Biz imzaları yox, əsərləri dərc edirik...

Qisas günü
972
18 Oktyabr 2018, 09:07
 Artkaspi.az Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina” romanı barədə "Ağlın toxluğundan ruhun aclığına" adlı silsilə esselərinin birinci hissəsini təqdim edir:
 
 

 

 
Bəzən qatar keçir evin yaxınlığından,
yaşlanıram hər pəncərədən baxanda,
Zaman Anna Kareninanı təqlid edir,
Atır özünü relslərin üstünə,
Niyə görəsən hər eşq 
Mütləq bir qadın cənazəsi qaldırır.
 
Didəm Madak
 
 
 
 Anna Karenina və intihar
 Qəlbdə nifrət yuva quranda, yəni insanın mahiyyətində hakimiyyət nifrətin əlinə keçəndə, o qəlb mütləq məhəbbəti özünə düşmən seçir. Özü də təkcə bir şeyə, bir kəsə yox, hər şeyə, hər kəsə olan məhəbbəti. Özünə hər şeyi və hər kəsi düşmən bilmək təcridin və tənhalığın ağır, dəhşətli formasıdır. Bu hal artıq qəlbin əbədi kimsəsizliyi – ömrün çıxılmazlığı deməkdir. Deməli, daha həmin qəlbdə heç kəsə və heç nəyə sevgi qalmayıb. Qəlbin qidası isə sevgidir. Qəlbi sevgisiz saxlamaq onu aclığa – tədrici ölümə məhkum etməkdir. Kim sevmirsə, onun qəlbi acdır. Ac isə daim qəzəbli olur... 
 Ac qəlbli insan – sevgisiz bəndə məhəbbətdən və şəhvətdən uzaqlaşaraq sonda nifrətlə təkbətək qalır. Yəni onun əli həm ruhi sakitlikdən (sevgidən), həm "cismani rifah”dan (şəhvətdən) üzülür. Aclığın təhriki ilə insanın qəlbindəki xeyri yeyib güclənmiş nifrət, ruhuna hakim kəsildiyi insanı məğlub edir. Özü də bu döyüş hamının gözündən uzaq bir yerdə – insanın qəlbinin qaranlığında baş verir. Bu döyüşün hakimi isə şeytan olur. Şeytanın nifrətə tərəfgirliyi isə heç kəsə sirr deyil. Nəticədə sanki insan özünü xəlvət bir yerə çəkib nifrətinin məngənə əllərinə təslim etmiş olur. 
 İntihar seçimi yaşamağa nifrətdən yaranır və özünəqəsd düşüncəsinin toxumu o məşum döyüşdən (sevgi və nifrətin savaşı)  – sevginin məğlubiyyətindən sonra insanın qəlbinə səpilir. Yəni ruhən məğlub hala düşmüş insan, daha yaşamaq və hər gün eyni güc – reallıq tərəfindən əzilmək, alçaldılmaq istəmir. Çünki insan həmin məqamda – intihar etmək qərarına gələndə düşünür ki, onu sabah bu gündən fərqli, daha xoşbəxt bir gün gözləmir. Bu isə insanın şüurunda sabaha inamı məhv edir. İntihar düşüncəsinə qapılmış insanın beynində sabahın, sonrakı günün xəyalı puç olur. İnsan sabaha inanmayanda, sabahın da bu gün kimi işgəncəli olacağını düşünəndə onun nəzərində daha yaşamağın heç bir mənası qalmır. İnsan təkrarlanacağını düşündüyü uğursuzluqların, ona dönə-dönə zülm verəcək həyatın əlindən özünü birdəfəlik xilas etmək fikrini qətiləşdirir. Və insan onu pis günə salan bu müvəqqəti dünyadan – bu "birgünlük əbədiyyətdən”, ona sonsuz görünən əzablı "bugünlər”dən qisas almaq istəyir. İntihar insanın bu günündən aldığı qisasdır. Anna Karenina da məhz bu günündən – Vronskinin onun görüşünə gəlmədiyi gündən qisas alır.  Özünü qatarın altına atmaqla Anna sabahına inanmadığı bu gününə qarşı qiyam qaldırır.
 
 
 
 Anna Karenina və XXI əsr
 
 XXI əsrin öz müstəqil insanı dəyərləri formalaşıb. Bu yeni dəyərlərə alışmamış insanlar hazırkı çağa ötən əsrlərin təfəkkürü və meyarları ilə yanaşanda, bu günü yaşamaq onlar üçün bir xeyli çətinləşir. İndi 20 il eyni yerdə çalışan, kollektivə alışan, işi güzəranının bir parçasına çevrilmiş insan, bir dəqiqənin içərisində öz vəzifəsindən imtina edir – işdən azad edilməsi ilə bağlı ərizə yazır, yaxud istefa verir. Həmin kəs qısa zamanda cüzi fərqlə daha yüksək əmək haqqı aldığı işinə başlayır və tez bir zamanda da yeni kollektivə alışır. Çoxlarına bu addım, bu ani qərar təəccüblü gəlir, qəbul edə bilmirlər ki, axı necə olur, insan cüzi əmək haqqı müqabilində, həyatını köklü dəyişməyəcək məbləğə görə neçə illik xatirələrdən, vərdişlərdən, rahatlığından, öyrəşdiyi mühitdən bunca asan imtina edə bilir? Bəyəm insanın geridə qoyduqları onun üçün bir heçdirmi? 
 Yaxud vaxt-bivaxt televiziya xəbərlərində görürük ki, 12 ilin, 15 ilin gəlini başqa bir kişiyə qoşulub qaçıb, ailəsini tərk edib. Sonra o qadının 10, 11 yaşlı uşaqlarının efirlərdəki göz yaşını, "ana qayıt” nidaları qarışmış hıçqırtılarını eşidib heyrətlənirik. Bizdə belə bir sual yaranır:  qadın bu addımı hansı ruhi, psixoloji qərardan sonra atıb? Əgər qadın ərinin qarşısındakı öhdəliklərin üstündən asanlıqla xətt çəkib onu tərk edirsə, bəs uşaqlarının önündəki məsuliyyətindən, analıq vəzifəsindən hansı amalın naminə bir anın içində vaz keçir? Görəsən, həmin qadının yaşadığı eşq bunca möhtəşəmdir ki, onun üçün həmin sevgi analıq vəzifəsindən də ucada dayansın? Bu cür misalların, həyata əsaslanan nümunələrin sayını artırmaq da olar, ancaq dərin qatda səbəblər başqadır və bir başa XXI əsrin yaratdığı reallıqlarla bağlıdır. 
 XXI əsr sanki insanın məhəbbətsiz yaşamaqdan, sevmədiyinə boyun əyməkdən, ürəyincə olmayanlarla razılaşmaqdan kütləvi imtina əsridir. Bu əsr gələcək vəd etmir – böyük əksəriyyət bu günün ləzzətini yaşamaq istəyir. Ona görə də atılan addımlar bu günə, bu dəqiqəyə hesablanır. Əsrimizdə insan ömrün yox, günün, vaxtın yox, anın ləzzətini yaşamaq istəyir. Çünki sürət əsrində həyat o qədər tez dəyişir ki, bu əsrin 5 və yaxud 10 ilinə çatmaq, özünü həmin illərə hesablamaq çətindir. Ona görə də insan ancaq anın sürətinə, günün yerişinə yetişə bilir. Bütün bunlar şüuraltında, daha dərin psixoloji qatda baş verir, ancaq gerçəkliyə, real həyata sirayət edir. Buna görə də bir günün içərisində neçə aylıq, illik münasibətlərin üstündən insanlar rahatlıqla xətt çəkirlər. Axı belə olmayanlar, qərarlılar, sınmazlar, dəyişməzlər də var axı, bəs bu deyilənləri onlara aid etmək olarmı? Xeyr. Çünki elələri ruhi qatda ötən əsrlərin dəyərlərinin daşıyıcılarıdırlar, daha çox həmin dövrün qaydaları ilə hesablaşırlar. Bəs bu qədər uzun haşiyənin  – XXI əsr reallığının Anna Kreninaya nə dəxli var?
 Anna Karenina ərini, uşaqlarını atıb Vronskiyə – sevdiyinə qovuşur, ailədən, əvvəlki həyatından vaz keçir, amma o, bütün bunlarla yanaşı, əslində, məhəbbətsiz həyatdan imtina edir. Anna başqasına vurularaq sevgisizliyin qəlbindəki hakimiyyətinə qiyam qaldırır. İnsan sevdikdən sonra onu ilk baxışdan adi görünən, ancaq sonralar 24 saatının qəniminə çevrilən bir sual düşündürür: "görəsən, o (sevdiyi adam) nə edir?” İnsan bu sualı özünə, qəlbinə verir, bu sualın cavabısa qarşı tərəfin həyatındadır. Və bu sual – "görəsən, o neyləyir?” –  geniş mənada götürsək insanın həyatında iki ünvana yönələ bilər: İnsan bir düşməninin, intriqada olduğu, addım-addım izlədiyi insanın nə etdiyini öyrənmək istəyir, bir də ən çox sevdiyinin. Düşmənlik nifrətin, sevgi isə aşiqliyin yüksək hədd göstəricisidir. Ancaq biz yuxarıdakı sualın sevgiyə ünvanlananını şərh edəcəyik. İnsan sevəndən sonra daim başqasını – vurulduğu adamı düşünməli olur. Qarşılıqlı sevgi isə daha möhtəşəmdir, belədə, qaşı tərəfin "görəsən, sən nə edirsən?” sualını da hiss etməyə başlayırsan. Və bu cür ali hislər insanı çox şeydən imtina etməyə qadirdir. Onda sual yaranır: analıq hissi, sevgi hissindən adidirmi ki, Anna Karenina uşağını atıb Vronskiyə ərə getdi? Oğlu ilə Annanın bir-birinə olan sevgiləri də qarşılıqlıdır axı. Onda niyə Anna uşağını seçmədi? Cavab: Anna Karenina sevmədiyi kişi vasitəsi ilə ana olmuşdu, onun uşağı ruhun yox, cismin, feyzin yox, həzzin meyvəsi idi. Ona görə də Anna sevgisiz həyatını aşiq həyatına qurban verdiyi kimi, şüuraltısının təsiri ilə sevgisizlikdən doğulan uşağına, gələcəkdə sevgidən dünyaya gələcək övladlarına qurban verir. 

 
 
 Anna Karenina və əsrinin sürəti
 
 İnsan mahiyyət etibarı ilə nikbin varlıqdır. İnsanın beynində gələcəyə münasibətdə nihilizm demək olar yoxdur – biz hər hansı addım atanda onun daha çox dərəcədə uğurlu olacağını, bizi xoşbəxt edəcəyini düşünürük. Dünyanı axarında saxlayan və bizi yaşamağa sövq edən də düşüncəmizdəki bu nikbinlikdir. Əgər atacağımız addımın irəlicədən bizi uğursuzluğa aparacağını bilsək, tutduğumuz yoldan əl çəkərik. Anna Karenina da bu cür aqibətdən xali deyil: O, xoşbəxtlik tapacağı ümidi ilə bədbəxt olur. Ancaq Anna Karenina XIX əsrin insanıdır, onun həyatı XXI əsr övladının həyatı qədər sürətli deyil. Ona görə də  XXI əsr insanı kimi imtina etmək onun üçün adi hal deyil və o, əməllərinin ağırlığını, məsuliyyətini daha dərindən dərk edir. XXI əsrdə isə insanın uzun-uzadı düşünmək fürsəti yoxdur. Ona görə də bu əsrdə vicdani bəraəti olmayan, nəticəsi fəlakətlərə aparacaq hadisələr daha çox baş verir. Məhəbbətə, rahatlığa can atan insanlar sanki deyə-gülə bir-birinə arxa çevirirlər. Anna Karenina vaxtı qabaqladı – dövrün reallığından irəli getdi, sanki gələcək əsrin dəyərlərinə uyğunlaşdı. Sanki onu gələcəyi sürüyə-sürüyə qatarın altına atdı. 
 XXI əsrdə insanlar rahatlığa inanaraq yaşayırlar. Qəlbin səsi indi rahatlığın səsi ilə həmahəngdir. XXI əsrdə insan qəlbinin səsi rahatlığa – ruhi komforta səsləyir: istədiyin yerdə, sevdiyin adamla yaşamaq, sevdiyin işlə məşğul olmaq. Ötən əsrdə qəlb insanı məhrumiyyətlərə sövq edən, cavabsız suallar, ağır ittihamlar qarşısında qoyan vicdan hakimi idi, XXI əsrdəsə cinayəti əsaslandıran, əməllərə bəraət istəyən, atılan addımın səbəblərini izah edən vəkildir. Ona görə də sanki XXI əsrdə hər cür imtinanı, etibarsızlığı əsaslandırmaq, olanlara bəraət qazandırmaq mümkündür. Bu əsrdə rahatlıq arzusu, beyinlə qəlbin əbədi davasını öz xeyrinə həll edib. 
 
 
 
 Anna Karenina və əbədi əsr
 
 
 Anna Karenina XXI əsrdə yaşasaydı, o, bir romanın deyil, 5 dəqiqəlik xəbər fraqmentinin qəhrəmanı olardı. Bəs onda əsərdəki hadisələri, XXI əsrin insanı niyə xəbər fraqmenti kimi deyil, XIX yüzilliyin reallığı kimi qəbul edir? Çünki Tolstoy əsərin içərisinə zaman anlayışını yerləşdirib. Əsərdəki XIX əsr əbədidir. Biz Anna Kareninanın reallığında bir əbədi zaman – əbədi XIX əsr görürük deyə, baş qəhrəmanın gerçəkliyinə onun yaşadığı zamanın gözü ilə baxırıq.  Beləcə, Tolstoy təkcə əsərə yox, həm də əsrə əbədilik qazandırıb...