Biz imzaları yox, əsərləri dərc edirik...

Ankara Kitab Yarmarkasının hazırlıqları
203
14 Fevral 2018, 16:26

  XII Ankara Kitab Yarmarkasının hazırlıqları başa çatıb. Cari ilin fevral ayının 16-dan ziyarətçilərin ixtiyarına veriləcək sərginin bütün stendləri hazırdır. "Eylül Fuarcılık” şirkəti tərəfindən təşkil edilən yarmarka "ATO Congresium”-da baş tutacaq. Yarmarkanın rəsmi dəstəkçiləri Türkiyə Təhsil Nazirliyi, KOSGEB, İLESAM və Avrasiya Yazarlar Birliyidir. Bu il on ikinci dəfə keçirilən tədbirdə 300-dən çox nəşriyyat, kitab evi və vətəndaş cəmiyyəti nümayəndələri təmsil olunacaq. Fevral ayının 26-na kimi davam edəcək sərgidə müsahibə, şeir panelləri, qiraət saatları daxil olmaqla 1000-dən çox tədbir reallaşdırılacaq. 
 

 
  Yarmarkanın builki fəxri qonağı kino tənqidçi, publisist Atilla Dorsaydır. Dorsay əvvəl də 33-cü İstanbul Beynəlxalq Kitab Yarmarkasının fəxri qonağı olub. Yaradıcılığının 52-ci ildönümünü 52-ci kitabı "O gözəl atlara minib gedənlər”-lə qeyd edən Dorsay açılış günü çıxış edəcək. Fevralın 17-sində isə kitabını təqdim edib sualları cavablandıracaq.
  Yarmarkanın beynəlxalq qonağı isə rusiyalı jurnalist, elmi-bədii roman müəllifi Dmitri Qlukovskidir. 26 dilə tərcümə olunub, 3 milyon nüsxədən çox satılan "Metro 2033” romanı ilə dünyaya səs salmış Qlukovski müsahibə verib, qiraət saatı təşkil edəcək. 
  Ankara Antik Əşyalar Festivalı ilə birlikdə təşkil edilən yarmarka kitabların gücünü kəşf etmək üçün xüsusi bir proqram və on mindən çox adda kitabla ədəbiyyatsevərlərə xidmət göstərəcək. Tələbə, müəllim və fiziki məhdudiyyətli insanlara giriş pulsuzdur.
  Hazırladı: Elcan Salmanqızı
Xəbər lenti