Biz imzaları yox, əsərləri dərc edirik...

Ayrılıq eşqi doğur
1261
22 İyun 2018, 11:36
    Artkaspi.az Fəxrəddin Salimin " Sevgi və Yaranış" adlı məqaləsini təqdim edir:

  Yaratdığını sevən mütləq və mütləq sevdiyini yaratmışdır. Xilqətin səbəbi eşqdir bunu ehtimal etməyinə dəyər. Eşqin də öz məntiqi vardır. Fəqət, o məntiqin istifadə qaydaları ya gizlidir, ya da sözə gəlmir. Ürfan əməldən sözə keçəndə fəlsəfə olur, yəni miskinləşir. 
 
   

  Yerlər, göylər hicablarla doludur. Aşiqin sevgilisi ilə ən qalın hicabı hər mərhələdə baş tutan ikilikdir. Vücudun vəhdəti aləmlərin vəhdətidir. Külli aləmin mövcudluğu üçün bir insan bəs edər. 

Yaşananları yazmaq, yazılanları yaşamaqdan daha asandır. "İkincisi çox zaman mümkün olmur” desək, bəlkə də səhv etmərik. İnşaallah, Qəzzalinin başına gələnlər bizim başımıza gəlməz. 

  Xalqın şərindən qaçan öz şərinə düşər. Öz şərindən qaçan heç kimin şərinə düşməz. 
Diqqət ediləsi cəhət odur ki, külli kainatı insan qəlbinin bir guşəsinə sığdıran Allah onun bədəlini də insandan alır. Yəni, qüdrət qüdrətdir Haqq yolunda olsun, Şeytan üçün olsun. 

  Əbədiyyət şərabı Yarın dodaqlarındadır. Yarın nəfəsi Ruhul-Qüdsdür. Bir dəfə dirilən bir daha ölməz. Yar əlindəki Xızr çeşməsi də elə budur. Həqiqətlərin xırdalanıb fəlsəfələrə dönüşməsi üçün əlimizdən gələni edirk. Beləliklə də bizə ikram edilən o badəni yerdən-yerə vururuq. 
Möminlər üçün ədalətin zühuru, aşiqlərin üçün məhəbbətin zühurudur. Möminlərlə aşiqləri bir ayara gətirmək istəyənlər ya xamdırlar, ya da riyakar. 

  Özünü öldürməkdən daha çətin xilas yolu özünü unutmaqdır. Hər ikisindən məqsəd özündən qurtulmaqdır. Ağıllı adamlar cəhənnəm əzabını deyil, mürşidə qulluq etməyi seçər. 
  Özündən can xilas eylər, kimi kim, canü canandır. 
  (Cavid Mürtəzaoğlu)

  İki cür ziyarət var: zahiri ziyarət və batini ziyarət. Birincisi üçün yol getmək lazımdır. İkincisi üçün də yol getmək lazımdır. Birinci yol çöldə, ikinci yol içdə gedilir. Ikinci də məkan dəyişməkdir. Birinci məkan daş-torpaqdır, ikinci məkan mənəviyyat və əxlaqdır. Hər iki ziyarət uğursuz ola bilər. Yəni, həmin zat sənə ziyarət verməyə bilər. Fəqət, batini ziyarətin uğurlu olma ehtimalı daha böyükdür. Uzaq məkanlardakı qulluq, yəni batini müridlik surətpərəstlik və riyakarlıq təhlükəsindən uzaqdır. Kaş ki, şəriət əhlinin də bir mənəvi Kəbəsi olsaydı yazıqlar uzun yolları dəf edəndən sonra yenə də gühanlarının yanına gəlib, hər şeylərini əldən verməsəydilər. Fəqət, "kaş ki” kəlməsi bu dünyada gecikmə, axirətdə isə mənasızlıq deməkdir. İki aləm bir-birinə qətiyyən bənzəmir. Onları birləşdirən yeganə varlıq başda da ortada da axırda da insan oğlu insandır! 
 


  Darlıqda genişlik var. 

