Biz imzaları yox, əsərləri dərc edirik...

Anlayıram ki, söz taleyimdir – Elnaz Eyvazın müsahibəsi
566
11 Dekabr 2017, 14:06
  artkaspi.az Elnaz Eyvazın müsahibəsini təqdim edir:

  – Şeirlərinizi oxuduqda diqqətimi "Adam” xitabından tez-tez istifadə etməyiniz çəkdi. Əslində, belə müraciət forması bizim dilimizdən çox Türkiyə türkcəsinə xasdır. Onların bu ifadəsi dilimizdəki "kişi” sözünün qarşılığıdır. Bu baxımdan yaradıcılığınıza Türkiyə poeziyasının təsiri olubmu?
  – Qətiyyən. Desəm ki, mütəmadi olaraq Türkiyə poeziyasını izləyirəm, yalan olar. Ancaq sevdiyim şairlər və şeirlər var.  Bu yaxınlarda bir status da yazmışdım ki, əgər məndən yazdıqlarımı təhlil etməyimi istəsələr, yazardım ki, böyük hərflərlə ADAM və QADIN onundur. Artıq neçənci dəfədir mənə deyirlər ki,  "Adam” və "Qadın” dan bir obraz kimi heç kəs sənin qədər çox istifadə etmir. Mən "Qadın” adlı hekayəmdə də qadın obrazına ad verməmişəm. Əlimdəki yarımçıq hekayələrimdə də eyni hal müşahidə olunur. Bunu bacarmamaq kimi qəbul etməyin, sadəcə içimdən belə gəlir. 

  – Deməli, bu obrazları ümumiləşdirirsiniz...
  – Bəhs etdiyim adam böyük hərflə yazılacaq ADAMdır.

  – Türkiyə şairi Didem Madak müsahibələrindən birində qeyd edir ki, həyatımda qadın olmaqla bağlı aydınlaşdıra bilmədiyim məqamlar var. Bütün bunlar yoxmuş kimi kitabi şeirlər (şeirin nəzəri qayda-qanunlarına uyarlı – A.Q.) yaza bilmərəm. Şeirlərim ütüsüz və qırışmış ruhumun parçasıdır. Bir qadın şair olaraq sizin ruhunuz necədir, "ütüyə” ehtiyacı varmı? 
  – Ruh tutula biləcək bir şey deyil ki, onu tutub ütüləyə bilim. Ruhum didərgindir, onu idarə edə bilmirəm. İlk kitabımdakı şeirlərim dediyiniz o nəzəri qayda-qanunlar baxımından tam uyğun, qüsursuzdur. Amma o şeirlərimdə də özümü məcburən bir qəlibə salmamışam, sadəcə özümü "qayda-qanun”lar çərçivəsində ifadə etmişəm, baxmayaraq ki, bu, daha çətindir. Mən qətiyyən düşünmürəm ki, necə yazsam, duyğularımı, fikirlərimi oxucuya daha yaxşı çatdıraram.  Çünki sözün qəlibi olmur. Hərdən hekayə yazanda belə əl saxlayıb şeirə keçirəm. Sanki belə dincəlirəm. Elə zənn edirəm ki, dadlı bir qəhvə içib yorğunluğumu çıxarmışam. Ümumiyyətlə, yazı ruhumun istirahətidir. 

  – "İndi yaşamağın yollarını axtarmıram, düşünürəm, yaşadıqlarımı necə unudum?!” yazırsınız. Maraqlıdır, unutmağın resepti varmı?
   – Yox, yoxdur. Bir şeyi yaşamısansa, necə unuda bilərsən? Ola bilər, tarixlər, ya da rəqəmlər yaddan çıxsın, sadəcə yaşananları unutmaq mümkünsüzdür. Demirəm ki, xatırlamaq xoşdur, ya da istəyərək xatırlayırsan. Amma mən ən azından xatırlamamağa çalışıram. Bunu da ki yaxşı bacarıram... Həyat davam edir, keçmişi xatırlamağa zamanım yoxdur. Hədəflərim qabaqdadır... 
 

