Biz imzaları yox, əsərləri dərc edirik...

Anna Qriqoryevna Dostoyevskayanın xatirələri – XII hissə
1319
14 İyul 2020, 10:08
Artkaspi.az saytı Fyodor Dostoyevskinin həyat yoldaşı Dostoyevskaya Anna Qriqoryevnanın xatirələrini təqdim edir:
 
 əvvəli ötən sayımızda
 
 Xoşbəxt nişanlı günlərimiz bizim üçün çox tez keçirdi. Amma başqaları üçün isə günlər adi qaydada davam edirdi: ciddi şəkildə stenoqrafiyayla məşğul olduğumu bəhanə gətirərək heç yerə qonaq getmir, heç kimi qonaq dəvət etmirdim, nə konsertlərə, nə də teatra gedirdim. Bircə A.S.Tolstoyun "İvan Qroznının ölümü” dramının təqdimatından sonra keçirdiyim axşam istisna oldu. 
 Fyodor Mixayloviç bu drama böyük dəyər verirdi. Və onu mənimlə birlikdə izləmək istədi. O, lojaya bilet aldı. Məndən başqa, Emilya Fyodorvnanı uşaqlarıyla, həmçinin Pavel Aleksandroviçi də dəvət etdi. Fyodor Mixayloviçlə təəssüratlarımı bölüşmək nə qədər xoş olsa da, mənə qarşı köklənən insanların yanımızda olmasından sıxılırdım. Emilya Fyodorovna mənə qarşı qərəzini o qədər açıq şəkildə bildirirdi ki, axıra yaxın qanım tamam qaraldı. Bunu da Fyodor Mixayloviç o dəqiqə sezdi. Mənə nə olduğunu soruşdu, yalandan başımın ağrıdığını dedim. 
 Lakin buna baxmayaraq, bu xoşagəlməz axşam kefimə soğan doğraya bilməzdi. Ürəyimdə əbədi xoşbəxtlik hakim kəsilmişdi. Həmişə bir məşğuliyyət tapardım, indi isə qətiyyən heç nə eləmək istəmirdim. Bütün günü elə Fyodor Mixayloviçi düşünür, dünən axşam etdiyimiz söhbətləri yadıma salır, bu gün yenə nə vaxt gələcəyini səbirsizliklə gözləyirdim. O, adətən saat yeddidə, bəzənsə səkkizin yarısında gəlirdi. Gələnəcən stolda artıq samovar qaynayırdı. Qış gəldi. Və mən Fyodor Mixayloviçə görə narahat olurdum: bu qədər uzun yol gəlir, birdən soyuqlayar. Gələn kimi onun üçün tez bir stəkan isti çay süzürdüm. 
 Hər gün məni görməkdən ötrü bizə gəlməyini böyük fədakarlıq kimi qəbul edir, özüm çox istəməyimə baxmayaraq, arada heç olmasa bir gün gəlməməyi üçün dilə tuturdum. Fyodor Mixayloviç isə cavabında bizə gəlməyindən zövq aldığını, mənim yanımda olanda canlandığını, rahatlıq tapdığını deyir və gündəlik gəlməyini ancaq məni narahat etdiyini bildirdiyim zaman təxirə salacağını deyirdi. O, təbii ki, zarafat edirdi. Çünki gəlişinin mənə necə böyük bir sevinc bəxş etdiyini özü də görürdü. 
 Çaydan sonra qədim kreslolarda otururduq. Kresloların arasında müxtəlif şirniyyatlar olan balaca stol vardı. Fyodor Mixayloviç hər axşam Balletdən (onun sevimli qənnadı dükanı) konfetlər gətirirdi. Maddi vəziyyətinin yaxşı olmadığını bildiyimdən Fyodor Mixayloviçdən konfet gətirməməyini xahiş edirdim. O isə kişinin nişanlısına hədiyyələr etməyinin qədimdən qalma gözəl bir adət olduğunu və bunu pozmağın yaxşı olmadığını deyirdi. 
 
