Artkaspi.az "Əşyaların taleyi” layihəsini təqdim edir:
Lüğətlər sözlərdən yaranıb.
Sözlər, anlayışlar artdıqca lüğətdəki dürlü, müxtəlif mənalar da çoxalır, yeni
fikirlər, anlayışlar yaranır. Eksperiment üçün ətrafımızdakı insanların
əməllərinə, kimliklərinə nəzər salsaq, araşdırsaq, hasil etdiyimiz
qənaətlərimizi sözlər, anlayışlar kimi ifadə etsək, onda yeni havacatda,
təzə-tər ruhda sözlüklər, lüğətlər meydana gələr. Məsələn, elə insan var ki, o
ədaləti, əyintisiz yaşamağı simvolizə edir, eləsi də var ki, əliəyriliyi, qana
susamağı, xudpəsəndliyi. Ətrafımızdakı insanları anlayışlar kimi qavrasaq, elə
lüğətdəki kimi yaxşılı-yamanlı sözlərin əhatəsində yaşadığımızın fərqinə
vararıq. Ancaq bircə məqam fərqli olar: Hər kəsi öz adı ilə çağırmış olarıq...

Haqqında danışacağım,
söhbətini təqdim edəcəyim şəxs əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin müəllimi, tanınmış aktyor, rejissor Nofəl Vəliyevdir.
Bir söz kimi qavrasaydım, onu mütləqdir ki, "ZƏHMƏT” adlandırardım. Çünki özü,
sənəti ilə tanış olduğum yeddi il ərzində onu daim çalışan, ideyalarla
dolub-daşan, bildiklərini, öyrəndiklərini tələbələrinə ötürən, onların
uğurlarına göz dolusu baxan, ürəkdən sevinən görmüşəm. Teatrlarla bir neçə il
həmnəfəs olmağım, tamaşalardan ardıcıl yazılar, müsahibələr, reportajlar
hazırlamağım mənə o mühitlə, həmin sənət ocaqları ilə yaxından tanış olmağa
imkan yaratdı. O illərdə Nofəl Vəliyevi də tamaşaçı kimi tanıdım və yəqinim də
bu oldu ki, o, həmişə səhnə məsuliyyətini tamaşaçıya ötürməyi bacarır, epizodik
rollarını belə baş rol kimi ifa edir.
İndi Nofəl Vəliyevin siması
fotokollaja, "qalereyaya çevrilib”. O gözümüzün önünə Məhəmmədhəsən əmi –
("Məkkəyə yol”, Cəlil. Məmmədquluzadə), Şahbaz, Müsyo Jordan – ("Hekayəti Müsyö
Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə) Knyaz Mışkın – ("İdiot”,
Fyodr Mixayloviç Dostoyevski) Motsart – ("Motsart və Salyeri”, Aleksandr
Sergeyeviç Puşkin) Məğrur – ("Axırıncı qatar”, İlqar Fəhmi, O.Kazımi) Ksanf –
("Ezop”, Gilyermo Fiqeyredo) Osvald – ("Kabuslar”, Henrix İbsen) Corc –
("Adamlar və siçanlar”, Con Steynbek) Kreont – ("Şah Edip”, Sofokl), Montekki
("Romeo və Cülyetta” Uliyam Şekspir) və
neçə-neçə başqa obrazlarda gəlir. Ancaq o obrazların arxasında, teatr, səhnə
taleyi ilə qoşa addımlayan biri – Nofəl Vəliyev var.
Əşyalar bizdə dünyaya hərislik
də yarada bilir, eyni zamanda əlimizi dünyadan soyuda, daha gözü-könlü tox,
nəfsiislah olmağa səsləyir. Səlim Babullaoğlu
"Sentyabr. Eylül. Veresen. September” adlı şeirində yazır:
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan
əl çək!
