Biz imzaları yox, əsərləri dərc edirik...

Ağılsız xoşbəxtlik yoxdurBertrand Russel
490
13 İyun 2018, 09:00

Britaniyalı filosof, tarixçi-yazar, sosial tənqidçi, siyasətçi Bertrand Artur Uilyam Rassel 1872-ci ildə Monmausshayerdə dövrün tanınmış zadəgan ailələrindən birinin övladı olaraq dünyaya göz açıb. Yaşadığı məhəbbət macəraları, sosial yüklü məqalələri, siyasi çıxışları və fəlsəfi fikirləri ilə uzun illər cəmiyyətin ən çox müzakirə olunan simalarından biri kimi yaddaşlarda iz qoyan Rassel "İfadə etmək haqqında” ("On denoting”), "Riyaziyyatın qaydaları” ("The principles of mathematics”), "Rassel paradoksu” ("Russell’s paradox”), "Qərb fəlsəfəsi haqqında hekayət” ("A history of Western philosophy”), "Müharibə illərində ədalət”in ("Justice in war-time”) müəllifi kimi tanınıb. 1900-cü illərin əvvəllərində ingilislərin "idealizmə qarşı” müqavimət hərəkatına başçılıq edənlərdən olmuş Bertrand Britaniya aristokratiyasının seçilən ailələrindən birinin övladı olub. Sərbəst ticarət və sülh tərəfdarı olan, imperialist rejimlərə meydan oxuyan çıxışları ilə diqqəti hər zaman üzərinə toplamağı bacaran Russel güclü liderlik qabiliyyəti ilə seçilib. Məhz bu səbəbdən Birinci Dünya Müharibəsində uzun müddət həbsdə saxlanılıb. Sonralar Hitlerə qarşı kampaniyalara başçılıq edən, Stalin totalitarizmini sərt tənqidə məruz qoyan, hətta Vyetnam müharibəsindəki roluna görə Amerikaya qarşı barışmaz mövqe sərgiləyən Russel bütün həyatı boyu apardığı bəşəri əhəmiyyətli mübarizənin layiqli mükafatını da alırdı. Onun dünyanın hər yerində çoxlu həmfikirləri və tərəfdarları var idi. 1950- ci ildə Bertrand Russel insan hüquqları və düşüncə azadlığını müdafiə edən, bunları tapdalamağa çalışan rejimləri tənqid edən yazılarına və mübarizəsinə görə "Nobel Ədəbiyyat Mükafatı”-na layiq görülüb. 1960-ci ildə isə Russel Avropa ölkələri tarixi və mədəniyyətinə xidmət etmiş insanlara verilən nüfuzlu "Sonninq” mükafatını alıb. 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ədib 1970-ci ildə Birləşmiş Krallıqda dünyasını dəyişib. 


 



 

 "Birinə inanmaq" duyğusunu sevmək yox, sevilmək hissi yaradır. Qarşılıqlı sevgi isə bu hissə ölümsüzlük qazandırır"

– Tabular, qanunlar, prinsiplər sizin nəzərinizdə hər zaman müzakirə olunacaq mövzulardı. Olmazları süzgəcdən keçirmədən qəbul etməyi yolverilməz hesab edirsiniz?

– Bunları insanlara bir alternativ yol göstərmək üçün yazıram. "Sərhəd, tabu, qanun" anlayışı vasitəsilə çatdırmaq istədiyim, məğzini açmağa çalışdığım əxlaq daha çox "olmazlar”-dan asılıb qalmış, saysız-hesabsız, bitib-tükənməz qaydalar müəyyənləşdirmiş, lakin bu qadağa və qaydaların səbəblərini və məntiqi hökmlərini göstərə bilməyən əxlaqdır. Bu qadağaların çoxunun səbəblərini ömür boyu bilməzsiniz, bəzilərininkini bilsəniz də nəticə dəyişməz. Çünki bu qaydalar bütün zamanlar üçün mütləq hesab edilir və onların "etmə” dediyi şeyləri etməmək məcburiyyətinə boyun əyirsiniz.

 

– Məsələn, nə kimi şeylər?

Mədəniyyətin mövcud olduğu səviyyə nədirsə, ona uyğun şeylər. Məntiqi səbəbləri olmadan yaranmış qaydalarla hökm sürən əxlaq primitiv düşünən beynin məhsuludur, bəsit xarakterə uyğundur. İbtidai düşüncələrlə yaşayan toplumlarda başqa əxlaq normaları yarana bilmir. Məsələn, hətta elə cəmiyyətlər var ki, vəzifəcə yüksək insanın yerində oturmaq olmaz, onun yemək yediyi qabdan istifadə etmək olmaz. Bunun analogiyası olan minlər, milyonlarla "əxlaqi” hesab edilən tabular var dünya xalqlarının irsində. İndi yadıma gəlmir harada oxuduğum... Dahomey krallarına uzun müddət bir yerə baxmaq qadağan imiş, hara uzun müddət baxsa, orada bədbəxtlik yaşanırmış, yazıq kral durmadan ora-bura baxmalı olurmuş.
"Heç kim düşməninin əlindən alınmasını sükutla qarşılamır. Çünki özümüzü bədbəxt hiss edəndə nifrət dolu sözlərimizi, baxışlarımızı yağdıracaq yer axtarırıq. İnsan dərdi öz ağılsızlığı ucbatından çəkdiyi həqiqəti ilə barışa bilmir"

 

– Əgər belə şeylər ancaq ibtidai təfəkkürlü, primitiv insan cəmiyyətlərində mövcud olan tabulardırsa, inkişaf etmiş Avropa ölkələrində olanların adı nədir? Yoxsa sizə elə gəlir ki, bizdə belə qadağalar yoxdur?

– Bizim əxlaq toplumuzda da bunun kimi onlarla əxlaq çəpəri var. Ən mükəmməl toplumlarda belə, var bu tip şeylər. Elə qəribə tabular var, qəti şəkildə ağır günah kimi insanlar onu hər yolla uzaqda tutmağa çalışır. Məsələn, "Qonşunun öküzünə göz dikməzlər”. Mən heç kimin öküzünə göz dikməmişəm, amma bu bizdəki tabu əxlaqının tələbi ilə olmayıb.

Gündəlik həyatınızda qarşılaşdığınız başqa hansı qadağalar, qaydalar var? Tabu əxlaqı ilə bağlı verə biləcəyiniz daha aydın nümunələr varmı?

Əlbəttə, var. Əxlaq məfhumu bir çox cəhəti ilə əslində çox dərinlərdə olduğunu düşündüyümüz ibtidai tərəfimizlə mükəmməl şəkildə uzlaşır. Məsələn, oğurlamaq, öldürmək olmaz deyirik, yəni bizə belə təlqin edilir. Bunlar əslində əxlaqi qaydalardır, amma insan beyni bunu əxlaq norması kimi çox çətin qəbul edir. Odur ki, onu tabu şəklində ortaya qoymalı, belə ötürməli oluruq. Çünki insan beyni primitiv şəkildə qadağanı şüurlu şəkildə dərki mümkün olandan daha tez mənimsəyir.

 

– Düşüncə dərinliyini qısaca izah edərsinizmi?

– Dərindüşüncəlilik düşüncələri üçün kimisə cəzalandırmamaqdır.

 

– Amma cəzasız olmur. Bu qədər tabu, qadağa hamısı pozulsa, necə olar? Yəni, bunların hamısımı zərərli və işəyaramazdır?

– Bəzilərinin yararlı tərəfləri də var, bəziləri isə ümumiyyətlə, mənasızdır. Yerinə baxır. Demək istədiyim odur ki, əgər əxlaqınız ağlınızdan qidalanırsa, tabuları şüurlu şəkildə nəzərdən keçirib, hansıların yararlı olduğunu təyin edə bilərsiniz. Məsələn, mən bir dəfə dərindən düşündüm və qərar verdim ki, inək əti yeməməyin heç bir məntiqi səbəbi yoxdur, ola bilməz. Bu inanc, tabu, dəyər – hər nədirsə, əhəmiyyətsizdir.

 

– İnsan dinə inanmırsa, hərçənd siz onsuz da dinə inanmırsınız, tabu əxlaqının da ağıla və məntiqə sığmayan bir çox qayda-qanunlarını da mənasız hesab edir, əhəmiyyət vermir. Bəs özünüzün inandığınız bir əxlaq sistemi varmı?

– Var. Amma əxlaqı siyasətdən ayırmaq çox çətindir. Məncə, əxlaq və ədalət xüsusi və ümumi mənafeləri uzlaşdırma cəhdlərindən yaranır. Məsələn, kimsə nəticəsi özü üçün yaxşı, qonşuları üçün pis olacaq bir iş tutur. Ziyanın kimdən keçdiyini biləndə zərərçəkənlər başqalarının da ziyan görməsini əngəlləmək üçün həmrəy olurlar. Ədalət və cəza mexanizmi işə düşür. Əxlaqsız olanı, yanlış olanı da bu tip həyati təcrübələr öyrədir adama.


– Bəs hamının tabe olmalı olduğu vahid əxlaq normaları varkən hərənin özü üçün müəyyənləşdirdiyi əxlaq qaydalarına uyğun davranmağa çalışması təhlükəli olmazmı?

– Bəli, təhlükəli ola bilər. Amma bir də bu tərəfdən baxın, mənim haqqında danışdığım əxlaq normalarını insanlar şüurlu şəkildə düşünüb, formalaşdırırlar, bu halda alınan yekun nəticələr o qədər də bir-birindən fərqli, yəni o qədər də məxsusi ola bilməz. Əxlaq zövq və ya baxış məsələsi deyil, şüur məsələsidir. 

