"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət
adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Etimad Başkeçiddir. Onun sevdiyi əsər Cek Londonun "Martin İden” romanıdır.

– Cek Londonun "Martin İden” romanı hansı məziyyətlərinə
və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– "Martin İden”i tələbəlik illərində
oxumuşam, o vaxtlar Cek Londonun əlimə keçən bütün əsərlərini oxuyurdum. Cek
London adamda oxuma alışqanlığı yaradan az-az sənətkarlardandır. Onun əsərləri
sanki bir təbiət hadisəsidir; yağış kimi, sərin külək kimi... Bu romanları və
hekayələri oxuyarkən onların hansısa məziyyətləri və keyfiyyətləri barədə
düşünmürsən, sadəcə həzz alırsan, vəssalam. Stilistlərin "baxın, görün mən necə
yazıram” iddiasını bütün sətirlərinə hopdurmuş, bu üzdən də dirənə-dirənə
oxuduğun əsərlərdən fərqli olaraq, Cek Londonun yazıları birnəfəsə oxunur və
yalnız oxuyub bitirdikdən sonra onun nə qədər böyük yazıçı olduğunun fərqinə
varırsan. Bu sənətkarın hansı ideya platformasından çıxış etməsi, hansı uca mətləblərə
söykənməsi ikinci dərəcəli məsələdir mənimçün, burada vacib olan Londonun yazı
manerası və üslubu, yazı texnikasıdır. O, klassik romanlarda olduğu kimi,
süjeti hardasa kəsib uzun-uzadı ricətlər etmir, obrazların xarakteri, zahiri
görünüşü və s. ilə bağlı yamaq tekstlər yazmır, əsərlərini lazımsız fabula
elementləri ilə doldurmur. O, gərgin oyunu idarə eləyən yaxşı hakim kimidir – dəqiqəbaşı
fit çalıb diqqəti özünə çəkmir. Kitab oxunduğu müddətdə onun kimə simpatiya əslədiyini,
hansı obrazın tərəfində olduğunu müəyyənləşdirmək mümkün deyil. "Martin İden”ə
gəlincə, bu roman barədə o qədər bir-birinə zidd şeylər yazılıb ki, adam bilmir
nə fikirləşsin. Ən yaxşısı bu tədqiqat yazılarına çox da əhəmiyyət verməməkdir.
Cek Londonun bir yaradıcı insan kimi özəlliklərindən biri də elə budur – hər kəs
buradan öz qənaətlərini hasil edə bilər. Mənə görə bu roman, bir çoxlarının
düşündüyü kimi, nakam eşq hekayəti deyil. Sosialist ideyasının iflasını göstərmək
və ya Nitsşenin, Spenserin ideyalarını dəstəkləmək aktı da deyil. Bu, xoşbəxtlik
adlı mirajın arxasınca sürüklənən, bütün həyat enerjisini bu yolda tükədən və nəticədə
dibsiz bir boşluğa yuvarlanan talesiz insanın hekayətidir. Burada hər şey son dərəcə
real və inandırıcıdır. Cek Londonun özünün aqibəti də bunu sübut edir.
– Cek London bu əsəri yazandan 10 il sonra
qəhrəmanının aqibəti ilə üzləşir – canına qıyır. Bu romanı bəziləri
avtobioqrafik əsər sayır, bəziləri yox. Siz necə düşünürsünüz? Yazıçının bu cür
ölümü əsərin məşhurluğuna nə dərəcədə təsir edir?
– Romanda kifayət qədər avtobioqrafik
elementlər var, bunu bilməyən yoxdur. Lakin Cek Londonun öz əsərini
populyarlaşdırmaq və ya öz müəllif obrazına hansısa ştrixlər əlavə etmək kimi
bir dərdi yox idi. London bu niyyətlə intihar etmiş olsaydı, çox cılız hərəkət
olardı. Çünki tarixdə, xüsusən də, Avropa ənənəsində əsərinə diqqət çəkmək üçün
özünü öldürmüş adamların nümunəsi var. Sonuncu belə intihar hadisəsi bu
yaxınlarda Parisdə baş verib. Dominik Venner adlı fransız yazıçı "yatan
vicdanları oyatmaq”, insanların diqqətini yazılarına yönəltmək üçün Müqəddəs
Ana kilsəsində özünü güllələyib. Amma, bir qayda olaraq, bu cür aksiyalarla məzmunsuz
şeyləri yaşatmaq, populyarlaşdırmaq mümkün deyil. İstərsə özünü on dəfə öldür.
