Biz imzaları yox, əsərləri dərc edirik...

Aktyorluq uşaqlıqdan içimdə böyüyən bir xəyal idi – Nəsiman Rüstəmzadənin müsahibəsi
2648
22 Aprel 2019, 13:02
 Artkaspi.az saytı Nəsiman Rüstəmzadənin müsahibəsini təqdim edir:
 
 – Uşaqlıqdan həmişə içimdən gələn səs mənə bir gün aktyor olacağımı deyirdi. Xəzər televiziyasında çalışarkən içimdəki bu hissə daha çox əmin oldum və o səsin ardınca getdim. Ssenari yazmağa başladım, amma yazmağın texniki tərəflərini mənə müəllimim Valeh Əhmədov öyrətdi. Həmin illər Xəzər televiziyasında "Ata ocağı” serialı təzə çəkilməyə başlayırdı və serialın rejissoru Rüfət Şahbazovla tanış oldum. Onun da mənə çox köməkliyi dəydi. "Ata ocağı” serialının çəkiliş proseslərini izləyir və təcrübə toplamağa çalışırdım. Gördüm ki, mən mühasibatlıqda deyil, aktyor sənətində daha xoşbəxt olaram. İçimdəki hissin arxasınca getdim. Bu hiss məni İstanbula köçməyə vadar etdi. Təsəvvür edin, Türkiyəyə köçdüm, amma burada heç kimi tanımırdım. Çox çətin günlər yaşadım. Bu gün o qərarı verdiyim üçün çox xoşbəxtəm. İstanbul "Sinema televizyon atelyesi”ndə Polad Bilgindən təhsil aldım və kursa davam edərək seriallarda bölüm aktyoru olaraq çəkilməyə başladım. Artıq özümü aktyor kimi hiss edirdim. Beləliklə, "Avlu” serialında polis, "Çarpışma” serialında taksi sürücüsünü oynadım. Bundan əlavə, "Erkenci kuş” serialında şirkətin işçisi rolunu hələ də davam etdirirəm. Hədəflərim ölkəmi, ailəmi, özümü ən gözəl şəkildə təmsil etmək, gələcək üçün vətənimə, millətimə yararlı bir insan olmaqdır. Özümü doğrultmaq üçün məhz Türkiyəyə üz tutdum. Hesab edirəm ki, həyatdakı ən gözəl şey insanın işini sevərək görməsidir. Allahıma şükür edirəm ki, bu mənə nəsib oldu. 
 
 

 – Beynəlxalq münasibətlər ixtisasını bitirdiyiniz halda, niyə incəsənətə meyl etdiniz?
 – Çünki uşaqlıq illərimdən bu sənətə böyük marağım vardı. Film izləməyi çox sevirdim. İzlədiyim film xarakterlərinin etdiyi hərəkətləri sonradan özüm edirdim və bundan xoşbəxt olurdum. Aktyorluq uşaqlıqdan içimdə böyüyən bir xəyal idi. 
 
 – Ssenari yazmağa həvəsiniz olduğu halda, yenə də aktyorluğa doğru yol aldınız. Sizcə, ikinci dəfə özünüzə haqsızlıq etmədinizmi?
 – Məsələyə bu çərçivədən baxmıram. Çünki bu da mənim başqa bir istedadımdır. Mən bu sahədə davam etməsəydim, məhz onda özümə haqsızlıq edəcəyimi düşünürəm. Nəticə olaraq ssenari yazmaq mənə Allah tərəfindən verilən bir istedaddır. Əgər özümdə aktyorluq kimi bir istedadı görməsəydim, kor olardım. Aktyorluq sənətini davam etdirəcəm. Komediya janrında bir ssenari yazmışam. Uyğun zamanın və şəraitin gəlməsini gözləyirəm. Zamanı gələndə bu ssenariyə film çəkəcəm və filmdə özüm də rol alacam. Bundan başqa, filmdəki qəhrəman obrazını da Cem Yılmazdan başqa heç kimə vermərəm. İnanıram ki, o gün gələcək və mən bu filmi çəkəcəm. Ssenari yazmağın ən gözəl tərəfini əslində indi yaşayıram. Oynadığım hər xarakteri daha yaxşı və rahat şəkildə analiz etməyimdə mənə kömək edir.  
 
 

 
 – Cem Yılmaz sizin filmə çəkilərmi?
 – Bir gün zamanı gələndə bunu onun özündən soruşarıq. Ancaq buna inanıram. O səviyyəyə qədər qalxacağıma şübhəm yoxdur.
 
– Ssenari yazmaq iddiasında olduğunuz halda, aktyorluğu tez bir zamanda məşhur olmaq üçünmü seçdiniz?
 – Mən məşhur deyil, aktyor olmaq istəyirdim. Əgər tez bir zamanda məşhur olmaq istəsəydim, Azərbaycanda televiziyalarda bunu rahatlıqla əldə edərdim. Sənətimlə, oynadığım filmlərlə, yazdığım ssenarilərlə iz qoymaq istəyirəm. Çünki mən artıq özümü digər insanlardan fərqli hiss edirəm. İnsanların həyatına toxunan, onları xoşbəxt, kədərli, əsəbi və digər hallara sala biləcək digər xarakterləri canlandıraraq onların həyatına toxunuram. Bu hiss tamamilə fərqli bir şeydir. İnsanların gözündəki yaş, dodağındakı gülüş olmaq mükəmməl bir duyğudur. 
 
