"Arşın mal alan” musiqili komediyasının Şərqi
Qazaxıstan vilayət Gənclər Teatrındakı premyerası yubiley tamaşasına çevrildi –
gənc truppanın onuncu tamaşası ba. tutdu. Gürcüstandan dəvət olunmuş rejissor Qoça
Xviçia janrın xüsusiyyətlərini qoruyaraq klassik əsərin müasir
interpretsiyasını yarada bildi.

Melodiklik, real həyat-məişət süjeti, dəqiq
tapılmış xarakterlər və tamaşanın oyun başlanğıcı, lirik-sentimental sevgi xətti
və Üzeyir Hacıbəylinin məşhur operettasının komediya personajları yeni simalar
tərəfindən Oskemen səhnəsində öz təcəssümünü tapdı.
Ü.Hacıbəyli öz operettasında Avropa musiqi mədəniyyətinə
çoxlu Azərbaycan xalq musiqi və rəqs intonasiyalarını daxil etdiyi halda, gürcü
rejissorunun quruluşunda Şərq koloriti yalnız musiqidə qorunmuş, əsas süjet isə
müasir yozumda həll edilmişdi.
Gənclər Teatrı musiqili tamaşasının quruluş ənənəsini
nəzərə alaraq, cəsarətlə yeni həll yollarını tətbiq etmişdi. Komediya elementləri
və dramatik hadisələr möhtəşəm mahnı və rəqslərlə birləşərək tamaşanın bədii
mahiyyətini müəyyənləşdirirdi.
Aktyorlar "Xanımlar və cənablar!”
tamaşa başlanır deyərək zaldan səhnəyə qalxırdılar. Bu proloqda aktyorlar
ingilis dilində "Siz Hollivudda deyil, Qazaxıstandasınız! Ənənələri yeniləməyin
vaxtı gəlib çatıb!” deyib, öz araqçınlarını çıxarır və səhnənin önünə
qoyurdular. Rejissor bu araqçınları bütün tamaşa boyu səhnənin önündə
saxlayaraq, sanki seyrçilərə altından xətt çəkilmiş şəkildə bildirirdi ki,
milli ənənələr heç vaxt unudulmur, Qərb mədəniyyəti nə qədər bizi üstələsə də,
biz öz köklərimizi unutmamalıyıq.
Rejissor mətni qısaldaraq
tamaşanı daha yığcam şəklə salmış, əsas diqqəti sözlərə deyil, mahnı və rəqslərə,
hərəkət və plastikaya vermişdir. Operetta janrının təbiətini saxlayan Qoça
Xviçia hərəkət dinamikasını gücləndirərək truppanın gənc aktyorlarının böyük
imkanlara malik olduğunu göstərə bilmişdir.
Hər bir aktyor xəsislik etmədən
əlvan boyalardan bəhrələnərək öz obrazına xüsusi xarakter tapa bilmişdir. Səhnədə
mənfi personaj olmasa da çoxlu gülməli vəziyyətlər vardı. Lakin seyrçilər
onlara deyil, onlarla bərabər gülürdülər. Həmçinin, qeyd etmək lazımdır ki,
tamaşanın uğuruna müsbət mənada təsir edən cəhət hər rolda müasir gənclərin
psixologiyasının nəzərə alınması idi.
Sevgiyə görə arşın malçı kimi geyinməyə də razı olan tacir Əsgəri
Aydos Nurmaqambetov oynayırdı. Yalnız sevdiyi insana ərə gedəcəyini qəti şəkildə
qərara alan Gülçöhrə rolunu isə Dinara Juldızqızı canlandırırdı. Gənc, gözəl
aşiqlər tamaşanın təkcə lirik xəttini aparmırdılar, ona həmçinin, çoxlu komik
elementlər də əlavə edirdilər. Əsgər Gülçöhrəyə öz sevgisini göstərmək üçün
Hollivud filmlərindən tez-tez rast gəldiyimiz zingildəyirdi ki, bu da indiki gənclərəçox
tanış gəlir və zalda yüngül gülüş yaradırdı.

Cahan rolunda aktrisa Diana Kazıkeşevun
ifasındada yeni oyun axtarışı gözə çarpırdı. Hər zaman öz istəyinə gah gülərək,
gah da ağlayaraq çatması çox komik vəziyyət yaradırdı. Diana həddini aşmadan
qroteskdən gözəl istifadə edir, bununla yanaşı, obrazının komikliyini
qabardırdı.
