Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan şeiri İstanbulda – Səlim Babullaoğlunun müsahibəsi
277
15 Fevral 2019, 17:05
 XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat festivalının bu ilki fəxri qonağı Azərbaycandır. Festival çərçivəsində Azərbaycan şeirinin öndə gələn simalarından Fərid Hüseyn, Aqşin Evrən və Səlim Babullaoğlu şeirlərini səsləndiriblər. Şairlər həmçinin bu gün saat 16.30-da Taksimdəki "İnsan” kitab evində Mehmet Can Doğanın moderatorluğu ilə keçiriləcək "Modern Azərbaycan poeziyasının vəziyyəti” mövzulu panelə qatılacaq. 
 
 
 
 
 

 Azərbaycan ədəbiyyatının önəmli simalarından olan, şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun "Tənha” adlı ilk şeirlər kitabı 1996-cı ildə yayımlanıb. Türk foto-sənətçisi İlyas Göçmenin foto-albomu üçün yazdığı 40 şeirdən ibarət "İlyas Göçmenin şeir dəftəri” kitabı isə 2010 və 2016-cı illərdə çap olunub. 1972 təvəllüdlü şair bu kitabıyla Azərbayan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Qızıl kəlmə” müsabiqəsinin şeir bölməsində "Şans” mükafatına layiq görülüb. Şairin kitabları Türkiyə, Polşa, İran, Ukrayna kimi ölkələrdə çap olunmuş, şeirləri 20 dilə tərcümə edilərək dünyanın bir çox jurnal və qəzetlərində işıq üzü görüb. 
 Şairlə görüşərək şeir barədə söhbətləşdik. Söhbət zamanı aydın oldu ki, şairlərə dəvət festivalın rəhbəri Adnan Özərdən gəlib. S.Babullaoğlu  bu dəvəti məmnuniyyətlə qəbul etdiyini deyərək Adnan Özərə xüsusi təşəkkürünü bildirdi. Həmçinin şair İstanbul şeir və ədəbiyyat festivalının bundan sonrakı illərdə də davam etməsi arzusunda olduğunu qeyd edib. 
 S.Babullaoğlu çağdaş Azərbaycan şeirinin Sovet dövründəki "sərhədlərinin” yaratdığı çətinliklərə rəğmən çox fərqli və özünəxas şəkildə yoluna davam etdiyini qeyd edərək, "fikrimcə, Azərbaycan poeziyası türkcə danışılan ölkələr arasında ən yaxşısıdır” deyə qeyd edib. Müasir dövrümüzdə bu şeirin Türkiyədən başqa ölkələrdə də maraqla qarşılandığını söyləyən S.Babullaoğlu "Bu gün müasir poeziyamızın 25-30 müəllifi dünya səviyyəli şairlərlə eyni sırada yer alır” fikrini səsləndirib.  
 Səlim Babullaoğlu ilə Nazim Hikmət barəsində xüsusilə danışdıq. N.Hikmətin ilk kitabı "Günəşi içənlərin türküsü”nün Azərbaycanda nəşr olunduğunu vurğulayan şair onun türk şeirinin nəhənglərindən olduğunu qeyd edib. "Nazim Hikmət hər gün, hər saat türkcə şeir oxuyan insanlara təsir edir” söyləyən Babullaoğlu bunun önəmli olduğunu qeyd edir. Şair XX əsrin Azərbaycan poeziyasından danışarkən isə Rəsul Rza, Mikayıl Müşfiq, Mikayıl Rəfili, sonrakı dönəmdə isə Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Vaqif Bayatlının adlarını çəkir.
 
 İki şairdən antologiya
 Qəzetimizin əməkdaşı şair Ataol Bəhramoğluyla tanışlıqlarının 20 il əvvəl başladığını qeyd edən S.Babullaoğlu "Ataol Bəhramoğlu Azərbaycanda ən çox tanınan usta türk şairlərdəndir” deyərək sözə başlayır. Şeir tərcüməsi barədə təşkil edilən, bir çox şairlərin də qatıldığı bir beynəlxalq konfransda tanış olduqlarını qeyd edən, şairdən  aldığı müsahibəni "Ədəbi söhbətlər” kitabına daxil edən Səlim Babullaoğlunun Ataol Bəhramoğlu ilə "Müasir Azərbaycan poeziyası antologiyası” layihəsi var. Babullaoğlu kitabın əhəmiyyətini belə izah edir: "İki ölkənin dil və tarixi yaxınlığına baxmayaraq ədəbiyyatlarımıza yaxşı bələd deyilik. Buna görə də Ataol bəylə birlikdə çağdaş şeirin 30 və ya 50 şairinin antologiyasını tərtib edəcəyik. Belə önəmli təklif üçün Ataol Bəhramoğluya təşəkkür edirəm”. 

 cumhuriyet.com.tr