Biz imzaları yox, əsərləri dərc edirik...

AYB-ni ayaqda saxlayan Anardır – Məhəmməd Turan yazır
977
24 Fevral 2020, 11:57
  Artkaspi.az saytı gənc şair Məhəmməd Turanın yazısını təqdim edir:

  Heç vaxt mətbuatda ictimai məsələlərlə bağlı şəxsi mövqeyimi ortaya qoymamışam. Adım gənc yazardı, şeirlər yazıram, həmişə də mətbuatda şeirlərimlə, publisistik yazılarımla çıxış etmişəm. Şeir yazan , adı şair olan adamların mətbuatda ictimai məsələlərlə bağlı fikirlərini oxuyanda həmişə gülmüşəm...
  
  Şairsən, get şeirini yaz. Kim sənə haqq verib ki, mətbuata şəxsi fikirlərini çatdırasan? Niyə özünüzü böyük bir kəs zənn edirsiniz? Yenə adlı-sanlı, ömrünü sözə həsr edən şairlərimiz başa düşüləndir, amma , bu yavaş-yavaş iməkləməyi tərgidən gənclər adamı həqiqətən heyrətləndirirlər. Sözün qısası, özümə heç vaxt icazə verməmişəm ictimai məsələlərə mətbuatda rəy bildirməyi. Şairəm, şeirimi yazıram, vəssalam...
  Ancaq, əziz yoldaşlar, son vaxtlar gördüyüm bəzi mənasız mənzərələr məni məcbur etdi ki, bir ictimai məsələ ilə bağlı yazı yazım, göndərim mətbuata.
  Mən çox erkən atıldım ədəbi mühitə. Erkən yaşlarımdan ciddi mətnlə məşğul olmağı özümə hədəf seçdim. İnsanları bir-bir tanıdım...
  Azərbaycan Yazıçılar Birliyinə ilk dəfə girəndə on beş yaşım var idi. Birliyin nəzdində yaradılan "Gənc Ədiblər Məktəbi"nin iştirakçısı oldum və elə gətirdi ki, tələsdim, AYB-yə üzvlük üçün sənədlərimi təqdim etdim. Çox adam bunu mənə irad tutdu, ulduz xəstəliyinə tutulduğumu və s. söylədilər.Ancaq mənim niyyətim o zoğalı , gözəl vəsiqəni əlimə almaq deyildi. Mən sadəcə tələsirdim, can atırdım, onun üçün ki, vəsiqəni mənə xalq yazıçısı , AYB-nin sədri Anar müəllim təqdim etsin.Təqdimat mərasimində bir şəkil də çəkdirək. Şükür, belə də oldu.
 
 

  Nəyə gətirirəm?- İndi bəzi gənc yoldaşlar düşüblər ortaya:
  – Anar getsin!
  – Anar istefa ərizəsini yazmalıdır!
  Və bu kimi mənasız , kənardan da bir az iyrənc görsənən fikirlərlə ürək bulandırırlar.
  Mənim üçün AYB-nin məğzi məhz elə Anar müəllimdir. Anar, Anardır! Həmişə arxamızda duran, həmişə dəstəyini, qayğısını hiss etdiyimiz Anar. Mən inanmıram ki, o kresloda həmin gənclərdən biri otursa, kimsə AYB-nin qapısını aça, kimsə AYB-yə maraq göstərə. Bu gün ölkəmizdə yazı mühiti yaşayırsa, bu Anarın xidmətidir.
  Eləcə də AYB-ni neçə illərdir ayaqda saxlayan Anar müəllimdir.
  Bu məsələləri başa düşmək üçün insana Eynşteyn beyni lazım deyil, sadəcə, qərəzsiz düşüncə, təmiz ürək, haqq deyən vicdan lazımdır. Başa düşün ki, AYB Anara heçnə vermir, Anar ona ömür verir, qan verir, can verir. Anarın nüfuzundan yana hələ yaşayır o qurum.
  Hələ araq almağa pulu olmayanda, AYB-dən maliyyə dəstəyi umanları demirəm. Utanmırlar, qardaş, utanmırlar. Abırlarına qısılmırlar.
  Hər il AYB-nin tərtib etdiyi siyahıyla xeyli qələm adamına prezident mükafatı verilir, mətbu orqanlar normal miqdarda qonorar ayırır müəlliflərə, düşəndə mükafatlar da təqdim olunur. Ayrı nə istəyirsiniz, axı? AYB-nin kimisə dolandırmaq borcu, öhdəliyi yoxdur , əzizlər.
  Başınızı salın aşağı, yazın. Anar hələ bizimlədir. AYB hələ yaşayacaq.