Biz imzaları yox, əsərləri dərc edirik...

AŞPA-da azərbaycanlı rəssamın sərgisi açılıb
186
24 Aprel 2018, 17:53
 Avropa Şurası Parlament Assambleyasının sərgi zalında azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət "Abşeron nağılı” adlı sərgi açılıb.
 
 

 AZƏRTAC xəbər verir ki, sərginin açılışında qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilib.
 Qeyd edilib ki, altı yaşından rəssamlığa meyil göstərən A.Hüseynzadə məktəblilər üçün dərnəklərdən başlayaraq rəngkarlıq sənəti ilə dərindən məşğul olmağa başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır. Onun ilk fərdi sərgisi 2014-cü ildə açılıb.
 Sərgidə nümayiş olunan əsərlərində, eləcə də Anar Hüseynzadənin yaradıcılığında əsas hədəf müəyyən sərhəd və çərçivələrdən kənara çıxaraq, rənglərin köməyi ilə Qərb və Azərbaycan arasında özünəməxsus məkan yaratmaqdır. Rəssamın əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların təsvirlərindən ibarət portretlər və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və təsviri metodlar rəssamın əsərlərinə xüsusi cazibədarlıq verir. Ziyarətçilər əsərlər qarşısında dayanaraq heyranlıqla seyr edir və fikirlərini bölüşürdülər.
 
 

 Rəssam Anar Hüseynzadənin iki ay əvvəl Avropanın mədəniyyət paytaxtlarından olan Vyana şəhərində fərdi sərgisi keçirilib.
 "Sərgi və rəssam haqqında danışmazdan əvvəl bildirim ki, biz artıq azərbaycanlı rəssamın iki tablosunu almışıq. Bu, rəssam və onun əsərləri haqqında fikrimizi aydın əks etdirir. Əsərlərini çox sevdik və görən kimi iki tablonu aldıq. Əsərlər çox maraqlıdır. Xüsusilə rəng seçimləri, rənglərin harmoniyası və seçimi baxımından yüksək peşəkarlıq görünür. Əsərlərdəki mühit daha cəlbedicidir. Onların harmoniyası gözəldir. Bu atipik bir mənzərəni əks etdirir”, – deyə AŞPA katibliyinin nümayəndəsi Geza Mezey və onun həyat yoldaşı Marian AZƏRTAC-a bildiriblər.
 "AŞPA-da belə sərgilərin təşkili çox yaxşı ideyadır. Bu bizə digər ölkələrin rəssamlarını tanımağa, ölkələrin mədəniyyətlərini kəşf etməyə imkan yaradır. Bu gün Azərbaycan və Gürcüstan rəssamlarının əsərləri ilə tanış olduq, əsərlərin parlaq rəngləri daha çox cəlb edicidir”, – deyə Kristofer Qreysi qeyd edib.
 
 

 Rəssam Anar Hüseynzadə deyib: "Əsərlərimin AŞPA-da nümayiş olunmasına çox sevinirəm. Bu sərgi Vyanada da nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlərin hamısı Abşerona həsr etdiyim tablolardır. Abşeron əsatirləri, nağılları və təbiətini əks etdirən əsərlərdir. Qobustan, Xəzər dənizi, İçərişəhər ilə bağlı tablolar var. "Bağ evi”, "İçərişəhərdə gecə” kimi tabloları təbiətdən ilhamlanıb çəkmişəm. Eyni zamanda, mistik əsərlər var, məsələn, mənəvi, ədəbi həyatı əks etdirən "Sufi”, "Tütək çalan” tablolar da bu sərgiyə daxildir.
 Əsərlərimi modernizm, mistik, abstrakt, impressionist tərzlərdə çəkirəm. Bəzi əsərlərimin adı yoxdur. Bəzən əsərlərə adı jurnalistlər və ziyarətçilər verir.
 Avropalı ziyarətçilərin mədəniyyətimizə maraqlarını görmək sevindiricidir”.

Xəbər lenti