Biz imzaları yox, əsərləri dərc edirik...

Poçt insandan postinsana – Əsəd Cahangir yazır
1039
25 Aprel 2018, 12:21
 Artkaspi.az Əsəd Cahangirin "Poçt insandan postinsana" adlı yazısını təqdim edir:
 
 
 
 

 
   İndi hansı ünvana üz tutaq? Bu suala cavab baxımından qərb düşüncəsinin iki zidd tipi var:
 – Platon tipi;
 – Aristotel tipi.
 Platon ünvanı dünyadan kənarda, Aristotel dünyada axtarır. Yəni Platona görə, bədii fikrin ünvanı ondan kənarda, Aristotelə görə isə onun özündədir.
 
 Söz özü öz ünvanı, şair özü öz predmetinə çevriləndə dalana girir və "sənət sənət üçündür" səfsəfəsinə yuvarlanır – dekadans başlayır. Gerçəklikdən üz çevirən və özündən yazan şairin təklik əzabları, ölüm əndişəsi, ətrafdan narazılığı, öz içini yeməsi, yəni dekadentə çevrilməsi burdan doğur. Məhz realizmə gələ bilməməsi, ictimai hədəflərinin olmaması 90-cı illər şeirində hadisə kimi meydana çıxmasına baxmayaraq, Salamın ikinci nəfəsinin açılmasına imkan vermədi. Çünki dekadans olan yerdə ümumən ikinci nəfəs açılmır, ikinci doğuluş olmur. Nəticədə orijinal bir istedad 90-cı illərin öz fərdi eqosunun təminatından başqa heç nəyi görmək istəməyən, hamıdan və hər şeydən narazı, ərköyün şairi olaraq qaldı. Çünki zərrəsi vardı, küllü yox idi.
 
 
 
 

 Dekadansın kökündə Aristotel məntiqi durur. Ömrünü tənha bir adada zəhər içməklə başa vuran filosofun məntiqi 2000 ildən sonra insanlığı da düşüncə adasına saldı, mənəvi-intellektual zəhər badəsi içmək qorxus ilə üz-üzə qoydu. XIX yüzilin sonu humanitar tarixə Aristotel məntiqi və bu məntiqə söykənən bədii fikrin tənəzzülü kimi daxil oldu. Aydın oldu ki, bu məntiq öz ömrünü başa vurub və gediləsi ünvanı özümüzdə yox, başqa yerdə axtarmalıyıq.
 Ay batanda Gün çıxır və Aristotel məntiqinin süqutu ilə Platon yenidən doğuldu. Platonun fikrincə, gediləcək ünvan dünyanı yaradan və onun fövqündə duran ideyalar aləmidir. Filosofa görə, ideyalar dünyanı sadəcə yaratmır, həm də yaşadır və ideyalar aləmilə əlaqə kəsilsə, maddi dünya badi-fənaya gedər, yəni planetar dekadans baş verər. 
 Üçüncü mövqe – irfan düşüncəsi isə nə ideyaları əsas götürüb, dünyanın üstündən xətt çəkir, nə də dünyanı əsas götürüb, ideyalar aləmini rədd edir. O, orta yolu seçir, zərrə ilə küllü vəhdətdə qavrayır. Uzağa gedib, orta çağ ariflərindən danışmayacağıq. XX yüzil Azərbaycan ədəbiyyatının zirvəsi – "İdeal" (İsa Muğanna) romanı bu düşüncə ilə yazılıb. 
 Qazağın Suqovuşan kəndində əmi öz qardaşı oğlunun sevdiyi qızla evlənir... Ucqar kənddə baş verən adi bir ailə-məişət intriqası dalğa-dalğa böyüyərək milli, bəşəri, kosmik, metafizik miqyaslara çıxır, tarix və kainatla bir olur, damla dəryaya, zərrə küllə qovuşur. Elə bir yerə ki, orda ölüm yox, ölümsüzlük var.
 