Dulat Okasovun Süleyman rolu isə əsl Hollivud
qəhrəmanı kimi alınmışdı. Rejissor işləməsində o, amerikan təhsili və mədəniyyəti
almış bir şəxs olaraq doğma şəhərinə qayıtdıqdan sonra burada mafiya
qruppasının kiçik bir lideri kimi təqdim edilir. Təəccüblü deyil ki, Sultan bəyin
qızını tanımadığı Əsgərə verməsi Süleymana təsir edir və silahını işə salır.
Obraz maraqlı alınsa da aktyorun səsinə intonasiya boyaları əlavə etməsi heç də
pis olmazdı.
Yerjan Amatayev və Dinara Kabışeva öz
ifalarında Vəli və Telli obrazlarını həqiqi klassik komik nökər cütlüyü kimi
yarada bilirlər. Onların "– Pulun var? – Var, var!” duetləri müasir gənclərin
mühüm və aktual problemini qaldırırdı. Rejissor bu mahnını bir neçə dəfə səsləndirməklə
müasir dövrdə baş verənlərə xüsusi vurğu vururdu.
Tamaşada bütün türk xalqlarının ənənələri,
mahnı və musiqiləri, rəqs və komik elementləri çox uğurlu şəkildə oxunurdu. Bu,
təkcə tamaşaya bəzək kimi xidmət etmirdi, eləcə də, onun bədii bütövlüyünü
qorumağa kömək edirdi. Bu tamlıq həmçinin dəqiq səhnə həllini tapmış hər bir
aktyor oyunu və rejissor fikri ilə də şərtlənirdi. Tamaşada kütləvi səhnələr də
illustrasiya kimi deyil, komediyanın ayrıca personajı kimi yaxşı işləyirdi.
Rejissor onları uğurlu şəkildə hadisələrin süjetinə daxil etmişdi, onlar
tamaşanın hər səhnəsində çıxış edirdi. Süleyman səhnəyə çıxanda silahlanmış köməkçiləri
olur, Gülçöhrə ariyasını oxuyanda onun ərtafında fanarlarla rəqs edərək, onun
sevgisinin necə yarandığını göstərir, Əsgər öz sevgisin Gülçöhrəyə etiraf edəndə
isə onları gül-çiçəklə əhatələyərək, sevgi rəqslərinə dəstək olurdular.
Muziklda söz, mahnı, rəqslər, plastika orqanik
şəkildə birləşmişdi ki, bu da Gənclər Teatrında bu janrın yaxşı mənimsənildiyini
göstərirdi. Aktyorlar rəqs edə-edə oxuyur, dialoqlardan xor musiqilərinə
rahatca keçirdilər. Əlbəttə, bütün bunları gənclərin dəqiqliklə ifa etmələri
üçün ciddi hazırlıq tələb olunurdu. Onların ruhlandırıcı oyunları o qədər
enerjili və orqanik idi ki, bu əsərin tərcümə pyesi olmasına inanmaq olmurdu.
Tamaşanın yeganə mənfi cəhəti səhnə tərtibatı
idi. Şərqi Qazaxıstan vilayət Dram Teatrının rəssamı Şota Qoqovadze əsərin bədii
məzmunu ortaya qoya bilməmiş, janr özünəməxsusluğunu tapmamışdı. Belə ki, keçən
əsr üslubunda olan dekorasiya heç cür müasir yozumlu əsərlə səsləşmirdi. Ən
vacib kompanentlərdən olan işıq effektləri çatışmırdı.
Gənclər Teatrı klassik irsə müasir yanaşma
göstərdi, gürcü rejissor Qoça Xviçia isə özünü bütün yaradıcı prosesi
professional şəkildə qurmağa qadir olduğunu sübuta yetirdi.
Gürcü rejissorunun səhnələşdirdiyi, qazax
aktyorları tərəfindən ifa olunmuş, Azərbaycan bəstəkarının "Arşın mal
alan” musiqili tamaşası özündə operetta
üslubunu və müasir şounu birləşdirərək, incəsənətdə həqiqi multikulturalizm
modeli yaratdı. Son olaraq ümid edirik ki, tamaşanın repertuarda ömrü uzun
olacaq və hər dəfə anşlaqla keçəcək, Oskemen Gənclər Teatrı isə öz
axtarışlarını davam edəcək və ölkədə müasir istiqamətdə işləyən istedadlı
truppalardan biri olacaq.
Anar
Erkebay, teatrşünas,
T.Jurgenov
adına Qazaxıstan
Milli
İncəsənət Akademiyasının
dosenti,
sənətşünaslıq namizədi