Biz imzaları yox, əsərləri dərc edirik...

Alıcısı çox, satıcısı yox – Ülvi Aydın
1163
04 İyun 2020, 10:21
  Artkaspi.az saytı Ülvi Aydının yazısını təqdim edir:

  Bəzən  beyində  müxtəlif  suallar bir-birini əvəzləyir. Əvəzlənən suallar içində qəribə suallar da yaranır. Belə qəribəliklərdən biri də görəsən xoşbəxt olmaq istəməyən insan varmı? Fikrimcə xoşbəxt  olmaq istəməyən insanı bəşər cəmiyyətində tapmaq mümkün deyil. Həyata göz açıb yaşayan insan nəyəsə nail olmaq üçün mübarizə aparır, bir qisim xoşbəxtliyinin arxasınca addımlayır, digər bir qismi xoşbəxtliyinin dalınca qaçır. Addımlayan qrupa aid olan insanlar keçmişənəzər salıb bu günü və gələcəyi düşünürlər.Xoşbəxtliyinin arxasınca qaçanlar isə az zəhmət və qısa zaman ərzində böyük uğurlara, yəni özlərinin düşündüyü xoşbəxtliyə çatmaq  istəyirlər.
  Sualdan bir sualda yaranır. Xoşvaxt olan insan xoşbəxtdirmi? Bu sualın cavabı geniş, mürəkkəb, birazda təzadlı ola bilər. Çünki xoşbəxtlik anlamı yaşından, statusundan, tutduğu mövqedən, dünya görüşündən asılı olaraq dəyişir. Tez-tez eşitdiyimiz bir ifadə də var. Xoşbəxtlik anla olur. Lakin xoşbəxtliyi zaman baxımından ölçməkdə nisbidir. Xoşbəxtliyin davam etmə vaxtını müəyyənləşdirən ölçü vahidi hələ ki, elm aləminə məlum deyil. Ona görə də xoşbəxtlik kiminə dəqiqə ilə, kiminə saatla, kiminə gün ilə görünə bilər. Xoşbəxtlik nədir?
  Əksər insanlar xoşbəxtliyi yalnız sevinməkdə, sakit olmayan (səs küylü) həyat tərzində görürlər.Qeyd etdiyimiz kimi insanlar xoşbəxtlik anlamına müxtəlif baxış bucaqlarından yanaşıb onu mənalandırırlar. Üç yaşlı körpəni alınan bir oyuncaq bəlkədə öz aləmində xoşbəxt eləyir, insana verilən bir söz və ya vəd onu xoşbəxtliyin zirvəsinə yüksəldir.
 
 

  Orta və yaşlı nəsil üçün xoşbəxtlik anlamı bir başqadır. Qeyd edilən yaş təbəqəsinə aid olan insanlar əksər hallarda övladlarının, nəvələrinin, nəticələrinin, uğurlarını özlərinin xoşbəxtliyi hesab edir. Gənclərin isə xoşbəxtliyə baxış rakursu fərqli vəözünəməxsusdur. Gənclərin əksəriyyəti xoşbəxtliyini maşın, ev, karyera, çox az qismi isə təhsildə görür. Əldə edilən hər bir uğur, çəkilən zəhmətin nəticəsini görmək, xoşbəxtliyin bir növü kimi dəyərləndirilə bilər. Atılan hər bir uğurlu addım sabaha ümid, yaşamağa stimul, gələcəyə aydın baxış nümunəsidir. Bütün bu qeyd edilənlər xoşbəxtlik çalarlarını insanın həyatında əks etdirir. Yaşadığımız həyatı özümüz üçün gözəlləşdirəndə elə özümüzük. Həyat insanlara tanrı tərəfindən yaşayıb, yaradıb zövq almaq üçün bəxş olunub. Bəzən belə olmur. Həyatımızı mənalandırıb qayğıdan, diqqətdən, sevgidən, xoşbəxtliyi ayrı tutan insanlarda az deyil. Sadalanan, qayğı, diqqət, sevgi xoşbəxtlik sərhədlərindən kənarda, var, dövlət, pul isə xoşbəxtliyin mərkəz nöqtəsində dayanır. Pulu xoşbəxtliyin mərkəz nöqtəsi hesab edənlər həmin nöqtəni ailə münasibətlərinin təməli kimi görürlər. Təəssüf ki, pulsuz xoşbəxtlik yoxdur düşüncəsi əksər beyinlərə hakim olmağı bacarır. Elə bu üzdəndə günümüzdə qurulan münasibətlərdə xarakter, ruh,  düşüncə tərzi (bəzi insanlar üçün) kənarda qalır. Bu düşüncənin sahibləri üçün maddiyat və xoşbəxtlik ifadələri demək olar ki, eyniləşir və buradan belə bir fikir çıxır ki, nə qədər pul varsa deməli xoşbəxtlik var. Pul hər kəs üçün gərəklidir, amma sevgini, qayğını, diqqəti pul əvəz edə bilmir. Xoşbəxtliyi pulla almaq istəyən olsa da mədəniyyət, vicdan və savad kimi o da satılmır. Bu fikirlərdən belə bir tapmaca meydana çıxır. Alıcısı çox, satıcısı yox. Cavab: xoşbəxtlik,vicdan, mədəniyyət, savad.