Dildə deməyə, söz pəhləvanlığı
eləməyə nə var, əl çəkmək, geri itələmək, şirnikməmək həmişə mümkündürmü? Hər
halda mümkündürsə də o da alilərin, övliyaların talelərinə yazılmış
qətiyyətdir, dünyanı an-an, ay-ay, il-il dərk edənlərin yox, zaman kəsiyi kimi
anlayanların böyüklüyüdür. Sadə insanlar, sənət adamları, fikir adamlarının
çoxu isə güzəran boğanağında, vaxtın əlində olan bəndələrdir və onlardan hər
saat övliya, peyğəmbər xisləti ummaq da düzgün deyil. Bizi dünyadan əl çəkməyə,
əksinə beş əlli yapışmağa vadar edən nəsnələr həm də əşyalardır. Əşyalarını ən
çox sevən, qısqanan kəsimlərdən biri də "aktyor tayfası”dır. Onların əşyalara
münasibəti, onlarla ünsiyyəti bir başqadır. Bu dəfə "Əşyaların taleyi”
layihəsində Nofəl Vəliyevlə danışmışıq. Bu dəfə o, dünyagörüşünü əşyalarının
"dili ilə” anladıb, yaxud bu dəfə
əşyalarına münasibətdə onun psixoloji portreti bizə aydın olacaq:
– İnsanı doğulan gündən əşyalarla ünsiyyəti yaranır: bələyə bələnir,
sonra da bütün ömrü boyunca cürbəcür əşyaları olur. Siz aktyor olaraq əşyalarla
sıx təmasdasınız. Bəs onların sizin həyatınızda rolu və önəmi nədən ibarətdir?
– Bu müsahibəyə görə əşyaları
seçərkən anladım ki, əslində, onların ən önəmliləri kənddə – böyüdüyüm evdədir.
Həmin əşyaları görmək məni təzədən uşaqlığıma qaytarır. Valideynlərimin hər
ikisi fizikdirlər, atam isə eyni zamanda çoxlu bədii kitablar oxuyur. Ona görə
də evimizin hər küncündə, hətta, pəncərədə, çarpayının altında belə çoxlu
kitablar var. Onlardan ən doğma olanı isə atamın mənə hədiyyə etdiyi Sovet
Ensiklopediyasıdır. Bundan başqa Göyçayda aş çəkmək üçün xüsusi boşqablardan
istifadə olunur. Kəndə hər dəfə gedəndə anamdan o boşqabların bir-ikisini mənə
verməsini xahiş edirəm, amma nədənsə həmişə bura gətirmək yadımdan çıxır. Bir
də evimizdə nənəmdən qalmış köhnə xalça mənə çox əzizdir. Həmin xalçanı bura
gətirmək üçün anamdan çox çətinliklə icazə ala bilmişdim. Onu evimdə qızımın
otağına sərmişik. Bilirsiniz, əşyalar çox qəribədirlər. O xalçanın mənəvi
dəyəri mənə görə ölçüyəgəlməzdir, amma o, qızım üçün sadəcə bir xalçadır.
Keçmişi xatırlamağa anamın evimizdəki şkafını açmaq bəs edir. Həyat yoldaşımın
da həyatında əşyaların xüsusi mənəvi dəyəri var. Anasından yadigar piyalənin
üzərində əsir. Bu saydıqlarım mənə bir insan kimi doğmadır, aktyor olaraq deyə
bilərəm ki, bizlər üçün səhnə geyimlərimiz xüsusi məna daşıyır və onlara qarşı
hədsiz qısqancıq. Məsələn, bir aktyorun geyimini digəri geyinsə, kostyum
sexində bunun üstündə mübahisə yaranar. Mən enerjiyə çox inandığımdan düşünürəm
ki, başqasının paltarını geyinsəm,
səhnədə rolumu onun kimi oynayacağam. Bu məsələ ilə bağlı maraqlı bir
hadisə danışım: həyat yoldaşım bir dəfə digər aktrisanın paltarını geyinmişdi.
Mənə dedi ki, özüm kimi oynaya bilmirdim, elə bil səhnədə o idim. Həmçinin
aktyorlar üçün bəzi rekvizitlər var. Məsələn, mən tamaşalardan qabaq şeirləri
bir vərəqə yazıram, sonra onları tullaya
bilmirəm. Əslində, onlar adicə kağızlardır, amma qıymıram. Rol dəftərlərimiz də
biz aktyorlar üçün çox dəyərlidir. Aktyor işdən ayrılanda mütləq rol
dəftərlərini özü ilə aparır. Çexov "Albalı bağı” pyesində yazır ki, bu divarlar
nələrə şahid olmayıb. O rol dəftərləri də aktyorun həyatında nələrə şahid olmayıb
ki...

