xalq mahnılarınızı, rəqslərinizi də çox sevirəm. Çox dərin tarixiniz, mədəni irsiniz, folklorunuz var. Burada insanlar çox istiqanlı, mehribandır. Bundan başqa, milli mətbəxinizi, xüsusilə, düşbərəni, qutabı, çox bəyənirəm. Bəzən saatlarla İçəri Şəhərdə dolaşıram. Sanki başqa bir dünyaya düşürəm. Orda gəzə-gəzə düşünmək xoşuma gəlir. Ümumiyyətlə, Azərbaycanı çox sevirəm.
  Özbəkistan Respublikasında Azərbaycan Respublikası yanında Heydər Əliyev Mərkəzinin direktoru cənab Samir Abbasova təşəkkürümü bildirmək istəyirəm. O, qardaş Azərbaycan və Özbəkistan xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görür, həmçinin Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turistik potensialı ilə bağlı geniş miqyaslı təbliğat işləri aparır. "Xocalıda itirilmiş insanlıq" kitabımın da ərsəyə gəlməsində onun böyük rolu var. Bu cür vətənpərvər insana minnətdar olmamaq mümkünsüzdür.
  
  Söhbətləşdi: Xanım Aydın