Biz imzaları yox, əsərləri dərc edirik...

Allahdan yox, qadından qorxan professor – Nizaməddin Şəmsizadə
2439
21 Fevral 2018, 12:31
 Artkaspi.az filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadədənin müsahibəsini təqdim edir:
 
 


  Yeyib-içən insandır. Deyir ki, insan həyatda 3 məqamdan ləzzət almalıdır: Öz peşəsini bilmək, yaxşı yeyib-içmək və sevmək. Elə özü də şən, davakar, yeyib-içən nəslin nümayəndəsidir.
 Müsahibimiz filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadədir. 
 Birlikdə, həmsöhbətimizin uşaqlıq, gənclik illərinə boylandıq.
 
  "Dalaşmağa adam tapmayanda bir-birlərini döyürdülər”
 
 1954-cü ildə Qubanın İspik kəndində anadan olub: "Rəyimi soruşmadan, ağlaya-ağlaya bu fani dünyaya təşrif buyurmuşam. Atam Şəmsəddinin nəsli 4 böyük soyaddan ibarətdir: Babayevlər, Talıbovlar, Bəybalayevlər, Əlixanovlar. Bizim tayfanı Abbasqulu ağa Bakixanov dalaşqan tayfa adlandırıb. Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”.
 
  "Oxumasa nökər olacaq”
 
Valideynləri orta təhsilli olsa da, müsahibimiz ziyalı nəslin nümayəndəsi olub. Deyir ki, xüsusilə dayısı onun oxuyub təhsil alması üçün çox çalışıb: "Yadımdadır, hər dəfə babamgilə gedəndə, süfrədə dayım çayı qabağımdan çəkib sual verərdi. De görüm, kolxoz nədir, sovxoz nədir? Suala cavab verdikdən sonra çay içməyə icazə verirdi. Dayıdostum əsəbiləşirdi ki, uşağın çayını zəhərə döndərmə!  Dayım isə "qoy oxusun, oxumasa nökər olacaq” deyərdi”.
 
 
 

 
  "Kənddə uşaqların paltosu olmadığı üçün paltomu gizlədirdim”
 
 Kasıb ailədə böyüməyib. Atası Rusiyaya meyvə aparıb satdığı üçün maddi vəziyyətləri yaxşı olub: "Atam ailəmizi yaxşı saxlayırdı. Vəziyyətimiz pis deyildi. Həyətimizdə camışlarımız, inəklərimiz, qoyun sürülərimiz var idi. Atam qoyunların heç birini satmaz, lazım gələndə pay verər, qonaq-qara üçün kəsərdi. Biz inək südü içməzdik. Həmişə camış qatığı, camış pendiri yeyərdik. İnək südünü imkansız qonşulara paylayardıq. Evimizin arxasındakı bağçada 20-yə yaxın arı yeşiyimiz var idi. Balımız da öz həyətimizdən idi. Atam Rusiyaya meyvə aparıb satırdı. Paltarlarımızı da oradan alıb gətirərdi. Yadımdadır, İspikdə qışda uşaqların paltosu olmadığı üçün mən də geyinmir, paltomu gizlədirdim”. 
 
  "İlk qiymətim "3” idi”

Yaşı az olduğu üçün məktəbə çətinliklə yazılan müsahibimiz deyir ki, elə ilk və ən ağır həyat dərsini də o vaxt alıb: "7 yaşım tamam olmadığı üçün məni məktəbə qoymurdular. Məktəbə çətinliklə qəbul olmuşam. Birinci sinifdə ilk qiymətim "3” idi. Səliqəsiz və hövsələsiz uşaq idim. Onda atam mənə dedi ki, heyf, zənnimi batırdın. Bu, mənim ilk və əbədi həyat dərsim, ilk töhmətim və tənqidim idi. Rus dilini mükəmməl bilirdim. Atam hələ lap balaca vaxtımdan mənə öyrədirdi. Ana dilim kimi danışırdım. Rus dili müəllimim də məni çox istəyirdi”. 
 
  "Rus dili müəllimimi sevirdim”
 