– Danışmaq üçün üç əşya
seçdiniz. Həmin əşyaları sizin üçün xüsusi
dəyəri nədən ibarətdir?
– Bilirsiniz, aktyorların həyatını dəyişən, iki
hissəyə bölən: ona qədər və ondan sonra
– bəzi rollar olur. Mənim üçün belə əhəmiyyətli rol Aydın obrazıdır.
Seçdiyim əşyalardan birincisi Aydının geyimidir. Bu paltar mənim üçün elə
önəmlidir ki, əgər o olmasa, səhnəyə çıxmaram. Yaxşı yadımdadır, "Aydın”
tamaşasına hazırlıq zamanı bir neçə paltar gətirdilər, amma "təsəvvürümdəki bu
deyil” deyib imtina etdim. Çünki təklif etdikləri geyimlər tam olaraq Aydını
ifadə etmirdi. Bir gün Sahil metrosunun yanından keçəndə ikinci əl paltar
satılan mağazaya rast gəldim. Uzaqdan bu köynəyi gördüm. Qiyməti iki manat idi.
İki fərqli rəngini aldım. Əynimdə görəndə, hamı dedi ki, bax, indi əsl
Aydınsan. Gənc Tamaşaçılar teatrının kostyum sexində çalışan Səmayə xanım
hərdən gileylənir ki, gəl, sənə təzə paltar verim, bu köhnəlib, amma qəbul
etmirəm. O köhnəlibsə, deməli, mən də köhnəlmişəm. Həqiqətən də, Aydını oynamaq
üçün artıq qocayam. Əgər, qismət olsa, başqa gənc bir aktyoru bu rol üçün
hazırlaşdırıb, özüm uzaqlaşacağam.
– Seçdiyiniz əşyalardan biri olan rol dəftərlərinizə baxıram, hamısı
səliqəli xətlə yazılıb. Deyəsən, əl yazısının sizin üçün xüsusi önəmi var.
– Bəli. Mən qələmlə yazanda
düşünə bilirəm, mətn yaddaşımda daha yaxşı qalır. Kompüterdə eyni effekti ala
bilmirəm. Həm də zəhmət çəkilən iş dəyərli olur. Bununla yanaşı, sanki o
dəftərlər yanımda olanda özümü rahat hiss edirəm. Rolumu əzbər bilsəm də, onların
yanımda olması məndə arxayınlıq yaradır ki, hansısa sözü, səhnəni unutsam o
saat baxacağam. Rol dəftərlərimin quruluşu iki yerə bölünür. Bir tərəfində mətn
olur, digərində isə qeydlər edirəm.

– Bəs tamaşalar səhnədən düşəndən, repertuarda olmayandan sonra da rol
dəftərlərinə açıb baxırsınızmı və nə vaxtsa həmin rollarda oynayacağınız
fikrinə ürəyinizdə meydan verirsinizmi?
– Gənc Tamaşaçılar Teatrında
monotamaşalar paradı keçirirdilər. Orada mənim iki monotamaşam var idi – aktyor
kimi oynadığım və quruluş verdiyim "Sonluğun sonu” tamaşası. Amma qəfildən
truppanın müdiri "İdiot”u oynaya bilərsənmi” deyə soruşdu. "Hə, əlbəttə, oynaya
bilərəm, yadımdadır” dedim. Razılıq versəm də, 5-6 il bundan əvvəl ifa
etdiyimdən yaddaşımda heç nə qalmamışdı. Afişa hazırlananda çox peşman
olmuşdum. Cənnət xanım da "Xüsusən, "İdiot”a yaxşı hazırlaş” söyləyəndə
narahatlığım daha da artdı. Evə gedib rol dəftərimi axtardım, amma tapa
bilmədim. Nigaranlıqdan gecələr yata bilmirdim. Həyat yoldaşımdan kömək
istədim, dedim sən axtar. Qadın böyük qüvvədir, axtarıb tapdı. Həmin anda necə
sevinirdim, izah edə bilmərəm. Dəftərdəki qeydlərə baxdıqca sanki tamaşanı
başdan-sona bir də oynadım. Çox gözəl hislər idi...