 
 "İdeal"ın birinci hissəsi– "Qapalı dünya" fənanı (ölüm), ikinci hissəsi – "Əbədiyyət" isə bəqanı (ölməzlik) işarələyir. Ölməzliyə inam dekadans üzərində qələbədir və bu üzdən "İdeal" təkcə Muğannanın yaradıcılığı yox, ümumən bədii, ictimai və fəlsəfi fikir tariximizə hadisə kimi daxil oldu.
 Şərq dünyanın gündoğanı, qərb günbatanıdır. Şərqdən doğan hər hansı bir təzahürün qərbdə qürubu qanunauyğundur. Şpenqlerin dediyi kimi, "Avropanın qürubu" və onun bədii əksi olan dekadentizm bu ümumi geokulturoloji səbəbdən doğur. Demək, dekadansdan çıxış yolu şərqə – gündoğana qayıtmaqdır. Təsadüfi deyil ki, Nitsşe fövqəlinsana dair fikirlərini şərq müdriki Zərdüştün dili ilə deyir. Rene Genon və Cəmil Meric qərb dünyasını bürüyən mənəvi-intellektual böhrandan çıxış yolunu ilkin şərq ənənəsinin bərpasında görürlər. 
Sula oluna bilər ki, axı, şərqin yetirməsi olan ariflər də gerçəklikdən üz çevirib, inzivaya çəkilir, ölümü böyük səadət bilirdilər. Onda arifin dekadentdən, şərqin qərbdən fərqi nədədir?
 Dekadent üçün ölüm sadəcə yox olmaq, arif üçün isə ölməzliyə qovuşaraq yox olmaqdır. Dekadentin düşüncəsi ancaq fənaya, yəni ölümə qədər getdiyi halda, arifin düşüncəsi fənadan keçərək bəqaya, yəni ölməzliyə çatır. Dekadent üçün ölüm son dayanacaq, arif üçün sonsuzluğa gedən yolda dayanacaqlardan sadəcə biridir. Buna görə irfani düşüncənin şah əsəri "Cavidannamə" (Nəimi), yəni "Ölməzlik kitabı" adlanır. 
 Lakin bu o demək deyil ki, çağdaş yazıçı Nəiminin fikirlərinə bədii illüstrasiya çəkməli, yaxud Nəsimiyə nəzirə eləməli, bir sözlə, hürufiliyə meynstrim yazmalıdır. Muğanna, "İdeal"da, şübhəsiz ki, Nəiminin Allah insan ideyasına əsaslanır, amma onu kserokopiya etmir, çağdaş düşüncəyə uyğun İdeal insan formatına salır. Bu əsərlə ədəbi-bədii fikrimizə daxil olan muğanna anlayışı, əslində, yüzillərlə mövcud olub, sonralar qadağan edilən və tədricən unudulan fövqəlinsanın qayıdışı idi. Təsadüfi deyil ki, yazıçının "İdeal"dan sonrakı əsərlərinin qəhrəmanları telepatiya, teleportasiya, telekinez, levitasiya və sair kimi fenomenal qabiliyyətlərə malikdir. Bunlar homo sapiens yox, xüsusi insan tipinin təmsilçiləri – muğannalardır. 
 Amma zamanın sürəti günbəgün elə artır ki, sözü nəinki Nəimi, hətta Muğanna kimi demək özü də artıq tarixi fakta çevrilib. Son bir neçə on ildə baş verən elmi-texniki sıçrayış insanlıq tarixini bir-birindən radikal fərqlənən iki dövrə bölüb:
 – homo sapiensdən bu günə qədərki olaylar birinci erada qaldı;
 – yeni minillikdən yeni era başlayır.
 İndiyə qədər insan təfəkküründə kəmiyyət dəyişmələri gedirdi, indi keyfiyyət çevrilməsi baş verir. İnsanlığın neçə minillər latent qalmış potensialı bütün mənəvi-intellektual miqyasları ilə açılır. İnsan postinsanla (posthuman) əvəzlənir. Elə bir postinsan ki, dönüb geri baxanda özü özünə poçt qutusunun yanında keşik çəkən avam Novruzəlini xatırladır. Nitsşenin sərt üslubunda desək, meymun homo sapienslə müqayisədə necə gülüncdürsə, insan da postinsana nəzərən elə gülməlidir. 
 Postinsan Aristotel deyən kimi "mən" deyil, amma Platon deyən kimi "başqa"sı da deyil. O bu ikisinin cəmidir, ariflər deyən kimi "başqa mən"dir. Yəni insan nə qədər texnolojiləşsə, öz bioloji varlığından nə qədər uzaqlaşsa da, insan olaraq qalır. Termində "post"la "insan"ın qoşalaşdırılması özü bunu göstərir. 
 Postinsan ölüm məsələsində dekadans, ölməzlik məsələsində irfanla ortaq məxrəcə gəlir. Lakin o, ölümə münasibətdə dekadansdan, ölməzliyə yanaşmada isə irfandan ayrılır:
 – postinsan ölməzliyi fiziki, irfan metafiziki anlamda qavrayır;
 – postinsan bədənin, irfan ruhun ölməzliyindən danışır; 
 – postinsan ölməzliyi bu dünya, irfan o dünyada vəd edir;
 – postinsan ölməzliyin yolunu elm, irfan eşqdə görür;
 – postinsan ölməzliyin qapısını birbaşa, irfan döyərək açır. 
 Bütün dinlər insana cənnət, yəni ölümsüzlük vəd edib və antik dövrdən üzü bəri rəsmi elm həmişə buna qarşı çıxıb. Metafizik paradiqma ortodoksal elm üçün heç vaxt səciyyəvi olmayıb. Postinsanın meydana çıxması ilə elm artıq özü insana cənnət vəd edir, amma axirət yox, bu dünyada.
