Biz imzaları yox, əsərləri dərc edirik...

Anarın kitablarını yandıranlara – Gülnar Səma yazır
1970
23 Fevral 2018, 17:31
  "Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
   Min kamalın şöhrətidir, min ürəyin arzusu...” 
  Bu sətirlər Səməd Vurğunun "Yandırılan kitablar” şeirinin ilk misralarıdır. Şeir ötən əsrin ortalarında Təbrizdə və bir sıra şəhərlərdə türkün böyük keçmişinə təcavüz nəticəsində yandırılmış kitablara həsr edilsə də, təəssüf ki, XXI əsrdə də öz aktuallığını  itirmədi. Oxşar taleni böyük yazıçımız Anarın kitabları da yaşamaq məcburiyyətində qaldı. Amma bu dəfə hadisəni törədənlər yadellilər yox, yadəllilər oldular. Həmin kəslər S.Vurğunun kitablar haqqına söylədiyi dəyərli "Biz köçürük bu dünyadan, onlar qalır yadigar...” sətirlərini unutdular. 
 

 
  Bu danılmaz faktadır ki, nə qədər əks-təbliğat aparsalar da, Anarın əsərləri Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Əgər kimsə "anlamaq dərdi”nin nə olduğunu bilmirsə, bu onun öz problemidir. 
  Necə olur ki, Anar o cür əsərlər yazıb öz milli dövlətçilik mövqeyini nümayiş etdirəndə susanlar, indi Yazıçılar Birliyinin ortaya qoyduğu mövqeyə görə qeyri-insani hərəkət edirlər? Onlar niyə unudurlar ki, Anar müəllim ən kəskin ictimai-siyasi dövrlərdə belə, konkret milli mövqe nümayiş etdirib. Ən yaxın tariximizin həqiqətlərini yazıçının öz fikirləri ilə xatırlayaq: "Qara Yanvar gecəsinin ertəsi günü ziyalıların təşəbbüsüylə Akademiyanın binasında çağırılmış iclası mən aparırdım. Elə həmin gün Bəxtiyar Vahabzadənin radio ilə çıxışından sonra toplanan Ali Sovetin bütün gecə davam edən iclasında iştirak və çıxış etdim, dünya ictimaiyyətinə müraciət yazıb xitabət kürsüsündən səsləndirdim. Həmin mətni daha da genişləndirərək rus dilində "BEDA” ("Müsibət”) adlı publisistik yazımda 20 Yanvar gecəsinin bütün dəhşətli təfərrüatını qələmə almağa çalışdım və bu mətn Akademiyadakı faksla SSRİ xalq deputatlarının bir çoxuna və respublikaların Yazıçılar ittifaqlarına göndərildi. Bu mətn "Çernıy yanvar” ("Qara yanvar”) kitabında, habelə Fransada və İranda dövrü mətbuatda çap olunub, mənim "Şəhidlər dağı” və "Noçnıe mısli” kitablarıma daxil edilib. Qara Yanvarın ildönümü dolayısıyla yazdığım "Şəhidlər dağı” adlı geniş yazımda da o məşum günlərin bir çox təfsilatını, düşüncələrimi və keçirdiyim duyğuları ifadə etməyə çalışmışam”. ("Əsrin nəsri” 2010, səh. 401)
 