– Nofəl bəy, tələbələrinizin ifasında görmək istədiyiniz hansısa rol varmı?
– Mənim aktyorluq taleyimdə
nakam bir arzum olub. O da Romeo rolunu oynamaq. Amma nədənsə heç vaxt mənə
qismət olmadı. Amma tələbələrin ifası heç bir problem yaratmır. Məni
təkrarlamasalar belə, onların hər ifasında məndən azacıq da olsa, nə isə var.
Ona görə də tamaşanı tələbələrimlə hazırlamağa qərar verdim və deyim ki, çox
yaxşı iş ərsəyə gəldi. Bizim çox böyük aktyorlarımız, aktrisalarımız var ki,
şöhrətlərinin pik nöqtəsində səhnədən ayrılırlar. Buna fərqli adlar verilsə də,
biz aktyorlar bilirik ki, geri qayıtmaq
sadəcə, mümkün deyil.

– Maraqlıdır, haqqında danışacağınız növbəti əşyanın – parikin sizin üçün
önəmi nədən ibarətdir?
– Tamaşaların da öz taleyi
var. Mişel de Gilderode "Eskoria” fəaliyyətim boyunca ən sevimli rollarımdan
olsa da, ömrü az oldu. Mən o tamaşada
təlxək rolunu ifa edirdim. Amma uyğun parik tapa bilmirdim. İrina Perlova dedi
ki, papaq olsaydı, əla olardı. Mən də qızımın papaqlarının birini evdən
apardım, ondan parik düzəltdilər. O parik indi də qrim otağımda, güzgümün qabağındakı
yeganə əşyadır. O olmasa, darıxıram. Bu parikə həm övladımın doğmalığı, həm də
rəhmətlik müəllimim İrina Perlovanın enerjisi hopub. Mən hər tamaşadan qabaq
müəllimimin şeirlərini oxuyuram. Bizi Moskvada Parisdən sərgi üçün gələn məşhur
bir qalereyaya aparmışdılar. Van Qoqla Pol Qoqenin orijinal rəsmləri nümayiş
olunurdu. Sanki Van Qoq günəbaxanlardan ya da ulduzlu gecədən boylanmışdı. Bu
mənada enerjini hiss etmək çox əhəmiyyətlidir.
– Əşyaların uğur gətirməsinə necə, inanırsınızmı?
– Enerjiyə inanan biri olaraq
fikrim təzadlı səslənəcək, amma adi bir üzüyün, ya da hər hansı əşyanın insana
uğur gətirə biləcəyinə heç bir vəchlə inanmıram.
– Bəs özünüz hansı əşya olmaq istəyərdiniz?
– Doğrusu, bu barədə heç
düşünməmişdim. Şairlər kimi "hansısa qızın qulağına sırğa, barmağına üzük olmaq
istərdim” deyə bilməyəcəyəm, amma musiqi aləti – məsələn, tar olmaq istəyərdim. Tennisi
Vilyams pyeslərinin birində yazır: "Şükür edin ki, insansınız, toz dənəsi də
ola bilərdiniz”. Mən də şükür edim ki, Nofələm, divan da ola bilərdim (gülür).
– Tamaşalarda müxtəlif alətlərdən, əşyalardan istifadə edirsiniz,
cürbəcür geyimlər geyinirsiniz. Sonra başqa bir tamaşada yenə eyni hallar
təkrarlanır. Bütün bunlar, bu cür gəldi-gedərlik əşyalara, ümumən dünyaya
münasibətdə sizdə fanilik duyğusu yaradırmı?
– Dünyanın faniliyini anlamaq
üçün əşyalara ehtiyacım olmasa da, bəzən bu duyğunu unuda bilirik. Həmin an
əşyaların bizdən daha çox yaşayacağını, daha çox xatırlanacağını düşünəndə,
bəli, fanilik fikirləri beynimdə dolanır. Əşyalar o qədər qiymətlidir ki, onu
satmaq, dəyişdirmək ağlımdan belə keçməz. Sadəcə müstəsna hallarda bu cür
hərəkətə haqq vermək olar. Tamaşalarda istifadə etdiyim bəzi əşyaları da tamaşa
repertuardan çıxarılandan sonra evimdə saxlayıram. Məsələn, Henrix İbsenin
"Kabuslar” əsərindəki qəlyan, istifadə etməsəm də, evimdədir.