  Fəlakətlərdən ucada dayanmaq onları səadətə çevirər. 

  İnsan Haqq dərgahından qovulduğu üçün Dünyanın hər sabahı dərdlə açılır. Dərdlərdən qaçanlar onlara yaxalanır. Dərdlərin üstünə gedənlər onlara məğlub olur. 

  Fəqət, dərdlərdən yan keçə bilməyin ən qısa yolu sevdiyin və sənə rahatlıq gətirən şeylərdən imtina etməkdir. Vücudun ağrısı başqa dərdlərə sipərdir. 

  Dünya xasiyyətini dərd kimi göstərən şey insanın arzuları və nəfsidir. Dünyanın əyrisi heç zaman düzəlməz. Onun xilqətində kamillik yoxdur. Dünyada kamillik arayanlar bu dünyaya uyanlar və nəfsinin köləsi olanlarla eyni peşmançılığa düçar olurlar. 

  Yaşantının mahiyyəti ona görə eşqdir ki, insan dünyaya gəlirkən, ən böyük hicrana düçar olub. Haqq Vahid olduğu üçün Onun yanında olmaq mümkün deyil. Ya fənafillah var, ya da hicran. Doğuluş fənanı parçalayır. Ayrılıq eşqi doğur. 

  İslam Peyğəmbəri belə buyurur: 
 "Mutu qəbləhən tə mutu!” Ölməmişdən öncə ölün! Demək, yaşantısında "ƏNƏLHƏQ” deyənlər haqlı imişlər. Deməli, bu, mümkündür. 

  Haqq əhlinin iki bəlası var; Birincisi, xalqdan irəli getməkdir. İkincisi, öz təfəkküründən özünün geri qalmasıdır. İkinci bəla gerçək bəladır. Əsl bəla odur ki, ona qalib gəlmək mümkün olsun. 

  Ariflə məxluq arasındakı qorxulu uçurum dərinləşdikcə, irəli getməkdən başqa yol qalmır. Geriyə dönmək uçuruma düşməkdir. Dayanmaq özündən geri qalmaqdır. 

  "Gedirik vəslə gedən qorxulu yolları şirin” 
  (Hafiz) 

  "Həqiqət ululuq sirrlərinin keyfiyyətlərə sığmayan bir tərzdə açılmasıdır” 
  (Həzrət Əli) 

  Bu sirrlər hər zaman açılır. Fəqət Yerdəki məntiq və bəşəri idrak çərçivələrində olmadığı üçün hər kəsə bu sirrlər açıla bilmir. 

  Eşqin məntiqi ağıl, ruh, idrak, zəka, qəlb, könül daxil olmaqla insan vücudunun heç bir yerində gizlənmir. Bu məntiqi bulmaq üçün aşiq olmaq gərəkdir. Adından bəllidir aşiqanə məntiq. 
Aşiqin məşuqu isə kənardadır, özündə deyil. Özündən qurtulan eşqin məntiqinə yetişər. Varlıq donu tər-təzə olanlar elə bir zirehə bürünmüşlər ki, eşqin oxundan başqa hər şey onu dəlib keçə bilər elm, sərvət, şəhvət, qürur və sairə. 

  Elə buna görə də Şeytan sevməkdən başqa hər şeyi bacarır. 
  "Özünü tanıyan Allahı tanıyar” 
  (Həzrət Əli)

  Allah gəlmişdi. 
  Bəs nə oldu? 
  Yedilər, yatdılar, O da qayıtdı getdi! 

  Zühur və təcəlla hər an və hər yerdə baş verir. 
  Xəstə dillərdən ötür gəlsə də İsayi-zəman, 
  Hanı bimar düşən, ya dili-bimar hanı? 
  (Mənsur Həllac) 

  Son Peyğəmbər Allahın hamı ilə (bəli, hamı ilə) paylaşdığı son sözü idi. Onun sözü bitmədi. Fəqət, paylaşdıqları bundan belə hamı deyil. 

