Biz imzaları yox, əsərləri dərc edirik...

Avropada diplomatik təhsil alan ilk azərbaycanlı – Qərənfil Dünyaminqızının müsahibəsi
429
03 Sentyabr 2018, 10:47
  Artkaspi.az "Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızı ilə şair və publisist Əli Yusif haqqında müsahibəni təqdim edir: 
 
 

 
  Qərənfil xanım,  Əli Yusif haqqında Azərbaycan oxucuları o qədər də bilgiyə malik deyil. Ədəbiyyat araşdırmaçıları onu tanısalar da, oxucular demək olar ki, belə bir mübariz şairin varlığından, onun həyatı və mübarizəsindən xəbərsizdirlər. Əli Yusif kimdir?
  – Ədəbi aləmdə Əli Yusif kimi tanınan Yusifzadə Ağəli Cəlal oğlu 1900-cu ilin 1 yanvarında Şuşada anadan olub. Atası Cəlal kişi Qarabağda böyük hörmət-izzət sahibi olan məşhur Yusifzadələr nəslinin nümayəndəsi idi və 40 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Mükəmməl təhsil alan, bir necə əcnəbi dili yaxşı bilən Cəlal müəllim həm də Tiflisdə çap olunan rus dilli mətbuat orqanları ilə sıx əməkdaşlıq etmişdir. Təbii belə bir mühitdə böyüyən Əli Yusif də hələ uşaq yaşlarından sözə, sənətə, ədəbiyyata maraq oyanır. Əvvəla Əli Yusifin uşaqlıq illərindən bir az geniş bəhs etmək istərdim. Onun ilk adı Ağəli olub. Anası Leyla xanım ona nədənsə Əli deyə müraciət edərmiş və Əli böyüdükcə Ağəli deyil Əli kimi tanınır. Əlinin beş yaşı olanda anası qəfil dünyasını dəyişir. Bu zaman Əlinin beş yaşı olub və bu qəfil itkinin ağrı-acısını bütün həyatı boyu çəkib. Atası Əlini ilk olaraq dini məktəbə qoysa da onu təhsili ilə özü daha çox məşğul olub. Sonra Əli təhsilini Şuşa realnı məktəbin də davam etdirib.