 
  – Şeirlərinizdəki poetik obrazdan "arxam”, "dayağım”, "güvənim” kimi söz etmisiniz. Deyəsən, şair kimi bir qədər azad təsir bağışlasanız da, əks cinsin sizə arxa-dayaq olmasına ehtiyacınız var. Düzmü müşahidə etmişəm?
  – İnsanın insana hər zaman ehtiyacı var. Çünki həyatın müəyyən bir dönəmində hiss edirsən ki, yükü tək daşımaq ağırdır. Burada məsələ maddi və fiziki asılılıqdan getmir, əsla. Maddi baxımdan başqasından asılı olmağı heç vaxt sevməmişəm. Deyirlər, insan öz taleyini beynində proqramlaşdırır, niyyətin hara mənzilin ora məsələsi. Buna görə hərdən düşünürəm ki, Tanrı da bu dərəcədə güclü xarakterdə olmağımı görüb yükü üzərimə atdı ki, "çək”. Mənim İnsandan asılılığım ruhi-mənəvi asılılıq, ehtiyacdır. Mən bir kəlmə sözün təsirindən bir dünya yükü qaldıra bilirəm, ruhum oxşananda gözümə heç bir çətinlik görünmür, özümü dünyanın ən güclü Qadını hiss edirəm.  

  – "Məhbus” hekayənizi oxuduqda bir məqam mənə qeyri-təbii gəldi. Ana uşaqlarının yarıtox olduğunu bilə-bilə onların heç dadmadığı yeməkləri həbsdəki həyat yoldaşına aparır. Bəlkə də, məsələyə çox sentimental yanaşıram. Bir ananın belə hərəkəti nə qədər ağılabatandır?
  – Düzdür, hekayədəki qadın mən deyiləm, amma mən də o vəziyyətdə eyni hərəkəti edərdim. Çünki uşaqlar yanımdadır, bu gün də olmasa, sabah mən onlara o  yeməkləri yedirə bilərəm. Amma uşaqların atası həbsdədir, mənim isə sadəcə ayda bir dəfə yanına getməyə imkanım varsa, əlbəttə ki, belə edərdim. Və baxır həbsdə hansı səbəbdən yatır. Ləyaqətini itirməyən, əqidəsindən dönməyən kişi üçün ac qalmağa da dəyər.

  – Bir az da müəllimlik fəaliyyətinizdən danışaq. Müsahibələrinizdə tez-tez səbirsiz olduğunuzu qeyd edirsiniz. Bəs bu baxımdan müəllimə kimi şagirdlərlə işləmək sizə çətin gəlmir?
  – Əvvəl-əvvəl çətin olurdu. Artıq 18 illik pedaqoji təcrübəm sayəsində özümü ələ ala bilirəm. Bunun da çıxış yolu qarşımdakı şagirdi övladım kimi görməkdir. Çünki insan nə qədər səbirsiz də olsa, övladının hər hərəkətinə dözür. Sevginin açmadığı qapı yoxdur. Mən onlara özgə balası kimi deyil, öz balam kimi yanaşıram.
 


  – Pedaqoq kimi qızların məktəbdən yayındırılması meylləri ilə bağlı nə deyə bilərsiniz? Mirzə Cəlilə, Sabirə dərd olmuş problemlər XX əsrdə də qalırmı?
  – Təəssüf ki, qalır. Elmin bu qədər inkişaf etdiyi dövrdə belə nadanlığı, cahilliyi heç bir vəchlə qəbullanmaq olmur. Bizim dərdimiz böyükdür, çünki kişilərdən əvvəl elə qadınların özləri göz-bəbəkləri kimi qoruyub saxladıqları "adət”ləri miras kimi nəsildən-nəslə ötürürlər; analar qızlarının daha çox dörd divar arasında böyüdüb "ərə” hazırlayırlar. Qadınlar özlərinə qarşı təzyiqləri belə olmalıymış, bu, təbii halmış kimi başlarını aşağı salıb qəbul edirlər. Qadın güclü, elmli, ağıllı olanda çətinliklərin öhdəsindən gəlmək asan olur. Hətta ən güclü kişilərin də belə Qadınlara ehtiyacı var.
 