  Peyğəmbərlik aşkardır, övliyalıq gizli. Aşkardan fərqli olaraq, gizlini axtarmaq lazımdır. Onu axtaranlar isə, aşiqlərdən başqası deyil. Bütün peyğəmbərləri ən yaxşı halda fiziki cəhət¬dən öldürən insanlığın nəyinə lazımdır bir də qalxıb övliyaları axtarsın?! 

  Maraq başqadır, eşq başqa. Maraq əhli təhlükəlidir. Getdiyi yolu yarımçıq gedər. Qazandığı bir ovuc təfəkkürü ya elmə çevirib özünə şəxsiyyət qazanar, ya da qaytarıb başımıza çırpar. Talibləri sınağa çəkməyin sirri də elə bundadır. Bu sınaqlar ona görə açıq-aşkardır ki, burada qeyrət yarışı gedir. Hədəf sərvət və şöhrət deyil ki, hər yoldan keçən sona qədər davam gətirə bilsin. Böyüklər demişkən, yüz kişi girər meydana, üçü qalar... 

  Sirrlər kitablarda gizləndiyi üçün sirr deyil. Zira, kitaba düşdüsə, bu artıq sirr ola bilməz. Sirr ona görə sirrdir ki, əgər Şeytanın böyük qullarının əlinə düşsə, Haqq-Təala həmin sirrləri mütləq pünhana çəkəcək. Bu da, Haqqın camalına şükürlər olsun ki, bu günə qədər hələ baş verməyib. Buna görə də ariflər çox zaman susmaq üçün danışırlar. 

  Naqislərin kamillərə vurduğu zərbə, kamillərin Şeytana vurduğu zərbədən ağırdır. 
Mərifət sirrləri ona görə gizli qalır ki, onlar həm Haqqın aşiqlərə əmanətidir, həm də məhrəmi naməhrəmdən ayırır. 

  Rişxənd hədəfi olmaq ariflərin könül qapısını bağlayır. Dərvişlərin vücudu buna görə ağıllı və sıradan görünmür. Qəribə olmağı biz istəmədik, dünya bizdən istədi. Dərdü bəla qapısını sona qədər açmaq sərfəlidir. Ona görə ki, qapının o üzündə fərəh dayanıb. 
  "Ləzzət gedər, günahı qalar, əziyyət gedər, ləzzəti qalar” 
  (Həzrət Əli)

  Təkəbbür qəflədir. 

  İnsanı qəflətdən uzaq tutan şeylər təvazö və ədəbdir. 

  Ədəb batində olur, təvazö zahirdə. Ədəbsiz təvazö riyakarlıqdır. 

  Az danışmaq sərvətdir. 

  Susmaq ədəbin yarısıdır. Digər yarısı isə dinləməkdir. Dinləmədən susmaq təkəbbürün başlanğıcıdır. 

  İnsanı kar edən öz səsi, kor edən öz mənliyi, cahil edən öz elmidir. 
  Hər kəslə barışan özüylə də barışar. Özündən küsən hər kəsdən küsər. 

  Atalarının yolunda həqiqəti axtaranlar, həqiqətin yolunu deyil, atalarının yolunu gedirlər. 
  İnsanın içində eşqi yox, eşqin içində insanı görə bilmək doğrudur. Nifrəti görmək istəyən nifrəti, məhəbbəti görmək istəyən məhəbbəti görəcəkdir. 

  Haqqı özündə axtaran, başqalarında batili görəcək. Haqqı başqalarında görən, onu özündə də görəcək.

  Rəhmət və şəfa yağış kimidir. Ümumun içində olmadan ona yetişmək olmaz. Şeytanın ən böyük silahı təklikdir. Təklik mənliyin, mənlik isə təkəbbürün ekiz qardaşıdır. 