 

 Mən də öz növbəmdə Fyodor Mixayloviç üçün süfrə açır, armud, xurma, üzüm qoyurdum. O, bunları çox sevirdi. Həmişə hərəsindən az miqdarda, amma təzə-tər düzürdüm süfrəyə. Mən özüm şəxsən dükanbadükan gəzir, Fyodor Mixayloviçin xoşuna gələ biləcək maraqlı şeylər alırdım. O, çox heyrətlənir və bu cür dadlı şeyləri ancaq mənim kimi şirnisevən bir adamın axtarıb tapa biləcəyinə əmin edirdi. Mənsə onun daha çox şirnisevən olduğunu deyirdim. Və biz heç cür hansı birimizin daha çox günahkar olduğunu qərarlaşdıra bilmirdik.
 Saat on olan kimi Fyodor Mixayloviçi evə getməyə tələsdirirdim. Anamın evi olan ərazi bir az boşluq yer idi. Və mən başına pis bir iş gələcəyindən narahat olurdum. İlk vaxtlarda  Fyodor Mixayloviçə təklif etdim ki, onu dalandarımız ötürsün. O isə bu haqda eşitmək belə istəmirdi. Heç nədən qorxmadığını, kiminsə ona hücum edəcəyi təqdirdə özü də bununla baş edə biləcəyini deyirdi. Onun bu sözləri məni sakitləşdirmirdi. Mən dalandarımıza gizlincə onu döngəyə qədər – yad adamlarla dolu "Slonovaya” küçəsinə qədər ötürməyi tapşırmışdım. O da Fyodor Mixayloviçin xizəyindən on beş-iyirmi addım aralı gedirdi.
 Bəzən  olurdu ki, Fyodor Mixayloviç bizə gələ bilmirdi: ya ədəbi axşamlara, ya da qonaqlığa dəvət alırdı. Belə olan hallarda biz əvvəlcədən sövdələşirdik. Saat birdə mən onun evinə gedir, saat beşə kimi otururdum. Riqqətlə yanında "daha on dəqiqə, on beş dəqiqə” qalmağımı xahiş etməyini və bu sözlərini xatırlayıram:
 – Anya, bir düşün, mən səni düz bir sutka görməyəcəm!
Bəzən olurdu ki, qonaqlıqdan, ədəbi tədbirdən tez çıxır və axşam saat doqquzda, onun yarısında bizə gəlir və deyirdi:
 – Mən məktəbli uşaq kimi qaçdım. Heç olmasa yarım saat bir yerdə söhbətləşərik!
 Əlbəttə ki, həmin gün onu yenidən görməyimə çox sevinirdim. 
 Fyodor Mixayloviçin əhvalı bizə gələndə həmişə yaxşı – şən olurdu. Mən tez-tez onun haqqında eşitdiyim, oxuduğum əfsanələr – onun kobud, qaramat adam olması haqqında əfsanələri düşünürdüm. Yeri gəlmişkən, bu hadisəni xatırladım: bir dəfə stenoqarfiya müəllimim P.M.Olxin barəsində söz düşəndə Fyodor Mixayloviç belə dedi:
 – Yaman qaşqabaqlı adamdır!
 Məni gülmək tutdu.
 – Heç bilirsən Pavel Matveyeviç səninlə görüşəndən sonra mənə nə dedi? Dedi ki, sizə Dostoyevskiylə birgə iş təklif edirəm, amma bilmirəm o cür qaşqabaqlı adamla necə yola gedə biləcəksiz!” Bax sən də indi onun haqqında eyni fikri deyirsən. Əslinə qalanda isə, heç biriniz qaşqabaqlı, kobud deyilsiniz. Sadəcə belə görünürsünüz. 
 