 Balaca Nizaməddin elə məktəb illərində də ilk və uğursuz sevgisi ilə qarşılaşıb: "İlk sevgim etiraf edirəm ki, rus dili müəlliməm Valentina Karayevna olub. 6-cı sinifdə rus dilini 19 yaşlı Valentina Karayevna  tədris edirdi. Anam Valya müəlliməni evimizə dəvət edir, ona övladı kimi qayğı göstərirdi. Müəllimim tezliklə bizim ailə dostumuza çevrildi. Gizlicə rus dili müəlliməmi sevirdim. Bu, mənim ilk və uğursuz sevgim idi. Çox oxuyurdum, bütün qiymətlərim "5” idi. Müəllimlərim də məni çox sevirdi. Çox oxuduğuma görə, mənə məktəbdə "Eynşteyn” deyirdilər. Lakin 10-cu sinifdən sonra mənə münasibət dəyişdi. Ədəbiyyat üzrə respublika olimpiadasının qalibi oldum. Adım "Azərbaycan gəncləri” qəzetində dərc olundu. Müəllimlər bunu yaxşı qarşılamadı və qısqanclıq başlandı. Mənə qızıl medal verməmək üçün süni əlaçılar yaratdılar. Bir gün məktəbin direktorunun dərsində sinfə sərçə girmişdi. Dərs başlayanda sərçə uçmağa, pırıldamağa başladı. Direktor mənə qəzəbləndi və dedi ki, sən sinif nümayəndəsisən,  onu bura buraxmamalı idin. Bunu qəsdən edibsən. Bundan sonra valideynlərimə dedilər ki, sənin oğlun tərbiyəsizdir, ona qızıl medal vermək olmaz”.
 
 

 
  "Zalım oğlu, qurd ürəyi yeyib”
 
 Maddi vəziyyətləri yaxşı olsa da, atası Rusiyaya gedəndə ailənin qayğısını evin böyük oğlu Nizaməddin çəkib. İlk dəfə 8-ci sinifdən işləyib, pul qazanıb, evlərinə ərzaq alıb. Deyir ki, qorxusuzluğu da məhz o zaman öyrənib: "Mən ömrüm boyu həyatın həm cazibələrindən, həm təzyiqlərindən, həm də fəlakətlərindən, inadkar inamımla şəxsiyyətimi qorumuşam. Ümumiyyətlə, mənə qorxu hissi yaddır. Bəziləri deyir ki, mən Allahdan başqa heç kimdən qorxmuram. Mən Allahdan da qorxmuram, çünki Allahı sevirəm. İnsan sevdiyi varlıqdan qorxmaz. Qorxursa, sevə bilməz. Mən qorxusuzluğa uşaq vaxtı nail oldum. 8-ci sinifdə oxuyurdum, bərk qış düşmüşdü. İspikdə qar qurşaqdan idi. Mal-heyvan çıxa bilmirdi. Atam həmişəki kimi Rusiyada idi. Uşaqların və anamın ümidi mənə qalmışdı. Ailənin yeganə dolanacağı olan mal-qaranı xilas etmək lazım idi. Ot-ələf də qurtarmışdı. Evimizdən yuxarıda köhnə qəbiristanlığın içində kolxozun ot tayası var idi. Mən hər gecə hamı yatandan sonra xüsusi düzəldilmiş qırla oradan ot götürüb heyvanlara gətirirdim. Şaxtada əllərim üşüyəndə, qarın altına salıb qızdırırdım. Gözətçi deyirdi ki, mən gündüz ora gedə bilmirəm, bu zalım oğlu qurd ürəyi yeyib, gecə gedir. Həyatım boyu dərk etmişəm ki, insanların mənfi sifətlərinin çoxu qorxudan törəyir”.
  Qorxunun nə demək olduğunu 60 yaşında anlayıb. Həyatdakı tək qorxusu isə qadınlardır: "60 yaşa qədər heç nədən və heç kimdən qorxmamışam. Dünyaya maraqlı bir əyləncə kimi baxmışam. Amma 60-dan etibarən dünyadan və qadından ehtiyatlanıram. Qadınlar istədikləri vaxt amansız olmağı, ən ülvi müqəddəs ehkamları vurub dağıtmağı bacarırlar”.
 
  "Qeyri-adi sürətlə yaşayırdım”
 
 Qayıdaq gəncliyə... Həmsöhbətimiz Azərbaycan Dövlət Universitetinin filalogiya fakültəsinə qəbul olub: "Tələbəlik illərimdə həm oxuyur, həm də yaşayırdım. Yaşamağa da tələsir, duymağa da can atırdım. Mənə tənqid dərsi keçən professor Qulu Xəlilov həmişə deyirdi ki,  ə, elə yeriyirsən, elə bil mal bölüşdürməyə gedirsən. Bu, həqiqətən belə idi. Mən qeyri-adi sürətlə yaşayırdım, ehtirasla yeriyir, ehtirasla sevir, ehtirasla yeyir, ehtirasla danışır və işləyirdim. 50 yaşımda görkəmli yazıçı Aqşin Babayev mənə həsr etdiyi məqalədə "sürətlə yaşayan adam” deyə müraciət etmişdi. Hələ kənddə yaşayarkən səhər tezdən durmaqla aram yox idi. Qeyd etdiyim kimi, bizim nəsil yeyib-içən, yatağan və davakardır. Bununla bərabər, biz pul qazanmağı da bacarırıq. Hələ gənclik illərindən mənim prinsipim belə olub:  su, daşı ona görə deşmir ki, su daşdan bərkdir, ona görə deşir ki, inadla bir nöqtəyə damcılayır”.
 
 
 

 
 
  Dayanmış saat, ağlayan uşaq və kifir qadın...
 
