Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan ədəbiyyatı tarixi” çapdan çıxıb
335
06 Dekabr 2018, 15:25
"Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb 

  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik "Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulmuş oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək.
 
 


  İnstitutdan AZƏRTAC-a bildirilib ki, artıq "Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb. Nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan "Şifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.

  Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran "Azərbaycan folkloru” oçerkindən başlayaraq, onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib. Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi kimlik amilini, mənəvi-mədəni sərvətimizin mahiyyətini önə çəkən kitabda mifologiya (Arif Acaloğlu), arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri (Bəhlul Abdulla), qədim türk eposu (Nizami Cəfərov, Kamil Vəliyev), oğuznamələr (Əfzələddin Əsgər), "Kitabi-Dədə Qorqud” (Tofiq Hacıyev), xalq gülüşü, qaravəllilər (Muxtar İmanov), dastanlar (Məmməd Hüseyn Təhmasib, Məhərrəm Qasımlı), bayatılar, qam-şaman kompleksi, ozan-qopuz ənənəsi, aşıq sənəti, aşıq mühitləri (Məhərrəm Qasımlı), "Koroğlu” eposu (Nizami Cəfərov, Məmməd Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib Fərzəliyev, Muxtar İmanov), nağıllar, atalar sözü və məsəllər, tapmacalar (Oruc Əliyev), əfsanələr, rəvayətlər, aşıq rəvayətləri (Aynur Xəlilova), xalq dramları, uşaq folkloru (Ramazan Qafarlı), meydan tamaşaları (Azad Nəbiyev) ilə bağlı dəyərli araşdırmalar təqdim olunub. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub, folklorşünaslarımız haqqında yığcam məlumatlar verilib.

  Folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental "Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi folklorumuzun öyrənilməsi üçün böyük əhəmiyyətə malik olan mühüm elmi mənbədir.

  Hazırda "Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin "Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü”nü əhatə edən ikinci cildi çapa təqdim olunub.