Odur ki, Cek Londonun özünə qəsd etməsi ilə onun əsərlərinin populyarlığı
arasında heç bir əlaqə yoxdur.
– Bu romanda Heraklitin məşhur fikri öz təsdiqini
tapır: "İnsanın arzusunun çin olması xeyirli əlamət deyil”.
– Əlbəttə, xeyirli əlamət deyil. Çox məşhur
bir ifadə var, deyir ki, tanrı bizi öz arzularımıza çatdırmaqla cəzalandırır.
Biz hələ mifologiyadan və nağıllardan bilirik ki, insan öz arzusunu hər vəchlə
həyata keçirməyə niyyətlənibsə, çox şeylərdən keçməlidir. Yoxsa nə vardı?
Bunlardan ən məşhuru Faustdur, həyat həzlərinə qovuşmaq üçün öz ruhunu şeytana
satan Faust. Rober Kyortsmanın "Arzuları yerinə yetirən” filmi də bu mətləblərdən
danışır. Folklor isə bu cür obrazlarla dolub-daşır. Yəni insan Tanrının ona bəxş
etdiklərindən əlavə şeylərə də sahib olmağa iddialıdırsa, bunun haqqını ödəməlidir.
Ancaq Martin İdenlə bağlı məsələlər o qədər də birmənalı deyil. O, əslində, öz
arzusuna çatmır. Doğrudur, məşhurlaşır, varlanır, amma onun istədiyi bu deyildi
axı. O, bütün istədiklərin əldə etməklə bərabər özü kimi qalmağı, öz təbiətindən
o qədər də uzaqlaşmamağı düşünürdü. Ruhunu şeytana təslim etməyi ağlına belə gətirmirdi.
Amma yuxarıda dediyimiz kimi, bu davanın qaydaları çox sərtdir. Bu yolda o, öz
qohum-qardaşını da itirir, sevgilisindən də olur, apardığı mübarizədən də iyrənir,
axırda özünə söz verir ki, bir daha əlinə qələm almayacaq. Belə olan halda,
Martin İden getdikcə tənhalaşır, insanlarla, həyatla bütün bağları qopur,
bundan o tərəfi isə qaçılmaz ölümdür. Martinin ölümünü hərfi mənada başa düşmək
lazım deyil. Yaddan çıxarmayaq ki, bu bədii əsərdir, buradakı ölümlər simvolik
məna daşıyır. Yəni Cek London Martini öldürməyə də bilərdi, onu canlı meyit
kimi yaşada da bilərdi. Amma onda həmin effekt alınmayacaqdı təbii ki.
– Rus şairi, nasiri, bəstəkarı Aleksandr
Nikolayeviç Karpenko bu əsər barədə yazır: "Martin İdeni məhəbbətə olan sonsuz
inamı məhv etdi. Rufaya olan duyğuları onun canında sanki dini bir xarakter
almışdı. Bu, onun bütün həyatını mənasız etmişdi. Qeyd etmək lazımdır ki, bu
cür hallar həyatda tez-tez baş verir və çox mənasızdır. İnsanlar xəyallarında çəkilmiş
idealın həyatdakı sərt həqiqətlə üst-üstə düşmədiyinə bir gün dəhşətə gələrək əmin
olmaqları üçün bəzən illərlə gözləyib özlərini aldadırlar. Rufun, əslində, heç
bir günahı yox idi. Axı heç kim kimisə onu olduğu kimi görmədiyinə görə
günahlandıra bilməz”. Amma əksərən bu əsər üzərində hermeneftik tənqidlərdə
deyilir ki, yazıçının ölümünə baiskar Ruf idi. Siz də bu qənaətdəsiniz?
