Biz imzaları yox, əsərləri dərc edirik...

ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans
76
12 Aprel 2019, 16:45
  Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) "Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans öz işinə başlayıb.

  AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən H.Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
  Kamal Abdulla deyib: "Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı idi. O, ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır. Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur”.
  Diqqətə çatdırılıb ki, hər zaman xalqımız tərəfindən böyük ədibin xatirəsi əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə böyük ədibin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi.
 
  Konfransda ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun "Cavid sənətində bəşəri genişlik”, "Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemirin "Hüseyin Cavidin dram yaradıcılığına Əbdülhəq Hamidin təsiri” mövzularda məruzələri dinlənilib.
  Tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam və digər çıxış edənlər Cavid yaradıcılığına nəzər salıb, konfransın işinə uğurlar arzulayıblar.
  Konfrans işini "Hüseyn Cavid və türk dünyası”, "Hüseyn Cavid və Şərq ədəbiyyatı”, "Hüseyn Cavid və Qərb romantizmi” bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında Cavidin həyat və yaradıcılığına həsr olunan müxtəlif mövzularda məruzələr dinlənilib.