  – Əli Yusifin ədəbi və publisistik fəaliyyətini şərti olaraq iki dövrə bölmək olar: Birinci dövrə Parisə təhsil almasından öncəki dövrü, ikinci dövrə isə təhsil alıb Baklya qayıtması dövrünü. Əvvəlcə birinci dövrdən başlayaq. Təhsil almağa gedənə qədər Əli Yusifin ədəbi və publisistik fəaliyyətini necə dəyərləndirmək olar?
  – Əli Yusifin ədəbi və bədii publisistik fəaliyyəti haqqında görkəmli alimlərimiz çox yüksək dəyərləndirmiş, maraqlı fikir və mülahizələrini bildirmişlər. Məsələn, İslam Ağayev, Aybəniz Əliyeva, Alxan Bayramoğlu, Şamil Vəliyev, Əflatun Saraclı və başqalarının adlarını çəkə bilərik. Əli Yusif ədəbi mühitə çox erkən, 11 yaşında gəlib. O, zaman Əli "Şuşa realnı məktəbinin 6-cı sinifində oxuyurdu”. İlk dəfə "İşıq” və "Məktəb” jurnallarında şeirləri ilə çap olunan Əli ədəbi aləmin diqqətini cəlb edə bilmişdir. Dövrünün tanınmış yazarı Seyid Hüseynin rəhbərliyi ilə 1915-ci ildə çap olunan "Qurtuluş” jurnalında "Əli Rai (Rai-çoban) təxəllüsü ilə” çap olunan  "Qüruba qarşı bir yetimin lisanından” adlı şeri Əlinin məşhurlaşmasına bir təkan oldu. O, bu şeirinə görə mükafata layiq görülür və artıq dövrü mətbuatda "Yusifzadə Əli Rai”, "Əli Yusif” və "Ə.Y” imzaları ilə müntəzəm olaraq çıxış etməyə başlayır. Ə.Yusif 1919-cu ildə Seyid Hüseynin məsləhəti ilə yenicə fəaliyyətə başlayan "Yaşıl qələm” ədəbi birliyinə üzv olur. Burada H.Cavid, C.Cabbarlı, Ümmügülsüm, S.Mümtaz kimi dövrün istedadlı yazarları ilə sıx ünsiyyətdə olması Əli Yusifin həm yaradıcılığın da, həm də həyata baxışlarında uğur qazanmasına səbəb olur. Bütün varlığı ilə istiqlalı, azadlığı tərənnüm edən gənc yazar Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox məhsuldar bir ömür yaşayıb. "1918–19-cu illər də Xalq Maarifi Nazirliyində kargüzar işləmişdir”. Bilirsiniz bu çətin bir işdir. Bütün günü sənədlərlə işləmək, onları səliqə, sahmana salmaq və s. Amma buna baxmayaraq  yuxarıda da qeyd etdim ki, Əli Yusif həm də dövrü mətbuatda müntəzəm çap olunurdu. "İstiqlal”, "Azərbaycan”, "Bəsirət” kimi qəzetlərin ən yaxşı yazarlarından olan Əli Yusif həm şeirlərində, həm də məqalələrində "Azərbaycanda milli dövlət quruculuğunu tərənnüm edən ən yaxşı yazarlardan biri idi”. Onun həmin illərdə yazdığı "İdeal”, "Bayraq”, "Ey türk oğlu”, "Əsgər anası” və s. şeirlərində istiqlalımızın qorunması və yaşanması dönə-dönə gənclərə tövsiyə edilirdi. Beləliklə, Əli Yusifin yaradıcılığının Vətəndə birinci dövrü 1920-ci ilin yanvarına kimi kimi davam edir. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın yazdığına görə "Əli Yusif Parlamentin "1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini texnika sahəsində davam etdirmək üçün Mülxuz Politexnik Məktəbinə (Fransa) göndərilmişdi” (Bax: AXCE iki cilddə, II cild, 2005, səh, 443). Ensiklopediyanın I cildində isə Ə.Yusifin "Parisdə Siyasi Elmlər İnstitutunu əla qiymətlərlə bitirdiyi” (Bax: AXCE iki cilddə, I cild, 2004, səh, 339) qeyd edilib. Yeri gəlmişgən qeyd edim ki, Ensiklopediyada Ə.Yusifin ölüm tarixi ilə də bağlı böyük yanlışlıqlar var. Məsələn, Ensiklopediyanın I cildində (bax: səh, 338) onun ölüm tarixi "1926-cı il” qeyd edildiyi halda, II cilddə (bax: səh, 443) heç bir məlumat verilmir. Əslində, Əli Yusif İstiqlal şairi kimi Vətəndə 1937-ci ilin qurbanı olub. 
 
  – İkinci dövrdə isə bir yeni bir Əli Yusif görürük. Vətənə dönüşündən sonra onu fəaliyyətini necə qiymətləndirirsiniz?
  – AXCE-nın I cild də qeyd edilir ki, Əli Yusif Vətənə "1922-ci ildə qayıdıb” (bax:, səh, 339). Artıq Əli Yusif sadəcə bir yazar deyildi. O, yüksək  Avropa təhsili görmüş "diplomatik təhsil alan ilk azərbaycanlı gənc idi”. Təbii onun yüksək intellektual səviyyəsi, dünya görüşü, biliyi təhsildən çox uzaq olan bəzi bolşevik gedələrin ürəyincə olmadı. Ona görə də ilk gündən adı qara siyahıya düşdü. Lakin Əli Yusif öz işində idi. Ölkədə baş verən bütün ictimai-siyasi, ədəbi-mədəni hadisələr də yaxından iştirak edərək açıq-aydın öz fikirlərini irəli sürürdü.

  – Yəqin ki, elə ona görə onu 1924-cü ildə həbs etdilər?
  – Bəli bu cəsarət bolşeviklərin ürəyincə olmadı. Həbsxanada çox ağır işgəncələrə məruz qalan Əli Yusifdən "bir daha siyasətlə məşğul olmayacağı” barədə yazılı izahat alaraq "azad”  etsələr də gənc cümhuriyyətçini bu dəfə daha ciddi nəzarətə götürdülər. Amma 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay sübut etdi ki, heç bir əzab-əziyyət Əli Yusifi öz əqidəsindən, amalından döndərə bilmədi. 
 
