Artkaspi.az saytı Orxan
Saffarinin yazısını təqdim edir:

Azərbaycan ədəbiyyatı tarixi
ölkəmiz müstəqillik qazandıqdan sonra öz çiçəklənmə dövrünü yaşadı. Düzdü,
çağdaş dövr ədəbiyyatı yaranmazdan əvvəl ümumilikdə müstəqillik qazanılana
qədər baş vermiş bir sıra qanlı faciələr olsa da, elə bunlar özü də zamanla
ədəbiyyat tarixinə çevrildi.
Pafosdan uzaq, Azərbaycan
tarixi də, ədəbiyyatının tarixi də geniş və zəngindir. Elə təkcə ədəbi
müstəvidə baxmaq kifayət edir ki, bunların şahidi olaq.
Tarixi geriyə alıb bir çox
dövrlərə, eləcə də xanlıqlar dövrünə nəzər salıb şanlı tariximizi görə bilərik.
Və əsrlər, illər sonra yaranan bir sıra ədəbi nümunələr hər şeyi aydan arı,
sudan duru ortaya qoyur.
Məhz elə bu əsərlərdə
insanlarda milli əhval ruhiyyənin qaldırılmasına xidmət edirdi. Yəni bir növ
ideoloji məsələlərdir həm də.
Tehran Əlişanoğlu bu barədə
yazırdı ki, "İdeologiya vacibdir. O cümlədən ədəbiyyatın, sənətin,
artmasındaideoloji diskursun iştirakı şəksizdir. Bunu bizə 1990-cı illərin
ideoloji atmosferinin mürəkkəbliyi bir
daha andırdı. Özlüyündə azad olmuş, buxovlardan qurtulmuş ədəbiyyat, sənət
meydan situasiyasının təklif etdiyi qəfil, ideya bolluğundan sanki pat durumuna
düşmüşdü. Ona görə yox ki, situasiya ədəbiyyat və sənət üçün maraqlı deyildi,
məhz ona görə ki, Azərbaycan yazıçısı, sənətçisi, Azərbaycan insanı üçün situasiya
qəfil, maraq kontekstləri isə çox idi".
Çağdaş dövr yazıçılarından
olan Sabir Rüstəmxanlının da bəzi əsərlərində tarixi nəsr nümunələrini görə
bilərik. Tarixi-mifoloji üslubda qələmə aldığı "Göy tanrı" əsərində
oğuzların yaşam tərzini, mənəviyyatını, əxlaq aspektlərini göstərmişdir. Amma
burada Oğuzların daha qədim dövrlərindən– İslami qəbul etməmişdən əvvəlki
dövrlərdən söz açılır.
Sabir Rüstəmxanlının başqa bir
romanı "Ölüm zirvəsi" romanı da 1804-cü ildə Gəncənin çar Rusiyası
tərəfindən işğal olunmasına həsr olunmuşdur.
"Difai fədailəri” əsəri isə
Difai hərəkatına həsr olunub və müsəlman-erməni qarşıdurması haqqındadır. Bu
qarşıdurma bu gün də davam edir. Bu cür əsərlər təkcə keçmişlə bağlı deyil,
həmçinin bu günə işıq salan əsərlərdir.
Azərbaycan ədəbiyyatında
tarixi əsərlərin müəllifi kimi tanınanlardan biri də Mustafa Çəmənlidir. O,
"Xallı gürzə", "Ruhların üsyanı", "Ölüm mələyi"
kimi tarixi nəsr əsərlərinin müəllifidir.Məsələn, "Ölüm mələyi"
tarixi romanında Səfəvilər dövlətinin şahlarından olmuş, Şah İsmayıl Xətainin
oğlu I Şah Təhmasibin ömrünün son illəri və onun on doqquz il altı ay dustaq
həyatı yaşayandan sonra taxta oturmuş oğlu II Şah İsmayıldan bəhs edir. Romanda
həmin dövrün xarakterik obrazları göstərilmişdir. Müəllifin digər bir əsəri, "Ruhların
üsyanı" povestində isə Azərbaycan tarixinin müxtəlif dövrləri qələmə
alınmışdır. Qarabağ xanı İbrahimxəlil xandan və o cümlədən Molla Pənah Vaqifdən
söz açan yazıçı həm də Eldəgizlər
dövlətinin özündən, başçısı Atabəy Şəmsəddin Eldəgizin, bu günümüzün
Şəmsəddinin, Mətləbinin canlı obrazını yaratmışdır. Əsərdə bir yer var. Hətta orada Qarabağ
problemindən də söz açılıb. Həmin hissə belədir: "Əzizim İbrahimxəlil xan,
elə özün də sağ ol ki, dar gündə camaatını başsız qoyub heç hara qaçmamısan.
Düzdü, yadıcaların hamısı əlinə qələm alıb ən yeni tarix kitablarında yazıblar
ki, Qacar ikinci dəfə Şuşaya hücum çəkəndə, guya sən əhli-əyalını başına yığıb
qaçmısan. Amma hamı bilməsə də, mən bilirəm ki, bu, ağ yalandır.