– Məncə, Karpenko Rufa lazım olduğundan çox
rol ayırır. Ruf burada qətiyyən həlledici fiqur deyil. Vasitəçi obrazdır. Müəllif
Martin İdeni yuxarıda təsvir etdiyimiz situasiyaya salmalı idisə, bunu Ruf
olmadan da edə bilərdi. Martin İdenin başına gələnlər sadəcə Rufa görə olsaydı,
bu əsərin bədii siqlətini sıfıra endirər və roman adi nakam məhəbbət macərasına
çevrilərdi. Onda biz "Martin İden” yox, "Martin və Ruf” adlanan roman oxumuş
olardıq.
– Bu əsərdə bir yazıçının yazıçı kimi
doğuluşu və məhvi təsvir olunur, amma hardasa bir narsizm elementi də görürük:
özünəvurğunluq özünəməhvə aparır.
– Martin İdeni narsisizmdə günahlandırmaq bəlkə
də düz olmazdı. O, təbiətən xeyirxah birisidir, özünü yuxarıdan aparmır və s.
Bununla belə, məqsəd vasitəyə haqq qazandırır prinsipi ilə davranmağın özündə
narsisizm elementləri var. Mifdəki Narsisin aqibəti isə hər kəsə bəllidir. Özünəvurğunluq,
özündən müştəbehlik kasad ağlın özəlliyidir, bu ağılla salamat qalmaq mümkün
deyil.

– Bu roman dünyada ən çox oxunan əsərlərdən biri olsa da,
heç bir qeyri-adi struktur yeniliyi yoxdur. Necə deyərlər, A-dan Z-yə...
– Cek Londonun ölümündən sonra vaxtilə ona
mədhiyyə oxuyan Amerika akademik ədəbiyyatşünaslığı onu ikinci dərəcəli yazıçı
kimi qələmə verməyə başladı. Bununla bəlkə də onun ədəbi-ictimai şüurdakı
mövqeyini zəiflətmək, müəyyən oxucu dairələrində sosialist nüfuzunu sarsıtmaq
istəyirdilər. Amma zaman keçdikcə Cek Londonun adı bütün zamanların böyük sənətkarı
kimi öz yerini aldı. Əllinci illərdə YUNESKO-nun araşdırmalarına görə Londonun əsərləri
ən çox nəşr olunan və ən çox tərcümə olunan əsərlərin siyahısına başçılıq etməyə
başladı. "Martin İden”də, doğrudan da, qeyri-adi struktur yeniliyi yoxdur. Bu
kitabda, istəsən, kütləvi ədəbiyyat üçün xarakterik elementlər və priyomlar da
tapa bilərsən. Amma bu, romanın möhtəşəmliyinə heç bir xələl gətirmir. Əksinə...
– Romantik, əyləncəli şeirləri sevən Martin
ölümündən az əvvəl Nitsşenin fəlsəfəsini xatırlayır. Nitsşe nihilizmi onu da məhv
edir: "Axı deyin görüm bütün bunların bir mənası varmı?”
– Martin İdeni onun hədsiz fərdiyyətçiliyi
məhv edir. Hardasa fövqəlinsan ideyası prinsipləri ilə hərəkət etməsi, təkbaşına
başqa reallıq yaratmaq istəyi onun bütün əməyini puç edir. Burda nihilizmdən
daha çox, böyük bir məyusluq və peşmançılıq var.
– Etimad müəllim, bu gün bizim ədəbi
reallıqda canına qıymayan İdenlərdən də danışasız bəlkə?
– Bilirsən, istedad Tanrının insana əmanətidir. İstedadı gözlə
görmək mümkün deyil, amma o insanın bədən üzvlərindən biri kimidir. Öz təyinatı
üzrə işləməyən, uzun müddət hərəkətdən qalan əl-ayaq necə incəlir, nazilir,
quruyursa, istedad da o şəkildə yoxa çıxır. Eynən Balzakın şaqren dərisi kimi.
Həyat şərtlərinin bir istedadı söndürməsindən böyük faciə yoxdur yer üzündə.
Ondan da böyük faciə bilə-bilə, öz razılığınla istedadı qeyri-adekvat şeylərə dəyişməkdir.
Azərbaycanda canına qıymayan Martin İdenlər kifayət qədərdir. Bu tənhalaşmış,
tamamilə marginallaşmış, hamıya inamını itirmiş İdenlər gerçək həyatla bütün
ilişkilərini itiriblər, bir kölgə kimi gəzib-dolaşırlar.
Söhbətləşdi: Fərid Hüseyn