– Gələcəkdə
tamaşaçıların, sənətinizi sevənlərin yaddaşında hansı tamaşadakı obraz kimi
qalmaq istəyərdiniz?
– Fərid, mən həmişə tələbələrimə teatrın amansız üzünü izah etməyə
çalışıram. Bizim işin ən ağrılı tərəfi odur ki, tamaşaçı diktəsi ilə yaşayırıq.
Ona görə də bu suala birmənalı cavab verə bilmərəm. Yəqin, tamaşaçılar məni
Aydın, Məhəmmədhəsən əmi, yəhudi balası Elya, təlxək və s. obrazlarda
xatırlayacaqlar. Seçimi tamaşaçının öhdəliyinə buraxmaq lazımdır.
– Bəs səhnədə istifadə etdiyiniz, yaxud geyindiyiniz hansısa əşya, paltar
varmı ki, məhz onlara görə bir də həmin tamaşada oynamaq istəyərdiniz. Yəni
əşyalar sizin könlünüzdə xiffət duyğusu oyadırmı?
– Əlbəttə, var. Məsələn, "Albalı bağı” tamaşasındakı plaşım. Bundan
başqa 6 gözəl paltarım da kənarda dayanıb geyilməyi gözləyir.

– Əşyaların zamanla münasibət fəlsəfəsi haqqında nə düşünürsünüz, yəni
bir zaman sizin olan əziz bir əşya sonradan yad nəsnəyə çevrilirmi, vaxt onu
sizə yadlaşdırırmı?
– Olur, əlbəttə, olur. Teatrda
elə rollar var ki, hətta, məşq üçün belə xüsusi geyim olmalıdır. Məsələn, Mirzə
Fətəli Axundzadənin "Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına
hazırlıq ərəfəsində mən qız tələbələrimi uzun ətəksiz məşqə buraxmırdım. Demək
istəyirəm ki, müəyyən vaxt ərzində məşq elədiyimiz geyimlər səhnə üçün
kostyumlar hazırlandıqdan sonra unudula, yadlaşa bilir. Başqa tərəfdən
yanaşsaq, əşyalar unudulmasa insana ağrı verə bilər. Ad çəkmək istəmirəm, amma
bir dostumuzun cavan qardaşı rəhmətə getmişdi. Anası oğlunu xatırladan hər şeyi
gözünün qarşısında saxlayırdı. Əşyalara belə aludə olmaq lazım deyil. Mənim də
itirdiyim çox yaxın adamım var, amma evimdə əşyaları yoxdur. Əsas məsələ budur
ki, Allah bizi lazımsız əşyaya çevrilməkdən qorusun...
– Allah sizə uzun ömür versin, amma nə zamansa dünyada olmayanda, sizcə,
hansı əşyanız sizi insanlara daha çox xatırlanacaq?
– Yəqin ki, evdə olan
paltarlarım, ayaqqabılarım. Ölmüş insanların ayaqqabıları mənə çox pis təsir
edir. Mən universitetin 5-ci kursunda oxuyanda əmioğlum gənc ikən qəfildən
rəhmətə getdi. Bu, bizim yaşda cavanlar üçün ilk itki idi. Onunla bağlı bir
hadisə danışım. Heç yadımdan çıxmaz, yanvarın iyirmi biri – ad günümdə kəndə
gedəndə əmimgilə baş çəkmişdim. Ona pomidorla yumurta bişirmişdilər. Qəribədir
ki, onun vəfatından sonra o yemək həmişə mənə əmioğlumu xatırladır. Yəni
insanlar belə xırdaca detallarla yaddaşda qala bilirlər. Mən meyvə yeyəndə
qızım əsəbiləşir ki, niyə xırçıldada-xırçıldada yeyirsən? Bəlkə də, insanların
yaddaşında elə o cür meyvə yeməyimlə
qalacağam (gülür)...
Söhbətləşdi: Fərid Hüseyn