Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycanca-özbəkcə,
özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Təqdimatda
Azərbaycanın ziyalılarından Qənirə Paşayeva, İradə Hüseynova, Yunus Oğuz, Şəmil
Sadiq, Ramiz Əsgər, Nizami Muradoğlu, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Elçin
İbrahimov və digərləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla
Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi
elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Bu vaxta qədər
Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunmuş kitablar və konfrnslar haqqında ətraflı
məlumat verib. Akademik əlavə edib ki, iki dildə çap olunan "Azərbaycanca-özbəkcə,
özbəkcə-Azərbaycanca lüğət” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan
Respublikasının EA Ədəbiyyat, Dil və Folklor
İnstitutunun Elmi Şuralarının qərarı ilə nəşr olunub. Bu onun göstəricisidir
ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir.
Tarixi əhəmiyyətli belə bir lüğətin hazırlanmasında əməyi keçən hər kəsə, xüsusən
də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasova və filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya təşəkkürlərini
ifadə edib.

Sonra Azərbaycan Respublikası Prezideti yanında Dövlət Dil
Komissiyasının üzvü, professor İsmayıl Məmmədli "Azərbaycan-özbək lüğətşünaslığı
tarixində mühüm elmi hadisə” adlı məruzə ilə çıxış edib. Ardınca Nəsimi adına
Dilçilik İnstitutunun direktoru akademik
Möhsün Nağısoylu çıxış edərək belə bir təqdimatın keçirilməsinin önəmindən
danışıb. Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya
elmləri doktoru Almaz Ülvi Binnətova da layihənin gerçəkləşməsində yardımçı
olan hər kəsə təşəkkürlərini çatdırıb.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru və layihənin rəhbəri Samir Abbasov çıxış edərək yeni nəşrin
önəmindən və gələcək əlaqələrdən bəhs edib. Mərkəzin direktoru layihənin həyata
keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs
Qarayevə minnətdarlıq edib. Mərkəzin layihəsi olan, ilk dəfə nəşr olunan
23 minə yaxın söz və ifadəni əhatə edən bu lüğətin ərsəyə gəlməsində əməyi keçənlərdən
İsmayıl Məmmədlini, Almaz Ülvini və Şohista Ortiqova Kamranlını fəxri diplomla
təltif edib.
Özbəkistanlı qonaqlar ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif,
şairə Xasiyət Rüstəm və tarixçi-publisist Şuhrat Barlas da çıxışlarında bu cür
lüğətlərin tərtib edilməsinin türk dünyasının birliyinə xidmət etdiyini
vurğulayıblar.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi