Biz imzaları yox, əsərləri dərc edirik...

Allah bəlkə bizi daşdan yaradıb?! – Barat Vüsalın şeirləri
1126
25 Fevral 2020, 08:42
  Artkaspi.az saytı Barat Vüsalın şeirlərini təqdim edir:
 
Bu daşlar qardaşlar, adi daş deyil,
Böyükkən kiçilmiş başlardı bəlkə?
Yerdə də, göydə də ən gözəl toxum 
Yoxdu xəbərimiz... daşlardı bəlkə?!
 
Allah yaradanda dastan yaradıb,
Allah nə yaradıb, başdan yaradıb.
Belə daş olmazdı ürəklərimiz,
Allah bəlkə bizi daşdan yaradıb?! 
           
Bir yol könlümüzcə, gözümüzcə heç,
Könül açıldımı,
          ürək güldümü? 
Göydən başımıza daş tökülür, daş,
Bir baş baş açdımı, ürək bildimi?   
           
Allahın əmriylə qaya, daş kimi,
Daş çox-çox bitirmiş.
Daş tək bitirmiş.
Ən gözəl toxumlar yer üzərində
Biz bəlkə bilmirik... daş tək bitirmiş. 
 
Toxumluq buğdanı yeyibdir insan,
Allah bəndəsini baxıb, tapmayıb.
Haqq olub, Adəmi cəzalandırıb,
Yəqin daşdan başqa toxum tapmayıb.
 
Bax edilən səhvin sən əvəzinə,
Günahkar ağılsız baş-beyin imiş.
Bütün dəyirmanda dən əvəzinə,
Bəlkə əsrlərdi daş üyünürmüş.
 
...Hələ də Allahın yoluna dönmür,
Toxum tapmayanda    
                  baş "toxumlayır”
Nə vaxtdı  bəşərə yedirdir nəfsi,
Bu toxum – daşları,
                Daş - toxumları?!
 
                        
      Soy
           
Əslimi qorudum başdan-binadan,
Çəkdim keşiyini ha Soyun, Soyun
Soylumu  olacaq səncə soysuzlar?
Soysuz olanlardan ha Soy um, Soy um?
 
Hər yel sübhün yeli-nəsimi olmaz,
Şairlik hər kəsin nəsibi olmaz,
Dedim, nadan, səndən  Nəsimi olmaz,
Səni kimdi soyan?
Ha soyun, soyun!
 
Ay Barat, qəlbində ilk eşqin qoru,
Beləcə əslini-nəslini qoru!
Yoxsa ağlayacaq sən ömür boyu,
Elə  deyəcəksən: "Ha Soyum, Soyum!”
 
    Olar
 
 Dərvişi tapmazsan sən rahat yolda,  
Eləsi  uçrumda, uçqunda olar
Gərəkdir baxasan könül gözüylə,
               Uzaqlar gözünün ucunda olar.
 
Olar alın  təri tökülən yerdə,
Olar yolun təri tökülən yerdə
Olar harda yer var, əkilən yerdə,
Əkinçi  əkində-biçində olar!
 
Baratı gəzənlər, sevənlər çoxdu,
Çoxları görmədi, baxdı, ha baxdı.
Şeir yazanların içində yoxdu,
Şair olanların içində olar!
 
     Çatacaq
 
Belə ki, uzanır Haqqın yolunda,
Günəşə, ulduza əlim çatacaq.
Mənim ömrüm-günüm tək özümə yox,
Hamınıza özüm ölüm, çatacaq!
            
İtdi ömrün-günün a dadı, baxma!
Keçdi gözəl günlər, adladı, baxma.
Ha səslədim, həyat çatmadı, baxma, 
Bir gün harayıma ölüm çatacaq!
 
Məni xoş gətirib, gətirən Barat,        
"Allah-Allah! deyə ötürəm, Barat.
Bir axşama doğru gedirəm, Barat,
Uzatsam, sabaha əlim çatacaq! 
 
    ***
 
Yaşamaq çox zor şey  imiş,
Qarı dünyanın yanında.
Mənə demə yalannan ki,
Qarı, dünyanın yanında!
 
Hayıf! ömrünə min hayıf,
O inandığın din hayıf!
Zəlil olacaqsan, ha yığ,
Varı dünyanın yanında.
           
Sanma bir gün ölüb-etdim,
Mən ölümü dəli etdim.
Könlümün yanına getdim,
Varıb dünyanın yanından!
 
  

                    Masa
 
Vallah, şair ollam... şair olmasam,
Vallah, azarlaram... azarlamasam!
Məni qoymayacaq tamam ölməyə,
Başdaşı – qələmim, məzarım – masam!
 
Mənim qazancımdı elin qazancı,
Elin itiyidir mənim itiyim...
Bir görün, o hürən kimin itidir?
Hələ ki, masam var, şeir yazıram!
Hələ ki, qələmim şükür, itidi!
 
Vardır mənim hər bir guşədə masam,
Yoxuşda, bələndə şair oluram!
Palıd kötüyüdür meşədə masam,
Ona üz sürtəndə şair oluram.
 
Üstünə qaçaram qaçanda birbaş,
Fələk, nolar şeir yazana dəymə.
O daşı gəl bilmə balaca bir daş,
Dəymə, mənim o daş masama dəymə!
 
Bəzən ərk edirəm, dirsəklənirəm,
Bəlkə, elə Allah sözü masamdır!
Bəzən dağlar-daşlar stol-stulum,
Bəzən Yer kürəsi
                         özü masamdır!
 
Sanmayın boynuna sarılamıram,
Qaynayır qaynasa qanım masama!
Elə yapışmışam... ayrılammıram,
Ürəyim masama, canım masama!
 
Götürün ortadan boş masaları,
Bir az yer eyləyin dolu masama.
(Göz dəyməsin, qurban olum masama!)
Baxıb-baxıb görsün səhv eyləyir, səhv,
Baxıb-baxıb ölsün ölüm masama!
 
Vallah, gözü doymur şeir yazanın,
Deyir, yenə ola təzə şeir, bir!
Ölüm hökmü deyil, mənim masamın,
Üstəki yenə də təzə şeirdir!
 
...Kim mənim qəbrimi qəbir sanar ki?
Mən özüm Allahdan 
                      məzar ummasam!
Məni qoymayacaq heç vaxt ölməyə,
Başdaşı qələmim, məzarım-masam!
 
   
               ***  
 
Eşdə Koroğlu qamətdə,
Eşqdə Kərəmim boydayam
Bütünlükdə görəmməzsən,         
Haqqın kərəmi boydayam.
 
O Nur dağı-o Tur mənim,
Ruhum – canım odur mənim!
Ucalığım budur mənim,
Sözüm, qələmim boydayam!
 
Dolanıram yeri, göyü,
Bacarmıram axı, nəy?
Bir vaxt Nuhun düzəltdiyi,
Xilaskar gəmi boydayam.
 
Qəbir deyil qəbir mənə,
Çox şeylərə qadir mənə.
İzn verib o Bir mənə,
Hərfəm, əlif, mim boydayam!
 
Mən gecə-gündüz yanıram,
Mən necə də düz yanıram.
Hər an cızhacız yanıram,
Pərvanəm, şamım boydayam!
 
Barat, mən qüdrət tacıyam
Dövrün Mənsur Həllacıyam.
Sanki Sidrə ağacıyam, 
Hamanam...    həmin boydayam!
 
 
                                                                       
            ***
Çox yüklər götürüblər,
Çox yüklər götürüb ər.
Birin də gətiriblər,
Götür ürəyim, götür!
 
Bu dəyirman daşıdır,
Götürəndə yaxşıdır.
Götür onu yaxşı, bir,
Götür ürəyim, götür!
 
Nadan sözü də yükdür,
Nadan özü də yükdür.
Dost təhnizi də yükdür,
Götür ürəyim, götür!
 
Çıx dağların üstünə,
Dalğaların üstünə.
Qovğaları üstünə 
Götür ürəyim, götür!
 
Ömür-gün qüdrətindi,
Əbədi fitrətindi.
Bu, sənin qismətindi,
Götür urəyim, götür!
 
Bu yer, o göy təkimi?
Yer yer, Göy göy təkimi?
Ürəklərin yükünü
Götür urəyim, götür!
        
 

             Günəğaşı
 
Yaşıyır... nə gözəl ağıl eyləyir,
Məni çəkib addım-addım aparır.
Məni yaxınlarla yaxın eyləyir,
Məni uzaqlara adım aparır.
 
Məni çıxarıbdı o, Gün altına,
O günəğaşıya... üşüyür soyuq.
Oxşarmış deyirlər, adam adına,
Oxşarmış... oxşarmış...
                            ta bu qədər yox!
 
Mənim siz deyəsi  nə hünərim var,
Çıxarım ha dedim yadımdan onu.
Yaxşı ki, düşmürəm mən yadlarına,
Umanlar nə umsa
                           adımdan umur!
 
Çoxları bilir ki, mənim adımı 
"Haqqın baratıdı” deyə çox sevir.
Biri "Pul deməkdir” deyə, pul gəzir,
Biri "Dağ adıdı” deyə çox sevir.
 
Mən də belə aşiq, belə məşuqam,
Mənə yad nəfəsi
                          toxunmayıbdır. 
Məcnunun yazdığı gizli məktubam,
Leyli hələ açıb
                      oxumayıbdır.
 
Biri töhvə sanır, biri hədiyyə,
"Piyada atlı”yam, atıma baxın.
Heç yerdə, heç zaman olmamışam mən,
Hələ ki, bu qədər adıma yaxın!