 

 –  O vaxt Olxinə nə cavab vermişdin? – Fyodor Mixayloviç maraqlandı. 
 – Mən dedim: Dostoyevskiylə yola getmək nəyimə lazımdır ki? Mən ancaq işimi ən yüksək səviyyədə yerinə yetirmək haqqında düşünürəm. O ki qaldı Dostoyevskiyə. Ona hörmətim o qədər böyükdür ki, hətta qorxuram da!”
 – Hə, Olxinin sözlərinə baxmayaraq, biz səninlə yola getdik. Və bu yol bizim əbədi həyat yolumuzdur. Elə deyilmi, Aneçka? – Fyodor Mixayloviç mehribanlıqla mənə baxaraq soruşdu.
Fyodor Mixayloviçin bizə şən əhvalda gəldiyi kimi, mən də həmişə şən və söhbətcil olurdum. Səsim zəng kimi cingildəyir, hər kiçik bir şeydən ötrü gülürdüm. Fyodor Mixayloviçsə əllərini yelləyərək zarafatyana deyirdi:
 – İlahi, bu cür uşaqla mən nə edəcəm axı? Hanı o evimə stenoqrafiyadan ötrü gələn ciddi, ağırtəbiətli qız? Onu kimsə dəyişib!
 Mən o dəqiqə qamətimi düzəldir və onunla nəsihətverici tonda danışırdım. Söhbət ikimizin də ürəkdən gülməyiylə yekunlaşırdı. 
 Amma hər zaman da belə şən ola bilmirdim. Fyodor Mixayloviçin "gənc görünən qoca” roluna girməyindən xoşum gəlmirdi. O, saatlarla "Əminin yuxusu” əsərindəki qoca knyazın dilindən danışa bilərdi. Çox maraqlı və orijinal fikirlər desə də, bu cür söhbətlər mənə toxunurdu. Söhbətin mövzusunu dəyişirdim. 
Bu xoşbəxt ötən üç ayda daha nələrdən danışmamışdıq?! Mən Fyodor Mixayloviçdən uşaqlıq, gənclik, mühəndislik məktəbi, siyasi fəaliyyəti, Sibirə sürgünü, ordan qayıdışı haqqında hər şeyi ətraflı soruşurdum. 
 – Sənin haqqında hər şeyi bilmək istəyirəm, – deyirdim mən, – sənin keçmişini görmək, ruhunu, qəlbini anlamaq istəyirəm!
 Fyodor Mixayloviç xoşbəxt, rahat ötən uşaqlığını həvəslə xatırlayır, anası haqqında coşquyla danışırdı. Ən çox da böyük qardaşı Mişa və böyük bacısı Varenkanı sevirdi. Kiçik bacı-qardaşları onun ürəyində böyük təəssürat buraxmamışdılar. Fyodor Mixayloviçi gənclik əyləncələri barədə sorğu-suala tuturdum. Xatirələrinə nəzər salanda belə anlaşılırdı ki, gəncliyində heç bir qadınla ciddi, qaynar sevgi yaşamayıb. Bu mənə çox qəribə gəldi. Bunu özümə zehni fəaliyyətə çox gənc yaşından başlaması ilə izah edirdim. Yaradıcılıq onu tam olaraq özünə çəkib və bu səbəbdən də şəxsi həyatı ikinci plana keçib. Sonradan da özünü ağır cəzasını çəkidiyi siyasətə verib.
 Dünyasını dəyişən arvadı haqqında da sorğu-sual etməyə cəhd göstərdim. Lakin onu xatırlamağı sevmirdi. Maraqlıdır ki, ailəli olduğumuz illər ərzində də Fyodor Mixayloviç Mariya Dmitryevna haqqında heç vaxt danışmırdı. Cəmi bircə dəfə Jenevada olanda danışıb, onu da vaxtı gələndə danışacam. 
 Nişanlısı A.V.Korvin-Krukovskayanı həvəslə xatırlayırdı. Toylarının niyə baş tutmadığını soruşanda Fyodor Mixayloviç belə cavab vermişdi:
 – Anna Vasilyevna həyatımda rast gəldiyim ən yaxşı qadınlardan biridir. O çox ağıllı, inkişaf etmiş, ədəbi savadlı və gözəl ürəyə sahib bir xanımdır. Çox yüksək mənəvi keyfiyyətlərə malikdir. Lakin onun düşüncələri mənimkilərin tam əksinədir. Mənə bunu güzəştə gedə bilmir, o da belə düzgün insandır. Buna görə də bu nikah çətin ki, bizə xoşbəxtlik gətirərdi. Ona verdiyim sözü geri götürdüm, səmimi qəlbdən ona özü kimi düşüncəli bir adamla qarşılaşıb xoşbəxt olmağı arzu etdim.
 Fyodor Mixayloviç bütün qalan ömrünü Anna Vasilyevnaya qarşı çox gözəl münasibətdə oldu və onu özünün sadiq dostu  hesab etdi. Toyumuzdan altı il sonra Anna Vasilyevnayla tanış olduq, dostlaşdıq və bir-birimizi çox sevdik. Fyodor Mixayloviçin onun barəsindəki fikirləri – çox ağıllı, yüksək mənəvi keyfiyyətlərə və gözəl ürəyə malik olması fikirləri tam doğru imiş. Amma bundan da daha doğru fikir onların bir yerdə  xoşbəxt olmasının mümkünsüzlüyü idi. Anna Vasilyevnada hər bir ailədə, xüsusən də, Fyodor Mixayloviç kimi xəstəlikdən sonra qıcıqlı olan bir adamla yaşamaq üçün çox vacib olan güzəştə getmək qabiliyyəti yox idi. Bundan başqa da, o həddindən artıq siyasi mübarizəylə maraqlanırdı. Ailəyə diqqət ayırmağa vaxtı yox idi. İllər keçdikcə o da dəyişildi. Və yadımdadır ki, o çox gözəl həyat yoldaşı, çox gözəl ana olmuşdu.
 A.V.Korvin-Krukovskayanın taleyi yaxşı gətirmədi. Fyodor Mixayloviçdən ayrılandan sonra o xaricə  gedib, orada özüylə siyasi görüşləri eyni olan Jaklar adlı bir fransızla tanış olub. Ona aşiq olub və ailə qurublar. Paris kommunası dövründə Jaklar ən qatı kommunar kimi edam olunanların siyahısında idi. Almaniya sərhədindəki qəsrlərdən birində saxlanılırdı. Anna Vasilyevnanın atası bir adam tapıb, iyirmi min frank rüşvət verərək ona Almaniyaya qaçmağa şərait yaradıb. Sonra Jaklar-Korvin (əcnəbi adətə görə arvadının soyadını öz soyadına birləşdirmişdi) ailəsiylə birlikdə Peterburqa köçüb. Orada qızlar gimnaziyasında fransız ədəbiyyatından dərs deməyə başlayıb. Jaklar Annayla çox xoşbəxt, mehriban yaşasalar da, vətənindən ötrü darıxırdı. Bu da Annanı çox narahat edirdi. Tezliklə maddi vəziyyətləri də pisləşdi: Anna Vasilyevnaya cehiz qismində verilən pulu o dövriyyəyə buraxdı və uğursuzluqdan bir neçə ildən sonra ancaq Anna Vasilyevnanın böyük pula girov qoyulmuş adadakı evi qaldı. Bir o qədər sağlam olmayan Anna Vasilyevnaya bu müflislik elə pis təsir etdi ki,  bərk naxoşladı. Həmin vaxtlarda artıq vətənə qayıtmaq hüququ qazanan əri onu Parisə apardı. İşlərlə əlaqədar olaraq tez-tez Peterburqa gəlməli olurdular. Ölümündən öncə keçirdiyi xəstəlik vaxtı K.P.Pobedonostsevin vasitəsilə Anna Vasilyevnanın bir işinə yaraya bildim. Siyasi bədxahlığa görə iki günə paytaxtdan çıxarılacaq əri üçün işlərini sahmana salmaq, xəstə arvadını və oğlunu xaricə yola salmaqdan ötrü möhlət əldə edə bilmişdim. Anna Vasilyevna 1887-ci ildə Parisdə dünyasını dəyişdi.
 
 Ardı var...
Rus dilindən tərcümə edən: Xanım Aydın