Biz imzaları yox, əsərləri dərc edirik...

Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
126
21 Sentyabr 2018, 16:45
  Qazaxıstanın paytaxtı Astanada "Müasir dünyada sözün energetikası” adlı Avrasiya Ədəbiyyat Forumu keçirilib.
   AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanı tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunis Oğuz və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza təmsil edib.
 
 
 
 

  Avrasiya Ədəbiyyat Forumunda iştirak edən Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muxamedulı bildirib ki, belə tədbirlərin məqsədi xalqların ədəbiyyatlarını bir-biri ilə yaxınlaşdırmaq, qazax xalqının ədəbiyyatını dünyada tanıtmaqdır. Eləcə də gələcəkdə mədəni mübadilə üçün intellektual resursları bir arada cəmləşdirmək, mədəniyyətlərarası dialoqun inkişafına təkan verməkdir. Bu isə ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına təkan verəcək. Müxtəlif ölkələrin nümayəndələri ilə mədəni və ədəbi əlaqələrin qurulması Forumun əsas konsepsiyasından biridir.
  Forumda çıxış edən yazıçı və şairlər, publisist-naşirlər deyiblər ki, Forumun keçirilməsi ilə Qazaxıstan müəlliflərinin yaradıcılığını dəstəkləyən vahid Avrasiya ədəbi məkanı formalaşa bilər. Bu, əlbəttə ki, qarşılıqlı intellektual, yaradıcı və ədəbi əlaqələrin nəticəsində də mümkün olacaq. Eyni zamanda, forumda təmsil olunan ölkələrin istər tarixi, istərsə də yeni ədəbi nümunələri Qazaxıstanda da tanınar.
  Çıxış edənlər gənc yazarların belə forumlara cəlb edilməsinin vacibliyini vurğulayıblar, son illər ədəbi yaradıcılıqda yeni tendensiyalardan danışıblar. Yazıçı və şairlər arasında istedadı müəyyənləşdirmək üçün mütəmadi ikitərəfli və çoxtərəfli simpoziumların, konfrans və forumların keçirilməsi ilə bağlı yekdil rəylər səsləndirilib. Xüsusilə müasir dünyada ədəbiyyatın mövcud vəziyyəti, janrların inkişafı və yeni inkişaf istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb, tərcümənin mürəkkəbliyi və digər məsələlər Avrasiya Ədəbi Forumunun ekspertləri və aparıcı yazarlar tərəfindən müzakirə olunub.
  Tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunis Oğuz çıxışında roman janrında tarixilik, fəlsəfi cərəyanların mahiyyəti, müəlliflərin dünyagörüşü və digər məqamlara diqqət çəkib. Onun Qazaxıstan Prezidenti Nursultan Nazarbayev haqqında tarixi roman yazması ilə bağlı açıqlaması forumda maraqla qarşılanıb.
Yerli jurnalistlər, yazarlar Yunis Oğuzun bu romanı ilə bağlı müəlliflə diskussiyalar aparıblar.
  Forum çərçivəsində konfranslar keçirilib, plenar iclaslarda "Regional ədəbiyyatın inkişafı”, "Ədəbiyyat və bəşəriyyətin qlobal problemləri”, "Yeni əsrin poeziyası – əsas mövzu və problemlər”, "Dramaturgiyanın aktual problemləri” və digər mövzular geniş müzakirə olunub.