  Fəqət, zahidlə aşiqin cəmiyyəti fərqlidir. Zahid xalqın içində, aşiqsə aşiqlərin içindədir. 
  Məscid vəhdətdir, meyxanə yoxluq. Həqiqətin yolu mənlikdən vəhdətə, vəhdətdən fənayadır. Fəqət, bu yolda dayanacaq yoxdur. Durmaq donmaqdır. Donmaq isə hədəfin deyil, özünün təsdiqidir. "Əl ələ, əl Haqqa” demiş ərənlər. Yolun davamı hər an özündən keçməlidir. Haqqın təcəllasını gəzdirənlər bu təcəllanı başqalarında görürlər. Mürid üçün mürşid var. Mürşid isə, özü müriddir. Silsilə, təkəbbürün varlığını yox edib, Şeytanın üzünə eşqin qapısını həmişəlik bağlayıb. 

  Mən səni Allah sandım, 
  Sən başqasını... 
  Başqası özgəsini, 
  Özgəsi məni... 
  Aləmə bax?! 

  Eşqin çarəsi yoxdur nə Dünyada, nə də axirətdə. 

 Aləmlərin Mövlası öz sifətlərini yaratdıqlarında gizlədib. Onun sifətləri cövhərdir. Sifətlərinin təcəllası isə ərəzdir. Cövhərin ərəzdən fərqi Xaliqlə məxluqun fərqi qədərdir. Cövhər külldür, ərəz cüzv. Cüzvlə küllün fərqi isə, onların keyfiyyətində yox, sığındıqları məkandadır. Cövhərin tərkibi vahiddir, parçalanmır. Ərəzin tərkibi isə kəsrətdir, yəni çoxluq. Tərkibi kəsrət olan parçalanır, dəyişir, ölmür, ancaq əmanət verilir. 

  İnsan vücudunda bulunan yeganə cövhər Eşqdir ki, Haqqla insanın ayrılığını inkar edir. Eşqi parçalamaq mümkün deyil. Ərəzdən qurtulmaq hər kəsə müyəssər olmadığı üçün aşiqlər zümrəsi hər kəsdən ayrılır. 

  Dünya ərəzin məkanı olduğu üçün aşiqlər burada qəribdir. 

 Cahillərin sayi çoxalmır, cəhaləti artır. Aşiqi hamı görür. Cahili isə ariflər görür. Eşqin şiddəti artdıqca ərtafdakı qəflət və cəhalətin də basqısı artır. 

  "Cahillər çoxalanda ariflər qərib olar”. 
  (Həzrət Əli) 

  "Bütpərəstlik xudpərəstlikdən yaxşıdır” 
  (Cavud Mürtəzaoğlu)

  Surət həqiqətin təcəllası olanda bütə çevrilir. Fəqət büt özü surətə çevriləndə həqiqət ortadan gedir. 

  Surətlər könüllərə həkk olunarsa, gözlə görünmələrinə ehtiyac yoxdur. Yox, əgər könüllərdə deyillərsə, o zaman görünmələrinə heç ehtiyac yoxdur. 

  Təcəlla zatı əvəz edə bilməz, amma təmsil edə bilər. Nurun özünü görməsək də onun kimin üzərinə düşdüyünü görmək aşiqlərə xasdır. 

  Başında göz gəzdirənlər üçün Allah yoxdur. Əgər olsaydı, qurtulardılar. Necə ki, Dünya üzərindəki güclüləri və gözəlləri başlarındakı gözlə görməklə öz əməl və hisslərini nizama salırlar. 

  Allahı görən göz könüldədir. 
  Məni görə bilməz hər başı gözlü, 
  Könül gözündə binalar gərəkdir. 
  (Şah Xətai)

  Bəsirət gözü hikmətləri görür, könül gözü eşqi. Hikmət əhli də Dünyadan qopub, eşq əhli də. Hikmət əhlini yerin cazibəsi çəkir, eşq əhlini göyün. Hikmət elmdir, eşq ürfan. Sədi həkimdir (alimdir), Hafiz arif. Elm idraka bağlıdır, ürfan könülə. İdrakdan əmələ yol bağlıdır. Könül isə əməldir. Buna görə də idrak yalandır, ürfan gerçək. 