 Necə, nə dediniz, düzmü eşitdik, insan bu dünyada sonsuzacan yaşayacaq?! Postinsan anlayışının düşüncəmizdə yaratdığı bir az sevinc, bir az vahimə qarışıq radikal inqilabi çevriliş məhz ölməzliyin bu dünyada mümkünlüyü ideyası ilə bağlıdır. Təsəvvür edin ki, bir səhər yuxudan ayılıb, Kafkanın qəhrəmanları kimi özünüzü qeyri-adi durumda görürsünüz. Yox, siz elm aləminə məlum olmayan nəsə əcaib, adam boyda, düşünən həşərata "Çevrilmə"misiniz. Heç vaxt eləmədiyiniz, hansısa metafizik günahlara görə sizi "Məhkəmə"yə də çağırmırlar. Əksinə, sizə deyirlər ki, bu gündən etibarən Adəmdən gələn günahın irsi daşıyıcısı deyilsiniz və ulu babanızın əməlinə görə min illərdən bəri çəkdiyiniz cəzadan – ölüm hökmündən azad edilirsiniz. Çünki siz artıq adam yox, postadamsınız. Bundan sonra cənnətdə yaşayacaq, ölümün nə olduğunu bilməyəcəksiniz! 
 Yeri gəlmişkən, cənnətin bu dünyadakı mövcudluğu ideyasının kökü xristianlığın Yer cənnəti anlayışından gəlir və özünün ilk realizə cəhdini SSRİ-dəki "kommunizm quruculuğu"nda tapıb. Cəmiyyətin şüur səviyyəsini nəzərə almadan zor gücünə həyata keçirilən bu qırmızı layihə uğursuz oldu və əbədi səadət vəd etdiyi insanları tankların altında qoydu. Çünki ciddi elmi bazası yox idi, ideoloji təzyiq, siyasi diktatura, ən yaxşı halda sosial arzuya söykənirdi.
 Postinsan isə elmə əsaslanır və insanın özündən başlayır. O, xəyalpərvər Marks və avantürist Leninin ideyaları kimi özünü cəmiyyətə yuxarıdan diktə etmir, inqilaba ayrı-ayrı fərdlərin öz içindən, onun gen hüceyrələrini cavanlaşdırmaqdan, intellektini dərinləşdirməkdən, yaddaşının tutumunu artırmaqdan, bir sözlə, şüur səviyyəsinin yüksəldilməsindən başlayır. Onun əsas silahı avtomat yox, cərrah bıçağıdır. 
 Bu gün dünya siyasi, fəlsəfi və bədii-estetik fikrinin tanınmış isimləri postinsandan yazır, onun ən yaxın gələcəkdə reallaşacağından bəhs edir, mərhələlərini təyin edir, müxtəlif yönlərini müzakirə edirlər. Bu problemi özünün başlıca araşdırma predmetinə çevirən transformativ antropologiya sürətlə inkişaf edir, nanotexnologiya qocalmış insan hüceyrələrini regenerasiya etməklə ölməzliyə çatmağın mümkünlüyünü nəzəri yöndən sübut edir. Dünyanın müxtəlif ölkələrində postinsanla bağlı monoqrafiya və romanlar yazılır, filmlər çəkilir. İsfəndiyarinin "Sən posthumansanmı?", Kurtsveylin "Fantastik səyahət", Fukuyamanın "Bizim postinsan gələcəyimiz" monoqrafiyaları, Sterlinqin "Sxizmatritsa" romanı, Vaçovskinin "Matritsa" filmi bu sahənin kult əsərləri kimi artıq klassika sayılır.
 Bütün bunlar nə qədər gerçək, nə qədər fantastika, nə qədər pozitiv, nə qədər neqativdir? Bu barədə yəqin ki, ikinci esseni yazmaq lazım gələcək. Amma bir məsələni məhz indi vurğulamağa ehtiyac var. Biz postinsan deyəndə sadəcə, qərbdən idxal olunmuş bir termini yox, həm də şərqdə minillərlə mövcud olan köklü və ardıcıl qnostik ənənəni nəzərdə tuturuq. Bu məsələdə şərqin özü də nəsə mücərrəd, ekzotik məkan yox, ilk öncə Azərbaycan deməkdir. Çünki:
 – Azərbaycan islamaqədərki Yaxın Şərqin mənəvi mərkəzi, Bakı isə onun Kəbəsi olub; "Bakı" və ya onun ilk variantı olan "Bəkə" sözü "Kəbə" sözü ilə eyni kökdəndir, sadəcə, hecaların yeri dəyişib";
 – fövqəlinsan məsələsində Nitsşeyə ilham verən Zərdüşt Azərbaycanda doğulub və fəaliyyət göstərib; Zərdüştün adı, əslində, Azərbaycanla eyni kökdən olan Azərdüşt olub;
 – ən qədim Azərbaycan xalq nağıllarından olan "Məlikməmməd"in əsasında entropik bir məsələ – insandan (ağ qoç-qara qoç) postinsana (simurq) çevrilmə prosesi durur; 
 – dünya ədəbiyyatında ölməzlik axtarışına həsr olunan ilk əsər – "Bilqamıs" ("Hamısını bilən", "Hər şeyi bilən", yəni Allah insan) azərbaycanlıların ulu əcdadları olan şumerlər (şum ərləri, əkinçilər) tərəfindən yaradılıb; 
 – insanın ölümü və ölməzliyi probleminə həsr olunmuş ən fundamental əsərlərdən birini – "İskəndərnamə"ni Azərbaycan şairi Nizami yazıb;
 – Allah insan konsepsiyası, xüsusən də insanın ölməzliyi ideyası dünya fəlsəfi fikrində özünün ən mükəmməl ifadəsini Azərbaycan mütəfəkkiri Nəiminin Bakıda qələmə aldığı "Cavidannamə" əsərində tapıb;
 – Azərbaycan şairi Nəsimi insanın ölməzliyi ideyası uğrunda dabanından soyulub;
 – Azərbaycanın hökmdar şairi Xətai fövqəlinsanın canlı təcəssümü sayılıb;
 

