Biz imzaları yox, əsərləri dərc edirik...

Adəmin çayı, Həvvanın gülüşüylə... – Ehsan Pərsanın şeirləri
2691
14 May 2019, 12:57
  Artkaspi.az saytı Ehsan Pərsanın şeirlərini təqdim edir:
 
  Çağdaş fars şairi Ehsan Pərsa 1979-cu il fevral ayının 14-də İraqın Nəcəf şəhərində anadan olmuşdur. Hazırda Tehranda yaşayır. İlk kitabı olan "Yek estekan ro’ya” (Bir stəkan röya) 2010-cu ildə işıq üzü görmüşdür və qısa şeirlərdən ibarətdir. Daha sonra – 2014-cü ildə şairin Kərbəla mövzusunda yazılmış "Be xətt-e kufi nənevis” (Kufi xəttiylə yazma) adlı ikinci şeirlər kitabı çap edilmişdir. Həm əruz şeiri, həm də sərbəst şeirlər yazan Ehsan Pərsa eyni zamanda ərəb ədəbiyyatından bədii tərcümə ilə də məşğul olur.
 
 
 
Dəyişilmişəm bir az.
Məni tanımaq üçün
əzişdir
şəklimi!
 
***
 
Saçların olmasaydı,
necə çəkərdim
küləyin rəsmini?
 
***
 
Şeirə çevirirəm
iki gözünü.
Göz vurursan,
pozulur qafiyə.
 
***
 
Sevirəm
səninlə birlikdə addımlamağı...
Yol tikəcəyəm
sənin üçün,
ev əvəzinə...
 
***
 
Güzgünü öpürəm...
Bəlkə, bir şey qalmış ola
təsvirindən!
 
***
 
Mirvari olmağa sərf etdim
bir ömrü.
Sənsə
boş balıqqulağı toplayırsan
dəniz kənarında...
 
***
 
Üzümün rəngi qaçıb...
Öz qırmızı rəngini
mənə verəydi kaş
İran bayrağı.
 
***
 
Mən
şeirlərimə üfləyirəm
ruhumu,
kəpənəyə dönürlər.
 
Sənsə
kəpənək
qurudursan
xatirə dəftərinçün!
 
***
 
Yığaraq saçlarını
alırsan yelin əlindən
əsmək bəhanəsini.
 
***
 
Bircə dəfə baxdın
və mən
illərdir ki,
kirpik çıxardıram
qəlbimdən.
 
***
 
Kofta hördün mənimçün.
Səninçün...
Aç başının örtüyünü,
kişilər ancaq saç hörməyi bacarırlar...
 
***
 
Ay
sənin əksin düşmüş
bir gölməçədir
səmada.
 
***
 
Kölgələr daha çox aşiqdir.
Mən üzbəüz dayanarkən səninlə,
kölgəm ayağına düşür.
 
***
 
Evimizdəki günəbaxan
buludlu günlərdə də
açılır.
Xanım!
Günəşlə əlaqən var?
 
***
 
Qum saatıyla sayıram
ayrılıq anlarını.
.
.
.
Bir səhra keçib...
 
***
 
İçimdə
bir qar adamı var
ki, aşiqdir Günəşə.
Və bu,
dünyadakı bütün eşq hekayələrinin
xülasəsidir...
 
***
 
İraq səbkində yazmış
bütün şairlər qədər
dərdim var.
Sanki "İbn Səlam”
Leylini yox,
elin bütün qızlarını aparıb.
 
***
 
Venesiyanı
göz yaşına qərq etdi
Marko Polonun gedişi.
Getmə...
Tehranın
selə dözümü yox...
 
***
 
Sən
daş dövrünə qaytarırsan məni.
Adəmin
çayı
Həvvanın gülüşüylə
şirin etdiyi zamana...
 
***
 
Hər il
doğum günümdə
daha artıq şam göz yaşı tökür
mənim üçün.
 
***
 
Dünən
əlimdəki cizgilər
gəlişindən xəbər verirdi.
Bu günsə
gedişindən xəbər verir
üzümdəki cizgilər.
 
***
 
Səndən sonra
şüşənin bu tərəfinə gətirdim
yağışı.
 
***
 
Kaş bu qanadları açmaq olaydı!
Yaman öyrəşmişəm bu qəfəsə, 
Kaş onunla birlikdə uçmaq olaydı.
 
***
 
Dedin ki,
qəlbində qalacağam
və qaldın.
O vaxtdan
bir az sola meylləndi qiblə.
 
***
 
Təbəssümlərin yaz,
gülüşlərin yay,
göz yaşların payız,
qüssələrinsə qışdır.
 
Fəsilləri
sənin davranışından anlayır
mənzildəki güldan!
 
***
 
Heç bir gəlincik
qocalmır.
Qızlardır
ən mehriban analar.
 
Tarixdəki bütün gəlinciklər
yetim qalardı,
əgər Tanrı
yaratmasaydı qızı.
 
Çiçəklərin hamısı
ot adlanardı.
Tanrı qızları yaratdı,
ad qazandı
hər çiçək.
 
Dünyanı
laklı dırnaqlarsız,
dikdaban ayaqqabılarsız,
qolbaqsız,
sancaqsız təsəvvür et.
 
Tanrı qızı yaratdı.
Qız Tanrı üçün
gözəlləşdirdi
dünyanı.
 
Tanrı Ayı gördü,
qızı yaratdı.
 
***
 
Hər şeyi
öpüb
qırağa qoydum.
Səndən başqa!..
 
***
 
"Qaranlıq gecənin sonu ağ olar”.
Bu sətir
saçlarımın
xatirə dəftərçəsindəndir!
 
***
 
Dənizə aşiq idi,
dəniz quşu dedilər.
Məni nə vaxt səsləyəcəklər
sənin adınla?
 
 

***
 
Ölüm
çərçivəyə alır
ata təbəssümünü...
 
Çərçivəsiz bir qaşqabaq üçün
darıxıram
mən!
 
***
 
"Qadınlar üçün vaqon”un
bir cənnət qatarı olduğuna əminəm.
Cəhənnəmə gedərəm
onun içində!
 
***
 
Bir halda ki, hirslənirsən,
gülümsəmə.
Acı çayı
fincana süzərlər,
qənddana yox.
 
***
 
Mən yarpaqların dilini bilirəm!
Məsələn, "xış-xış”,
yəni "Aman ayrılıq əlindən!”
 
Heç bir yarpaq
xışıldamaz
ağacdan ayrılmadan...
 
***
 
Yüz şeir dəftərindən
daha çox qaneedicidir
bir öpüş.
Gedim yenə yazım...
 

  Fars dilindən tərcümə edən: Məhəmməd Nuri