"Mənim dünyamda ağılsız xoşbəxtlik yoxdur. Mən sırf məntiqimin və ağlımın itiliyinə görə, həyatda başqa heç nəyin dərdin çəkmirəm. Hətta biz az daha ağıllı olmaq mümkündürsə, mən inanclarımı da yeniləməyə hazıram"

 

– İctmai və əxlaqi normaların pozulmasına görə insanlar günahlandırılır, cəzalandırılırlar...

– Günah birmənalı şəkildə təsviri və çərçivələri olmayan absurd bir məfhumdur. Arzuolunmaz davranışları nəzərdə tutursunuzsa, bəli, belə arzuolunmaz işlər var, bu da xeyirdən çox, ziyan gətirən işlərdir. Amma bu işlərə günah adı verərək, bu yolla işə yararlılığını artırmaq cəhdi olduqca əhəmiyyətsiz addımdır. Məsələn, cinayət törətmək arzuolunmaz işdir. Kimsə cinayət törədibsə, ona cəza verilməlidir. Amma buna günah donu verəndə bunu icra edənə guya nəsə mənəvi əzab da yükləndiyini düşünür, sanki daha çox əzab çəkəcəyinə görə rahatlanırıq. Halbuki bu söz tamamilə dini məqsədlərə xidmət edir.

 

– Yəni günah anlayışı çox vaxt işgəncələrin əsas motivi olur, bundan işgəncələrə haqq qazandırmaq üçün yararlanırlar, bunu demək istəyirsiniz?

– Bəli, məncə, əksərən belə olur. Demək istəyirəm ki, cəhənnəm belə qatı, kinli, bədniyyətli insanların uydurduğu yerdir. İnsani duyğuları olan, normal düşünən heç kim onsuz da işlədiyi günahlara görə cəmiyyətdə, həbsxanada layiqli cəzasını almış insanın sonsuza qədər mənəvi və fiziki işgəncələrə məhkum olunmasını istəməz. Özünü tanıyan, qəlbi və şüuru təmiz olan heç kim belə bir əzablı məkanı xəyal edə bilməzdi. Günah anlayışı sizi özünüz də bilmədən vicdansızlığa, mərhəmətsizliyə, başqalarına işgəncə etməyə sürükləyə bilər. Bu isə olduqca təhlükəlidir. Bunun bir də nəyisə əyri görmək tərəfi var, amma qeyri-əxlaqi, arzuolunmaz davranışları cəzalarla yanaşı düşünün. İctimai sabitliyi pozan hər bir hərəkətə uyğun cəza var. Siz də baş verən hər şeyə ictimai fikir və sabitlik tərəfindən baxın. Məsələ həll olunub, layiqli cəza verilib və bu, sabitliyin bərqərar olması ilə bitibsə, altında əyri olan nələrsə axtarmağa cəhd etməyin.

 

– Sizcə, elə yaranışından yerində olmayan, əyri gedən şeylər varmı?

– Əslində, bu sözdən çox istifadə etmirəm. Buna da xeyirdən çox zərər gətirən şeylər deyək. Əgər gördünüz ki, nəsə sizə və ətrafınıza zərər vurur, onu etməmək daha yaxşıdır. Siz istəsəniz, "naturadan əyri” ifadəsini istifadə edə bilərsiniz, amma mən belə bir mübaliğənin əhəmiyyətli olduğunu düşünmürəm.

 

– Əxlaq anlayışında cinsi münasibətlər geniş yer tutur. Siz də yazılarınızda bu mövzuya geniş yer ayırmısınız. Bu münasibətləri ağılla tənzimləmək istəyən insanlara nə kimi məsləhətlər verə bilərsiniz?

– Mənim yazdıqlarımda cinsi mövzular bəlkə də yüzdə bir faizdir. Amma oxucuların böyük əksəriyyəti elə dərin və çıxılmaz cinsi aclıq içindədirlər ki, bu mövzunu oxuyanda yazdıqlarımın yüzdə doxsan doqquzunun nə haqqında olduğunu unudurlar. Bir məsələ də var ki insanların bu mövzulara olan marağı ilə onların bu məsələlərdə ağıllı davranmaq cəhdləri arasındakı uyğunluq cəmi bir faizdir. Başqa məsələlərlə bağlı necə düşünür, məntiqi mühakimələr yürüdürəmsə, bu mövzuda da belə danışmalıyam, məndən gözlənilən budur. Elə bu münasibətlərdə də əgər duyğularınız və arzularınız, bunların sizi apardığı son başqalarını incitmir, heç kimin həyatını alt-üst etmirsə, əsla sorğulana və ittiham edilə bilməz. Cinsi münasibətin nə forması olursa-olsun, hansısa bir tabu onu pisləyir və qəbul etmir deyə, onu şüursuzca pisləyib, rədd etmək olmaz. Kiməsə ziyan verib-vermədiyinizə diqqət etməlisiniz, həyatın bütün sahələrində şüurlu əxlaqın təməli buna söykənir.



  İngilis dilindən tərcümə edən: 
Elcan SALMANQIZI

(Bertran Rasselin BBC, Brainpicks, Paragraph dərgilərindəki çıxışlarından)