Biz imzaları yox, əsərləri dərc edirik...

Ağrıdaraq bərkitdilər ürəyimizi - Sevinc Elsevərin şeirləri
2335
25 May 2020, 07:51
 Artkaspi.az saytı  Sevinc Elsevərin şeirlərini təqdim edir:
 
barı sevimli serial qəhrəmanının həyatı 
qaydasına düşmürdü
ekrandakı qadın da özü kimi  gücsüzdü
özü kimi qorxaqdı
gücü mətbəxdəki bıçaq, çəngəl, qaşığı 
möhkəmdən bir-birinə çırpmağa çatırdı
axşam yeməklərini  hazırlamazdan qabaq 
bıçaqları bir-birinə  hirslə  sürtüb itiləyirdi
dişlərini bir-birinə sıxaraq
 "başını kəsərəm!” – sözləriylə 
uşaqlarının gözü önündə
hər gün  təhdid olunan qadın
 
 
                                              
 Yağış, bülbül və mən
 
yağışın səsinə oyanmışam 
gecə yarısına az qalmış
bülbül səsi  də gəlir
budaqları pəncərəmə toxunan ağacdan 
yağış bülbülü də oyatmış
nəğmə oxuyur indi 
yağışa, ağaca, mənə
və ağlımıza gəlməyən başqa kimsələrə...
yuxum qaçıb 
düşünürəm...
xəyalımdan keçən adamlar
necə soyuq 
necə səssizdirlər
mavi və uzaq ekrandakı kimidirlər
kaş onlara da bu yağışın səsini
bülbülün nəğməsini  duyura bilsəm...
 
 
2020-ci ilin baharı
 
bahar gəlib
ancaq
həyətlərdən evlərə yığışıblar uşaqlar 
uşaqların səsi quşların səsinə qarışardı bir vaxtlar
pəncərəmin altında 
quşlar civildəşirlər arın-arxayın
arabir pəncərəmin qabağına qonurlar
 
qapıları həmişəkindən  möhkəm döyür
tələsik evlərinə qayıdan qonşularım
sanki dallarınca düşüb izləyirlər onları 
qapıları daha möhkəm döyür adamlar
diksinir evlərdə uşaqlar
pəncərələrdə quşlar...
 

 ***
                                     Karantin boyu məktəb pəncərələrində 
                                     qalan güllərə ithaf olunur                   
 
Balaca şahzadələr
tərk edib getdilər gülləri
sinif otaqlarının pəncərələrində
saralıb-soldu  güllər gündən-günə
əvvəl gözlərinin kökü saraldı
yol gözləyə-gözləyə
sonra 
yarpaqları, çiçəkləri, kökləri  saraldı 
koronovirus qurbanı oldular güllər də…
balaca şahzadələrin tez qayıdacağına inanırdılar
"su, su” deyə-deyə qızdırmadan yandılar...
 
 ***
 
bir vaxtlar  sinəmizə bərkidilməmişdi ürəyimiz
kəpənəyin  arxasınca qaça
quşların  ardınca  qanadlana bilirdi
bir çiçəyin qoxusunun dalınca atlanırdı yerindən
sevimli dodaqlardan adımız qopunca
hoppanıb çıxırdı yuvasından 
gözəl musiqilər çalan musiqi qutusu idi ürəyimiz
ona  uzanan pis əllər 
vintini kobudluqla bura-bura 
möhkəmdən  sıxa-sıxa
incidərək
ağrıdaraq bərkitdilər ürəyimizi
elə bərkidi ki
yerindən tərpənə bilmədi
nəğmələri  uçub getdi
sinəmiz yuva yox, qəfəs oldu ürəyimizə
atlanmadı ürəyimiz
nə bir çiçəyə görə
nə uçub nənəmizin dalınca gedən
parübüzən böcəyinə görə...
 
 Ətçəkən maşın
 
pis işləyən  ət maşınıyla 
girinc qalan  qadın
həyatın nə qədər çətin olduğunu düşünür 
qadın olmağın ağırlığını
bütün gün mətbəxdə qurdalanmağının 
ona qarşı haqsızlıq olduğunu
bayırda güllər açmışkən
günəş  torpağı qucmuşkən
dörd divar arasına sıxışıb qalmağını
düşünür acı-acı...
ancaq  hardansa insaf düşür ürəyinə birdən-birə
ətini çəkdiyi heyvana daha
böyük zülm olunduğunu salır yada
utanır əzablarından
səhər qəssabxananın önündə bu heyvanı 
dipdiri gördüyünü xatırlayır bir də
yamyaşıl otlardan kənarda 
boğazından bağlanmışdı yoğun bir kəndirlə
günəş üstünə şəfəq saçırdı  tükənməz  şövqlə...
 
                                                                     
 ***
gah zəlzələ qorxusuyla 
gözünü çilçırağa dikib oturmaqdı
gah eləcə işığa baxmaqdı 
sevgi 
gözlər altını çəkir