Biz imzaları yox, əsərləri dərc edirik...

Anasının qarnında öyrənmək – Niyə belə deyirik?
1611
25 Aprel 2018, 09:00
  Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik kitabından bəzi parçaları təqdim edir:

 
 
 

  Anasının qarnında öyrənmək
 
  Bu ifadə məcazi mənada çox kiçik yaşında, lap körpə ikən bilmək, xəbərdar olmaq mənasında işlənir.
Dini ifadədir. Guya İsa Peyğəmbər anasının qarnında ikən Tövratı və İncili öyrənmişdi.
  Türk xalqlarının ulu babası əfsanəvi Oğuz haqqında rəvayətlərdən birində göstərilir ki, o hələ anasının qarnında Allahın adını öyrənib zikr edirdi.
  İfadə ədəbi-bədii dilimizdə müxtəlif şəkillərdə işlənir. Ə.Vəliyevin "Budağın xatirələri” romanında deyilir: "…Bəylər məsul vəzifələri idarə eləməyi analarının qarnında öyrənməmişlər”.
  C.Cabbarlının "Sevil” pyesində belə bir dialoq vardır:
  "Balaş: …Sən Allahın boş bir yerişini yeriyə bilmirsən, danışanda dilin dolaşır, bir süfrə düzəltməyi bilmirsən, Allahın bir portağalını soya bilmirsən…
  Sevil: Balaş… sən məni bir yerə çıxarmırsan. Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan, bir yol bilmərəm, iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm. O biriləri, hələ bu şəkildəki arvad, bildiklərini anasının qarnından gətirməmişlər ki”.