 
  Çox ağrılı bir sual insanın düşüncələrini zəbt edir: Görəsən, o yandırılan kitablar içərisində sitatda adları çəkilən əsərlər də varmı? Əgər varsa, o cür əsərləri məhv etməkdə o məhvedicilərin əsl məqsədi nədir?! Ümumiyyətlə, onlar Anarın hansı əsərini yandırılmağa layiq bildilər ki? Görəsən, heç düşünüblərmi ki, Makedoniyalı İsgəndər də atəşpərəstliyin müqəddəs kitabı "Avesta”nı yandırmaq əmri verib. Amma tarix bu kitabı bəşəriyyətin beynindən silə bilmədi. İsgəndər boyda fatehin izini sildirmək istədiyi bir kitab əbədi yaşam qazandısa, o zaman sıradan insanların yox etmək istədikləri kitabların əbədiyaşarlılığına heç bir şübhə qalmır. Bunu müəllifin özünün hadisəyə münasibətini açıqladığı müsahibələrindən də sezmək olur: "Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram. Belə bir cəmiyyətin yolu çox təhlükəlidir. Kitab yandırılmağına qalanda, bilirsiniz də, Almaniyada Tomas Mannın, Haybedin, Langerin, Freudun kitablarını yandırmışdılar. Elə bir cərgədə olmaq... Adam fəxr edir ki, sənin də kitablarını belə bir adamların kitabları ilə bir yerdə yandırırlar”. 
  Bu hadisəni nə qədər qınasaq da, müəllifin də qeyd etdiyi kimi, fəxr edilməli tərəfi də varmış. O insanlara qarşı mübarizə aparılar ki, onların qalibiyyəti birmənalı şəkildə qəbul edilər. Anar müəllimi də hədəf seçənlər həmin kateqoriyaya aid olanlardır. Onlar istəsələr də, istəməsələr də yazıçı Anarın əsərləri hələ gənclik illərindən bədii gücünə görə daim diqqət mərkəzində olmuşdur. Əksər ali təhsil ocaqlarında Anarın əsərləri diplom işi, magistr işi kimi işlənilməklə yanaşı, fəlsəfə və elmlər doktorluğu üçün də tədqiqat mövzusu seçilmişdir. Bu heç kimin dayandırmaq əzmində olmadığı bir ədəbi prosesdir. Layiqli əsərlər həmişə istinad nöqtəsi və tədqiqat mövzusu olacaqlar.
 

 
  Bununla yanaşı, müasir Azərbaycan ədəbiyyatının dünyada təbliği yükünü də Anarın əsərləri öz çiyinlərində daşıyır. Türkün mədəniyyətinin dünya mədəniyyəti tarixində "Yaşamaq haqqı” olduğunu bəyan edir. Belə olan halda, həmin əsərlərə qarşı edilmiş hörmətsizlik öz milli dəyərlərinə qarşı edilmiş hörmətsizlik deməkdir. Buna görə də Anar müəllim onlara anlayacaqları dildə ismarışını da çatdırıb: "Amma mən istəmirəm ki, bu kitab yandıranlar məhkəməyə düşsünlər. Ona görə ki, məhkəməyə düşsələr, yenə mənim üstümə gələcəklər ki, amandır, müraciət edin, bizi qurtarın!” 
  Dəfələrlə şahid olmuşuq ki, Anar müəllim heç kəsin cəsarət edib müdafiə etmədiyi şəxslərin bəraəti üçün yüksək dairələrə müraciət edib. Bu şəxslərin içərisində nəinki yaradıcı insanlar, hətta siyasətlə məşğul olanlar da olub. Anar müəllimin bu əməlinə də hörmət etməyə borcluyuq. 
  Onun kitablarını yandırmaq  həm də özünü reklam kimi anlaşıla bilər. Yəni diqqəti çəkmək üçün seçilmiş bir üsul. Bu da bütün tarixi dönəmlərdə iflasa uğramış hərəkətdir. Hələ indiyə kimi həmin işlə məşğul olmuş şəxslərin heç biri haqq qazandırılaraq yad edilmir. Onlar məhv etmək istədiklərini daha çox sevdirmiş olurlar. Elə Səməd Vurğunun söylədiyi kimi:
  Yandırdığın o kitablar alovlanır... Yaxşı bax!
  O alovlar şölə çəkib şəfəq salır zülmətə...
  Şairlərin nəcib ruhu məzarından qalxaraq,
  Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
  O alovlar şölə çəkib şəfəq salır zülmətə...