Hərçənd bizim
dünyagörmüş bığıburma babalarımız "igidlik ondu, doqquzu qaçmaq”
deyib, amma
çiynimdə oturub hər şeyi bitdə-bitdə yazan mələklər var, sənin qaçmağın
barədə
söylənənlər cəfəngiyatdır, vəssalam. Özü də o vaxt mənim ulu babam da sənin
yanında olub, o
da danışırmış, sonra sağ olsunlar, fransız yazıçıları, tarixçiləri də sənin
Şuşa qalasından
qaçmadığını yazırlar. İşə bax da, özgələr, lap elə bu arvadbaz firənglər
səni qəhrəman
zənn eləyiblər, amma biz səni qorxaq sanmışıq".
Müasir
yazarlarımızdan sayılan yazıçı Elçinin
də bu müstəvidə əsərləri vardır.
Onun İlyas Əfəndiyevin "Hökmdar və qızı”
faciəsinin motivləri əsasında yazılmış, "Hökmdarın taleyi"
kino-povesti çoxumuza məlumdur və bunun əsasında film də çəkilmişdir. Əsərdə xanlıqlar dövrünə müraciət olunur bu
povestdə Qarabağ xanlığının tarixi mövzu obyekti kimi götürülmüşdür. Bu əsərdə
İbrahimxəlil xan, onun siyasəti, xarici dövlətlərlə münasibəti Azərbaycanda
həmişə gözü olan işğalçıların parçalamaq siyasəti göstərilib.
Eyni zamanda ermənilərin məkiri,
insanlığa sığmayan hərəkətləri müəllif
tərəfindən təsvir olunub.
Müstəqillik illərində bir çox
tarixi əsərlər yaradan yazıçılarımızdan biri də Yunus Oğuzdur. "Nadir
şah" romanda daha çox konkret
faktlar yer alıb. Nadir şah heç nədən
qorxmaz, cəngavər, türk dövlətlərini birləşdirməyə can atan bir tarixi
şəxsiyyət kimi təsvir olunur. O, Hindistan torpaqlarını fəth
edir, ləl-cəvahir, qızıllarla zəngin, Moğolların üç yüz qırx səkkiz il topladıqları
xəzinəni ələ keçirir. Bu Nadir şaha daha da güclü ordu yaratma, dünya ilə
savaşmaq üçün lazım idi: "Nadir xan savadsız olmasına baxmayaraq, hərb üçün doğulmuşdu və hərb işinin
dahisi idi. Müasir tarixçilər arasında onu bəzən böyük İsgəndərə, bəzən Napoleona,
bəzən də Əmir Teymura bənzədənlər heç də yanılmırlar.

O, bir neçə il ərzində işğal
edilmiş əraziləri azad etdi, dövlətin ərazisinə yeni torpaqlar qatdı. Bu, onun böyük hərbi
strateji cəhətdən nə qədər güclü olmasına dəlalət edirdi. Onun bacarığı
fitrətən idi.
Yunus Oğuzun qeyd etdiyi və
tarixdən də bizə məlum olan erməni məkrliyinə burada da yer verilmişdir.
Nadir Şahın hüzuruna gələn
erməni katoliki Abram şahdan bütün alban
kilsələrinin Üçməzdinə tabe olmasını istəyir və bu kilsələrə xidmət etmək üçün Azərbaycana, daha dəqiq Qarabağa bir neçə
erməni ailəsini köçürməyini ondan xahiş edir.
Katalikos guya həmin ailələrin
kilsəyə xidmət etmək məqsədilə köçürülməsini arzulayır.
Nadir şah bu hiylənin əsl mahiyyətini
bilməsə də, katoliki razılşamır.
Yunus Oğuzun digər bir əsəri
olan "Təhmasib şah" romanı Səfəvilər dövlətinin hökmdarlarından olan
Təhmasib şaha ithaf olunmuşdur.
Azərbaycan ədəbiyyatında
yüzlərlə belə tarixi əsərləri misal olaraq göstərə bilərik ki, onların hər biri
ayrı ayrılıqda tariximizin qədimliyini, aliliyini tərənnüm edir. Məsələn,
qısaca misal olaraq qeyd olunanlardan əlavə Əzizə Cəfərzadənin
"Zərrintac-Tahirə", "Aləmdə səsim var mənim", "Yad et
məni" və s. Fərman Kərimzadənin "Xudafərin körpüsü",
"Çaldıran döyüşü", Əlisa Nicatın "Qızılbaşlar”, Elçinin
"Mahmud və Məryəm" nümunə gətirə bilərik.
Ümumiyyətlə, bütün bunların
fonunda isə millilikdən, tarixdən danışaq onu deyə bilərik ki, ümumi olaraq millilik
olduqca geniş bir anlayışdır və bədii
ədəbiyyatda da tez-tez təsadüf olunur.
Millilik, tarixi unutmamaq bir
yazıçının öz millətinə, onun keçmişinə, gələcəyinə münasibətini göstərir.
Mənə elə gəlir ki, hər bir
xalq öz milli kimliyini, mənafeyini qorumalıdır.Sonda isə Mustafa Kamal Atatürkün
bu sözlərini xatırlamaq istədim. "Bir yurdun ən dəyərli varlığı, yurddaşlar
arasında milli birlik, yaxşı yaşamaq, çalışqanlıq duyğu və qabiliyyətlərinin
olğunluğudur. Millətin varlığını və dövlətin müstəqilliyini qorumaq üçün bütün
vətəndaşların canını və hər şeyini dərhal ortaya qoymağa qərar vermiş olması,
bir millətin ən yenilməz silahı və qorunma vasitəsidir. Bu səbəblə türk
dövlətinin idarəsində və qorunmasında milli birlik, milli duyğu və milli
mədəniyyətin rolu böyükdür".