Biz imzaları yox, əsərləri dərc edirik...

Ağrıların vətəndaş müharibəsi – Tural Turanın şeirləri
778
05 Aprel 2018, 08:28
 Artkaspi.az Tural Turanın şeirlərini təqdim edir: 
 
 

 
 

 
 Qara kostyumlu tabut
 
Yuxuda görürəm ki, ağ gəlinliyin silgi olub, 
silir adını alın yazımdan...
Bir qara kostyumlu tabut mindirir içinə,
fəqət, aparıb basdırmağa yer tapmır...
Çöl-çöl yerişim quruyur nəfəsi quru gecədə.
 
Bilirəm, içində qorxu və şübhələr atışır.
Atəş altında qalmısansa, gözlərimə teleqram vur,
cangüdən göndərim dodaqlarımı.
İki damcı sülhməramlı gözyaşı da göndərə bilərəm,
içində başlamış ağrıların vətəndaş müharibəsinə. 
 
Əlil baxışlarımın əllərindən tutur deyə, 
ürəyim gəlmir ayağı axsaq tənhalığı qovmağa.
Addımlarının tappıltısına bax,
ayrılığın nəbzi vurur. 
Qanın düşmür, qan vermə 
qanaxmadan ölən ayrılığa.
 
Teleqram vur, 
Yavaş-yavaş xoşbəxtliyin qucağında şər qarışır.
Şər qarışanda yuxular oyanır adamlardan,
ağ gəlinliyi götürüb silir 
üstündəki tozlu gecə səhnələrini
 
 
 

 

 
 
  Arzulara keşiş ölən ikisi...
 
Radiolar susar, sən susmazsan gecələri,
Üzündə göz yaşlarına susatdığın bir Allah baxar.
Buxarlanmamışdan hələ, o mamır qoxulu küçələrin,
Aşağısından yuxarı tanrıtanımaz bir yaş axar.
Bax, mən səni o mamırlı tində itirdim, hunay tanrısı;
Əlikəsik bir gecədə, saat üçün yarısı.
 
Sənə dediyim, tikan çıxardığım 
O son söz də yadımdadır hələ, yar;
"Bir körpələrin, bir də yüngül əxlaqlıların
üzündən inandığın Allah baxar”.
Bəlkə də bu sözlərə müvafiq
Hərəmiz ürəyimizdə bir rəqəm tutmuşduq və iki şam...
Səndən sonra bir şeir də yazmışdım o axşam:
 
"O, gedəndə baharın toy gecəsiydi.
Buzbulaq sətirlərin mey gecəsiydi.
Gəlmişdi əlində "Gidiyorum bu”,
Saftrik şamanın key gecəsiydi...”. 
Hər il bu şeirin ildönümündə 
Ah Muhsin Ünlü
Oxuyuram mən də...
 
P.S: 
Səndən sonra xaç ortası hilal kimiyəm,
Arzulara keşiş ölən, bir abbasılıq hambal kimiyəm...