  Elm nəfsi tərbiyə etmir. Eşq isə nəfsi idarə edir. Alimin özünə belə gücü çatmırsa, deməli elm ancaq Allaha bağlıdır. İn¬sana məxsus olanlar isə elm deyil, bilikdir. Elmdə fərdiyyət var. Fərdiyyət isə Allahın sifətidir. Eşqdə isə könül var. O da aşiqə deyil, məşuqa bağlandığı üçün aşiqin könlü də yoxdur. Fərdi qüruru olanlar yalnız özlərindən mədəd umanlardır. Eşq əhli isə özündən ibarət olmadığı üçün qurtuluş yolundadır. 

  Eşqin mənbəyi gözəllik deyil. Gözəlliyin mənbəyi eşqdir. Aşiqin sevgisi aşikar, məşuqun sevgisi gizlidir. 

 Eşqin mərtəbələri və məkanı yoxdur. İnsan sevgisi və Allah sevgisi deyilən ayrıntı çürük əfsanədir. Sevməyi bacarmayan nə insanı nə də Allahı sevə bilər. Sevən sevir, sevməyən sevmir. 
"İnsan Allah ola bilməz, Allah insan ola bilər” 
(Cavid Mürtəzaoğlu)

  İnsanı Allahdan ayrı görən nə insanı görür, nə Allahı. 
  "İnnəllahə xələqə Adəmə əla surəti” Allah insanı (Adəmi) öz surətində yaratdı. 
  (Hədisi-şərif) 

  Gördüklərinə inanan görmədiklərinə inanmaz. İnam şərtdir, sevgi qaçılmazlıq. İnanmamaq olar, sevməmək olmaz. Küfrün   tövbəsi imandır, eşqin tövbəsi küfr. 
  Küfr zülfün salalı rəxnələr imanımıza, 
  Kafər ağlar bizim əhvali-pərişanımıza. 
  (M. Füzuli)

  Zülf zikrdir, kakil namaz. Kakil surətin önündə durmur. Aşiqə surət təsdiqdir, eşq deyil. Zülf isə surəti örtür. Qapalı surət aşiqin güzərgahıdır. Namaz vüsaldır, zikr hicran. Vüsal əvvəl gəlir, hicran sonra. Mömin aşiq olmaya bilər, öz əlindədir. Aşiqsə mömin ola bilməz öz əlində deyil. 
  Cənnət uçmağın sonudur. Eşq isə cənnətdən sonra başlayır. 

  Möminlərin cənnəti, kafirlərin cəhənnəmi, aşiqlərin isə məşuqu var. Məşuq la məkandır. Aşiq isə sonunda məşuqa qovuşduğu üçün, deməli aşiq yoxdur. Varlıq donunu bu dünyada ikən parçalayıb, yox etmək həmin əbədiyyət meyidir ki, əvvəli varlıqdır, sonu yoxluq. 

  Təfəkkürdə və sözdə irəli gedən əməldə geri qalar. Ağılla könül bir yerdə çalışmır. Amma könüllə əməl hər zaman bir yerdədirlər. 

  Haqq insanı əvvəl sevib, sonra yaratdığı üçün insanda əvvəl eşq yaranır, sonra iman. İnanıb sevənlər çoxdur. Amma sevib sonra inananlar isə azdır. 

  Eşq düşüncəni qoruyur. Düşüncə eşqi öldürür. Düşüncənin təsdiqi elmdədir, eşqin təsdiqi əməldə. Kamil insan ağlı ilə eşqini birləşdirən deyil, ağlını eşqində əridəndir. Ağıllı adamın özünü sevərlər, eşqli adamın Allahını. Çünki, ağıl hər kəsi özünə dəvət edir, eşq isə Allaha. "Mən ona görə heç nə yazmıram ki, Mövlananı oxuyan Mövlananı sevir. Məni oxuyan Allahı sevir. Yazdıqlarım isə üzümdədir. Onları oxuya bilən Mövlana oldu” 

  (Şəms Təbrizi)