Biz imzaları yox, əsərləri dərc edirik...

“Adamlar və siçanlar”ı yeni interpretasiyada “ƏSA”da
443
24 Aprel 2019, 14:44
 "ƏSA” Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək.
Bu barədə AZƏRTAC-a "ƏSA” teatrının baş meneceri Nicat Qulam məlumat verib.
 
 

 Baş menecerin sözlərinə görə, tamaşaçılar "ƏSA” Teatrının repertuarında olan "Adamlar və siçanlar” tamaşasını hər zaman böyük maraqla izləyiblər: "İnklüziv teatr kimi repertuarımızda çoxsaylı böyük tamaşalar olsa da, istər Bakıda, istərsə də Naxçıvanda tamaşaçılar Con Steynbekin "Adamlar və siçanlar” tamaşasına xüsusi maraq göstərirlər. Teatrımız hər nümayişində tamaşaya modern üslub baxımından yeniliklər edir. Məsəl üçün teatr tarixində ilk dəfə səhnədə canlı nümayiş zamanı film effekti olan "flash back” effektləri məhz, bu tamaşada olması ilə teatr tarixinə düşüb. Təkcə sıravi tamaşaçılar deyil, peşəkar teatr mütəxəssisləri də bu yenilik haqqında yüksək fikirlər bildiriblər.”
 
  

 Nicat Qulam qeyd edilən tarixdə nümayiş üçün ciddi hazırlıqlardan və tamaşanın budəfəki yeniliklərindən danışıb: "Aprel ayının əvvəlindən çətinliklə də olsa məşqlərimizi davamlı edirik. "ƏSA” Teatrı olaraq, bu il üçün baş tutacaq ilk nümayişimizdə "Adamlar və siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq. Məqsədimiz modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüziv incəsənətin sərhədsiz olduğunu göstərməkdir. Bu dəfə isə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Tamaşaçılar qəhrəmanların başına gələcək gözlənilməz hadisələri tamaşanı izləməklə biləcəklər”.
 Qeyd edək ki, quruluşçu rejissoru Nihad Qulam olan tamaşanın biletlərini şəhərimizin bütün kassalarından, iticket.az onlayn satış saytından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.