 Yuxarıda da qeyd etdik ki, qəhrəmanımızın həyatda önəm verdiyi ən əsas məqamlardan biri sevgidir. Sevgisini daim axtarıb, tapıb, hamıya qarşı gəlib və ailə qurub: "Birinci kursdan sevdiyim qadın Qızqayıtla ailə qurdum. 4 il baş laborant kimi evə 95 manat maaş gətirirdim. Evlənməyimizi ailələrimiz dəstəkləmirdi. Həm mənim, həm də Qızqayıtın valideynləri narazı idilər. Biz toyun xərcini çəksək də, şəhər əhalisinin dəbdəbəsinə uyğun bahalı qızıl, brilyant, pal-paltar gətirə bilməmişdik. Böyük mübahisə, çək-çevirdən sonra 1979-cu ildə evimizə ilk gəlin gəldi. Etiraf edim ki, bu, bizim sevgimizin  yenilməz gücü və mənə təbiətən xas olan inadkarlıq sayəsində mümkün oldu. Hər iki tərəf bizdən üz döndərdi. Bir həftə sonra, bir yağ qutusuna yığılmış stəkan, nəlbəki və 10 manat pulla Bakıda kirayə tutduğum, quş damı boyda otağa gəldik. Ev sahibi bizə yorğan-döşək verdi. Bütün əziyyətlərə dözdük. Sonra mən varlı bir qadın üçün sürətlə dissertasiya yazdım  və yoldaşıma komplekt qızıl aldım. Həyatımızın qayğılı günləri idi. Düz 7 il heç bir tərəfə boyun əymədik. O qədər çətin yaşayırdıq ki, qışda iri siçovullar  həyətdəki mətbəximizdə ayağımıza dolaşır, yayda evimizin yeganə pəncərəsinin toruna iri kərtənkələlər dırmaşırdı. Amma böyük ümidlər və zövqlə yaşayırdıq. Doktorluq dissertasiyamı da 31 yaşımda kirayənişin olanda başa vurdum. İndi də həyat yoldaşımı sevirəm və sevgi dolu ailəm, övladlarım, nəvələrim var. Mən hər cür şəraitdə yaşamağı bacaran adamam. Hələlik işim, gücüm, planlarım, bitmək bilməyən arzularım məni darıxmağa qoymayıb. Lakin həyatda bir neçə məqam məni darıxdırır. dayanmış saat, ağlayan uşaq və kifir qadın. Deyingən arvadın əri olmaq dəhşətli faciədir. Dünyada o şey ki, insanın rahat yaşamasına xidmət etmir, mənə lazım deyil. Əgər insanın həyatını gözəlləşdirmirsə, heç sevgi də lazım deyil. Qadın təkcə arvad, ana , nənə, sevgili deyil, həyatın ruhu, bəzəyi, nəfəsidir”. 
 
  "Gəncliyimi atamla birlikdə qəbirə qoydum”
 
 Həyatında unutmadığı, başına gələn ən pis hadisə isə atasının və anasının vəfatıdır. "Atam öldükdən sonra mən anladım ki, gəncliyimi atamla birlikdə qəbirə qoydum. Atamdan 9 ay sonra anamın ölümü mənim üçün ölümü adiləşdirdi”. 
 
  "Qızlar kimə ərə getsinlər?”
 
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, onu narahat edən nə böyük detal ailə dəyərlərimizin dağılmasıdır: "Hər bir yaşlı nəsil, gənc nəsildən narazıdır. Gənc nəsil yaşlını bəyənmir, yaşlı da gənc nəsli...  Bugünkü gəncliyə böyük ümidim var. Amma narazı olduğum cəhətlər də çoxdur. Gənclər eqoist  böyüyür. Gənclik milli-mənəvi köklərdən ayrılır. Bu, bizi gəncliyin taleyi haqqında düşünməyə vadar edir. Bu gün ailələrin dağılması ilə bağlı dəhşətli statistika var. Əsrlərdir qürurlandığımız ailə məfhumu bir qala kimi uçulub gedir. Bunun səbəbi əksərən oğlanlardır. Ailə qururlar, sonra deyirlər ki, saxlaya bilmirəm. Mənim indiki qızlara ürəyim ağrıyır. Kimə ərə getsinlər? Ailə qurulası çox az oğlanlar var. İndi qızlar işləyir evə çörək gətirir, oğlanlar yatırlar. Sonra qaçıb gedirlər ki, ailəni saxlaya bilmədim. Kişi qadından o vaxt  ayrıla bilər ki, qadın ona xəyanət etsin. Qalan bütün səbəblər məqbul deyil. Çətinlikdir, dözməlisən. Adət-ənənələri möhkəmləndirməli və qorumalıyıq. Kişilik mərdlik, qeyrət simvoludur, qorxaqlıq, acizlik deyil”.
 
  Söhbətləşdi: Aygün Əziz