  – Bəs belə köklü bir problemin qarşısını necə ala bilərik?
  – Mən bir müəllim olaraq, yazar olaraq nələrsə etməyə çalışıram. Amma bilirəm ki, bu yazıları oxuyanlar elə bizim kimi düşünənlərdir, əsas xitab etmək istədiyim təbəqənin heç xəbəri də yoxdur bu mətnlərdən. Bu məqamda bir məsələni də qeyd edim ki, bu cür ailələrdə böyüyən uşaqlara təsir etmək çox çətin məsələdir, Çünki mən nə qədər maarifləndirsəm də, evdəki mühit, düşüncə ortamı başqadır axı. Sən belə deyirsən, məsələn, anası belə. Bir dəfə məktəbdə uşaqlarla söhbət əsnasında demişdim ki, Qarabağ təkcə qarabağlıların deyil, Vətən hamımızındır, ora da Vətənin bir parçasıdır. Səhəri gün oğlanın bir gəldi ki, müəllim, dünən atamla dava eləmişəm, günahdır? Dedim, niyə? Dedi, axşam xəbərlərdə deyildi ki, atəşkəs pozulub. Mən də dedim, böyüyüb gedib Qarabağı alacam. Atam da dedi ki, Qarabağı qarabağlılar alsın, sən niyə alırsan? Mən də mübahisə etdim, dedim, Vətən hamımızındır! Qucaqlayıb öpdüm uşağı, dedim, qorxma, günah deyil! Ürəyim dağa döndü.

  – Müsahibələrinizin birində sevginizi çatdıra bilməməyinizdən, "quru adam” olmağınızdan söz açmısınız. Bəs sizin üçün şeir sevgini çatdırma vasitəsi deyil?
  –  Əslində, bunun üçün şeir elə ən gözəl vasitədir, mən də duyğularımı daha çox şeir vasitəsi ilə çatdırıram. Tez-tez qızıma onu sevdiyimi deyirəm. Çünki onun ayaq üstə dayanması, güclü olması üçün bu etirafı dilimdən eşitməyə çox ehtiyacı var. Necə ki zamanında, elə indi də mən öz valideynlərimdən eşitmişəm, hələ də onlardan aldığım sevgini ətrafımdakılara, həyatımda yer alan insanlara ötürürəm. Bir dəfə qızım şıltaqlıq edib: "Ana, məni sevirsən?” sualını verdi mənə. Dedim, bu nə sualdır, bilmirsən ki sevirəm, ya yox? Cavab verdi ki, ana, adam əmin olduğunu hərdən eşitmək də istəyir. Həqiqətən, insan elə məxluqdur ki, sevilməyə və gözəl sözlər eşitməyə hər zaman acdır. Şeir bu işdə mənim dadıma çatır.

  –  Ana və qadın şair kimi analıq instinkti, yoxsa yaradıcılıq qanunları daha çox önəm kəsb edir sizin üçün?
  –  Analıq da, yaradıcılıq da Tanrı tərəfindən verilən, lakin hamıya qismət olmayan müqəddəs bir yükdür. Mən bu iki gözəl, həm adamı xoşbəxt edən, həm də müəyyən mənada əzab verən yükün  məsuliyyətini bütün varlığımla dərk edirəm. Tamamilə pafossuz deyirəm ki, şeirlərim də mənim övladlarımdır. Əlbəttə, ana övladı üçün lazım gələrsə, hər şeydən imtina edə bilər. Məndə də belə məqamlar olub ki, övladıma görə: "indi belə lazımdır,” – deyib yazmağı bir kənara qoymuşam. Ancaq zamanla dərk etmişəm ki, yazmasam, yaşaya bilmirəm, mövcud oluram sadəcə. Demirəm ki, böyük ədəbiyyat yaradıram, mən olmasam, söz sənəti itkiyə uğrayar. Sadəcə, anlayıram ki, Söz taleyimdir və mən bunu yaşamaqdan zövq alıram. Əzabından da, səfasından da. Elə övladım kimi.
 
  Söhbətləşdi: Aytac Quliyeva