  – O, atası ilə bərabər Birinci Türkoloji Qurulayın işində yaxından iştirak edib, katib kimi faliyyət göstərib. Bu barədə danışardınız?
  – 1926-cı ilin 26-ı fevralından 6 marta kimi Bakıda I Türkoloji Qurultay keçirilib. Bu qurultay beynəlxalq miqyasda diqqəti cəlb edən yüksək səviyyəli bir tədbir olsa da ölkəmiz üçün "hüznlü bir tarix, insanlıq dramı”na da "yol açdı”. "100-dən artıq iştirakçısının, seçmə alim və mütəfəkkirinin əksəriyyətinin həbsi və fiziki məhvi ilə bitən bu qurultay yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı sənədidir”. "Milli ideyalarının qurbanı olan bu şəhidlər” arasında Əli Yusifin də adı var. Qurultayın hazırlanmasında və keçirilməsində bir katib kimi yaxından iştirak edən Əli Yusifin amalından dönməzliyi bolşevik gedələrini hövsələdən çıxardı. "1927-ci ildə yerli GPU güllələnməsinə əmr verdiyi 14 nəfərin adları arasında Əli Yusifin də adı var idi. Amma nədənsə onu gülələməyib (!?) Solovkiyə sürgünə göndərirlər”. Görünür "hökumət” istiqlal mücahidini əzab-əziyyətlə, ağır və təhqiramiz işgəncələrlə öldürməkdən həzz alırmış. Dəhşətli sürgün həyatı başa çatanda Əli Yusifi yenidən Daşkəndə sürgün edirlər. Burada "Özbəkstan SSR Xalq Daxili İşlər Komissarı Apresyan Derenik Zaxaroviçin bir başa "səyi” ilə 1937-ci ilin 18 avqustunda Əli Yusif güllələnməyə məhkum edilir və həmin gecə saat 3-də əmr yerinə yetirilir”.
 
 
 
 
      
  –  Repressiya qurbanlarına 50-ci illərdə bəraət verilsə də, Əli Yusif  1992-ci ildə bəraət alıb. Bəraətinin bu qədər gecikməsi hansı səbəblə bağlıdır?
  – 1950–60-cı illərdə əksər repressiya qurbanlarına bəraət verildi. Əli Yusifə isə verilmədi. Bu bəlkə də onunla bağlı idi ki, onun qardaşı (onlar ata bir ana ayrı olub) Alim Yusifzadə uzun illər "NKVD, DTK məsul işçi, şöbə rəisi olub”. Hətta qardaşı Əli Yusif həbs ediləndə artıq Alim Yusifzadə bu təşkilatda işləyirdi. (2001-ci ilə kimi ömür sürən Alim Yusifzadə sonralar uzun illər Azərbaycan Xarici Dillər İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub). Çox qəribə və müəmmalı bir fakt deyilmi? Bir qardaş istiqlal mücahidi "xalq düşməni”, bir qardaş "NKVD-çi”. 1950-60-cı illərdə Əli Yusif "məsələsi” qaldırılsaydı, bəlkə də Alim Yusifzadənin yüksəlişinə mane olardı bu fakt. Ona görə də Əli Yusifə bəraət 1992-ci ildə verildi. Fikir verin sovet hökuməti  "parçala, hökm sür” istəyinə nail olmaq üçün qardaşla-qardaşı, ata ilə-balanı üz-üzə qoyurdular. Bu elə bir zaman idi ki, sovetlər "bəşər tarixində ilk dəfə düşüncə və duyğuları da belə çarmıxa çəkməkdən çəkinmədilər”.   
  
  – Daha çox istiqlal, mübarizə və vətənpərvərlik mövzularında yazan Əli Yusifin şeirilərinin bədii dəyəri və keyfiyyətini necə qiymətləndirmək olar?
  – Həyatını, arzularını İstiqlalımızın tərənnümünə həsr edən, Vətənini, millətini sonsuz məhəbbətlə sevən, onun milli-mənəvi dəyərlərinə bağlı olan bir vətənpərvər söz əhlinin yaradıcılığını yalnız yüksək qiymətləndirmək olar. Ə.Yusif ömrünü vətəninin, millətinin azadlığına həsr etdi. Vaxt, zaman tapıb özü üçün isti yurd-yuva, ailə də qura bilmədi. "Bayrağın var, buludlardan uca qalxar!” deyən Əli Yusifin ruhu bu gün çox şaddır. Çünki canını yolunda qurban verdiyi Vətəni, Bayrağı azaddır. Bu azadlığı qorumaq və yaşatmaq bizim müqəddəs borcumuzdur.  
 
  Müsahibəni hazırladı: Səxavət Sahil