 
 – Azərbaycan yazıçısı Muğannanın "İdeal" romanı insanın ölməzliyi ilə bağlı intellektual ənənələrin nəinki kəsilmədiyini, hətta insan həyatının 72 qəpik olduğu sovet rejimində belə üzə çıxmaq potensialını göstərib;
 Bəzilərinizin bunları oxuyub nə düşündüyünü təxmin edirəm. Düşünürsünüz ki, "Bu yazdıqların hamısı sənin bir azərbaycanlı kimi milli təəssübkeşliyindən irəli gəlir. Sən fəxr edirsən ki, azərbaycanlısan!" Razıyam, doğrudan da, fəxr edirəm. Amma ezoterik bilgilərə yaxşı bələd olan Salvador Dali 1943-cü ildə çəkdiyi "Geopolitik körpə..." əsərində doğulmaq üzrə olan Yeni İnsanın vətəni kimi görəsən, niyə məhz Bakını göstərir?
 Bu o demək deyil ki, azərbaycançılıq sadəcə ictimai-siyasi yox, həm də ciddi ezoterik şərh tələb edən məsələdir?
 Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev cənabları ilə Muğanna arasında on illərlə sürən və qarşılıqlı hörmətə əsaslanan münasibət, ulu öndərin "Nəsimi" filminin ssenarisini məhz ona sifariş verməsi, "Nizami" filmi ilə bağlı Elmlər Akademiyasında baş verən qalmaqalda dövlət başçısının bəzi cahil alimləri yox, müdrik yazıçını dəstəkləməsi, qələm adamları arasında ilk dəfə məhz onu ən yüksək orden – "İstiqlal"la təltif etməsi, görəsən, təsadüf idimi? Bəs, Muğannanın ulu öndəri fenomenal qabiliyyətə malik lider kimi səciyyələndirməsi necə? 
Görünür azərbaycançılığa xidmət edən bu iki muğanna, iki fövqəlinsan istər Azərbaycanın tarixi missiyasını, istərsə də bir-birinin böyüklüyünü gözəl başa düşürdü. 
 Nəhayət, bunlar o demək deyil ki, dekadans bataqlığında çabalayan çağdaş milli bədii düşüncənin qurtuluş yolu azərbaycançılıqdan, o da öz növbəsində postinsandan keçir? Əlbəttə, bütün bu yazdıqlarımız hamını hökmən elmi-fantastik mövzuda yazmağa, insandan daha çox robotu xatırladan, müayinədən daha çox "texsmotra" ehtiyacı olan qəhrəmanlar yaratmağa, milli sterlinqlər, kurtsveyllər, vaçovskilər olmağa çağırış deyil. Söhbət ölüm ruhu üzərində qələbədən, dekadansın dəfindən gedir. Bizcə, bu olduqca ciddi problemin çözümü üzərində düşünməyə dəyər.
Xəbər lenti