 
 
 – İki ölkədə serial çəkilişi prosesində iştirak etmisiniz. Bu proseslərdə ən böyük fərq nədir?
 – Sponsorların ayırdığı maliyyə. Mən Azərbaycanda çox istedadlı ssenaristlərin, rejissorların və aktyorların olduğunu düşünürəm. Təəssüf ki, filmlərə, seriallara ayrılan maliyyə o qədər də yüksək deyil. Azərbaycanda iki işıq effektini bir qırıq bumla çəkən insanlar var. İstəmirəm ki, onların içindəki sənət eşqini öldürsünlər. Mənim bu həyatda ən çox kədərləndiyim sənətdən küsən insanları görməkdir. Çünki bizim işimiz könül, duyğu, ürək işidir. 
 
 – Sizcə, tək səbəb maliyyədirmi?
 –  Mən elə düşünürəm. Çünki Azərbaycanda kino industriyasında çalışan istedadlı adamlar var və onlar üzə çıxmırsa, tək səbəbi maliyyədir. O insanlar sənətə həyatını verirlər. 18-20 saat çəkiliş prosesində işləyirlər, ailəsindən, sevdiklərindən uzaqdadırlar. Ancaq ailələrinə götürdükləri maddi qazanc çox az olur.
 
 – Türkiyədə hər bir aktyor prodakşınlarla əlaqə qurub, o sistemə düşə bilmir. Siz tez bir zamanda buna necə nail ola bildiniz?
 – Bir şeyi həqiqətən könüldən istəyəndə, o, baş verir. Mən Türkiyəyə gələndə tanıdığım bir nəfər belə yox idi. Ancaq indi bir çox tanınmış aktyorlar, rejissorlarla münasibətim var. Hansı ki, bir zamanlar ekran arxasından izlədiyim aktyorlarla tərəf-müqabiləm. Bu işə istəyərək və onu sevərək başladım. Serial çəkilişlərinə başlayanda, normal qonorar belə almırdım. Amma bu elə bir həvəs və sevgidir ki, maliyyə məsələləri arxa planda qalır, daha sonra onun səmərəsini görməyə başlayırsan. Azərbaycandan bura gələnlər Türkiyədə məşhur olmaq istəyir. Amma türk psixologiyası belə deyil, əvvəl istedadını göstərməlisən, xalq səni sevərsə, qəbul edərsə, sən burada özünə bir yer tapacaqsan. Bu sənətə məşhurluq səbəbi ilə deyil, xəyallarını gerçəkləşdirmək səbəbi ilə gələnlər daha çox uğur qazanar. 
 
 – Hədəfləriniz nədir?
 – Hədəfim burada öz aktyorluq qabiliyyətimi və bacarığımı ortaya qoyaraq dünyaya açılmaqdır. Bir gün Hollivud filmlərində oynamaq, Amerikada təhsilimi davam etdirmək, onların səviyyəsinə çatıb, sənətimə səviyyəli şəkildə davam etməkdir.
 
 

 – Azərbaycana geri dönmək fikriniz varmı?
 – Əlbəttə ki, var. Azərbaycan mənim vətənimdir. Orada ailəm, dostlarım, millətim yaşayır. Azərbaycan mənim evimdir. Təbii ki, ora bir gün geri dönəcəm, ancaq bu şəkildə yox. Sənət baxımından Azərbaycana o zaman dönəcəm ki, orda mənim bir film layihəm olacaq. Bundan başqa, aktyorluğa marağı olan gənclərimizi yönləndirmək üçün kurslar təşkil edib, onları uğurlu şəkildə ölkəni təmsil etməyə hazır edəcəm. Bir iz qoyub, insanların həyatına toxunmaq istəyirəm. İnşallah, bunun öhdəsindən gələcəm.
 
 
 
– Hazırda hansı işləri görürsünüz?
– Yeni "Netflix” serialı üçün çalışırıq. İnşallah, nəsib olsa, orada rol alacam. Artıq yay seriallarında rol almağa başlayıram. 
 
– Azərbaycanda normal bir işdə çalışarkən, istəklərinizin tam olaraq bu olmadığını görüb, ərizənizi yazaraq işdən çıxdınız və xəyallarınızın ardınca getdiniz. Bu gün çalışdığı sahədə xoşbəxt olmayan, ancaq o ərizəni yazmağa risk etməyən insanlara nə məsləhət görərdiniz?
 – Qədirlərini bilsinlər, bu həyatda ikinci Nəsiman, Əhməd və başqaları yoxdur. Biz dünyaya bir dəfə gəlirik və öz istəklərimizə uyğun yaşamalıyıq. Bir şərtlə ki, başqalarına zərər verməyək. Kimsə işdən çıxmaqdan, aldığı pulu itirməkdən qorxmasın. Onları qazana bilərlər, ancaq həyatlarındakı günləri bir-bir itirdiklərini nəzərə alsınlar. Əgər insan öz qədrini bilməsə, heç kim ona dəyər verməyəcək. Çalışdığı sahədə xoşbəxt olmayan insan ailəsini, qadınını və ətrafındakı insanları xoşbəxt edə bilməz. Çünki psixoloji basqı onun həyatına hər şəkildə toxunacaq. Mən belə insanları çox görürəm. Həyat davam edir, risk etməkdən qorxmayın.